Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” istiqamətində hərəkət edən “Nomand ekspress” ilk sınaq konteyner qatarı avqustun 3-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb.
AZƏRTAC xəbər verir ki, ilk konteyner qatarının Bakıya çatması ilə əlaqədar keçirilən qarşılanma mərasimində Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov, nəqliyyat nazirinin müavini Arif Əsgərov, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov, Qazaxıstanın, Gürcüstanın dəmir yolları qurumlarının, Bakı, Batumi, Aktau limanlarının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərləri, diplomatik korpusun nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Əvvəlcə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə bağlı videoçarx nümayiş olunub.
Çıxış edən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov bu gün belə bir əlamətdar tədbirin məhz yenicə istifadəyə verilən bərə terminalında keçirilməsinin çox sevindirici olduğunu deyib. O qeyd edib ki, Ələt qəsəbəsində tikilən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılış mərasimi ötən il sentyabrın 22-də Prezident İlham Əliyevin iştirakı ilə keçirilib.
Vurğulanıb ki, hələ 1998-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi - TRASEKA müqaviləsinin məqsədi bir zamanlar iki qitə arasında ticarətin aparıldığı İpək Yolunun bərpasını təmin etmək idi. Bugünkü tədbir də məhz bu istiqamətdə səylərin davam etdiyini göstərir. Çindən gələn ilk konteyner qatarı 2013-cü il noyabrın 7-də Qazaxıstan Dəmir Yolu İdarəsinin təşəbbüsü ilə yaradılmış Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin səyi nəticəsində mümkün olub. Bu komitə Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə və Çinin nəqliyyat və logistika şirkətlərini, o cümlədən Bakı, Aktau, Poti və Batumi limanlarını özündə birləşdirir.
Bildirilib ki, yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə konteyner qatarlarının Çindən birbaşa Avropaya və Aralıq dənizinə getməsi mümkün olacaq.
Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov çıxış edərək bildirib ki, ölkəmizə ilk dəfə Çin Xalq Respublikasından konteyner qatarının gəlməsi bizim çoxdan gözlədiyimiz bir gündür. Baş nazirin müavini xatırladıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakıda 32 dövlətin və 13 beynəlxalq təşkilatın iştirak etdiyi TRASEKA - “Tarixi İpək Yolunun bərpası” beynəlxalq konfransı keçirilmişdi. “Mən çox məmnunam ki, bu gün bizim gözlədiyimiz o gündür və biz dost Çindən ilk konteyner qatarını qəbul etdik. Bu, Azərbaycan və ümumilikdə bölgə üçün çox böyük bir hadisədir. Ona görə ki, 1998-ci ildən bu günə qədər TRASEKA-ya üzv dövlətlər - Qazaxıstan, Türkmənistan, Gürcüstan və Türkiyə tərəfindən İpək Yolunun inkişafı üçün genişmiqyaslı layihələr həyata keçirilib. O cümlədən Azərbaycanda da bu istiqamətdə mühüm işlər görülüb. Bu layihələrdən TRASEKA ölkələri üçün ən böyüyü və əhəmiyyətlisi kimi Bakı-Tbilisi-Qars dəmir yolu xəttini qeyd etmək olar ”, - deyə Abid Şərifov bildirib. Qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti başqa dəhlizlərlə müqayisədə Şərqdən gələn və Avropaya gedən yükləri 550-600 kilometrlik qısa bir məsafədə çatdıracaq. Bu xəttin önəmi ondadır ki, o istər Çin Xalq Respublikasından, istər də Şərqdəki digər ölkələrdən yüklərin Avropaya dayanmadan, tam təhlükəsiz və vaxtında çatdırılmasına kömək edəcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə daşınacaq yüklərin artımının 2020-ci ildə 300-400 min konteynerdən çox təşkil edəcəyini, 2024-cü ildə isə həmin rəqəmin daha da arta biləcəyini deyib. Əlavə edib ki, bu da Azərbaycan iqtisadiyyatına öz müsbət təsirini göstərə bilər. Bunun üçün hər kəsin fəal iştirakı vacibdir. Çünki burada həm yüngül və güzəştli tariflərin, həm də az vaxt itkisinin olması əsas məsələdir.
Bildirilib ki, Prezident İlham Əliyev Azərbaycanı tranzit yüklərin keçəcəyi logistik bir mərkəz görmək istəyir. Bunun üçün də ölkəmizdə avtomobil və dəmir yollarının, beynəlxalq hava limanlarının və dəniz limanlarının inkişafına çox böyük investisiyalar qoyulur. Bütün bunların hamısı gələcəyə hesablanan və gələcəkdə Azərbaycandan daha çox tranzit yüklərin keçməsi üçün atılan addımlardır.
C.Qurbanov Azərbaycanın Qazaxıstandan 10 yeni lokomotiv aldığını və “Azərbaycan Dəmir Yolları” QSC ilə “Qazaxıstan Dəmir Yolu” SC arasında bununla bağlı müvafiq müqavilənin imzalanacağını deyib. Əlavə edib ki, bu, Azərbaycanın müstəqillik tarixində mühüm hadisədir, çünki Qazaxıstan ilə ABŞ istehsalı olan bu lokomotivlər ölkəmizə gətirilən ilk yeni lokomotivlər olacaq.
Mərasimdə nəqliyyat nazirinin müavini Arif Əsgərov, “Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Askar Mamin, “Gürcüstan Dəmir Yolları” SC-nin direktoru Mamuke Baxtadze çıxış edərək Çindən gələn ilk konteyner qatarının Bakıya çatmasını əlamətdar hadisə adlandırıb, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun əhəmiyyətini vurğulayıblar.
İlk sınaq konteyner qatarı 41 platforma vaqonundan ibarət olmaqla, 20 tonluq (FEU) 82 konteyner daşıyır. Nəql olunan kaustik sodadan ibarət yükün həcmi hər bir konteynerdə 21,6 ton olmaqla, ümumilikdə 1771, 2 ton təşkil edir. İlk sınaq konteyner qatarı iyulun 28-də Çinin Şixezi şəhərindən start götürüb, iyulun 31-də Qazaxıstanın Aktau limanına, avqustun 3-də isə Azərbaycana - Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb. Yük “Xinjiang Tianye Group Foreign Trade Co.,LTD” şirkəti tərəfindən göndərilib və Azərbaycanın “Şəfəq-1" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən qəbul olunub.
Transxəzər marşrutu üzrə hərəkət edəcək ilk sınaq konteyner qatarı Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsində əldə olunan razılığa əsasən təşkil edilib. Layihə “Qazaxıstan Dəmir Yolu” SC, “Çin Dəmir Yolları”, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə həyata keçirilir.
Layihə çərçivəsində tranzit və xarici ticarət yüklərinin cəlb edilməsi, həmçinin yükdaşıma həcminin artırılması məqsədilə rəqabətə davamlı vahid dəmir yolu tarifləri və hərəkətin təşkili yanaşmasının tətbiqi nəzərdə tutulur. Bu marşrutun işə düşməsi üzv ölkələrin ixracat və tranzit potensialının yüksəldilməsinə, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun rəqabət gücünün artırılmasına təkan verəcək. Eyni zamanda, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu Avropa ölkələrindən olan yükgöndərənlər üçün də cəlbedici və sərfəli olmaq imkanlarına malikdir.
Sentyabrda ikinci konteyner qatarının Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə hərəkət etməsi planlaşdırılır.
Sonra mərasim iştirakçıları “Azərbaycan Dəmir Yolları” QSC üçün Qazaxıstandan alınan lokomotivə və Azərbaycan Dəmir Yollarının yeni vaqon parkına baxıblar.
Daha sonra ilk konteyner qatarının Azərbaycanın ərazisinə daxil olmasını bildirən rəmzi düymə basılıb.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.