Lənkəran: fərəh dolu uğur yolu

Azərbaycanın gözəl məkanlarından biri Lənkərandır. Buranı bir dəfə görənlər haçansa yenə də gəlmək arzusuna düşürlər.

 Lənkəranın Boladi kəndində doğulub böyümüş kanadalı alim İlham Axundov professoru olduğu Vaterloo universitetində və özünün yaratdığı Kanada-Azərbaycan Araşdırmalar İnstitutunda yurdumuzun gözəl diyarından tez-tez həvəslə söhbət açır. Onun bu öyünmələri, nəhayət, Kanadadan böyük bir nümayəndə heyətinin Lənkərana səfər etməsinə səbəb olub. Rayonu gəzib gördüklərinə heyran qalan qonaqlar təəssüratlarını əməkdaşlıq etdikləri Lənkəran Dövlət Universitetində məmnunluqla bölüşüblər. Sonra şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov onlarla görüşüb. Toronto Universitetinin professoru Robert Austin səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Belə gözəl diyarda olmaqdan, dünya şöhrətli Lənkəran çayını içməkdən əsl zövq aldıqlarını söyləyib. Nümayəndə heyətinə daxil olan tələbələr isə öz vətənlərinə qayıtdıqdan sonra təəssüratlarını  tezislər şəklində dərc etdiriblər.

Lənkərana budəfəki səfərimdə orada qələm dostum Vazeh Əliyevlə görüşdüm. Şəhərdə hava isti olduğundan sərin bir yerdə çay içmək istəyilə gedib ta uzaq Zövlə kəndinə çıxdıq. Zümrüd libaslı dağların, meşələrin fonunda buralar çox gözəl təsir bağışlayırdı. Vazeh vəcdə gəlib Eldar Baxışdan şeir də söylədi. Mənimsə yadıma əslən bu kənddən olan və 20 ildən bəri Başqırdıstanın paytaxtı Ufada yaşayan şair dostum Baloğlan Cəlil düşdü. Baloğlan bir neçə il bu kənddə müəllim işləyib, ədəbiyyatdan dərs deyib. Gözəl şeirləri çoxdur. Kitabları Azərbaycanda və Rusiyada çap olunub. Ötən ilsə “Qürbət türküləri” adlı toplusu Türkiyədə işıq üzü görüb.

Onun  şeirlərini həyəcansız oxumaq olmur. Görün, 25-30 il əvvəl Lənkəranda məhv edilmiş çay plantasiyaları ilə bağlı ağrısını necə qələmə alıb: “Getdi o kolların yanaqlarında bizim anaların holavarları...

Baloğlanın gözü aydın: Lənkəranda, Astarada çayçılıq sürətlə bərpa olunur. Artq min hektara qədər yeni çay sahəsi yaradılıb. Holavarlar yenidən oxunacaq, qardaş!..

Ümumiyyətlə, Lənkəran yenilənən bir diyardır. Rayonun ağsaqqallarından olan Rafiq Qasımovun  sözlərini xatırlayıram: “Ötəri bir gəzinti, gözucu bir baxış da bəs edir ki, Lənkəranın bugünün və sabahın şəhəri olması qənaətinə gələsən. Burada bütün böyük layihələr perspektivə hesablanıb. İdarəetmə metodları elmi-konseptual əsaslara söykənir. Yəni gerçəkləşdirilən layihələr çox böyük bir dövr üçün firavanlıq, rifah vəd edir. Amma aşkar tərəqqini görməzdən gələnlər də olur. Belələri günün tələbləri ilə ayaqlaşa bilməyən və bu üzdən də yan-yörələrinə xor baxan, əsassız iddia səsləndirənlərdir. Lənkəranı sevən hər kəs onun tərəqqisinə töhfə verməli, uğurlarına sevinməlidir”.

Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Lənkərana davamlı diqqəti və qayğısı nəticəsində rayonun sosial iqtisadi və mədəni inkişafı sahəsində əsaslı dönüş yaranıb, genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilib, iri həcimli investisya layihələri icra edilib və yeni layihələrin icrasına başlanıb. Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov hər görüşümüzdə bu barədə böyük şövqlə, həvəslə danışır. Dövlət başçısının gözəl diyara doğma münasibətinin nəticələrini konkret faktlarla əsaslandırır. Taleh müəllimi dinlədikcə qürur hissləri keçirirəm. Yeri gəlmişkən, onun dediklərini vaxtaşırı ezam olunduğum cənub bölgəsinin digər  rayonlarının rəhbərlərinin dilindən də az eşitməmişəm. Regional inkişaf Dövlət Proqramlarının aşkar nailiyyətləri, bax, beləcə iftixar duyğuları yaradır.   

Cənab İlham Əliyev dəfələrlə Lənkərana səfər edib. Elə bu ilin aprelində növbəti unudulmaz səfər reallaşıb. Bu səfər bir daha sübut edib ki, Lənkəranın uğurlu gələcəyi  ölkə başçısının daim diqqət mərkəzindədir.

Prezident İlham Əliyev Lənkərana səfəri çərçivəsində tarix-diyarşünaslıq muzeyində, yenidən qurulan mədəniyyət mərkəzində, təzə körpələr evi-uşaq bağçasında olub, həmçinin əsaslı təmir edilmiş Liman-Nərimanabad-Balıqçılar avtomobil yoluna baxıb. Dövlət başçısı ictimaiyyətlə görüşü zamanı Lənkəranda keçirdiyi həmin günü gözəl bir gün adlandırıb. Azərbaycan rəhbərinin görülən işlərə yüksək qiymət verməsi bütün lənkəranlıların hədsiz sevincinə səbəb olub. 

Bu ilin ilk altı ayında rayonda ümumi məhsul buraxılışı 136,6 milyon  manat  təşkil  edib. Sənayedə 10,9 milyon  manatlıq  və  ya  əvvəlki  ilin  müvafiq  dövrünə  nisbətən 7,6  faiz çox məhsul  istehsal  olunub. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 7 faiz artıb  və  ümumi  həcmdə  onun  xüsusi  çəkisi 59,8 faiz  təşkil  edib. Sənaye sahəsində     orta  aylıq  əmək  haqqı 4,7 faiz  artaraq  325 manata  çatıb. Balıq  və  balıq  məhsulları, çörək, quru çay, tikinti qumu və çınqıl, kərpic və kərpic bloku, süd və üzlük süd məhsulları, kərə yağı, pendir və kəsmik istehsalı çoxalıb.   

 Telekommunikasiya qovşağı yeni nəsil rabitə texnologiyasının tətbiqi üzrə geniş tədbirlər həyata keçirib. Şəhər EATS-4, EATS-5, Liman EATS-lərin, eləcə də rayonun 26 kəndində yeni texnologiyalı elektron ATS-lərin (NGN) quraşdırılmasına hazırlıq görülüb. Şirinsu qəsəbəsində 208 nömrə tutumlu yeni EATS quraşdırılıb. Lənkəran teleradio ötürücü stansiyasında DVB-T2 tipli rəqəmli kommersiya kanalları qurulub ki, bu da 80 telekanalın yüksək səviyyədə yayımlanmasına şərait yaradıb. Rayon ərazisində genişzolaqlı internet abunəçilərinin sayı 11744-ə  çatıb.

İlin birinci yarısında Lənkəranda 36,6 milyon manatlıq kənd  təsərrüfatı məhsulu istehsal olunub  ki, bu da əvvəlki dövrə nisbətən 3,4 faiz  çoxdur.

2015-ci ilin məhsulu üçün 8112 hektar payızlıq və yazlıq bitkilər əkilib. 1361 ton taxıl, 3414 ton kartof, 26404 ton tərəvəz, 1612 ton meyvə, 53,5 ton yaşıl çay yarpağı yığılıb. Diri çəkidə 3010 ton ət, 15500 ton süd və 7,1 milyon ədəd yumurta istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2 faiz, süd istehsalı 3,3 faiz, yumurta istehsalı 2 faiz   artıb. Birinci yarımildə Sahibkarlığa Kömək Milli Fondu  tərəfindən iş  adamlarına 553 min manat  güzəştli kredit  verilib.

 Bildiyimiz kimi, bu  il cənab Prezident İlham Əliyev tərəfindən “Kənd təsərrüfatı ili” elan edilib. Bununla əlaqədar Lənkəranda ərzaq təhlükəsizliyinin qorunması, ekoloji təmiz məhsulların istehsalı üçün əkin sahələrinin dövriyyəyə cəlb edilməsi və məhsuldarlığın artırılması yönümündə tədbirlər görülüb. Yeni “Gilan arqo-sitrus” təsərrüfatı yaradılıb,     Cənubi Koreyadan gətirilən “Hallabong” sitrus meyvəsinin ağacları əkilib. Gələcəkdə təsərrüfat genişləndirilərək 500 hektara yaxın ərazini əhatə edəcək. O, cümlədən dağətəyi ərazilərdə terras əkin üsulu ilə sitrus plantasiyaları salınacaq. Aparılacaq işlərin nəticəsində istifadəsiz qalmış torpaqlar yenidən kənd təsərrüfatı dövriyyəsinə qatılacaq və bu da 2 min daimi iş yerinin yaranmasına imkan verəcək. Ümumilikdə rayon ərazisində fermerlər və sahibkarlar tərəfindən 384,6 hektarda yeni çay sahələri, 14 hektarda meyvə bağları salınıb. 20 hektarda isə bərpa işləri aparılıb. Lənkəran Çay filialının təcrübə təsərrüfatında 2000 ədəd iki növ yeni sitrius bitkisi Cənubi Koreya istehsallı qidalı dibçəklərə əkilərək tinglik təsərrüfatı yaradılıb. 2015-ci ilin məhsulu üçün 5138 hektar sahədə tərəvəz əkilib. Rayon ərazisində həmçinin 107 hektar sahədə çəltik əkini həyata keçirilib.

 Mart ayında Bakıda keçirilmiş Novruz şənliklərində Lənkəran   layiqincə təmsil olunub. Dənizkənarı Milli Parkda düzənlənən sərgidə  Lənkəran mətbəxi Azərbaycan Milli Kulinariya Mərkəzinin Fəxri diplomuna layiq görülüb.

Rayonda geniş abadlıq və quruculuq işləri aparılır. Küçə, bağ və parklarda  müasir hasarlar hörülüb, xeyli suvaq, rəngləmə işi aparılıb,   45000 ədəd gül kolu, 600 ədəd dekorativ və 1200 ədəd müxtəlif növ  ağaclar əkilib. Şəhərdəki çoxmərtəbəli yaşayış binalarının dam örtüyü əsaslı təmir olunub,xeyli fasad yenilənib. Dövlət vəsaiti və daxili imkanlar hesabına şəhərdaxili küçələrdə yolların sıradan çıxmış hissələrində cari təmir işləri aparılıb və asfalt döşənib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ayrılmış  vəsaitə uyğun olaraq, on min nəfər əhalinin yaşadığı üç məntəqəni birləşdirən 18,8 kilometrlik Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu yüksək səviyyədə tikilib. Hazırda Aşagı Nüvədi-Kənarmeşə-Şürük yolunun yenidən qurulması işlərinə başlanıb. Rayon ərazisində dəmir-beton konstruksiyalı 4 avtomobil körpüsü quraşdırılıb, 2 körpü əsaslı təmir olunub. Yarım ildə rayonda iqtisadiyyatın və sosial  sferanın  inkişafına  26,6 milyon manat investisiya yönəldilib.

Lənkəran Elektrik Şəbəkəsi tərəfindən rayon ərazisində 19270 metr yeni SİP kabel xətti çəkilib, 329 ədəd SMART kart tipli sayğac quraşdırılıb. 16 ədəd yeni güc transformatoru qoyulub. Qaz İstismarı Sahəsi tərəfindən rayonun Nərimanabad qəsəbəsi, Şıxəkəran, Üzümçülük kəndlərində 26955 poqonmetr polietilen, 62880 poqonmetr metal boru qaz xətti çəkilib və həmin kəndlərə mavi yanacaq verilib. Digər ərazilərdə də bu yöndə işlər gedir. Ötən dövrdə Lənkəran Su-kanal İdarəsi tərəfindən şəhərin içməli su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün müəyyən işlər görülüb. Lənkəran şəhərində 850 poqonmetr müxtəlif diametrli su xətti çəkilib, 730 ədəd smartkart tipli su sayğacı quraşdırılıb.  

Hazırda yeni olimpiya idman kompleksinin və 11 mərtəbəli, 5 ulduzlu otel kompleksinin tikintisi davam etdirilir. Qarşıdakı dövrdə 12,9 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən 11,2 kilometr uzunluğunda Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun əsaslı təmiri (bu məqsədlə Azərbaycan  Prezidentinin sərəncamı ilə 3,2 milyon manat vəsait ayrılmışdır) reallaşacaq. Həmçinin ölkə başçısının sərəncamı ilə şəhərin abadlıq-quruculuq işlərinin aparılmasına ayrılmış 4 milyon manatlıq vəsaitə uyğun olaraq Nəsimi, Füzuli, Nəsirli, Şəhidlər xiyabanı və M.M. Axund küçələrində yollara asfalt çəkilib, mövcud hasarların bərpası, əlavə hasarların tikilməsi və aqlayla üzlənməsi, yeni çiyin daşlarının quraşdırılması, tametlərin düzülməsi, darvazaların rənglənməsi, yol boyu müasir işıq dirəklərinin quraşdırılması   davam etdirilir. Eyni zamanda, investisiya vəsaiti hesabına yeni 110 yerlik  uşaq bağçasının tikilməsi də nəzərdə tutulur. Bundan əlavə, şəhərdə  izafi suların axdığı kanal və arxların təmizlənməsi, qəsəbə və kəndlərin, yeni yaşayış məhəllələrinin daxili yollarının təmiri, elektrik transformatorlarının, dirəklərinin, naqillərin yenisi ilə əvəzlənməsi həyata keçiriləcək.  

 Təhsilin maddi-texniki  bazasının  gücləndirilməsi  üçün də tədbirlər davam etdirilir. Hazırda Darquba kənd orta məktəbinin tikintisində son tamamlama işləri görülür. Məktəbəqədər təhsil müəssisələrinin inşasına da qayğı göstərilir. Lənkəran şəhərində 120 yerlik müasir tipli uşaq bağçası istifadəyə verilib.

 Əhaliyə göstərilən turizm xidmətinin  müasir tələblər səviyyəsində qurulması üçün turizm obyektlərində monitorinqlər keçirilib. 2015-ci ilin 6 ayı ərzində rayona gələn turistlərin sayı 9 minə yaxın olub.

Bəli, Lənkəran sürətli tərəqqi yolundadır. Görülən işlər fərəh doğurur, perspektivsə adamı daha nikbin duyğulara kökləyir.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında