Görülən işlər ili uğurla başa vurmağa zəmanət verir

Xətai Rayon İcra Hakimiyyətinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları  ilə əlaqədar hesabat yığıncağı   icra başçısı Razim Məmmədovun məruzəsi ilə başladı. Natiq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş 13 iyul tarixli iclasında qeyd olunduğu kimi, ötən altı ayda ölkə iqtisadiyyatı uğurla inkişaf etmiş, iqtisadiyyatdakı artım 5,7 faiz təşkil etmişdir. Qeyri-neft sektorunun 9,2 faiz artması isə bu sahənin inkişafının daim dövlət başçısının diqqətində olduğunun əyani göstəricisidir.

İlin əvvəlindən iqtisadiyyata 12,7 milyard dollar sərmayə qoyulduğunu bildirən natiq qeyd etdi ki, Prezident cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində əldə olunmuş nailiyyətlər bir tərəfdən ölkəmizin zəngin enerji resurslarının dünya bazarlarına nəqlinə imkan verən layihələrin reallaşdırılmasına və gəlirlərimizin sürətlə artmasına imkan vermişdirsə, digər tərəfdən  bu gəlirlərin səmərəli və düzgün idarə edilməsi və iqtisadiyyatın şaxələndirilməsi üzrə ardıcıl islahatların həyata keçirilməsi  imkanlarını genişləndirir, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində daha böyük sosial layihələrin həyata keçirilməsinə imkan yaradır.

Razim Məmmədov Xətai rayonunda da cari ilin birinci yarısında nəzərəçarpacaq müsbət dəyişikliklərin baş verdiyini, bu qısa tarixin  rayonun sosial-iqtisadi və mədəni həyatında  inkişaf və irəliləyişlərlə yadda qalacağını diqqətə çatdıraraq konkret nəticələrdən danışdı:

  -İlin birinci yarısında rayonun sənaye müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 484 milyon 758 min manatlıq  sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Ötən ilin birinci yarısı ilə müqayisədə sənaye  məhsulu istehsalının 9,3 faiz azalmasına isə ilin əvvəlindən “Azərneftyağ” Neft Emalı Zavodunun bağlanması səbəb olmuşdur. Bu müddətdə istehlakçılara 485 milyon 242 min manatlıq və ya bütün sənaye istehsalının 100,1 faizi qədər məhsul göndərilmişdir.

İlin birinci yarısında  rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 99 milyon 851 min manatlıq investisiya yönəldilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 8,9 faiz çoxdur. Hesabat dövründə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz çox, yəni 84 milyon 174 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. Tikinti-quraşdırma müəssisələrinin öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 0,7 faiz artaraq 594 milyon 638 min manat olmuşdur.

Natiq qeyd etdi ki, istehlak bazarı da dinamik inkişaf etmiş, rayon ərazisində pərakəndə ticarət şəbəkələrindən əhaliyə 597 milyon 830 min manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 19,6 faiz çox əmtəə satılmışdır. Əhaliyə satılmış istehlak mallarının 66,6 faizini, yəni 398 milyon 155 min manatlığını ərzaq məhsulları, 33,4 faizini -199 milyon 715 min manatlığını isə qeyri-ərzaq malları təşkil etmişdir.

Əhalinin maliyyə imkanlarının göstəricisi hesab olunan pullu xidmətlərin həcmi isə 28,7 faiz artaraq 247 milyon 898 min manat olmuş, vətəndaşlara 27 milyon 513 min  manatlıq  və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34,2 faiz çox iaşə xidməti göstərilmişdir.

Hesabat dövründə rayonun iqtisadiyyatında çalışanların həyat səviyyəsinin yüksəldiyini vurğulayan R.Məmmədov bildirdi ki,  rayon üzrə işçilərin orta aylıq əmək haqqı  əvvəlki illə müqayisədə 0,8 faiz artaraq 655,6 manat təşkil etmişdir. Sevindirici haldır ki, bu müddətdə 2484 yeni iş yeri açılmışdır. Onlardan 524-ü yeni yaradılmış müəssisələrdə, 592 -i mövcud müəssisələrdə, 75-i fəaliyyətini bərpa etmiş müəssisələrdə, 1293-ü isə  fiziki şəxslər tərəfindən yaradılmışdır.

Hesabatda ilin birinci yarısında rayonda aparılan abadlaşma və yenidənqurma işlərinin həcminin artdığını vurğulayan icra başçısı qeyd etdi ki, Bakı Ağ şəhər layihəsinin inşası sürətlə aparılmış, Nobel prospektində yeraltı keçidin və Xaqani Rüstəmov küçəsinin Babək prospekti ilə birləşdirilməsi məqsədi ilə yeni yolun tikintisi sürətləndirilmişdir. Abadlaşdırma layihələri çərçivəsində Nobel prospektində 6 yaşayış binasının fasadının üzlənməsi davam etdirilmiş, bu binaların eyvanlarının məhəccərləri hazırlanmış, işıqlandırma işləri başa çatdırılmışdır.

Rayonda görülən işlərin yüksək qiymətləndirilməsinin nəticəsidir ki, ötən yarım ildə ölkə başçısı  rayonumuzda   bir sıra obyektlərin açılış mərasimlərində iştirak etmişdir. Belə ki, rayonun Yusif Səfərov küçəsində yeni yaradılan fəvvarələr və şəlalələr kompleksi, rayonumuzda inşa edilmiş Ağ şəhər 1 yarımstansiyanın, Nobel prospektinə paralel inşa olunmuş dənizkənarı yeni yolun açılışında Prezident İlham Əliyev şəxsən iştirak etmişdir.

Vaxtı ilə sənaye müəssisələri, zövqsüz tikililər olan bir ərazidə nadir memarlıq əsərinin yaradılması, dövlətimizin başçısı tərəfindən 2013-cü ilin may ayında təməli qoyulmuş yeni “Ağ şəhər” bulvarı da məhz Prezidentin iştirakı ilə hesabat dövründə istifadəyə verilmişdir. 8 zolaqlı yol, buradakı yol qovşaqları, mühəndis qurğuları və insanların təhlükəsizliyinin təmin olunması məqsədi ilə inşa olunmuş 3 piyada keçidi vaxtı ilə “Qara şəhər” adlanan ərazinin tamamilə abadlaşdırılması və yeni görkəm alması istiqamətində görülən işlərin davamlı olmasının bariz  göstəricisidir.

Bu dənizkənarı ərazidə istifadəyə verilən “Bulvar Hotel”in, Nobel prospektində inşa olunmuş Boks Federasiyasının və Hotel kompleksinin açılış mərasimində də ölkə başçısı və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva  iştirak etmişlər.

Elə həmin kompleksin yaxınlığında – Y.Səfərov küçəsi, 38 ünvanında Prezidentin xeyir-duası ilə qısa müddətdə tikilib istifadəyə verilmiş yeni park, böyük fontan və burada yaradılan şərait  yaxınlıqda yaşayan sakinlərlə yanaşı, ətafdakı təşkilatlara gəlib-gedən insanların da asudə vaxtlarının səmərəli keçirmələrinə imkan yaradır.

Natiq, həmçinin rayonda yolların təmiri və tikintisinin də daim diqqətdə olduğunu qeyd edərək bildirdi ki, Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə keçən ərazidə yolun bir hissəsi genişləndirilmiş, burada müvafiq dəyişikliklər aparılaraq nəqliyyatın Koroğlu Rəhimov küçəsinə  və Xətai prospektinə maneəsiz çıxışı təmin olunmuşdur. Gəncə prospektində nəqliyyatın təhlükəsiz gediş-gəlişini təmin etmək üçün ikitərəfli yeni yol çəkilmiş, yola yeni müasir işıqlandırıcılar quraşdırılmışdır.

Hesabat məruzəsində rayonda ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə görülən tədbirlərin davam etdirilməsindən, ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parkda Yaponiyanın mütəxəssisləri tərəfindən Bakı şəhərində ilk dəfə xüsusi dizayna malik Yapon Bağının inşa olunmasından, əhalinin elektrik enerjisi, qaz və su ilə fasiləsiz təminatı sahəsində əldə olunan uğurlardan da konkret faktlar diqqətə çatdırıldı.  Qeyd olundu ki, lift təsərrüfatında da maddi-texniki bazanın möhkəmləndirilməsi və binalarda liftlərin yenisi ilə əvəz olunması işləri yüksək sürətlə həyata keçirilir. Bu günədək rayon ərazisindəki liftlərin  ümumilikdə 192-i əsaslı təmir olunmuş, 781 lift yenisi ilə əvəz edilmişdir.

Natiq növbəti dərs ilinə hazırlıqla bağlı da təmir-tikinti işlərinin sürətləndiyini qeyd edərək bildirdi ki, Dövlət Proqramı və digər investisiya proqramları əsasında rayondakı məktəblər, uşaq bağçaları və səhiyyə müəssisələri də əsaslı təmir olunur və ya yenidən tikilir, təmir olunan hər bir məktəb, uşaq bağçası və səhiyyə müəssisəsi ən müasir avadanlıqla təchiz olunur.

Razim Məmmədov məruzənin sonunda rayonun idarə və müəssisə kollektivləri adından toplantı iştirakçılarını əmin etdi ki, 2015-ci ilin növbəti 6 ayında da var qüvvələri ilə çalışacaq və ili uğurla başa vuracaqlar.

Sonra məruzə ətrafında çıxış edən Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov və başqaları 2015-ci ilin birinci yarısında Xətai rayonunun sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nəticələri yüksək qiymətləndirdilər. Xüsusi qeyd olundu ki, respublikanın yüksək inkişaf tempi fonunda Xətai Rayon İcra Hakimiyyətinin gördüyü işləri qənaətbəxş hesab edir və bundan sonra daha böyük nailiyyətlər əldə etmək üçün səy göstərəcəklərinə inanırlar.

Tədbirin sonunda icra başçısı Razim Məmmədov ölkə başçısının sərəncamı ilə dövlət qulluğunda fərqləndiyinə görə “Tərəqqi” medalı ilə təltif olunmuş Xətai Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Tofiq Məmmədova mükafatını təqdim etdi.

İlqar RÜSTƏMOV,
Rafiq SALMANOV (foto),
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında