Azərbaycanın investisiya səviyyəli beynəlxalq kredit reytinqi yenidən təsdiq olunmuşdur

Son illər ölkəmizin investisiya imkanlarının getdikcə  genişlənməsi  beynəlxalq kredit reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir. Məsələn, hələ  2012-ci ildə “Standard and Poors” Beynəlxalq Reytinq Agentliyi Azərbaycan  üçün uzunmüddətli müstəqil kredit reytinqini “BBB-” olaraq müəyyən etmiş,  reytinq üzrə proqnozunu isə “sabit” olaraq dəyərləndirmişdir. “Moody’s” Azərbaycanın uzunmüddətli kredit reytinqini “Ba1”-dən “Baa3” səviyyəsinə qədər yüksəltmişdir. Reytinq üzrə proqnoz isə “sabit” olaraq müəyyənləşdirilmişdir.  “Fitch Ratings” Azərbaycanın xarici və daxili valyutada uzunmüddətli suveren reytinqini “BBB-” səviyyəsində təsdiq etmiş və reytinq proqnozunu “sabit” qiymətləndirmişdir.  Göründüyü kimi,   reytinq qiymətləndirmələrində Azərbaycan investisiya mühiti normal olan və həmçinin maliyyə dayanıqlığı yüksək qiymətləndirilən ölkə olaraq səciyyələndirilir. Həmçinin bu reytinq dərəcələri xarici investorların ölkəyə çağırışı kimi də qiymətləndirilə bilər.

İyul ayının   31-də “Standard ənd Purz” (Standard and Poor’s) reytinq agentliyi yenidən Azərbaycanın beynəlxalq kredit reytinqini investisiya “BBB-” səviyyəsində saxladığını təsdiq etmiş, proqnozunu əvvəlki qiymətləndirmədəki kimi saxlamışdır.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirildiyinə görə, adıçəkilən agentliyin yaydığı hesabatda reytinqin təsdiq edilməsi enerji qiymətlərinin kəskin enməsi və gəlirlərinin azalmasına baxmayaraq, Azərbaycanın möhkəm fiskal və xarici mövqeyini saxlaması və ölkənin xarici borc səviyyəsinin xeyli aşağı olması ilə əsaslandırılır.

Aparıcı üç beynəlxalq kredit reytinq agentliyindən biri olan “Standard ənd Purz” tərəfindən Azərbaycana əvvəllər daha münbit iqtisadi şəraitdə verilmiş investisiya səviyyəli “BBB-”də saxlaması qlobal iqtisadi artımın azalması, Azərbaycanın da daxil olduğu regionda mürəkkəb iqtisadi vəziyyət, xammal məhsullarının, o cümlədən neft və neft məhsullarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsi fonunda ölkə iqtisadiyyatının öz dayanıqlığını qoruyaraq sabit inkişaf kursunu davam etdirdiyinin əyani sübutudur.

Xatırladaq ki, bu, eyni zamanda,  bütün dünyada maliyyə resurslarının məhdudlaşdığı, sahibkarların investisiya qoyuluşlarına son dərəcə ehtiyatlı yanaşdığı bir şəraitdə Azərbaycan üçün müsbət bir haldır. Həmin fakt, həmçinin regionlarda əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizəsi, daxili istehsalın təşviq edilməsi ilə şərtlənir. Daxili investisiya qoyuluşlarının həcminin əhəmiyyətli dərəcədə artması, xaricdən maliyyə asılılığının minimuma endirilməsi, real sektorun, istehsalla məşğul olan müəssisələrin hərtərəfli dəstəklənməsi, daxili bazarın qorunması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Bununla yanaşı, davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı investisiya ixracatçısına çevirmiş, Türkiyə, Gürcüstan, Rusiya, Monteneqro, Serbiya, İsveçrə və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılmışdır. Azərbaycan şirkətlərinin potensialı və peşəkarlığı xeyli artmış, bir sıra ölkələrdə, o cümlədən Avropada mühüm infrastruktur layihələrinin icrasında özəl şirkətlərimiz aktiv fəaliyyət göstərməyə başlamışdır.

Ölkəmizin beynəlxalq arenada formalaşmış müsbət imicinin digər göstəricisi də son dövrlər xarici dövlətlərin özəlləşdirmə və investisiya layihələrində Azərbaycanın iştirakına dair dəvətlərin, eləcə də xarici dövlətlər tərəfindən respublikamıza bu məqsədlə həyata keçirilən səfərlərin sayının artmasıdır.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin bildirdiyinə görə, ticarət və investisiya fəaliyyəti sahəsində başlıca vəzifə məhsullarımızın yeni bazarlara çıxışını təmin etməkdən, dost ölkələrdə investisiya fəaliyyətini genişləndirməkdən ibarətdir. Bu məqsədlə müntəzəm olaraq xarici ölkələrə səfərlər edilir, milli sərgilər, biznes forumlar, görüşlər təşkil olunur.

Azərbaycan beynəlxalq təşkilatlar, o cümlədən BMT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digərləri ilə sıx əməkdaşlıq edir. Bununla yanaşı, Yaxın Şərq, Asiya, Amerika ölkələri ilə də əməkdaşlıq genişlənir və bu regionlarla iqtisadi əlaqələrin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır.

Bu ilin ilk yarısında büdcə vəsaitlərinin müəyyən qisminin infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilməsi də respublikamızın milli inkişaf modelinin obyektiv mahiyyətindən irəli gəlir. İnfrastrukturun yeniləşdirilməsi insanların firavan və rahat yaşayışı, sahibkarlığın dinamik inkişafı məsələləri ilə yanaşı, bu gün həm də ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələdir. Bütün bunlar isə nəticə etibarilə Azərbaycan insanının mədəni-intellektual səviyyəsinin yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətdə əsas meyara çevrilməsinə xidmət edir. Eyni zamanda, müasir tələblərə cavab verən infrastruktur yaratmadan sahibkarlığın, turizmin, qeyri-neft sektorunun inkişafından, mədəni-intellektual inkişafdan danışmaq qeyri-mümkündür.  Bütün bunların nəticəsidir ki, Azərbaycan Dünya İqtisadi Forumunun açıqladığı “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2014-2015" hesabatında da öz mövqelərini yaxşılaşdırmışdır. Hesabatın hazırlanmasında statistik məlumatlardan və dünyanın 144 ölkəsində fəaliyyət göstərən iş adamları arasında sorğunun nəticələrindən istifadə olunmuşdur. Hesabata görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə əsasən, tədqiqatın aparıldığı ölkələr arasında 38-ci yerdə qərarlaşmışdır. Son bir il ərzində Azərbaycan rəqabətqabiliyyətlilik indeksini daha da yaxşılaşdıraraq dünya sıralamasında bir pillə irəliləmişdir. Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti indeksinə əsasən, MDB ölkələri arasında liderliyini qorumuş, ilk dəfə olaraq reytinqdə iki Baltikyanı ölkəni - Latviya və Litvanı qabaqlamışdır.

Prezident İlham Əliyevin 2014-cü il 3 mart tarixdə imzaladığı “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması sahəsində yeni imkanlar açmışdır. Sənəd biznesin qeydiyyatı ilə bağlı çox mühüm məsələlərin həllinə əlverişli zəmin yaratmış, bu sahədə prosedur və qaydaların təkmilləşdirilməsi, müddətin azaldılması beynəlxalq təşkilatların hesabatlarında biznesə başlama, sahibkarlıq indeksləri ilə ölkəmizin mövqeyinin yaxşılaşmasına mühüm təsir göstərmişdir. Təsadüfi deyil ki, Azərbaycan Dünya İqtisadi Forumunun “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2014-2015" hesabatında biznesin elektron qeydiyyatının tətbiqinın genişləndirilməsi (biznesin qeydiyyatı) göstəricisi üzrə dünya ölkələrinin ilk onluğuna daxil edilmişdir.

Əhalinin məşğulluğunun artımında icrası başa çatan və hazırda icra olunan digər dövlət proqramlarının da rolunu xüsusi vurğulamaq lazımdır. Məsələn, son illər əhalinin məşğulluğunun təmini məqsədilə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və digər vacib sənədlər uğurla  həyata keçirilir. Vətəndaşların əmək hüquqlarının qorunması, sosial müdafiə sahəsində səmərəli tədbirlərin görülməsi, işçilərin maddi, sosial, mənəvi və digər həyati tələbatlarının ödənilməsi istiqamətində digər bir vacib addım 2011-ci il 15 noyabr tarixdə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nın təsdiqlənməsidir.

Yuxarıda deyilənlərdən belə bir qənaət hasil olur ki, son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi siyasət nəticəsində xarici investisiyaların, qabaqcıl texnologiyaların, idarəetmə təcrübəsinin cəlbinə  diqqət  artmış, eyni zamanda, ölkədə bərqərar olmuş siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirmişdir. Azərbaycan Respublikası hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında imzalanan sazişlərin sayının getdikcə  artması da bunun bariz ifadəsidir.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında