Dünən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı yanında keçirilən növbəti şura iclasında rayonun sosial-iqtisadi inkişafının 2015-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr müzakirə olundu.
Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyətinin inzibati binasının foyesindəki büstü önünə tər gül dəstələri qoyaraq ulu öndərin əziz xatirəsini ehtiramla yad etdilər. Rayon rəhbərliyi, Milli Məclisin deputatları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin ictimaiyyət nümayəndələrinin qatıldıqları tədbiri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev açaraq geniş hesabat məruzəsi ilə çıxış etdi. Natiq cari il iyul ayının 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının proqram xarakterli giriş və yekun nitqlərinin bəzi məqamlarından bəhs etdi. Qeyd olundu ki, hökumətin məlum iclasında Prezident İlham Əliyev ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açmış, qarşıda duran vəzifələri diqqətə çatdıraraq həmin vəzifələrin həlli ilə bağlı dəyərli tapşırıq və göstərişlərini vermişdir.
Hesabat məruzəsində rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə 2015-ci ilin birinci yarısında görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr diqqətə çatdırıldı, ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlərin görüldüyü və bu işlərin hazırda da uğurla davam etdirildiyi vurğulandı. Məruzəçi diqqəti rayonun əsas iqtisadi göstəricilərinə yönəldərək bildirdi ki, cari ilin ilk altı ayının yekunlarına görə, rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etmiş və bu müddət ərzində xidmətlər də daxil olmaqla 1 milyard 112 milyon manatlıq məhsul istehsal olunmuşdur. Hesabat dövründə istehlakçılara 1 milyard 134 milyon manatlıq və ya bütün sənaye məhsulunun 101,7 faizi qədər sənaye məhsulu göndərilmiş, istehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 88,4 faiz təşkil etmişdir. Bu ilin altı ayında rayonda yeni müəssisələr yaradılmış, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 2086 daimi iş yeri açılmışdır. İlk Avropa Oyunlarının keçirilməsinə hazırlıqla əlaqədar ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrasının uğurla həyata keçirildiyini diqqətə çatdıran A. Fərzəliyev bildirdi ki, hazırlıq işləri çərçivəsində Ziya Bünyadov prospektinin uzunluğu 15 kilometr olan hissəsində yaşayış və qeyri-yaşayış binalarının fasadları və dam örtükləri yenidən qurulmuş, digər hissələrdə isə hasarlar tikilərək müasir üzlük tavanlarla bəzədilmişdir. Bununla yanaşı, yeni inşa olunan Olimpiya Stadionunun Nərimanov rayonu ərazisinə düşən hissəsində geniş abadlıq və quruculuq işləri yüksək keyfiyyətlə həyata keçirilmiş, sahəsi 15 hektar olan yamacda yaşıllıqlar salınmış, müxtəlif ağac və bəzək kolları əkilərək müasir suvarma sistemi quraşdırılmışdır. Həmçinin, Böyükşor gölü ətrafında Olimpiya Stadionuna yaxın ərazidə yeni bulvar zolağı salınaraq burada rayon sakinlərinin mənalı istirahəti üçün hər cür şərait yaradılmış, Heydər Əliyev prospekti ilə İ.Həsənoğlu küçəsinin kəsişməsində yeni park salınmışdır. Eyni zamanda, metronun “Gənclik” stansiyasının ətrafında yerləşən binaların milli memarlıq üslubunda yenidən qurulması və yeni yeraltı piyada keçidlərinin inşa olunması, Ziya Bünyadov prospektinin yenidən qurulması, Olimpiya Stadionunun tikintisi ilə əlaqədar yeni yol qovşaqlarının və yeraltı yol ötürücülərinin salınması, şəhərin baş planına uyğun olaraq digər infrastruktur layihələrinin həyata keçirilməsi işləri uğurla başa çatdırılmışdır. Bakı şəhərinin giriş qapısı sayılan Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq istismar müddətini keçmiş və sökülmüş 8 ədəd yaşayış binasının yerində müasir milli memarlıq üslubunda 4 ədəd yaşayış binasının tikintisi sürətlə və yüksək keyfiyyətlə davam etdirilmiş, həmin binaların yaxın müddətdə sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, Heydər Əliyev prospekti, 64 və Koroğlu Rəhimov küçəsi, 3A ünvanlarda müasir memarlıq üslubunda inşa edilmiş yeni yaşayış binaları istismara tam hazır vəziyyətə gətirilərək sakinlərin istifadəsinə verilmişdir.
Məruzəçi daha sonra rayon sakinlərinin elektrik enerjisi, qaz və içməli su ilə təminatının daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərdən, səhiyyə, təhsil sahələrində qazanılmış uğurlardan, eləcə də əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı görülmüş işlərdən geniş bəhs etdi.
Məruzə ətrafında çıxış edən Milli Məclisin deputatı Adil Əliyev, “Təfəkkür” Universitetinin professoru Cümşüd Nuriyev, Respublika Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Cəlil Xəlilov rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə fikirlərini bildirdilər, rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə etdilər. Onlar dövlətimizin başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirərək Nərimanov rayonunda hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildirdilər.
Tədbirin sonunda Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 22 iyun 2015-ci il tarixli sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadova həmin ali mükafat təqdim edildi. Eyni zamanda, rayonun sosial-iqtisadi və ictimai-mədəni həyatında fərqlənən şəxslərə rayon icra hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olundu.
Hesabat yığıncağına yekun vuran A.Fərzəliyev Nərimanov rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, sakinlərə göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin gələcəkdə də uğurla davam etdiriləcəyini bildirdi.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.