Bu gün Azərbaycan dünyanın diqqət mərkəzindədir: Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız son illərdə sürətlə inkişaf etmiş və dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Hazırda ölkəmiz əldə etdiyi nailiyyətlərə görə Cənubi Qafqazın lider dövləti hesab olunur.
Bu isə beynəlxalq təşkilatların hesabatlarında, sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında, eləcə də jurnallarda təqdir edilir, respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır. Məsələn, ABŞ-ın nüfuzlu eksperti Hilları Kreymer bildirmişdir ki, geniş infrastruktur, texnoloji inkişaf və yeniliklər son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin neft kapitalını böyük məharətlə insan kapitalına çevirə bilməsi sayəsində mümkün olmuşdur.
Prezident İlham Əliyevin diqqət və dəstəyi sayəsində nəqliyyat sektoru da sürətlə inkişaf edərək ölkəmizin tərəqqisinə, əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə xidmət edən mühüm fəaliyyət sahəsinə çevrilmişdir.
Ulu öndər Heydər Əliyevin şəxsi iradəsi ilə reallaşan və aktuallığı ilə bu gün də Azərbaycanın və bir çox ölkələrin nəqliyyat siyasətinin əsas xəttini təşkil edən Böyük İpək Yolu strategiyası ölkə Prezidentinin təşəbbüsü ilə icra olunan regional əhəmiyyətli layihələr sayəsində yeni mərhələyə keçid almışdır.
Reallaşdırılan layihələr sırasında Avrasiya nəqliyyat şəbəkəsində yeni və daha səmərəli bağlantıları təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, həmçinin beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşən magistral avtomobil yollarının və dəmir yolu infrastrukturunun yenidən qurulması xüsusi çəkiyə malikdir.
Son illər yeni yolların çəkilməsi, köhnə yol-nəqliyyat strukturunun müasir tələblərə uyğun yenidən qurulması da diqqət mərkəzində saxlanılır. Çünki hansı bölgəyə, şəhər və qəsəbəyə yol çəkilirsə, həmin ərazidə yeni infrastruktur yaradılır, investisiya cəlb olunur, bir sözlə, bu, bölgədə həyatın, sözün əsl mənasında, canlanmasına gətirib çıxarır. Nahaq yerə demirlər ki, müasir yol dövlətin iqtisadi qüdrətini nümayiş etdirməklə yanaşı, həm də yeni həyatın başlanğıcıdır.
Prezident İlham Əliyev demişdir: “Dövlət İnvestisiya Proqramında magistral yolların çəkilişinin davamı və yeni yolların çəkilişinin başlanması mühüm yer tutur. Biz son illər ərzində bu sahədə də çox işlər görmüşük, magistral yollarımızı böyük dərəcədə bərpa edə bilmişik və yeni yollar salınıbdır. İndi bütün magistral yollarda işlər gedir və bu işlər artıq tamamlanır. Bununla bərabər, şəhərlərarası yolların çəkilişi də gedir. Biz artıq bir neçə ildir ki, kənd yollarının çəkilişi ilə çox ciddi məşğul olmağa başlamışıq. Bütün rayonlarda bu layihələr icra edilir. Bu layihələrin icrası rayonlardan gəlmiş sifarişlər, əhalidən gələn müraciətlər əsasında təşkil edilir. İlk növbədə, biz çalışmışıq ki, əhalinin ən çox məskunlaşdığı kəndlərimizi yeni yollarla təmin edək. Kəndlərarası yolların çəkilişi geniş vüsət almışdır. Bu məqsədlər üçün həm dövlət büdcəsindən, həm Prezidentin Ehtiyat Fondundan böyük həcmdə vəsait ayrılır. Çalışmalıyıq ki, yaxın illərdə bütün kənd yollarını tikək”.
Azərbaycanın yol tikintisi sektorunda nəzərə çarpan müsbət dinamikanı statistik göstəricilər əsasında nəzərdən keçirmək istərdik. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun aylarında Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpü, Astara rayonunda Deqədi-Pəlikəş avtomobil yolu, Bərdə rayonunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolu və s. obyektlər istifadəyə verilmişdir.
Qəbələ-Ağdaş, Kürdəmir-
İmişli, Bəhramtəpə-Biləsuvar, Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Qusar-Ənik-Ləzə, Şəki-Qax və digər avtomobil yollarında əsaslı təmir işləri
davam etdirilmişdir.
Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax avtomobil yollarının I texniki dərəcə səviyyəsində tikintisi, Muğanlı-Yevlax yolunun yenidən qurulması, Bakı-Şamaxı-Yevlax yolunun 15-67-ci kilometrlik hissəsində əlavə 2 zolağın tikintisi, Ələt-Astara avtomobil yolunun Masallı-Lənkəran hissəsinin, Kür çayı üzərində yeni körpünün tikintisi davam etdirilmiş və cari ildə başa çatdırılacaqdır.
Yol tikintisində canlanma təbii ki, nəqliyyat sektorunun işinə də öz müsbət təsirini göstərmişdir. Belə ki, bu sektorda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-iyun aylarında 109,6 milyon ton yük və 900,2 milyon nəfər sərnişin daşınmış, 2014-cü ilin eyni dövrünə nisbətən yük daşınması 1,5 faiz, sərnişin daşınması 3,8 faiz artmışdır. Yük daşınması hava nəqliyyatı ilə 11,5 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 3,8 faiz, metro ilə 3,7 faiz, hava nəqliyyatı ilə 1,8 faiz artmışdır.
Yol tikintisi respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter almışdır. Belə ki, mühüm nəqliyyat və kommunikasiya layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Bizim düşünülmüş siyasətimiz, eyni zamanda, planlı addımlarımız məhz ona hesablanıb ki, bütün infrastruktur layihələri qısa müddətdə başa çatsın. Bu layihələrin icra edilməsi nəticəsində biz bütün infrastrukturumuzu yeniləşdirəcəyik. Çünki bizim infrastruktur layihələrimizin yaradılması sovet dövründən başlamışdır. Onların bir hissəsi köhnəlmiş, bir hissəsi sıradan çıxmışdır. Həyat yerində durmur, indi yeni texnologiyalar vardır, yeni ixtiralar üzə çıxıbdır. Biz elə etməliyik ki, infrastruktur sahəsində heç bir çatışmazlıq olmasın”.
Bakı şəhəri və ətraf qəsəbələrin prospekt və küçələrinin yenidən qurulması və genişləndirilməsi də prioritet məsələlərdən biridir. Bu, təsadüfi deyil. Çünki paytaxtın mürəkkəb nəqliyyat şəraiti, avtomobillərin sayının gündən-günə artması, tıxaclar yol probleminin həllini zərurətə çevirmişdir. Avtomobillərin hərəkətinin intensiv olduğu ərazilərdə yeni salınan keçidlər, körpülər və yollar piyadaların təhlükəsiz hərəkətinə şərait yaratmaqla yanaşı, gözoxşayan dizaynı, ən müasir avadanlıqla təchizat baxımından paytaxt üçün çox mühüm yenilikdir.
İlk Avropa Oyunlarına hazırlıq dövründə Bakı şəhərində yol tikintisi xüsusi diqqət mərkəzində saxlanılmışdır. Paytaxtda bir neçə istiqamətdə yeni yol çəkilməsi bunun bariz ifadəsidir. Ən böyük layihə kimi Heydər Əliyev prospektinə paralel yol çəkilmişdir. Xatırladaq ki, bu yol Yasamal rayonundakı Qələbə dairəsindən başlayır və “Koroğlu” metrostansiyasına qədər uzanır.
Bundan başqa, magistrallarda xüsusi elektron lövhələr quraşdırılıb. Yolların işarələnməsi, yol kənarlarına həm ingilis, həm də Azərbaycan dilində yazılı lövhələrin vurulması da diqqət çəkir. Bu, Azərbaycana gələn qonaqlar üçün bir növ xəritə rolunu oynayır.
İlk Avropa Oyunlarının Məşəl Proqramına müvafiq olaraq Suraxanı rayonunda Səttar Bəhlulzadə və Atamoğlan Rzayev küçələrinin təmiri yüksək səviyyədə başa çatdırıldı. Həmçinin Bakı Atıcılıq Mərkəzindən Bakı Dairəvi-1 yoluna birbaşa çıxışı təmin edən 1 kilometrlik yeni yolun və yol üzərində ikicərgəli hərəkət hissəsi olan 445 metr uzunluğunda dayaqlar üzərində körpünün tikintisi uğurla yekunlaşdırıldı. Bakı Olimpiya Stadionunda ictimai nəqliyyat terminalının, Atletlər kəndinin yaxınlığında avtobus meydançasının, Media kəndində nəqliyyat terminalının, o cümlədən Avropa Oyunları parkının və digər yarış və mühüm qeyri-yarış obyektlərinin giriş-çıxış yollarında mühüm tədbirlər həyata keçirildi. Avropa Oyunlarının açılış və bağlanış tədbirlərinin reallaşdırıldığı Olimpiya Stadionu ərazisində və Böyükşor dairəsində yeni yolun, körpünün, piyada keçidlərinin tikintisi və Heydər Əliyev prospektində təmir işləri vaxtında başa çatdırıldı.
Bakı-Ələt yolunun 4-6-cı kilometrlik hissəsinin və Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun 2 kilometrlik hissəsinin yenidən qurulması, Yeni dənizkənarı bulvar yolunun tikintisi və piyada keçidlərinin inşası layihələri başa çatdırılmışdır. Bilgəh-Pirşağı-Novxanı-Sumqayıt yeni avtomobil yolunun tikintisi layihə üzrə davam etdirilmişdir.
Bu ilin ötən ayları ərzində avtomobil nəqliyyatı sahəsində daşımaların tənzimlənməsi, xidmət səviyyəsinin yüksəldilməsi, hərəkətin təhlükəsizliyinin təmin olunması üzrə davamlı tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə Bərdə, Ağsu, Gədəbəy, Qəbələ, Şamaxı, Xaçmaz, Quba, Yevlax, Daşkəsən, İsmayıllı və Goranboyda yeni avtovağzallar tikilmiş, Qusar, Oğuz, Xudat, Biləsuvar və Tovuz avtovağzalları yenidən qurulmuşdur. Hazırda Gəncə, Horadiz və Quzanlıda yeni avtovağzallar inşa olunur.
İctimai nəqliyyatda avtobus parkının yenilənməsi davam etdirilmiş, bu müddətdə paytaxta orta və iri tutumlu daha 65 müasir avtobus gətirilmişdir.
Son illər ərzində Bakı şəhərində istismara verilmiş yol infrastrukturu obyektlərinin yerləşdiyi ərazilərdə nəqliyyatın hərəkəti asanlaşmış, təhlükəsizlik normalarının qorunmasına şərait yaradılmışdır. Xüsusən də ölkə Prezidentinin birbaşa dəstəyi sayəsində Ziya Bünyadov prospektinin yenidən qurularaq istismara verilməsi şəhərin mərkəzi hissəsində nəqliyyat sıxlığının azalmasına, nəqliyyatın hərəkətinin təşkilində yaranmış problemlərin həllinə böyük təsir göstərmişdir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.