Xəbər vermişdik ki, respublikamızda taxıl biçini sürətlə davam edir. Dövlət Statistika Komitəsinin iyul ayının 21-nə olan məlumatına görə, ölkənin taxıl zəmilərinin 96,8 faizində məhsul yığımı yekunlaşmışdır. Cəmi 28394 hektar biçilməmiş taxıl sahəsi qalıb. Əldə olunan nəticələr sevindirici, rəqəmlər ürəkaçandır.
Hər şeydən əvvəl demək lazımdır ki, taxılbecərənlər 2015-ci ildə qarşıya qoyulmuş vəzifələri artıqlaması ilə yerinə yetirəcəklər. Hələlik ölkə üzrə biçilmiş 886 min 278 hektar sahədən 2 milyon 711 min 861 ton arpa və buğda məhsulu tədarük edilmişdir ki, bu da keçən ilin müvafiq dövründəki göstəricidən təqribən 600 min ton çoxdur. Qeyd etmək lazımdır ki, keçən il hesabat gününədək ölkədə 931 min 600 hektar sahənin dənli və dənli-paxlalı məhsulları yığılmışdı. Əgər ötən il hər hektardan ölkə üzrə orta hesabla 22,9 sentner məhsul götürülmüşdüsə, bu il hər hektardan 30,6 sentner taxıl tədarük edilmişdir. Əslində, bu, rekord nəticədir.
Bu rəqəmlər fermerlərin və fərdi torpaq sahibkarlarının fədakar əməyi sayəsində əldə edilmişdir. Mütəxəssislərin rəyinə görə, Azərbaycan özünü taxıl məhsulları ilə tam dolğun ödəmək iqtidarındadır. Bunun üçün ölkəmizə ildə 3 milyon ton dənli və dənli-paxlalı məhsullar istehsal etmək kifayətdir. Mütəxəssislər onu da bildirirlər ki, Azərbaycan gələcəkdə taxıl məhsullarını ixrac etmək imkanına da malikdir. Buna ölkədə yaradılmış iri taxılçılıq kompleklərinin ildən-ilə artan göstəriciləri də imkan verir.
Hazırda taxıl biçini uca dağ rayonlarının yamaclarında aparılır. Fərəhli haldır ki, mövsüm ərzində 100 min tonluq həddi keçən rayonların sayı ildən-ilə artır. Cari ildə ən çox arpa və buğda məhsulu Cəlilabad rayonunda istehsal olunub — 188 min 755 ton. Bu, keçən ilin müvafiq dövründəkindən 54 min 631 ton artıqdır. Fermerlər və fərdi torpaq sahibkarları belə yüksək artıma aqrotexniki tədbirləri ardıcıllıqla, keyfiyyətli sürətdə həyata keçirməklə və yığım kampaniyasını tez, itkisiz başa çatdırmaqla nail olublar. Əgər keçən il Cəlilabad rayonunda hər hektar zəmidən cəmi 19 sentner məhsul yığılmışdısa, bu il həmin göstərici 28,6 sentnerə bərabər olmuşdur.
Məhsulun ümumi miqdarına görə respublikada ikinci nəticə Şəki rayonunun taxılçılarına məxsusdur — 186 min 643 ton. Burada son bir ildə hər hektarın məhsuldarlığı 17,9 sentner artırılaraq 30 sentnerə çatdırılmış və əvvəlki ilə nisbətən 113 min ton çox arpa-buğda tədarük edilmişdir. Məhsul istehsalının həcminə görə üçüncü yeri Neftçala rayonunun taxılçıları tuturlar — 136 min 567 ton. Sonrakı yerlərdə Ağsu (119180 ton), Füzuli (111211 ton), Kürdəmir (109167 ton), Xaçmaz (103827 ton) və İsmayıllı (102253 ton) rayonları gəlirlər. İsmayıllıda biçin davam edir. Deməli, onun son göstəricisi artacaqdır.
Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının taxılçıları bütün çətinliklərə sinə gərərək zəmilərdən hər il 100 min tondan artıq məhsul toplayırlar. Onlar cari ildə də yüksək fədakarlıq nümunəsi göstərirlər. Ümumi taxıl sahəsinin 87,9 faizində biçini yekunlaşdıran naxçıvanlılar hesabat gününədək 98 min 722 ton arpa və buğda tədarük etmişlər. Muxtar Respublika üzrə hər hektar zəmidən orta hesabla 29,3 sentner məhsul toplandığını nəzərə alsaq, naxçıvanlıların bu il də 100 min tonluq həddi arxada qoyacaqlarını inamla söyləmək olar.
İqtisadçıların hesablamalarına görə, Azərbaycan əhalisini bir ildə çörəklə təmin etmək üçün 1,8 milyon ton buğda məhsulu lazımdır. Hesabat gününədək zəmilərdən yığılan ümumi məhsulun 1 milyon 643 min 703 tonu buğdadır. Respublika üzrə 539 min 715 hektar buğda sahəsinin 522 min 998 hektarında biçin yekunlaşıb. Hər hektardan orta hesabla 31,4 sentner məhsul tədarük olunub. Mövsümün sonunadək məhsuldarlıq eyni səviyyədə qalsa, bu il buğda istehsalı tələb olunan miqdara yaxınlaşacaqdır. Deməli, biz özümüzü lazımi qədər buğda məhsulu ilə təmin etmək imkanına malikik. 22 rayon buğda sahələrinin hər hektarından respublika səviyyəsindən də yüksək sentner məhsul götürür. Saatlı rayonunda bu göstərici 41,8, Bərdədə isə 41,5 sentnerə bərabərdir. Alqışa layiq nəticələrdir. Belə qabaqcılları olan Azərbaycan Respublikasının xarici ölkələrdən buğda almasına nə ehtiyac var?
Telman ƏLİYEV, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.