Müstəqil və güclü iqtisadiyyat olmadan yetərli xarici siyasətin yürüdülməsinin çox çətin olduğu hamıya məlumdur. Dövlət müstəqilliyi qazandıqdan , xüsusilə də ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilmiş çoxşaxəli islahatlar Azərbaycanda milli iqtisadiyyatın möhkəm əsaslar üzərində inkişaf etməsi üçün zəmin yaratmış və milli maraqların qorunmasını təmin edən aktiv və dinamik diplomatik fəaliyyətin göstərilməsinə imkan vermişdir. Xüsusilə də nəqliyyat sahəsinin inkişafına və güclənməsinə səbəb olmuş islahatların həyata keçirilməsi Azərbaycanın daxili sərnişin və yükdaşıma sektorunda irəliləyişlərin əldə edilməsi ilə yanaşı, ölkəmizin regionun strateji nəqliyyat qovşağına çevrilməsi prosesini sürətləndirmişdir. Rəsmi Bakının birbaşa təşəbbüsü və dəstəyi ilə reallaşan və həyata keçirilməkdə olan strateji nəqliyyat infrastrukturunun yaradılması, şübhəsiz, Azərbaycanın Avrasiya materikində geosiyasi və geoiqtisadi çəkisinin daha da artmasına gətirib çıxaracaq.
Ümumiyyətlə, Azərbaycanda nəqliyyat sisteminin inkişafının milli iqtisadiyyatın inkişafı baxımından həmişə mühüm əhəmiyyət kəsb etməsi heç kimə sirr deyil. Ölkə iqtisadiyyatının enerji, rabitə, səhiyyə, təhsil və digər infrastruktur sahələri kimi, nəqliyyatın da cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatlarını təmin etməklə yanaşı, sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün oynadığı mühüm rol da hamıya məlumdur. 1990-cı illərin əvvəllərində SSRİ dövlətinin dağılmasından sonra, xüsusilə də 1993-cü ildən sonrakı dövr ərzində bazar iqtisadiyyatına doğru addımlar ataraq Azərbaycan hökuməti nəqliyyat sahəsində nəzərəçarpacaq dərəcədə dəyişikliklərə səbəb olmuş islahatlar həyata keçirmişdir. Nəqliyyat sahəsində strukturların və idarəetmə institutlarının əsaslı yeniləşdirilməsinə nail olmuş Azərbaycan ölkəmizin mühüm nəqliyyat sisteminə inteqrasiyası istiqamətində də önəmli uğurlara imza atmışdır. Demək olar ki, əsaslı struktur islahatlarını tamamlamağı bacarmış ölkə rəhbərliyi nəqliyyat sisteminin inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaratmışdır.
Artıq Azərbaycan regionun nəinki mühüm enerji tərəfdaşı hesab olunur, həm də strateji nəqliyyat qovşağına çevrilir. Bu günlərdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqanın Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahovla görüşündən sonra səfirliyin “Twitter” sosial şəbəkəsindəki səhifəsindən yaydığı məlumatda deyilir ki, Birləşmiş Ştatlar Azərbaycanın regionda nəqliyyat mərkəzinə çevrilməsi səylərini dəstəkləyir. Səfirliyin sosial şəbəkədəki rəsmi səhifəsində həmçinin vurğulanır ki, regional ticarətin inkişafı Birləşmiş Ştatların iqtisadiyyatın şaxələndirilməsi məsələsində dəstəyinin vacib hissəsidir. Əslində, uzun illərdir rəsmi Bakının həyata keçirdiyi sosial-iqtisadi siyasət təkcə daxili yox, həmçinin regional inkişafın əldə olunmasına yönəlmişdir. Artıq uğurla istismar edilən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin Cənubi Qafqaz regionunda iqtisadi inkişafa göstərdiyi təsirin böyük olduğu danılmaz fakta çevrilmişdir. Avropanın enerji təhlükəsizliyinin təminatında böyük rol oynayan bu iri layihələrin həyata keçirilməsi Azərbaycanın Türkiyə və Gürcüstan ilə iqtisadi və siyasi əlaqələrində böyük irəliləyişlərə səbəb olmaqla yanaşı, ölkəmizin Avrasiya materikində vacib nəqliyyat mərkəzi kimi önəminin artmasına təkan vermişdir.
Artıq hamı etiraf edir, əlverişli coğrafi vəziyyət Azərbaycana gələcəkdə tranzit imkanlarını daha da genişləndirməyə imkan verir. Belə ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi ölkəmizdə müasir logistika infrastrukturunun yaradılmasına və inkişaf etməsinə şərait yaradır. Əlbəttə, bu istiqamətdə vacib addımlar atılır. Hazırda Azərbaycanın təşəbbüsü ilə Türkiyə və Gürcüstanın da iştirak etdiyi Bakı-Tbilisi-Qars dəmir yolu tikilir. Tarixi əhəmiyyəti olan bu layihənin istismara verilməsindən sonra Azərbaycan ilk dəfə olaraq Avropaya dəmir yolu vasitəsilə birləşəcək. Belə strateji dəmir yolu dəhlizinin fəaliyyətə başlaması da Azərbaycanın Avropa ilə Asiya arasında vacib körpü olması ilə nəticələnəcək. Tikintisi tezliklə başa çatacaq Bakı-Tbilisi-Qars dəmir yolunun səmərəli fəaliyyət göstərməsi üçün Azərbaycanda zəruri infrastruktur seqmentləri yaradılmaqdadır. Yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı Kompleksinin bərə terminalının artıq fəaliyyət göstərməsi sözügedən dəmir yolu vasitəsilə yükdaşımalarının əhəmiyyətini artıracaq. Buna görə də, Bakı limanının tam istismara verilməsi yükdaşıma imkanlarımızı daha genişləndirəcəyinə və paytaxtımızın regional nəqliyyat qovşağına çevrilməsinə şərait yaradacağı şübhə doğurmur.
Ümumiyyətlə, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Bu beynəlxalq layihənin həyata keçirilməsi Transavropa və Transasiya dəmir yolu şəbəkəsinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, həmin ölkələrin tranzit imkanlarınının artmasına, Avrasiya materikində vacib nəqliyyat sistemlərinin inteqrasiya proseslərinin və ölkələrarası ticarətin sürətlənməsinə imkan verəcək. Xalqlar arasında ünsiyyətin intensivləşməsinə səbəb olacaq Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinin Azərbaycanın dünya bazarlarına daha çox və münasib qiymətlərlə məhsul çıxarmasına şərait yaradacağı da gözlənilir. Çin və Qazaxıstan dövlətlərinin də layihəyə maraq göstərməsi Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini artırır. Belə bir layihənin reallaşdırılmasının həm də Azərbaycanın xarici siyasəti üçün böyük əhəmiyyəti olacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi işğalçı Ermənistanın belə vacib layihədən kənarda qalmasına və regional təcridinin daha da güclənməsinə gətirib çıxaracaq.
Bir sözlə, Şimaldan Cənuba və Qərbdən Şərqə doğru keçən strateji baxımdan mühüm əhəmiyyətli nəqliyyat qovşağının kəsişdiyi ərazidə yerləşən Azərbaycan vacib körpü rolunu oynamaqda davam edir. Bu kontekstdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı da regional yük və sərnişin daşımaları baxımından əhəmiyyətlidir. Sözügedən dəhliz vasitəsilə Azərbaycan üzərindən yüklərin böyük əksəriyyətinin dəmir yolu ilə daşınması nəzərdə tutulur. Şimal-Cənub dəhlizinin Azərbaycan ərazisindən keçən avtomobil yollarının yenidən qurulması istiqamətində də irimiqyaslı işlərin həyata keçirilməsi bu beynəlxalq layihənin də istismara verilməsi müddətini yaxınlaşdırır. Bütün bunlarla bağlı demək olar, böyük nəqliyyat layihələrinin həyata keçirilməsi, dəmir yolu infrastrukturunun, yol-nəqliyyat, eyni zamanda, dəniz və hava nəqliyyat sisteminin inkişafı və təkmilləşdirilməsi Azərbaycanın regionda nəqliyyat mərkəzi kimi rolunun güclənməsinə şərait yaradır. Ən əsası, nəqliyyat sahəsinin təkmilləşdirilməsi sayəsində tranzit potensialımızın inkişafı yükdaşımalardan əldə ediləcək gəlirlərin yüksəlməsinə, ticarətin inkişafına və turist axınının artmasına səbəb olacaq. Bunun isə milli iqtisadiyyatımızın daha da güclənməsinə və müstəqil xarici siyasət yürüdülməsinə müsbət təsir göstərəcəyi şübhə doğurmur.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.