Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda yenidən rəhbərliyə gəldikdən sonra əhalinin etibarlı ərzaq təminatı daim dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri olmuşdur. Ulu öndər respublikamızın daxili imkanları hesabına əsas ərzaq məhsulları ilə təminatına böyük önəm vermiş və bu istiqamətdə bir sıra məqsədyönlü tədbirlər görülmüşdür.
Dahi rəhbərin təşəbbüsü ilə hələ ötən əsrin 90-cı illərində MDB məkanında ilk olaraq Azərbaycanda torpaq islahatlarının aparılması, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmlərinin formalaşdırılması, beynəlxalq təşkilatlarla bu sahədə əhəmiyyətli layihələrin həyata keçirilməsi, həmçinin “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” çərçivəsində görülmüş işlər nəticəsində ölkədə kənd təsərrüfatı və ərzaq məhsullarının artırılmasına nail olunmuşdur.
Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hazırda ölkəmiz bir çox strateji ərzaq məhsulları üzrə tələbatını yerli istehsal hesabına ödəyir, xarici ölkələrə məhsul ixrac edir.
Prezident İlham Əliyevin tövsiyəsi ilə ölkə iqtisadiyyatının ən vacib sahəsi olan kənd təsərrüfatında bu gün istehsalın və ixracın stimullaşdırılması, məhsulun rəqabətqabiliyyətliliyinin artırılması və əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə dövlət dəstəyinin səmərəliliyinin yüksəldilməsi məqsədilə bitkiçilik və heyvandarlığın inzibati rayonlar üzrə ənənəvi sahələri tədqiq edilərək sinfi təsnifatı hazırlanmışdır. Azərbaycanın regionları üzrə ənənəvi kənd təsərrüfatı məhsullarının mövcud vəziyyəti öyrənilərək müvafiq təklif və tövsiyələr verilmiş, həmçinin, aqrar sektorun əlavə dəyərdə payının dinamikası araşdırılmış, qiymət, gəlirlər, istehsalın həcmi üzrə qiymətləndirmələr aparılmışdır.
Azərbaycanda aqrar-sənaye kompleksinin 270 sayda məhsul üzrə məhsullararası balansı tərtib edilmiş, rəqabətqabiliyyətliliyinin üstünlüyünün qiymətləndirilməsi modeli yaradılmışdır. Model üzrə aparılmış hesablamalar göstərir ki, respublikamızın həm bitkiçilik, həm də heyvandarlıq məhsullarının əksəriyyəti beynəlxalq rəqabət üstünlüyünə malikdir. Bu rəqabətqabiliyyətliliyi reallaşdırmaq məqsədilə ölkədə müxtəlif aqro-xidmətlərin səviyyəsinin yüksəldilməsi, dövlətin subsidiya, kredit, maliyyə və digər dəstəklərindən səmərəli istifadə, istehsal, bazar və sosial infrastruktur sahələrinin inkişafı, müasir yemçilik müəssisələrinin yaradılması, maarifləndirmə, elmi və kadr təminatının yaxşılaşdırılması üzrə təklif və tövsiyələr hazırlanmışdır. Mütəxəssislərin fikrincə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı zəncirində kompleksliliyin təmin olunması maya dəyərinin azaldılması, əlavə dəyərin artırılması, sosial rifahın yüksəldilməsi və nəticədə rəqabətqabiliyyətliliyin artırılması baxımından çox vacibdir.
Azərbaycan Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna rolu olmuşdur. Adıçəkilən Dövlət Proqramının icrası mühüm nəticələr əldə edilməsinə səbəb olmuşdur. Həmin proqramda əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə olunması, bitkiçiliyin, xüsusən taxılçılığın, meyvəçiliyin, tərəvəzçiliyin, üzümçülüyün, heyvandarlığın, o cümlədən ət və süd məhsulları istehsalının inkişaf etdirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və uğurla həyata keçirilməsi ölkədə ərzaq məhsullarının istehsalında artıma və hər bir ölkə vətəndaşının keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına tələbatının tam ödənilməsinə şərait yaratmışdır.
Yeri gəlmişkən, burada bir məsələni də xatırladaq. Kənd təsərrüfatının inkişafını daha da sürətləndirmək, modernləşdirmək, bu sahədə mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı reallaşdırmaq, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə Prezident İlham Əliyevin 12 yanvar 2015-ci il tarixdə imzaladığı sərəncamla 2015-ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilmişdir. Həmin sərəncamda bildirilir ki, Azərbaycanda həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılmışdır. Aqrar sektorda əsaslı dəyişikliklər baş vermiş, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşmış, normativ hüquqi baza təkmilləşdirilmişdir. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir.
Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyənləşdirilməsi sözügedən sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoymuşdur. Hazırda əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkəmizdə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulur, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir: “Bizim düşünülmüş siyasətimiz var. Bizim proqramlarımız reallıq üzərində qurulubdur. Hər bir məsələ, hər bir sahə ilə bağlı çox konkret fəaliyyət planı var - regionların inkişafı, işsizliyin aradan qaldırılması, sənayeləşmə, kənd təsərrüfatının inkişafı. Deyə bilərəm ki, kənd təsərrüfatının inkişafı üçün bu il çox önəmli addımlar atılmışdır. Bir neçə fərman imzalanmışdır ki, bu da kənd təsərrüfatının inkişafına xidmət göstərir. Məsələn, taxılçılıqda məhsuldarlıq böyük dərəcədə - təxminən 20 faiz artmışdır. Əvvəllər hektardan 22 sentner götürürdüksə, mənə verilən məlumata görə, indi 30 sentner götürmüşük. Dövlətin dəstəyi ilə iri fermer təsərrüfatları yaradılır, meliorasiya tədbirləri, bütün aqrotexniki tədbirlər görülür, strukturlaşma prosesi gedir və şəffaflıq təmin edilir. Əlbəttə, gələcəkdə daha da ciddi işlər aparılacaq ki, həm məhsuldarlıq artsın, həm də biz torpaq fondumuzdan maksimum dərəcədə istifadə edək”.
Dövlət başçısının fikrinin təsdiqi kimi bir neçə fakta nəzər salaq. Ağstafa rayonunun təsərrüfatlarında cari mövsümdə indiyədək 7 min 714 hektar sahənin taxılı biçilmiş, 22 min 440 ton məhsul istehsal olunmuşdur. Tədarük edilən taxılın 17 min 153 tonu buğda, 5 min 287 tonu isə arpadır. Buğda zəmilərindən orta hesabla hektardan 30,5 sentner məhsul götürülmüşdür ki, bu da ötənilkindən 1,6 faiz yüksəkdir.
Qazax rayonunun təsərrüfatlarında isə cari mövsümdə 6 min 40 hektar sahənin taxılı biçilmiş, 18 min 217 ton məhsul istehsal olunmuşdur. Tədarük edilən taxılın 12 min 844 tonu buğda, 5 min 374 tonu isə arpadır. Buğda zəmilərindən orta hesabla hektardan 31,1 sentner məhsul götürülmüşdür ki, bu da ötənilki göstəricidən 4,4 sentner yüksəkdir.
Tovuzda isə 9 min 850 hektar sahənin taxılı biçilmiş, 31 min 379 ton məhsul istehsal olunmuşdur. Tədarük edilən taxılın 30 min 534 tonu buğda, 845 tonu isə arpadır. Buğda zəmilərindən orta hesabla hektardan 32,1 sentner məhsul götürülmüşdür ki, bu da ötənilkindən 1,9 faiz yüksəkdir. Hacıqabul rayonunda 6 min 394 hektar sahədə arpa, 6 min 475 hektarda isə buğda əkilmişdir. Havaların əlverişli keçməsi, taxıl sahələrinə vaxtında mineral və üzvi gübrələrin verilməsi nəticəsində sahələrdə bol məhsul olmuşdur. Taxıl istehsalı ilə məşğul olan mülkiyyətçilərə dövlət tərəfindən yanacaq və sürtgü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına subsidiya verilməsi torpaq mülkiyyətçilərinin bu sahəyə marağını ilbəil artırır.
Biçin kampaniyasına mütəşəkkilliklə başlayan hacıqabullu fermerlər qısa müddətdə taxil sahələrinin məhsulunu toplayıblar. Arpa sahəsinin hər hektarından 30,1 sentner məhsul götürülməklə, 19 min 246 ton arpa istehsal olunmuşdur. Biçin keçilmiş buğda sahələrinin hər hektarından 38,2 sentner məhsul yığılmışdır. Toxumçuluq təsərrüfatlarında isə bu göstərici 40-45 sentner təşkil etmişdir. Ümumilikdə, fermer və torpaq mülkiyyətçiləri sahələrdən 43 min 981 ton məhsul götürmüşlər ki, bu da ötən ildəkindən 7 min 960 ton çoxdur.
Aqrar sahə ilə bağlı göstəricilər respublika üzrə də sevindiricidir. Dövlət Statistika Komitəsinin son məlumatına görə, cari ilin iyun ayının 24-nə kimi 362,1 min hektar sahədə yazlıq bitkilərin əkini aparılaraq 28,8 min hektar sahədə dənli və dənli paxlalılar, 36,4 min hektar sahədə dən üçün qarğıdalı, 77 min hektar sahədə tərəvəz, 61 min hektar sahədə kartof, 18,8 min hektar sahədə pambıq, 27,9 min hektar sahədə bostan bitkiləri, 4,9 min hektar sahədə şəkər çuğunduru, 10,2 min hektar sahədə dən üçün günəbaxan, 1,4 min hektar sahədə tütün və s. bitkilər əkilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə yazlıq bitkilərin əkin sahəsi 4,2 min hektar, dənli və dənli paxlalıların əkin sahəsi 0,8 min hektar, tərəvəzin əkin sahəsi 1,1 min hektar, tütünün əkin sahəsi 253 hektar artmışdır.
Kənd əməkçiləri yazlıq bitkilərin əkinini başa vuraraq yetişdirdikləri məhsulu yığmağa başlamışlar. İyul ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla 2,1 milyon ton payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərdən məhsul toplanmış, keçən ilin müvafiq dövrü ilə müqayisədə 320,9 min ton çox məhsul yığılmışdır.
Yığım başlanandan tarlalardan 288,7 min ton kartof, 382,9 min ton tərəvəz, 93,1 min ton meyvə və giləmeyvə, 37,4 min ton bostan məhsulları,76,5 ton tütün, 273,4 ton yaşıl çay yarpağı toplanmışdır.
Ötən ilin birinci yarısı ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 14 faiz, heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz, kənd təsərrüfatının ümumi məhsulu 7,3 faiz artmışdır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan, dövlət başçısının respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədilə vaxtaşırı verdiyi tapşırıqlar, tövsiyələr, imzaladığı fərman və sərəncamlar, dövlət proqramları növbəti illərdə də Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət kəsb edəcək və qarşıya qoyulmuş vəzifələr uğurla icra olunacaqdır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.