Beynəlxalq reytinq agentliyi Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini təsdiqləyir

Azərbaycanın regionlarında infrastrukturun yenidən qurulması və inkişafı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində hazırda mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir. Bu, Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləyir. İqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı davam edir.

Qeyri-neft sektorunun sürətli yüksəlişi həm də daxili investisiyaların həcminin artımında özünü göstərir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.

Azərbaycanın sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurlar nüfuzlu beynəlxalq reytinq qurumlarının hesabatlarında da öz ifadəsini tapır. Dünyanın aparıcı “Moody’s” və “Standard & Poor’s” reytinq agentlikləri, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, “Qoldman Saks” təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi, habelə digər qurumların hesabatlarında da iqtisadiyyatın sürətli inkişafı ilə bağlı mühüm uğurlar diqqətə çatdırılır. “Fitch” beynəlxalq reytinq agentliyi isə bu günlərdə “2015-ci ilin ilk altı ayında keçmiş SSRİ ölkələrinin nəqliyyat sektoru” adlı hesabatında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini qeyd edib. Agentlik hesab edir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi ilə “Azərbaycan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolları” SC-nin əhəmiyyəti artacaq. Agentlik bu xətt vasitəsilə regionda yük daşımalarının sayının artacağı qənaətindədir.

Bu, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin regional və beynəlxalq əhəmiyyətli layihə kimi mühüm önəm daşıdığını bir daha təsdiq edir. Xatırladaq ki, ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, “Ümid”, “Abşeron” kimi perspektivli yataqlar kəşf olunması, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə başlanılması, TANAP və TAP kimi layihələrin gerçəkləşməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu gücləndirib. Yeri gəlmişkən, Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin maliyyələşdirilməsi üçün Gürcüstana 25 il müddətinə 775 milyon dollar kredit verib. Bu, həm də Azərbaycanın ildən-ilə əhəmiyyətli dərəcədə artan maliyyə imkanlarından xəbər verməklə yanaşı, həm də onun sərmayədar ölkəyə çevrilməsini, digər dövlətlərin iqtisadiyyatına kapital yatırmasını şərtləndirir.

Böyük iqtisadi arealı əhatə edən Mərkəzi Asiya-Avropa marşrutunda Qafqaz regionunun, xüsusən də Azərbaycanın özünəməxsus yeri var. Ölkəmiz bu nəqliyyat dəhlizinə öz töhfəsini verməyə çalışır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti artıq yaxın müddətdə istifadəyə veriləcək. Bu dəmir yolu xətti Şərq-Qərb nəqliyyat dəhlizində mühüm halqa olacaq. Azərbaycan bu layihəni öz gücünə, tərəfdaşları ilə bərabər heç bir xarici donorun yardımı olmadan həyata keçirir. Öz öhdəlikləri ilə bərabər, Gürcüstana da kredit verməklə dünyaya donor Azərbaycanı təqdim edir. Prezident İlham Əliyevin dediyi kimi, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi yeni “dəmir İpək Yolu” olacaq.

Ekspertlər bildirirlər ki, bu layihə təkcə Azərbaycan üçün deyil, layihəyə qoşulan digər ölkələr üçün də faydalıdır. Son dərəcə əhəmiyyətli olan bu layihə iqtisadi sahədə əməkdaşlığın inkişafına öz töhfələrini verəcək, Azərbaycana və regiona əlavə dividendlər gətirəcək. Layihəyə qoşulan ölkələr üçün müsbət dəyişikliklər yaranacaq. Eyni zamanda, layihə regionun təhlükəsizliyi baxımından da çox önəmlidir.

Qeyd edək ki, tikintisinə 2007-ci ildə başlanılan Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycan və Gürcüstan ərazilərindəki hissələri artıq istifadəyə hazırdır. Yaxın zamanlarda Türkiyə hissəsinin də tikintisi başa çatdırılacaq. Lakin yolun ümumi tikintisi bununla bitməyəcək. Naxçıvan Muxtar Respublikasının bu yola qoşulması nəzərdə tutulub. Bu layihə Naxçıvanın iqtisadi inkişafı baxımından da mühüm rol oynayacaq.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında