Ölkəmizdə baş verən dinamik sosial-iqtisadi inkişaf əksər dünya dövlətlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların diqqətini getdikcə daha çox cəlb edir. Bunun nəticəsidir ki, son illər Azərbaycan Respublikasının adı müxtəlif reytinq sıralamalarında, bir qayda olaraq, öncül yerlərdə göstərilir. Bu da təsadüfi deyil. Çünki beynəlxalq maliyyə qurumları ilə səmərəli əməkdaşlıq edən Azərbaycanda aparılan islahatlar, sosial siyasət, həyata keçirilən infrastruktur layihələri və digər zəruri tədbirlər düzgün, düşünülmüş strategiyaya əsaslanır, ölkənin davamlı inkişafına və həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Ölkəmizdə mövcud iqtisadi sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılmış münbit şərait, ən başlıcası isə respublikamızın yerləşdiyi əlverişli coğrafi şərait nəticəsində xarici ticarət əlaqələrinin həcmi və miqyası getdikcə artır.
Yeri gəlmişkən, xarici ticarət dövriyyəsi, idxal-ixrac əməliyyatları ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında mühüm amillərdəndir. Məhz buna görədir ki, dövlət başçıları, eləcə də nümayəndə heyətləri arasında keçirilən görüşlərin, danışıqların əsas mövzularından birini də məhz xarici ticarət dövriyyəsinin artırılması təşkil edir.
Azərbaycanın xarici ticarət-iqtisadi əlaqələrində diqqətçəkən mühüm məqamlardan biri də ixracın strukturunda qeyri-neft məhsullarının, o cümlədən ərzaq mallarının çəkisinin artması ilə bağlıdır. Məlumat üçün bildiririk ki, son illər ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində bu səhədə rəqabət qabiliyyətli məhsulların istehsalı xeyli artmışdır. Artıq həmin məhsullara dünya bazarlarında maraq getdikcə artır. Təsadüfi deyil ki, bu vacib məqama toxunan Prezident İlham Əliyev demişdir: “Bir neçə il bundan qabaq mən qarşıya vəzifə qoymuşdum ki, biz əsas ərzaq məhsulları ilə özümüzü təmin edək. Bu istiqamətdə böyük işlər görülmüşdür. Bizim indi satış məntəqələrimizdə satılan məhsulların, yəni, ərzaq məhsullarının böyük əksəriyyəti, mütləq əksəriyyəti Azərbaycanda istehsal olunan məhsullardır. Əgər biz keçmişi yada salsaq görərik ki, o vaxt yerli məhsulları heç tapmaq mümkün deyildi. İndi bizim yerli məhsullarımız heç bir xarici məhsuldan geri qalmır – həm keyfiyyəti, həm onların müasir qablaşdırılması, xarici görünüşü, dadı baxımından... Azərbaycanda indi kənd təsərrüfatı emalı sənayesində elə gözəl məhsullar istehsal olunur ki, Avropa ölkələrinə də, Amerikaya da ixrac edilir”.
Artıq rəqabət indeksi göstəricisini ilbəil yaxşılaşdıran Azərbaycan Respublikasında xarici ticarət dövriyyəsinin tərkibində mühüm dəyişikliklər baş vermişdir. Belə ki, ölkəmizdə yeni istehsal sahələrində buraxılan məhsullar daxili bazarda satılan analoji xarici malları tədricən sıxışdırıb çıxarmış, hətta bəzi hallarda ixraca da yönəldilmişdir. Bu da son nəticədə daxili bazarın idxaldan asılılığının azaldılmasına imkan yaradır. Azərbaycanın yeni neft strategiyası çərçivəsində neft və qaz hasilatının getdikcə artması adıçəkilən məhsulların ixracının xeyli çoxalmasına səbəb olmuşdur.
Hazırda iqtisadi uğurların qazanılmasında ilk növbədə özəl sektorun rolunu xüsusilə qeyd etmək lazımdır. Belə ki, sahibkarlığın inkişafına dövlət qayğısnın nəticəsidir ki, bu gün Azərbaycanda özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilmiş, onun ÜDM-dəki payı 90 faizə yaxınlaşmaq üzrədir. Qabaqcıl təcrübənin, müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal və infrastruktur sahələrinin yaradılması məqsədilə özəl sektora dövlət dəstəyi tədbirləri davamlı olaraq gücləndirilir, sahibkarlıq subyektlərinə maliyyə təminatını yaxşılaşdırmaq üçün güzəştli kreditlər verilir. Yeri gəlmişkən, 2015-ci ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 3300-ə yaxın sahibkara 113 milyon manat güzəştli kredit ayrılmışdır. Həmin investisiya layihələrinin həyata keçirilməsi 7300-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcəkdir.
Azərbaycan hökuməti yerli sahibkarları kreditlə təmin etməklə bərabər, xarici sahibkarları da Azərbaycan iqtisadiyyatına kapital qoyuluşuna maraqlandırır. Bu məqsədlə artıq ölkəmizdə qanunvericilik bazası dünya standartlarına uyğunlaşdırılmışdır. Nəticədə xarici şirkətlərdə Azərbaycana inam güclənmişdir. Məhz elə buna görə də hazırda Azərbaycan MDB məkanında ən çox xarici kapital qoyulan ölkəyə çevrilmişdir. Bu, beynəlxalq təşkilatların Azərbaycana dair hesabatlarında da öz təsdiqini tapmışdır. Başqa sözlə, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycandakı əlverişli investisiya mühitinin təsdiqi ölkəmizə daha çox xarici kapitalın axmasına imkan yaradır.
Respublikamızda xarici və daxili kapitalın paralel şəkildə istifadə olunmasına böyük əhəmiyyət verilir. Son illər isə iqtisadiyyata daxili investisiyaların qoyuluşu üstünlük təşkil edir. Bunun əsas səbəbi aydındır: ölkəmiz neftdən daha çox gəlir əldə etdikcə daxili investisiyaların iqtisadiyyata qoyulmasına şərait yaranır.
Son vaxtlar Azərbaycanın qeyri-neft məhsullarının xarici bazarlara ixrac imkanlarının daha da genişləndirilməsi məqsədilə mühüm işlər görülmüşdür. Belə ki, qanunvericilik bazası təkmilləşdirilmiş, ixrac mallarının istehsalı stimullaşdırılmış, ixracın infrastruktur təminatı yaxşılaşdırılmışdır. Sənaye şəhərciklərinin, potensial ixrac bazarı ölkələrində Azərbaycan ticarət evlərinin yaradılması sözügedən istiqamətdə görülən mühüm işlər sırasındadır.
Azərbaycan məhsulları xarici ölkələrdə təşkil olunan sərgilərdə də uğurla nümayiş etdirilir və böyük maraqla qarşılanır. Son vaxtlar Almaniyanın Berlin, Fransanın Leql, Belçikanın Brüssel, Rusiyanın Moskva və Həştərxan şəhərlərində keçirilmiş sərgilərdə ölkəmiz geniş çeşidli məhsullarla təmsil olunmuşdur.
Azərbaycanın xarici iqtisadi əlaqələrində nəzərə çarpan məqamlardan biri də ticarət sahəsində əməkdaşlığın genişləndirilməsidir. Məhz bunun nəticəsidir ki, 2015-ci ilin yanvar-may aylarında ölkənin hüquqi və fiziki şəxsləri xarici dövlətlərlə 9350 milyon dollar məbləğində ticarət əməliyyatları aparmışdır. Əmtəə dövriyyəsinin 56,5 faizini və ya 5282,2 milyon dollarını ölkədən ixrac olunmuş mallar, 43,5 faizini (4067,8 milyon dollarını) isə idxal məhsulları təşkil etmiş, ixracın idxalı üstələməsi nəticəsində 1214,4 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2014-cü ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 5,7 faiz, o cümlədən ixrac 2,3 faiz, idxal isə 14,9 faiz artmışdır. Əmtəə mübadiləsinin 11,3 faizi və ya 1053,8 milyon dollarlığı MDB üzvü ölkələri ilə, 47,6 faizi və ya 4446,1 milyon dollarlığı Avropa İttifaqı ölkələri ilə, 41,1 faizi (3850,1 milyon dolları) digər dövlətlərlə aparılmışdır.
İdxal olunmuş malların 21,7 faizi və ya 882,8 milyon dollarlığı MDB üzvü ölkələrinin, 28,1 faizi və ya 1142,5 milyon dollarlığı Avropa İttifaqı ölkələrinin, 50,2 faizi (2042,5 milyon dolları) digər dövlətlərin payına düşür.
İxrac edilmiş malların 3,2 faizi və ya 171 milyon dollarlığı MDB üzvü ölkələrinə, 62,5 faizi və ya 3303,6 milyon dollarlığı Avropa İttifaqı ölkələrinə, 34,3 faizi (1807,6 milyon dolları) digər dövlətlərə göndərilmişdir.
Yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı keçən ilin eyni dövrünün göstəricisini 24,4 faiz üstələyərək 732,1 milyon dollar təşkil etmişdir. Qeyri-neft məhsullarından kənd təsərrüfatı mallarının ixracı 5,1 faiz, sənaye mallarının ixracı isə 27,1 faiz artmışdır.
İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil etmişdir.
Son illər ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən bir sıra zəruri tədbirlər, strateji məhsulların idxalında və ixracında bütün fiziki və hüquqi şəxslərin bərabər hüquqlarının təmin olunması və inhisarçılığın qarşısının alınması istiqamətində görülən işlər, daxili bazarın marketinqinin düzgün müəyyən edilməsi, gömrük əlaqələrinin sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılması, eləcə də əlverişli investisiya mühitinin yaradılması və s. məsələlər, heç şübhəsiz, xarici iqtisadi əlaqələrin həcminin və coğrafiyasının bir qədər də genişlənməsinə səbəb olmuşdur.
Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı eyni zamanda investisiya ixracatçısına çevirmiş, Türkiyə, Gürcüstan, Rusiya, Monteneqro, Serbiya, İsveçrə və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılmışdır. Azərbaycan şirkətlərinin potensialı və peşəkarlığı xeyli artmış, bir sıra ölkələrdə, o cümlədən Avropada mühüm infrastruktur layihələrinin icrasında özəl şirkətlərimiz aktiv fəaliyyət göstərməyə başlamışdır.
Ölkəmizin beynəlxalq arenada formalaşmış müsbət imicinin digər göstəricisi də son dövrlər xarici ölkələrin özəlləşdirmə və investisiya layihələrində Azərbaycanın iştirakına dair dəvətlərin, eləcə də xarici dövlətlər tərəfindən ölkəmizə bu məqsədlə həyata keçirilən səfərlərin sayının artmasıdır.
Ölkəmizin dinamik sosial-iqtisadi inkişafı Azərbaycanın dünya birliyinə inteqrasiyasının gücləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.