Azərbaycanda makroiqtisadi sabitliyin qorunub saxlanılmasından danışarkən, ilk növbədə büdcə siyasəti və onun əsas istiqamətləri nəzərdən keçirilməlidir. Xatırladaq ki, 2014-2017-ci illər üçün hazırlanan Azərbaycan Respublikasının büdcə siyasəti ölkənin iqtisadi siyasətinin tərkib hissəsi olmaqla iqtisadiyyatın prioritet sahələrinin modernləşməsinə və onun effektivliyinin, uzunmüddətli dayanıqlılığının təmin edilməsi üçün şəraitin yaradılmasına, investisiya mühitinin daha da yaxşılaşdırılmasına yönəldilmişdir.
Ortamüddətli perspektivdə ölkənin makroiqtisadi göstəricilərinin sabit artımına, qeyri-neft sektorunun dayanıqlı inkişafına, maliyyə intizamının gücləndirilməsinə və şəffaflığının daha da artırılmasına nail olmaq, iqtisadiyyatın tənzimlənməsində dövlət büdcəsinin rolunu artırmaq, monetar və büdcə siyasətinin koordinasiyasını gücləndirmək əsas məqsədlərdəndir.
Hazırda ölkədə regionların inkişafının sürətləndirilməsinə, regionlar arasındakı sosial-iqtisadi fərqlərin mərhələlərlə aradan qaldırılmasına və balanslaşdırılmış inkişafa nail olunmasına, respublikanın rayon və şəhərlərinin yerli gəlirləri hesabına mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitlərin azaldılmasına mühüm önəm verilir.
Ortamüddətli dövrdə ölkənin daxili resurslarının payının artırılması hesabına iqtisadiyyata daha çox sərmayə qoyulması, mərhələlərlə xərclərin orta və uzunmüddətli dövrləri əhatə edən proqramlar əsasında proqnozlaşdırılmasının daha da genişləndirilməsi, funksional səviyyədə xərclərin strukturunun təkmilləşdirilməsi, dövlət zəmanəti ilə iqtisadiyyata cəlb olunan və dövlət büdcəsində dövlət investisiya xərcləri üçün nəzərdə tutulmuş vəsaitin prioritetlər, istiqamətlər (sahələr) üzrə bölgüsü və həmin vəsaitlərə nəzarəti daha da artırmaq qarşıda duran mühüm vəzifələrdəndir.Büdcə qanunvericiliyinin ölkənin iqtisadi islahatlarının tələblərinə uyğun təkmilləşdirilməsi, iqtisadi siyasət, proqnozlaşdırma və dövlət büdcəsi layihəsinin tərtibində əlaqələrin uzlaşdırılması, açıq büdcə göstəricilərinin (indeksinin) yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi ortamüddətli dövr üçün qarşıda duran vəzifələr sırasındadır.
Yeri gəlmişkən, büdcə qanunvericiliyinin ölkənin iqtisadi islahatlarının tələblərinə uyğun təkmilləşdirilməsi nəticəsində əldə edilən müsbət göstəricilərin bir qisminə diqqət yetirək. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə ətraflı danışılıb. Bildirilib ki, hazırda ölkə iqtisadiyyatı üçün regionda geosiyasi gərginliyin artması, xarici iqtisadi mühitin daha da pisləşməsi, dövlət və özəl sektorlarının gəlirlərinin azalması, bunun nəticəsi olaraq sahibkarların iqtisadi fəallığının səngiməsi və maliyyə-bank sektorunun dayanıqlığının zəifləməsi kimi çağırışlar yaranır. Göstərilən qeyri-əlverişli iqtisadi şəraitdə 2015-ci ilin ilk 6 ayında ölkə iqtisadiyyatının nail olduğu makroiqtisadi göstəricilər uğurlu hesab oluna bilər. Belə ki, cari ilin ötən dövrü ərzində ölkədə 26,3 milyard manat ümumi daxili məhsul istehsal olunmaqla real artım 5,7 faiz təşkil etmiş, qeyri-neft sektoru üzrə isə daha çox, yəni, 9,2 faiz artım qeydə alınmışdır. Bununla yanaşı, bu ilin fevral ayında manatın xarici valyutalara nisbətdə ucuzlaşmasına baxmayaraq, ölkədə istehlak qiymətlər indeksi (inflyasiya) olduqca qənaətbəxş səviyyədə - 3,5 faiz olmuşdur.
Nazirlər Kabinetinin sözügedən iclasında, eyni zamanda, qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə uyğun olaraq ölkə iqtisadiyyatına kənardan mənfi təsirlərin minimuma endirilməsi istiqamətində atılmış kəsərli addımlar nüfuzlu beynəlxalq maliyyə-iqtisadi təşkilatlar tərəfindən (Beynəlxalq Valyuta Fondu, Dünya Bankı) yaranmış makroiqtisadi vəziyyətə adekvat qiymətləndirilməklə dəstəklənmişdir. Aparıcı reytinq agentlikləri tərəfindən də (Fitch Ratings və Standard and Poor’s) bu qiymətləndirmə təsdiqlənmiş və cari ilin birinci yarısında keçirilən reytinq dəyərləndirmələri əsasında Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqi “BBB-” investisiya səviyyəsində bir daha təsdiq edilmişdir.
Bu baxımdan cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirləri üzrə proqnoz göstəricilərinin icrası mütəxəssislər tərəfindən müsbət hesab olunur. Belə ki, bu ilin ilk yarısında dövlət büdcəsinin mədaxili proqnoza qarşı 101,2 faiz yerinə yetirilməklə 7 milyard 807 milyon manat vəsait təmin edilmişdir. Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılan transfert nəzərə alınmadan digər mənbələr üzrə dövlət büdcəsinin gəlirləri 4 milyard 246 milyon manat və yaxud proqnoza nisbətən 29 milyon manat (0,7 faiz) çox icra olunmuşdur.
Yuxarıda qeyd edilənlərlə yanaşı, qarşıya qoyulan vəzifələrə uyğun olaraq 2015-ci ilin altı ayında dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklərin, əsas dövlət proqramlarının, sosial, mədəniyyət, idman və fiziki infrastruktur layihələrin icrasının maliyyələşdirilməsi reallaşdırılmışdır.
Hesabat dövründə sosialyönümlü tədbirlərin həyata keçirilməsi, onların maliyyə təminatı üzrə dövlət siyasətinin prioritetliyi təmin edilmiş, həmin məqsədə dövlət büdcəsi xərclərinin 23,6 faizi və yaxud 2 milyard 25 milyon manatı yönəldilmişdir.
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün cari ilin altı ayında icmal və dövlət büdcələrindən üst-üstə 201 milyon manat, o cümlədən dövlət büdcəsinin cari və əsaslı xərclərindən 111 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 90 milyon manat vəsait ayrılmışdır.
Xatırladaq ki, cari ilin altı ayında dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərcləri 3 milyard 102 milyon manat təşkil etmişdir. Həmin vəsaitin 1 milyard 656 milyon manatı elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin, o cümlədən Bakıda Avropa Oyunlarının keçirilməsi, 1 milyard 150 milyon manatı ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması üçün istifadə olunmuşdur.
Dövlət büdcəsindən ayrılmış əsaslı xərclərlə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına 264 milyon manat, Dövlət Neft Fondunun vəsaiti hesabına 467 milyon manat investisiya qoyulmuşdur.
Hesabat dövründə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həllivacib hesab edilən bir sıra sosial və infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər, rayon və qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, kənd təsərrüfatının dəstəklənməsi, kəndlərarası yolların tikintisi üçün üst-üstə 74 milyon manat vəsaitin ayrılmasına dair sərəncamlar imzalanmışdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi işi davam etdirilməklə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası üçün hesabat dövründə 25 milyon manat vəsait yönəldilmişdir.
Sahibkarlığın inkişafına dəstək olaraq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə cari ilin ilk altı ayında iqtisadiyyatın müxtəlif sahələri üzrə 2972 sahibkara 96 milyon manat həcmində güzəştli kreditlər verilmişdir.
Azərbaycanda makroiqtisadi sabitliyin qorunub saxlanılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu ilin ilk yarısında yuxarıda qeyd edilənlərlə yanaşı, inflyasiya və məzənnə hədəflərinə xələl gətirməyən səviyyələrdə pul-kredit siyasətinin yumşaldılması və iqtisadiyyatın real sektoruna kredit dəstəyinin artırılması, maliyyə-bank sisteminin dayanıqlığının möhkəmləndirilməsi, ipoteka kreditləşməsinə ölkə əhalisinin çıxışının genişləndirilməsi kimi məsələlər də öz müsbət həllini tapmışdır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.