Binəqədi rayonunda yüksək sosial-iqtisadi göstəricilər səmərəli fəaliyyətin nəticəsidir

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın 2015-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. İclası giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ölkəmizin həyatının müxtəlif sahələrində əldə edilən nailiyyətlər barədə danışıb. Başçı ölkə Prezidenti cənab İlham Əliyevin  həyata keçirdiyi sosial-iqtisadi strategiya nəticəsində Azərbaycanın dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasında olmasını diqqətə çatdırıb. 

Daha sonra Xaləddin İsgəndərov  bu ilin yanvar-iyun ayları ərzində rayonun sosial-iqtisadi həyatında bir sıra uğurlu nəticələr əldə edildiyini vurğulayıb. Bildirib ki,  sənaye sahəsində keçən ilin müvafiq dövrünə nisbətən 1 faiz, nəqliyyat sektorunda 20 faiz, rabitə sektorunda 1faiz artım müşahidə olunub. Hesabat dövründə tikinti sektorunda bütün maliyyə mənbələri hesabına 43 milyon 607,6 min manat əsas fondlar istifadəyə verilib. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı isə 452,7 manat təşkil edib. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 1 milyon 899 min manata çatıb. 2015-ci ilin 6 ayı ərzində orta aylıq nominal əmək haqqı keçən ilin müvafiq dövrünə nisbətən 0,6 faiz artaraq, 406,8 manat olub.

Daha sonra hesabat məruzəsi ətrafında çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qeyd edib ki, hesabat dövrü ərzində sakinlərin kommunal, həmçinin digər sosial sahələrdə mövcud olan bir sıra problemləri öz müsbət həllini tapıb.

“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində rayonda ətraf mühitin qorunması, sahibkarlığın dəstəklənməsi, vətəndaşların firavan yaşayışı üçün zəruri infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmətlərin göstərilməsinə nail olunub,  genişmiqyaslı işlər görülüb. Bundan başqa, adı çəkilən  Proqrama əsasən, Bakı Atıcılıq Mərkəzinin sökülərək yenidən qurulması və dağ velosipedi yarışları üçün Veloparkın inşası 2015-ci ilin mart ayında yekunlaşıb, yeni “Gənclər evi”nin istifadəyə verilməsi ilə əlaqədar tamamlanma işləri başa çatdırılıb.

Hesabat dövründə əhalinin sosial müdafiəsi və məşğulluğunun artırılması istiqamətində aparılan islahatlar haqqında çıxış edən rayon Məşğulluq Mərkəzinin direktoru Məhəmməd Hacıyev bildirib ki, 2015-ci il iyul ayının 1-i tarixinə olan məlumata əsasən, rayonda 3361 yeni iş yeri açılıb ki, bunun da hamısı daimi iş yerləridir. Hesabat dövründə işlə təmin olunmaq məqsədilə 985 nəfər vətəndaş müraciət edib ki, bunlardan 334 nəfəri müxtəlif sahələrdə daimi işlə təmin olunub.  6 ay ərzində 101 nəfərə isə işsizlik müavinəti təyin edilib.

Daha sonra “1646” Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərov hesabat dövrü ərzində Xidmətə daxil olan müraciətlərin icra vəziyyəti barədə məlumat verib. Şura iclasının qərar layihəsi oxunduqdan sonra başçı Xaləddin İsgəndərov Azərbaycan Prezidentinin 22 iyun 2015-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən rayon icra hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanovu təbrik edib.

İclasa yekun vuran icra başçısı qarşıda duran vəzifələrdən danışaraq bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında