Cari ilin əvvəlindən ölkəmizin iqtisadi və sosial həyatında dinamik inkişaf prosesi davam etmiş, istehsal və xidmət sahələrində qazanılan uğurların sayı bir qədər də artmışdır. Bir sıra istehsal sahələrində məhsul buraxılışının həcminin artması, investisiya fəallığının daha da güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi ölkənin iqtisadi dayaqlarını xeyli möhkəmləndirmişdir.
Dövlət Statistika Komitəsinin 2015-ci ilin yanvar-iyun aylarının sosial-iqtisadi inkişafına dair hesabatına əsasən, ötən altı ayda Azərbaycanda 26,3 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz çoxdur. İqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan ümumi daxili məhsulun (ÜDM) 36 faizi sənaye sahələrinin, 12,5 faizi inşaat kompleksinin, 5,6 faizi kənd təsərrüfatının, 13,4 faizi ticarət və pullu xidmət sahələrinin, 5,8 faizi nəqliyyatın, 1,9 faizi rabitənin, 16,4 faizi isə digər sahələrin payına düşmüşdür. ÜDM-in strukturunda məhsula və idxala görə ödənilmiş xalis vergilərin payı 8,4 faiz təşkil etmişdir.
Hesabat dövründə ölkənin qeyri-neft sektorunda 17 milyard 568,1 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9,2 faiz çoxdur. Bu sahədə əldə olunmuş əhəmiyyətli artım, heç şübhəsiz, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi hesabına qeyri-neft sahələrinin inkişaf etdirilməsi istiqamətində reallaşdırılan tədbirlərin məntiqi nəticəsidir. 2015-ci ilin altı ayında ölkədə adambaşına düşən ÜDM-in həcmi 2765,1 manat təşkil etmişdir. Göründüyü kimi, dünyada davam edən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sosial və iqtisadi həyatın bütün sahələrində inkişaf tendensiyası cari ilin ötən dövründə də davam etmişdir. Yeri gəlmişkən, dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdir: “Bizim uğurlarımız, doğrudan da, tarixi xarakter daşıyır. Altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, baxmayaraq ki, neftin qiyməti aşağı səviyyədədir. Baxmayaraq ki, qonşuluqda iqtisadi vəziyyət hələ ki, o qədər də müsbətə doğru dəyişməyib, Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bax, indi gətirəcəyim rəqəmlər bunu göstərəcək və sübut edəcək ki, bu, doğrudan da tarixi nailiyyətdir. Beləliklə, 6 ayda iqtisadiyyat 5,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut edir”.
Ölkə iqtisadiyyatının əsasını təşkil edən sənaye sahəsində qazanılan nailiyyətlər də ilbəil artır. Təkcə onu qeyd etmək kifayətdir ki, son səkkiz ildə ölkədə sənaye istehsalının real həcmi təqribən üç dəfə artmışdır. Bu da, heç şübhəsiz, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi sənayeləşmə siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir. Ötən illərdə ölkə iqtisadiyyatının hərtərəfli inkişafını təmin etmək məqsədilə reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlər sayəsində Azərbaycanda sənayeləşmənin tempi yüksəlmiş, sənaye yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Dövlət başçımızın dediyi kimi, Azərbaycan öz sənaye potensialını inkişaf etdirir və sənayeləşmə siyasəti uğurla həyata keçirilir.
Bu ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi üçün ölkədə rəqabət qabiliyyətli müasir istehsal sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələrin icrası davam etdirilmiş, bu istiqamətdə stimullaşdırıcı tədbirlər həyata keçirilmişdir. Bir sözlə, bu sahədə mühüm malların istehsalının davam etdirilməsi ölkə sənayesinin iqtisadiyyatda xüsusi çəkisini qoruyub saxlamışdır. Nazirlər Kabinetinin 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev ölkəmizdə sənayedə, xüsusən də qeyri-neft sənayesində əldə olunmuş uğurları yüksək qiymətləndirərək demişdir: “Sənayeləşmə prosesi uğurla gedir. Qeyd etdiyim kimi, qeyri-neft sənayemiz 14 faiz artmışdır. Mən xatırlamıram ki, nə vaxtsa qeyri-neft sənayemiz bu qədər artsın. Bu, doğrudan da, rekord göstəricidir. Sənaye artımı əvvəllər də olub, amma daha çox neft hasilatı hesabına. O illərdə sürətli hasilatda artım olmuşdur. Amma qeyri-neft sənayemiz 14 faiz artıb. Bu, doğrudan da, görülən işlərlə bağlıdır”.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin altı ayında sənaye müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 13 milyard 276,5 milyon manatlıq sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz çoxdur. Bu, heç şübhəsiz, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanda həyata keçirilən uğurlu sənayeləşmə siyasətinin məntiqi nəticəsidir. Cari ilin ilk yarısında ölkə üzrə istehsal olunmuş sənaye məhsulunun 63,3 faizi mədənçıxarmada, 28,7 faizi emal bölməsində, 7,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşmüşdür.
Ölkə sənayesinin real həcminin artmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış uğurlu neft strategiyası mühüm rol oynamışdır. Belə ki, dünyanın inkişaf etmiş ölkələrinin transmilli şirkətləri ilə 21 il əvvəl bağlanmış “Əsrin müqaviləsi” və digər sazişlər Azərbaycanda neft və qaz sənayesinin sürətli inkişafını təmin etmiş, adıçəkilən sahələrdə hasilatın rekord səviyyəyə çatmasına səbəb olmuşdur. Yeri gəlmişkən, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də digər nəql marşrutlarının uğurlu fəaliyyəti Azərbaycanın ixrac imkanlarını xeyli artırmışdır. Bu da ölkəmizin Avropa və dünyanın enerji təhlükəsizliyinin təminatında daha yaxından iştirak etməsinə imkan yaratmışdır.
2015-ci ilin altı ayında Azərbaycanda 20,9 milyon ton xam neft və kondensat istehsal olunmuşdur. Bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2 faiz azdır. Buna baxmayaraq, hesabat dövründə ölkə üzrə təbii qaz hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz artaraq 10,2 milyard kubmetrə çatmışdır. Hesabat dövründə neft sənayesindən fərqli olaraq ölkənin qeyri-neft sənayesində əhəmiyyətli inkişaf baş vermişdir. Bu da ondan irəli gəlir ki, son illər ölkəmizin ayrı-ayrı yerlərində yeni istehsal və emal müəssisələri yaradılır, idxalı əvəzləyən rəqabətədavamlı məhsul buraxılışının həcmi artır. İndi hətta Azərbaycan istehsalı olan mallara dünya bazarlarında maraq da getdikcə çoxalır. 2015-ci ilin altı ayında ölkə üzrə istehsal olunmuş sənaye məhsulunun 77 faizi özəl bölmənin payına düşmüş, ümumi istehsalın 88,2 faizi sənaye mallarının, 11,8 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır. Göründüyü kimi, ölkədə sərbəst istehsal fəaliyyəti üçün yaradılmış əlverişli şərait və azad sahibkarlığa geniş meydan verilməsi nəticəsində sənayedə qeyri-dövlət bölməsinin payı artmaqdadır. Onu da deyək ki, bir vaxtlar dövlət mülkiyyətində olmuş sənaye obyektlərinin bazasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun yaradılmış yeni istehsal sahələrinin işində də böyük canlanma hiss olunur. Məhz bunun nəticəsidir ki, cari ilin altı ayında ölkəmizdə qeyri-neft sənayesi üzrə 3 milyard 669,4 milyon manat dəyərində məhsul istehsal olunmuş, bu sahədə artım əvvəlki ilin müvafiq dövrünün səviyyəsini 14,1 faiz üstələmişdir.
Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 28,7 faizini təşkil etmiş, qida, kağız və karton, poliqrafiya, neft məhsullarının, kimya sənayesi məhsullarının, rezin və plastmas məmulatların, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının və s. məhsulların istehsalında artım müşahidə edilmişdir. İstehsal edilmiş sənaye məhsulunun 7,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşmüşdür.
Məlum olduğu kimi, iqtisadiyyatın sənayeləşməsini sürətləndirmək, Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsi üçün mövcud potensialdan səmərəli istifadə etmək məqsədilə dövlət başçısı İlham Əliyev 2014-cü ili ölkəmizdə “Sənaye ili” elan etmişdi. Ötən il ölkəmizdə sənayeləşmənin sürətləndirilməsi istiqamətində paytaxtda və regionlarda bir sıra mühüm tədbirlər həyata keçirilmiş, yeni-yeni sənaye müəssisələri istifadəyə verilmişdir. Bakı şəhərində “Norm” sement zavodu, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin yeni gəmi inşası zavodu, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalı, Suraxanı Günəş Elektrik Stansiyası, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2" Su Elektrik Stansiyası, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Gəncədə metaltökmə və fasiləsiz yayma, təzyiqlə emal və boyama zavodları, Ağdaş rayonunda yem və meyvə emalı zavodları, “Ağdaş” elektrik yarımstansiyası, Füzuli rayonunda tikiş fabriki, Lənkəranda çörək istehsalı zavodları “Sənaye ili”nə mühüm töhfələr sayıla bilər.
Ölkədə sənayeləşmənin sürətləndirilməsini sürətləndirmək həyata keçirilən tədbirlər cari ilin ötən dövründə də davam etmiş, Bakı şəhərində 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Sumqayıt şəhərində Beton məmulatı zavodu və “Alyans Tekstil” tikiş fabriki, istifadəyə verilmişdir.
Yaxın illərdə ölkəmizdə sənayeləşmənin daha da sürətləndirilməsi nəzərdə tutulur. “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2014-cü il oktyabrın 8-də imzaladığı fərman bu baxımdan mühüm əhəmiyyətli sənəd kimi diqqəti cəlb edir. Belə ki, sənədə əsasən, ölkədə sənaye məhəllələrinin yaradılması ilə bağlı tədbirlərin reallaşdırılması, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən sənaye məhəllələrinin yaradılması nəzərdə tutulur. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin məlum iclasında dövlət başçısı İlham Əliyev hər bir rayonda sənaye zonalarının, eləcə də sənaye parklarının yaradılacağını bir daha bəyan edərək ötən müddətdə bu istiqamətdə həyata keçirilmiş tədbirlərin müsbət nəticələr verdiyini diqqətə çatdırmış, sənaye parklarının yaradılmasını çox düzgün və vaxtında atılmış addım kimi dəyərləndirmişdir.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” qarşıdakı illərdə sənayenin inkişaf istiqamətlərini müəyyənləşdirməklə, inkişaf konsepsiyasında bu sahədə qarşıya qoyulmuş məqsədlərə nail olunmasına yönəlmişdir. Adıçəkilən sənəddə sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması kimi mühüm məqsədlər irəli sürülmüşdür. Bu məqsədlərin həyata keçirilməsi üçün proqramda sənayenin rəqabət qabiliyyətinin artırılması və potensialının gücləndirilməsi, mövcud istehsal sahələrinin inkişaf etdirilməsi və yeni sahələrin yaradılması, sənayenin regional strukturunun təkmilləşdirilməsi, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması, sənaye zonalarının və klasterlərinin təşkili, sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi, sənaye müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi və s. olmaqla 24 istiqamət müəyyənləşdirilmişdir. Bütün imkanlar, eləcə də dövlətin bu sahəyə dəstəyi qarşıdakı illərdə ölkəmizdə yeni sənaye müəssisələrinin yaradılmasını stimullaşdırır. Onların əsas hissəsi iri sənaye mərkəzləri olmaqla, iqtisadiyyatın, xüsusən də qeyri-neft sektorunun inkişafında önəmli rol oynayacaqdır. Sənaye texnoparklarının ərazisində yaradılacaq bu müəssisələrin əsas profili ixracyönümlü iqtisadiyyatın stimullaşdırılmasına xidmət edəcəkdir.
Göründüyü kimi, artıq Azərbaycanda sənaye yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu mərhələdə ölkə iqtisadiyyatının şaxələndirilməsi hesabına qeri-neft sənayesinin sürətli inkişafı təmin olunacaq, regionlarda iri sənaye istehsalı zonaları yaradılacaq. Bununla da, neft-qaz ölkəsi olan Azərbaycan, həm də yaxın gələcəkdə regionun qeyri-neft sənayesinin inkişaf etdiyi bir dövlət kimi tanınacaq.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.