Bu ilin altı ayı ərzində Azərbaycanda bütün sahələrdə əsaslı uğurlar qazanılmışdır. Əvvəllər olduğu kimi, bu dövr də rabitə və yüksək texnologiyalar sahəsində qarşıya qoyulmuş tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi, sahənin inkişafı ilə bağlı bir sıra layihələrin icrasına başlanılması, innovativ həllərin tətbiqi, yeni texnologiyaların şəbəkədə tətbiqi, xidmət keyfiyyətinin yüksəldilməsi ilə yadda qalmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin dəstəyi və qayğısı sayəsində rabitə və yüksək texnologiyalar sahəsinin inkişafı istiqamətində mühüm işlər görülməkdədir. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” və dövlət proqramlarında rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması və inkişafı üzrə nəzərdə tutulmuş tədbirlər yüksək keyfiyyətlə həyata keçirilir.
Bu sahənin inkişafı istiqamətində görülən işlər öz bəhrəsini vermiş və bunun nəticəsində gəlirlər ötən ilin müvafiq dövrü illə müqayisədə 12 faiz artaraq 809.6 milyon manat olmuşdur. RYTN üzrə 90 yeni iş yeri açılmış və orta aylıq əməkhaqqı 385,7 manat təşkil etmişdir. Ümumilikdə sektor üzrə orta aylıq əməkhaqqı 752,7 manat, o cümlədən telekommunikasiya sektorunda 849,0 manat, poçt sektorunda isə 249,9 manat təşkil edir.
İlin birinci yarısında bu sahəyə 158,3 milyon manat, o cümlədən RYTN-in tabeli müəssisələri tərəfindən 48 milyon manat investisiya yatırılmışdır.
“Yüksək Texnologiyalar Parkı”nın tikintisi məqsədilə ayrılmış ərazidə abadlıq və tikintiyə hazırlıq, habelə parkın infrastrukturunun qurulması üçün layihələndirmə işləri memarlıq şirkəti ilə birlikdə təsdiq edilmiş iş qrafikinə uyğun həyata keçirilmiş, ərazinin Baş plan cizgiləri tam işlənib hazırlanmışdır. Habelə ilkin təsərrüfat binasının layihəsi hazırlanıb təsdiq edilmiş və layihə əsasında tikintisinin başa çatdırılması, inzibati binanın təməlqoyma mərasiminin keçirilməsi sentyabr ayının ortasına gözlənilir.
Altı ay ərzində Yuksək Texnologiyalar Parkında yaradılmış “PİCampus” Biznes İnkubasiya Mərkəzindən istifadə qaydaları təkmilləşdirilmişdir. Hazırda İnkubasiya Mərkəzində 31 layihə fəaliyyətini davam etdirir.Cari ilin 29 iyun tarixindən “YT Park” MMC-nin yeni layihəsi olan “Code Academy” proqramı fəaliyyətə başlamışdır.
Eyni zamanda, bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Prezidentinin 26 fevral 2015-ci il tarixli fərmanı ilə RYTN-in tabeliyində “YT Park” MMC-nin Mingəçevir şəhərində istifadəsində olan 1,3 hektar torpaq sahəsində Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılması qərara alınmışdır.
“Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin fəaliyyətlərinin təşkili üzrə işlər də uğurla davam etdirilmişdir. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun daimi istifadəsində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 15,0 hektar torpaq sahəsi, bu sahədə yerləşən “Qamma Şüalanma Kompleksi”nin yarımçıq tikililər və avadanlıqlarla birlikdə Nüvə Mərkəzinin balansına verilmişdir. Hazırda təmir-tikinti işlərinin son tamamlama işləri gedir. Cari ilin oktyabr ayının ortalarında tam istifadəyə verilməsi planlaşdırılır.
Azərbaycanın beynəlxalq trafik mubadiləsinin alternativliyinin təmin edilməsi, həmçinin rabitənin keyfiyyətinin artırılması məqsədilə həyata keçirilmiş beynəlxalq tenderin nəticəsi olaraq EATS-594/595-də İP əsaslı Beynəlxalq Kommutasiya Sisteminin quraşdırılması üzrə işlərin avqust ayının sonuna kimi tam başa çatdırılması nəzərdə tutulur.
Həmçinin, sabit şəbəkə üzrə ADSL portlarının montaj tutumu 96 308 ədəd artaraq 708 514-ə, istifadə tutumu isə 23 848 ədəd artaraq 538 325-ə çatmışdır.
BTRİB şəbəkəsinin xətt təsərrüfatında 4610 cüt yeni xətt qurğuları tikilmiş və 53,89 kilometr müxtəlif tutumlu optik kabellər çəkilərək istismara verilmişdir.Cari dövrdə “Bakinternet” internet xidmətinin qlobal internet şəbəkəsinə qoşulma sürəti ilin əvvəlinə nisbətən 6,5 Gbit/s artırılaraq 46,5 Gbit/s-ə çatdırılmış və 2014-cü ildə qurulmuş yeni internet platformasına bütün Bakinternet istifadəçilərinin qoşulması təmin edilmişdir.
Regionlarda genişzolaqlı xidmətlərin inkişafı məqsədilə hazırlanmış “Multimedia xidmətlərinin inkişafı” layihəsi üzrə “Amsterdam Trade Bank”dan 13,7 milyon avro kredit alınmışdır. Layihə çərçivəsində Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Zaqatala, Şəmkir, Xaçmaz, Göygöl, Ağdam, Bərdə, Tərtər rayonlarında 64000 nömrə, qeyd olunan rayonlarla yanaşı, digər 47 şəhər və rayonda 98000 port tutumunun quraşdırılması və istismara verilməsi nəzərdə tutulur. Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,65 ədəd, hər 100 ailəyə düşən telefon aparatlarının sayı isə 69,01 ədəd təşkil edir. Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 112-yə bərabərdir.
Respublika və regional TV və radio proqramlarının yayım əhatəsinin və keyfiyyətinin artırılması, kənar yayımların qarşısının alınması, rəqəmli TV proqramların regionlarda ötürülməsini təmin etmək, avadanlıqların normal iş rejiminin yaradılması məqsədilə 12-si rəqəmli verici olmaqla 18 radio-TV avadanlıqları istismara verilmiş, habelə yayım obyektləri, stansiyaları və avadanlıqlarında bir sıra təmir-bərpa işləri aparılmışdır. Hazırda ölkə əhalisinin yaşadığı
ərazilərin 99 faizi açıq paketlə (10-11 TV proqram) rəqəmli televiziya yayımı ilə təmin edilmişdir.
Respublika ərazisində “Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsi”nin Bakı və Abşeron yarımadası üzrə stansiyaları ən müasir avadanlıqlar əsasında qurulmuş, hesabat dövründə 5 ədəd mobil radiomonitorinq stansiyası və digər qurğular alınmış və I Avropa Oyunlarında tezliklərin ayrılması və onların maneəsiz işləməsinə nəzarət edilməsi işləri yüksək səviyyədə həyata keçirilmişdir.
2015-ci ilin I yarımili ərzində poçt xidməti şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Əhalinin poçt xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə 1 ədəd PŞ və 3 Poçt agentliyi (Ağdam PF-nin Təzəkənd PŞ-si, Lənkəran RPF-nin Separadi PŞ-nin Tükəvilə Poçt Agentliyi, Cəlilabad PF-nin Göytəpə PŞ-nin Muğan Poçt Agentliyi və Saatlı PF-nin Nəsimikənd PŞ-nin Sımada Poçt Agentliyi) açılaraq əhalinin istifadəsinə verilmiş, 12 ədəd PŞ binası (o cümlədən 7-si Naxçıvan MR RYTN üzrə) tikilmiş, 4 ədəd inzibati və 10 ədəd PŞ binası təmir olunmuş və hazırda 3 ədəd PŞ binasının tikintisi davam etdirilir.
Bank-maliyyə xidmətlərinin genişləndirilməsi istiqamətində zəruri tədbirlər görülmüşdür. 10 ədəd POS terminal quraşdırılmış, ödəniş kartının istifadəsi üzrə təhlükəsizlik səviyyəsinin yüksəldilməsi və həyata keçirilən əməliyyatlar haqqında operativ formada məlumatın əldə edilməsi məqsədilə “Mobil bankçılıq” xidməti MMC-nin kart sahiblərinin istifadəsinə verilmişdir.
Azərbaycandan dünya ölkələrinə çıxış terminal trafikinə görə hesablaşma qiymətlərinin tənzimlənməsi, ölkəyə giriş tarfikinin azalma səbəblərinin araşdırılması və qarşısının alınması istiqamətində zəruri tədbirlər görülmüşdür. 2015-ci ilin iyun ayı da daxil olmaqla ümumilikdə 38 754 ədəd mobil SİM-BOX nömrəsi müəyyən edilərək bağlanmışdır. Bunlardan 2521 ədədi “Azercell Telekom” MMC, 19 851 ədədi “Bakcell Ltd” MMC və 16 382 ədədi “Azerfon” MMC-yə məxsus olan nömrələrdir.
2015-ci ilin I yarımilində dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 69,0 milyon dəqiqə azalaraq 132 milyon dəqiqə, çıxış trafikinin həcmi isə 185 milyon dəqiqə azalaraq 46,8 milyon dəqiqə təşkil etmişdir. Azərbaycanın ilk peyki olan “Azerspace-1” peyki və “Azersky” peykləri üzrə marketinq və satış işləri aparılmış (peyk üzərindən yerli və beynəlxalq səviyyəli 120 televiziya və 20 radio kanalı yayımlanır) və eləcə də “Azerspace-2" ikinci telekommunikasiya peyki üzrə peyk istehsalçısının seçilməsi ilə bağlı tender keçirilmişdir. Hazırda tender təkliflərinin qiymətləndirilməsi aparılır. Eyni zamanda, ”Azərspace-2" peykinin resurslarının 45,9 faizinin uzunmüddətli icarəsi ilə bağlı peyk rabitəsi üzrə dünya liderlərindən olan “İntelsat” şirkəti ilə müqavilə bağlanılmışdır.
Telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi, o cumlədən arabağlantı münasibətlərində yaranan mübahisələrin “Telekommunikasiya haqqında” Qanuna, RYTN tərəfindən hazırlanmış arabağlantı şərtlərinə, həmçinin arabağlantı müqavilələrinə uyğun həll edilməsi üçün tədbirlər davam etdirilmişdir.
Bu dövr ərzində dövlət orqanlarından və digər təşkilatlardan daxil olmuş müraciətlər əsasında 4 dövlət informasiya ehtiyatı və 13 fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatına alınmışdır. Nəticədə qeydiyyata alınmış informasiya ehtiyatlarının sayı 83-ə, informasiya sistemlərinin sayı isə 166-ya çatmışdır.
İnformasiya cəmiyyətinin inkişafı, e-hökumət həllərinin tətbiqinin genişləndirilməsi, İKT-nin cəmiyyətdə tətbiqi və əhalinin İKT biliklərinin artırılması istiqamətində də ilin birinci yarısında ardıcıl işlər görülmüşdür.
“Elektron hökumət” portalına 23 yeni e-xidmət və 2 yeni qurum inteqrasiya olunmuş, beləliklə, portalda olan xidmətlərin sayı 421-ə, qurumların sayı isə 50-yə çatmış, portala daxil olan istifadəçilərin sayı 2 milyon nəfəri ötmüşdür.
Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi yaradılmış və portala inteqrasiya olunmuşdur.İlk olaraq Biləsuvar Rayon İcra Hakimiyyəti portala qoşulmuşdur.
Cari ilin əvvəlində Açıq Hökumət Məlumatları portalının təqdimat mərasimi keçirilmiş və E-Göv 3 mərhələsinə start verilmişdir. Hazırda portalda Ədliyyə Nazirliyi, RYTN, Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi , Mədəniyyət və Turizim Nazirliyi və “Azərsu” ASC-yə məxsus 21 adda açıq hökumət məlumatları yerləşdirilmişdir.
“Elektron Hökumət” portalı vasitəsilə e-arayışların verilməsinə başlanılmış və 6 ay ərzində vətəndaşların 9 növ arayışı elektron formada əldə etmələrinə imkan yaradılmışdır.
Vətəndaşlara, hüquqi və fiziki şəxslərə, dövlət qulluqçularına 6 ay ərzində 6 018 ədəd yeni e-imza sertifikatı verilmiş və ümumilikdə e-imzaların sayı 34 597-yə çatdırılmışdır.
Azərbaycanda elektron hökumət üçün təlim mərkəzi yaradılmış və 6 fevral 2015-ci il tarixində Mərkəzin açılış mərasimi keçirilmişdir. Həmçinin, Mərkəzin qeydiyyata alınması və “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” MMC-nin yaradılması ilə bağlı müvafiq sənədlər Nazirlər Kabinetinə göndərilmişdir.
Dövlət Statistika Komitəsi tərəfindən cari ildə cəmiyyətdə İKT-dən istifadə səviyyəsinin qiymətləndirilməsi üzrə sorğu keçirilmişdir. Sorğunun nəticələrinə görə, ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 75-ə, genişzolaqlı internet istifadəçilərinin sayı 65-ə, kompüter istifadəçilərinin sayı isə 67,8-ə bərabərdir.
Ölkədə əhalinin internet xidmətlərinə tələbatının artmasının və yaradılmış texniki imkanlığının nəticəsidir ki, beynəlxalq internet kanallarının ümumi tutumu ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 Gb/s artırılaraq 330 Gbit/s-ə çatdırılmışdır. Eyni zamanda, Məlumat Hesablama Mərkəzi tərəfindən mövcud ənənəvi şəbəkəyə alternativ olaraq yaradılan və respublikanın bütün ərazisini əhatə edən “AzDataKom” şəbəkəsinin genişləndirilməsi, ayrı-ayrı sistemlər üzrə proqram təminatının yaradılması, e-xidmətlərin təkmilləşdirilməsi və ya yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. İndi “AzDatakom” şəbəkəsinin 3362 əhali, 1414 təşkilat abunəçisi vardır.
TK05-də Beynəlxalq Standartlaşdırma Təşkilatının informasiya təhlükəsizliyi üzrə 4 identik milli standart qəbul edilmiş, aidiyyəti qurumlardan müsbət rəy alınmış və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydə alınması üzrə işlər aparılır.
Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən ilk Avropa Oyunlarına sponsorluq edən təşkilatların internet informasiya ehtiyatlarının təhlükəsizlik auditi keçirilmiş, mövcud kibertəhlükəsizlik zəiflikləri aşkar olunmuş, bu barədə veb saytların inzibatçıları və rəhbərliyinə məlumat verilmiş və boşluqların aradan qaldırılması istiqamətində tədbirlər görülmüşdür.
ETM cari ilin yanvar ayında Avropa CERT cəmiyyəti tərəfindən təsis olunmuş Trusted İntroducer təşkilatının akkreditə olunmuş üzvlüyünə, həmçinin, mart ayında FİRST beynəlxalq təşkilatının tam hüquqlu üzvlüyünə qəbul edilmişdir.
Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində bir sıra nanoməhsulların prototiplərinin hazırlanması üzrə işlər davam etdirilmişdir. Belə ki, istiliyə və güclu mexaniki təsirə davamlı elektromaqnit xassələrinə malik təmiz və kiçik diametrli (5-10 mm) karbon nano borular alınmış və onların polimer materiallara tətbiqi öyrənilmişdir.
Ölkədə çoxsaylı informasiya resurslarının və xidmətlərin yaradılması, onlardan istifadənin genişlənməsi və informasiya sistemlərinin qlobal informasiya məkanına inteqrasiyası fonunda Azərbaycanda da Data Mərkəzin yaradılması üzrə işlərə 2014-cü ildən başlanılmış və artıq layihə üzrə işlərin 95 faizi yerinə yetirilmişdir. Hazırda “Data Mərkəzi”nin sınaq testlərinin aparılması və TİER III sertifikatının alınması üçün müvafiq qaydada hazırlıq tədbirləri həyata keçirilir. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən İKT sahəsi üzrə özəl sahibkarlığın inkişaf etdirilməsi və sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi istiqamətində tədbirlər davam etdirilmişdir. 2015-ci ilin dövlət büdcəsindən layihələrin maliyyələşdirilməsi məqsədilə 5 milyon manat vəsait nəzərdə tutulmuş və fondun vəsaitlərinin müvafiq maliyyələşmə istiqamətlərinə uyğun bölgüsü müəyyənləşdirilmişdir. Fondun elan etdiyi qrant müsabiqələri üzrə ödənişlər edilmişdir.
Altı ay ərzində RYTN-in xarici əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən ölkəmizdə rabitə və İKT sahəsində aparılan islahatların beynəlxalq aləmdə tanınması üçün əhəmiyyətli işlər görülmüşdür.
Ümumdünya Poçt İttifaqının (ÜPİ) EMS (Sürətli Poçt Xidmətləri) Korparasiyasının üzvü olan ölkələrin göstərdiyi poçt xidmətlərinin keyfiyyətini ölçmək üçün keçirilən müsabiqənin nəticələrinə görə Azərbaycan poçtu 2014-cü ilin nəticələrinə görə 200 ölkə arasında 4-cü yeri tutmaqla növbəti dəfə qızıl səviyyəli sertifikata layiq görülmüşdür. Həmçinin, “Azərpoct” MMC ÜPİ-nin ünvanlaşma üzrə “S42 standartının xüsusi Sertifikatı”na layiq görülüb. Bu sertifikat razılaşdırılmış ünvan şablonları hazırlamış ölkəyə verilir.
“Bakı-2015” I Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə tamamlanmış və Oyunların keçirildiyi məkan və arenalar rabitə xidmətləri ilə təmin olunmuşdur.
Eyni zamanda bildirim ki, RYTN-in səlahiyyətli nümayəndələrinin təqdim etdikləri hesabatlarda bir sıra telekommunikasiya qovşaqlarında və poçt filiallarında nöqsan və çatışmazlıqların olduğu müəyyən edilmişdir. Aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti birlik və müəssisələrə müvafiq tapşırıqlar verilmiş və icrası nəzarətdə saxlanılır. Hesabat dövründə RYTN-in Mərkəzi Aparatında, rabitə birlik və müəssisələrində vətəndaşların qəbul olunması, RYTN-ə daxil olan ərizə, şikayət və digər müraciətlərin diqqətlə araşdırılması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. 2015-ci ilin I yarımilində vətəndaşlardan birbaşa RYTN-ə daxil olan müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 ədəd azalaraq 1133 ədəd (bundan 189-u telefon çəkilişi, 109-u maddi yardım verilməsi, 106-sı işlə təmin olunma, 98-i telefonun işləməməsi, 51-i qəbula gəlmək və s.), ali hakimiyyət orqanlarından daxil olan ərizələrin sayı isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 ədəd azalaraq 272 ədəd təşkil etmişdir.
Əhaliyə göstərilən rabitə xidmətlərinin səviyyəsi ilə yerindəcə tanış olmaq və vətəndaşların qarşılaşdıqları problemləri öyrənmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, nazir Əli Abbasov respublikanın 5 bölgəsində ətraf rayonları da əhatə etməklə vətəndaşlarla görüş keçirmişdir. Keçirilmiş görüşlərdə qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunmuş, bəzi müraciətlər qeydə alınaraq araşdırılıb həll edilməsi üçün nazirliyin müvafiq strukturlarına tapşrıqlar verilmişdir.
Görülən işlərlə yanaşı, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, qəbul olunmuş dövlət proqramları və digər hüquqi sənədlərlə qarşıda duran mühüm vəzifələr müəyyənləşdirilmiş və artıq hər bir istiqamətdə məqsədyönlü tədbirlər görülməkdədir.
Vidadi ZEYNALOV,
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin
Aparat rəhbəri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.