Regionlarda su elektrik stansiyalarının tikintisi sürətlə davam etdirilir

Azərbaycanda enerji sahəsində dövlət siyasəti uğurla həyata keçirilir. Prezident İlham Əliyevin verdiyi konkret göstəriş və tapşırıqlardan irəli gələn vəzifələrin icrası məqsədilə ölkəmizin müxtəlif bölgələrində inşa edilmiş elektrik stansiyaları enerjisistemin səmərəlilik göstəricilərini yüksəltməklə yanaşı, regionların sosial-iqtisadi inkişafına da güclü təsir göstərir.

Məhz bunun nəticəsidir ki, hazırda mövcud istehsal respublikamızın tələbatını tam həcmdə ödəməklə yanaşı, qonşu ölkələrə də elektrik enerjisi ixrac etməyə imkan verir. 

Məlum olduğu kimi, ölkədə istehsal edilən elektrik enerjisinin 95 faizindən artıq hissəsi istilik elektrik stansiyalarının, qalan hissəsi isə su elektrik stansiyalarının payına düşür. Bununla yanaşı, hazırda alternativ və bərpa olunan enerji mənbələrindən geniş istifadə edilməsi məsələsi bütün dünyanın diqqət mərkəzindədir. Bu məsələ qlobal ekoloji problemlərin aradan qaldırılması, ətraf mühitin qorunması baxımından xüsusilə aktualdır. Ölkəmizdə bərpa olunan enerji mənbəyi kimi, ilk növbədə, hidroenergetikanın inkişafı, o cümlədən kiçik  su elektrik stansiyalarının tikilməsi və yenidən qurulması prioritet təşkil edir. Yeri gəlmişkən, Azərbaycanda ilk su elektrik stansiyası hələ 1880-ci illərin əvvəlində Gədəbəyin Qalakənd kəndində Şəmkirçayın üzərində Simens qardaşları tərəfindən misəritmə zavodunu elektrik enerjisi ilə təmin etmək məqsədilə tikilib.  

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında ötən illərdə regionlarda bir neçə su elektrik stansiyası istismara verilmişdir. Həmin stansiyalardan biri də ümumi gücü 25 meqavat olan, üç hidroaqreqat quraşdırılmış “Taxtakörpü” Su Elektrik Stansiyasıdır.

“Azərenerji” ASC-nin mətbuat xidmətinin məlumatına görə, cari ilin iyun ayında adıçəkilən stansiyada 4,3 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Bütövlükdə isə bu ilin altı ayı ərzində  stansiyada istehsal edilmiş elektrik enerjisinin miqdarı 15,3 milyon kilovat-saatdan artıq olmuşdur. Yeri gəlmişkən, işə salınan vaxtdan indiyədək stansiyada 17,9 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Bu ilin ötən dövründə stansiya üzrə digər texniki iqtisadi göstəricilər də qənaətbəxş olmuşdur.

Son illər ölkəmizin kiçik çaylarında su elektrik stansiyalarının tikintisi intensiv xarakter alıb. Belə ki, ötən illərdə “Qusar-1" və “İsmayıllı-1" kiçik su elektrik stansiyaları işə salınıb. Bundan əlavə, gücü 3,3 meqavat olan “Göyçay-1" və gücü 1,5 meqavat olan ”Balakən-1" kiçik su elektrik stansiyaları istismara tam hazırdır və bu stansiyalarda test rejimində elektrik enerjisi istehsal edilir. Gücü 1,6 meqavat olan “İsmayıllı-2", gücü 0,3 meqavat olan ”Astara-1", ümumi gücü 3,6 meqavat olan “Oğuz” su elektrik stansiyalarının tikintisi isə başa çatmaq üzrədir.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında