Azərbaycan ilə İran arasında iqtisadiyyatın bir çox sahələrində əməkdaşlıq daha da inkişaf edəcək

İranda səfərdə olan Azərbaycanın iqtisadiyyat və sənaye naziri, Azərbaycan-İran müştərək iqtisadi komissiyasının həmsədri Şahin Mustafayev avqustun 4-də bu ölkənin rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan müştərək iqtisadi komissiyasının həmsədri Mahmud Vaezi ilə görüşüb.

İranlı nazir bildirib ki, iki qonşu dövlət arasında tarixi bağlılıq var. Əlaqələrimiz inkişaf mərhələsindədir, əməkdaşlığımızın perspektivləri üçün böyük potensial mövcuddur və bundan xalqlarımızın mənafeyi naminə istifadə etmək lazımdır. Bir sıra sahələrdə yaxınlaşma müşahidə edilir. Sevindirici haldır ki, İran elektrik şəbəkəsinin Azərbaycan şəbəkəsinə qoşulması üçün artıq texniki işlər görülüb. İndi qiymət məsələsi qalır ki, bu da tezliklə öz həllini tapacaq.

M.Vaezi əlavə edib ki, İranın Qərb dövlətləri ilə nüvə proqramına dair əldə etdiyi razılaşmadan sonra Azərbaycandan geniş tərkibli nümayəndə heyətinin İrana səfəri çox əhəmiyyətlidir. “Bu səfər bizim üçün də önəmlidir. Nüvə sahəsində böyük nailiyyət əldə etdikdən sonra bizim qonşu ölkələr, xüsusilə də Azərbaycanla əlaqələrimiz daha sürətlə inkişaf edəcək. Bu səfər onu göstərir ki, dünyada baş verən hər hansı bir hadisənin iki ölkə arasındakı əlaqələrə heç bir mənfi təsiri yoxdur. Bu əlaqələr yüksək templə inkişaf etməkdə davam edəcək”, - deyən M.Vaezi tezliklə gömrük, enerji, neft-qaz və neft-kimya, bank sahələrində də yaxşı əlaqələrin qurulacağına ümidvar olduğunu deyib.

Şahin Mustafayev deyib ki, ölkələrimiz arasında qarşılıqlı maraq doğuran sahələr çoxdur. Neft-qaz, energetika, nəqliyyat, təhsil, səhiyyə sahələrində və özəl qurumlar arasında əlaqələr mövcuddur və bu əlaqələr ildən-ilə genişlənir. Qeyd olunub ki, Azərbaycan və İran prezidentləri siyasi iradə nümayiş etdirərək qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoyublar. Səfərlər intensivləşib və hər dəfə yeni əməkdaşlıq imkanları yaranır. Nüvə proqramı sahəsində İranı əldə etdiyi uğur münasibətilə təbrik edən Ş.Mustafayev bildirib ki, turizm sahəsində irəliləyiş müşahidə olunur. 2013-cü ildə Azərbaycandan İrana 500 min turist gəlmişdisə, 2014-cü ildə bu rəqəm 800 minə çatıb ki, bu da böyük göstəricidir.

Səfər çərçivəsində nümayəndə heyətinin tərkibinə daxil olan müxtəlif sahələrin mütəxəssislərinin İranın müvafiq qurumlarında geniş müzakirələr aparacağını nəzərə çatdıran Ş. Mustafayev bu müzakirələrin səmərəli olacağına inamını ifadə edib.

Bildirilib ki, Azərbaycanın 6 şirkəti qarşılıqlı sərmayələr sahəsində İranla əməkdaşlıq edir: “Şirkətlərin biri İranda zavod tikmək istəyir. Bəzi problemlər var ki, bunların da həlli yolları axtarılacaq. Güman edirəm ki, iş adamlarımız İranın Ticarət Palatasında danışıqlar apararaq ortaq məxrəcə gələcəklər”. “İran Khodro” şirkəti də Azərbaycanda avtomobil istehsalı üçün zavod tikmək istəyir. Azərbaycan hökuməti bunu dəstəkləyir və planın reallaşması üçün yer verməyə hazırdır".

Vurğulanıb ki, İran və Azərbaycan əczaçılıq, turizm və viza sahəsində əməkdaşlığı davam etdirir.

Görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov da iştirak edib.

Görüşdən sonra nazirlər mətbuat konfransı keçiriblər.

Rabil KƏTANOV,
AZƏRTAC-ın xüsusi müxbiri

Tehran


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında