Ölkəmizin maliyyə imkanlarının ilbəil genişlənməsi sosial-iqtisadi həyatın bütün sahələrində mühüm infrastruktur layihələrinin reallaşdırılmasına şərait yaradır. Hazırda infrastukturun bütün sahələrində olduğu kimi, su sektorunda da mühüm layihələr həyata keçirilir. Son illər Bakı şəhəri ilə yanaşı, regionların da içməli su təchizatı sistemləri yenidən qurulur, kanalizasiya şəbəkələri yaradılır.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhər və rayon mərkəzlərində, həmçinin kənd və qəsəbələrdə istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması layihələrinin icrasını uğurla davam etdirir.
Cari ilin birinci yarısında Astara, Tərtər, Daşkəsən və Qobustan şəhərlərinin içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrinin icrasına başlanılmışdır. Bununla da “Azərsu” ASC-nin sifarişi ilə su və kanalizasiya sistemləri yenidən qurulan şəhərlərin sayı 29-a çatdırılıb. Xatırladaq ki, həmin şəhərlərin 11-də işlər dövlət büdcəsi vəsaiti, 18-də isə beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına həyata keçirilir.
Dövlət büdcəsindən maliyyələşdirilən layihə çərçivəsində Mingəçevir şəhərində yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 50 min kubmetr olan sutəmizləyici qurğunun birinci mərhələsinin inşası başa çatmış və şəhərə yeni mənbədən içməli suyun verilməsi təmin edilmişdir. Təmizləyici qurğunun ikinci mərhələsi istismara veriləndən sonra Mingəçevirlə yanaşı, Yevlax şəhəri və ətraf kəndlər də bu mənbədən su alacaq. Eyni zamanda, Mingəçevir şəhərində tikintisi nəzərdə tutulan 270 kilometr su şəbəkəsinin 197 kilometrlik hissəsində işlər başa çatdırılmışdır. Hazırda şəhərdə tutumu 10 min kubmetr olan su anbarının, su və kanalizasiya şəbəkələrinin tikintisi və sayğaclaşma işləri davam etdirilir. Çirkab suların idarə olunması məqsədilə üç ədəd kanalizasiya nasos stansiyası tikilərək istifadəyə verilmişdir. Bunun da nəticəsində Kür çayına 21 nöqtədən axıdılan çirkab suların qarşısı alınmışdır.
Şəmkir şəhərində istehlakçıları keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə Şəmkirçay su mənbəyindən istifadə olunmasına başlanmışdır. Bu məqsədlə uzunluğu 16,5 kilometr olan Şəmkirçay-Şəmkir magistral su xətti qısa müddətdə tikilərək istismara verilmiş və yeni mənbədən şəhərə suyun verilməsi təmin edilmişdir.
Ötən dövrdə Ucar şəhərində də içməli su şəbəkəsinin yenidən qurulması üzrə işlər yekunlaşdırılmış, burada 120 kilometr şəhərdaxili şəbəkə yaradılmış, bütün abunəçilər smart sayğacla təmin edilmiş və istehlakçılar 24 saat fasiləsiz içməli su ilə təmin olunmuşdur. Hazırda tutumu 3 min kubmetr olan su anbarının və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilir.
Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində ümumi əhalisi 15 min nəfər olan Şilavar, Digah, Velədi, Sütəmurdov və Göyşaban kəndlərinin içməli su problemi həll edilir. Hazırda həmin kəndlərdə 98 kilometr uzunluğunda layihələndirilmiş su xətlərinin tikintisi, 3300-dən çox ev birləşmələrinin verilməsi və smart sayğacların quraşdırılması işləri yekunlaşmaq üzrədir. Artıq Göyşaban kəndinə içməli suyun verilməsi təmin edilmiş və hazırda 3500 sakin yeni şəbəkədən su alır.
Dövlət büdcəsi hesabına maliyyələşdirilən digər layihələr çərçivəsində 2015-ci ilin yanvar-iyun aylarında Hacıqabul, Biləsuvar, İmişli, Zərdab, Kürdəmir və Qax şəhərlərində içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması işləri davam etdirilib. Ötən müddətdə Quba şəhərində layihənin icrası başa çatdırılıb, şəhərin içməli su və kanalizasiya sistemləri yenidən qurulub.
Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Ağdaş şəhərində sugötürücü qurğuların tikintisi ilə yanaşı, su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması və sayğaclaşma işlərinə start verilmişdir. Şəhəri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün iki yeni artezian quyusunun qazılmasına başlanılmışdır. Buna qədər isə 134 kilometr su şəbəkəsinin 126 kilometrlik hissəsi, 137 kilometrlik kanalizasiya şəbəkəsinin 121 kilometr hissəsində işlər başa çatdırılmışdır. Layihənin növbəti mərhələsində isə Ağdaş şəhərində su və kanalizasiya şəbəkəsinin qalan hissəsinin inşası tamamlanacaq, çirkab sutəmizləyici qurğu tikiləcək və sayğaclaşma başa çatdırılacaq.
Bundan əlavə, “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Ağcabədi şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə tender elan edilmiş və yaxın vaxtlarda tikinti-quraşdırma işlərinə başlanılacaqdır.
İslam İnkişaf Bankının krediti hesabına maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi” çərçivəsində Gədəbəy, Astara, Daşkəsən və Tərtər şəhərlərində layihələrin icrası intensiv şəkildə həyata keçirilir. Gədəbəy şəhərində istehlakçıları keyfiyyətli və dayanıqlı su ilə təmin etmək məqsədilə Südlübulaq su mənbəyindən 14,8 kilometr uzunluğunda magistral su kəmərinin, su anbarının, 79,4 kilometr uzunluğunda paylayıcı su şəbəkəsinin tikintisi davam etdirilir. Astara şəhərinin su təchizatını yaxşılaşdırmaq məqsədilə Xanbulançay dəryaçasının yaxınlığında tikilmiş sutəmizləyici qurğudan şəhərə 24,8 kilometr uzunluğunda magistral su kəmərinin tikintisinə başlanılmışdır.
Almaniya İnkişaf Bankının (KFW bankı) maliyyələşdirdiyi “II açıq kommunal infrastruktur proqramı” çərçivəsində “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində isə şəhərin bir hissəsinin içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması, anbarların tikintisi davam etdirilir.
Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Xaçmaz və Qusar şəhərlərində layihələrin növbəti mərhələsinin icrasına başlanılmışdır. Bu mərhələ çərçivəsində həmin şəhərlərdə su təchizatı və kanalizasiya şəbəkələri yaradılacaqdır.
Dünya Bankının krediti hesabına icra edilən “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində Şamaxı şəhərində içməli su və kanalizasiya şəbəkələrinin inşası yekunlaşmaq üzrədir. Bununla yanaşı, şəhərdə çirkab sutəmizləyici qurğunun tikintisinə başlanılmışdır.
2015-ci ilin yanvar-iyun aylarında şəhər mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də içməli su təchizatının yaxşılaşdırılmasına diqqət artırılmışdır. Ötən dövrdə içməli su çatışmazlığı müşahidə edilən Yardımlı, Zaqatala, Füzuli, Tovuz və Beyləqan rayonlarının kənd və qəsəbələrində icra olunmuş su layihələri çərçivəsində ümumilikdə 20 mindən artıq insanın içməli su təchizatı yaxşılaşdırılmışdır.
Cari ilin birinci yarısında “Azərsu” ASC tərəfindən regionlarda 246 kilometr su, 75 kilometr kanalizasiya xətləri, bir sutəmizləyici qurğu, iki su anbarı tikilmiş, iki subartezian quyusu qazılmış, 6 mindən çox smart sayğac quraşdırılmışdır. Görülmüş işlər nəticəsində bölgələrdə 80 min nəfərin içməli su təchizatı yaxşılaşdırılmışdır. Yanvar-iyun aylarında bölgələrdə 36 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunmuşdur. Hesabat dövründə 14 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilmiş, 30 min nəfərə isə içməli suyun verilmə rejimi nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılmışdır.
Göründüyü kimi, cari ilin ötən dövründə ölkəmizdə sosial infrastrukturun mühüm istiqamətlərindən sayılan içməli su və kanalizasiya layihələrinin icrası uğurla davam etdirilib. Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunalrına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bu barədə demişdir: “İçməli su-kanalizasiya layihələri bir çox rayonlarda artıq başa çatıb. Ancaq hələ ki, görüləsi işlər çoxdur. Bu məqsədlə bu il İnvestisiya Proqramında kifayət qədər böyük vəsait nəzərdə tutulub. Ancaq hesab edirəm ki, ilin sonuna qədər əlavə vəsait ayrılmalıdır. Müvafiq göstərişlər verilib, həm Bakıda, həm də digər şəhər və rayonlarımızda bu işlər aparılmalıdır”. Bu da onu deməyə əsas verir ki, qarşıdakı aylarda ölkəmizdə içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı layihələrin icrası bir qədər də sürətləndiriləcək.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.