Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqaməti iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsidir.
Bu siyasətə uyğun olaraq, görülmüş işlərin nəticəsidir ki, son illər ÜDM-nin artımı qeyri-neft sektoru hesabına təmin edilir, rəqabətədavamlı məhsul istehsalı artır. Belə ki, bu ilin ilk yarısında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-iyun aylarında 26,3 milyard manatlıq və ya ötən ilin müvafiq dövründəkindən 5,7 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Əlavə dəyərin 36 faizi sənayedə, 13,4 faizi ticarət, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahələrində, 12,5 faizi tikinti kompleksində, 5,8 faizi nəqliyyatda, 5,6 faizi kənd təsərrüfatında, 1,9 faizi rabitədə, 16,4 faizi digər sahələrdə yaradılmışdır. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,4 faizini təşkil etmişdir. Hər nəfərə düşən ümumi daxili məhsul istehsalı 2765,1 manat olmuşdur. 2014-cü ilin birinci yarısı ilə müqayisədə qeyri-neft sektorunda əlavə dəyər 9,2 faiz artmışdır. Sənaye məhsulu üzrə qeyri-neft sahəsində məhsul istehsalında 14,1 faiz artım olmuşdur. Neft-qaz sektorunda isə əlavə dəyər 1,3 faiz artmışdır. Ölkəmizdə qeyri-neft sektorunun əsas sahələrindən olan qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Bu sahənin inkişafının intensivləşdirilməsi məqsədilə sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması, onların modernləşdirilməsi, yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye komplekslərinin yaradılması, rəqabətədavamlı sənaye istehsalının genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Artıq işə salınan və uğurlu göstəriciləri ilə diqqətçəkən texnoparklar bu fəaliyyətin məntiqi nəticəsidir. Hazırda həmin texnoparklar tərəfindən daxili bazarlarla yanaşı, xaricə də yüksək keyfiyyətli məhsul göndərir. Xatırladaq ki, bu gün Sumqayıt Texnologiyalar Parkı 17 zavodu birləşdirir. Həmin müəssisələrdə dünya standartlarına cavab verən müxtəlif çeşidli məhsullar, o cümlədən kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıq, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir. Sadalanan məhsullar MDB və Yaxın Şərq regionunda yalnız Azərbaycanda istehsal olunur.
Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Texnologiyalar Parkının fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Sənayeləşmə prosesi də uğurla gedir. Qeyd etdiyim kimi, qeyri-neft sənayemiz 14 faiz artmışdır. Mən xatırlamıram ki, nə vaxtsa qeyri-neft sənayemiz bu qədər artsın. Bu, doğrudan da rekord göstəricidir. Sənaye artımı əvvəllər də olub, amma daha çox neft hasilatı hesabına. O illərdə sürətli hasilatda artım olmuşdur. Amma qeyri-neft sənayemiz 14 faiz artıb. Bu, doğrudan da görülən işlərlə bağlıdır. Hər bir rayonda sənaye zonaları yaradılacaq, eyni zamanda, sənaye parkları. Məndə olan məlumata görə, Sumqayıt Kimya Sənaye Parkında 4 rezident tərəfindən 700 milyon manat investisiya nəzərdə tutulur. Bu da çox gözəl göstəricidir və bir daha onu göstərir ki, bu sənaye parklarının yaradılması çox düzgün və vaxtında atılmış addım idi”.
Sözügedən Texnologiyalar Parkında 4500-dən çox işçi çalışır. Müəssisələrin ən böyüyü 6500 çeşiddə məhsul istehsal edən kabel zavodudur. Yüksək gərginliyə davam gətirən güc kabellərinin MDB məkanında, qonşu Türkiyə və İranda, hətta bir sıra Avropa ölkələrində analoqu yoxdur. Polimer məmulatları müəssisəsində isə su və kanalizasiya polimer boruları, onların fitinqləri istehsal edilir.
Texnoparkın digər müəssisələri-sendviç panellər, texniki qazlar, cihazlar, ağır maşınqayırma zavodları da uğurla fəaliyyət göstərir. Hazırda sözügedən Park tərəfindən Gürcüstan, Qazaxıstan, Əfqanıstan, Hindistan və bir sıra ölkələrə müxtəlif çeşidli mallar göndərilir. Bununla bərabər, BP şirkəti ilə neft sektorunda bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Yeri gəlmişkən, Sumqayıt Texnologiyalar Parkı ilə bağlı bir məqamı da xatırladaq. Bu Park ölkəmizdə İKT sahəsində ilk xüsusi rejimli zona olmaqla elmi araşdırmaların, elmtutumlu texnoloji məhsulların istehsalının əhəmiyyətli dərəcədə artmasına təkan verəcəkdir.
Azərbaycanda innovativ sənaye quruculuğunun irimiqyaslı layihəsi olan Sumqayıt Texnologiyalar Parkı investorlar üçün ən münasib işgüzar şərait və komfortlu biznes mühiti təklif edir. Bu Parkın inkişaf planında sahibkarların səmərəli fəaliyyəti üçün bütün amillər nəzərə alınmış və onun modeli formalaşdırılarkən dünyada müsbət göstəriciləri ilə diqqətçəkən sənaye parklarının təcrübəsi öyrənilmişdir. Məsələn, Parkda fəaliyyət göstərəcək sahibkarlar üçün sənaye parkının rezident şirkətləri 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən və parkda istifadə məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular ƏDV-dən azad edilmişdir. Bu, baza güzəştlər portfeli kimi qəbul edilir və zərurət yaranarsa, güzəştlər paketi daha da genişləndirilə bilər.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.