Azərbaycan iqtisadiyyatına yatırılan investisiyalar artır

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən müasirləşmə strategiyası və uğurlu sosial-iqtisadi  siyasət nəticəsində ölkədə yüksək iqtisadi artım dinamikası formalaşmış, dayanıqlı makroiqtisadi sabitlik şəraitində bu iqtisadi artımın sosial rifaha və yüksək həyat standartlarına sürətli transformasiyası baş vermişdir. Nəticədə hazırda Azərbaycan adambaşına düşən ümumu daxili məhsulun həcminə görə beynəlxalq miqyasda 100 pillə irəliləyərək qısa zaman ərzində orta gəlirli dövlətlər qrupuna daxil olmuşdur.

Azərbaycanın bölgədə siyasi sabitliyin, təhlükəsizliyin, iqtisadi inkişafın təmin edilməsi  üçün təşəbbüskarlığı və xarici siyasətdə açıq və çevik fəaliyyəti digər ölkələrlə ikitərəfli münasibətlərin güclənməsinə müsbət təsir göstərir. Prezident İlham Əliyevin bu barədə mövqeyi aydın və qətidir: “Azərbaycanın yolu birmənalıdır. Biz bütün ölkələrlə ikitərəfli formatda qarşılıqlı maraq, qarşılıqlı hörmət, bir-birimizin işinə qarışmamaq prinsiplərini üstün tuturuq və görürük ki, hətta bəzi hallarda bir-birilə o qədər də yaxın münasibəti olmayan ölkələrlə də Azərbaycanın münasibətləri yaxşıdır”.

Respublikamızın xarici dövlətlərlə münasibətlərinin inkişafında investisiya  əməliyyatları mühüm rol oynayır. Bununla bağlı əvvəlcə Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici ölkələrin fəaliyyətinə qısa nəzər salaq.  Azərbaycana sərmayə qoyuluşunda Avropa ölkələri üstünlük təşkil edir. Son 12 ildə respublikamızda əsas kapitala yönəlmiş xarici investisiyaların 51 faizi, qeyri-neft sektoruna qoyulmuş xarici investisiyaların isə 36 faizi bu  ölkələrin payına düşür. Sənaye, ticarət, kənd təsərrüfatı, nəqliyyat, bank işi və digər sahələrdə 1000-dən çox  Avropa şirkəti Azərbaycanda qeydiyyatdan keçmişdir.

Respublikamıza investisiya qoyuluşuna marağın getdikcə artması təsadüfi deyil. Çünki əvvəla Azərbaycanda makroiqtisadi sabitlik mövcuddur, Avropanın bir çox dövlətləri ilə ikiqat vergitutmanın aradan qaldırılması, sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanmış, ölkə qanunvericiliyi beynəlxalq qanunvericiliyə uyğunlaşdırılmış, inzibati prosedurlar sadələşdirilmiş, şəffaf mexanizmlər tətbiq olunmuş, “elektron hökumət”in tətbiqi üçün zəruri tədbirlər görülmüşdür. İkincisi, ölkəmiz, eyni zamanda, əlverişli coğrafi-iqtisadi mövqeyə, tranzit imkanlarına malikdir və genişmiqyaslı infrastruktur layihələri uğurla reallaşdırılır.

Yuxarıda sadalanan səbəblərə görə, Azərbaycan son illər xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilmişdir. Bu günədək Azərbaycan Respublikası hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 50-ə yaxın saziş imzalanmışdır. Məhz bunun nəticəsidir ki, təkcə ötən il ölkə iqtisadiyyatına 10,5 milyard dollar məbləğində xarici investisiya qoyulmuşdur. Bu investisiyaların yarıdan çoxu qeyri-neft sektoruna yönəldilmişdir.

Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirilmişdir ki, cari ilin altı ayında dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərcləri 3 milyard 102 milyon manat təşkil etmişdir. Həmin vəsaitin 1 milyard 656 milyon manatı elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin, o cümlədən Bakıda Avropa Oyunlarının keçirilməsi, 1 milyard 150 milyon manatı ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması üçün istifadə olunmuşdur.

Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 166 milyon manat vəsait ayrılmışdır. Bunun 24 milyon manatı muxtar respublikada həyata keçirilən investisiya layihələrinə sərf edilmişdir.

Dövlət büdcəsindən ayrılmış əsaslı xərclərlə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına 264 milyon manat, Dövlət Neft Fondunun vəsaiti hesabına 467 milyon manat investisiya qoyulmuşdur.

Hesabat dövründə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həlli vacib hesab edilən bir sıra sosial və infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər, rayon və qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, kənd təsərrüfatının dəstəklənməsi, kəndlərarası yolların tikintisi üçün üst-üstə 74 milyon manat vəsaitin ayrılmasına dair sərəncamlar imzalanmışdır.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi işi davam etdirilməklə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası üçün hesabat dövründə 25 milyon manat vəsait yönəldilmişdir.

Sahibkarlığın inkişafına dəstək olaraq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə cari ilin ilk altı ayında iqtisadiyyatın müxtəlif sahələri üzrə 2972 sahibkara 96 milyon manat həcmində güzəştli kreditlər verilmişdir.

Hazırda  tikinti işləri respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter almışdır. Belə ki, mühüm nəqliyyat və kommunikasiya xarakterli inşaat layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Bizim düşünülmüş siyasətimiz, eyni zamanda, planlı addımlarımız məhz ona hesablanıb ki, bütün infrastruktur layihələri uğurla başa çatsın. Bu layihələrin icra edilməsi nəticəsində biz bütün infrastrukturumuzu yeniləşdirəcəyik. Çünki bizim infrastruktur layihələrimizin yaradılması sovet dövründən başlamışdır. Onların bir hissəsi köhnəlmiş, bir hissəsi sıradan çıxmışdır. Həyat yerində durmur, indi yeni texnologiyalar vardır, yeni ixtiralar üzə çıxıbdır. Biz elə etməliyik ki, bizim infrastruktur sahəsində heç bir çatışmazlıq olmasın...”.

Prezident İlham Əliyev qeyd etmişdir ki, bu cür layihələr həm ölkəmizin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır, həm insanların daha rahat infrastrukturla təmin olunmasına səbəb olur, həm də Azərbaycanın regionda gücünü artırır.

Azərbaycan hazırda investisiya cəlb edən ölkədən investisiya yatıran və xüsusilə, strateji əhəmiyyətli layihələrdə nümunə göstərən regional gücə cevrilmişdir. Son illərdə ölkəmiz öz təbii ehtiyatlarından, coğrafi mövqeyindən uğurla faydalanmış və dünya iqtisadiyyatının fəal iştirakçısına çevrilmişdir.Qarşıdakı aylarda və illərdə uğurlarımız daha böyük olacaqdır. Azərbaycan Prezidenti İlham

Əliyevin qeyd etdiyi kimi, Azərbaycan yenə də özünü dünyaya yenidən müasir, dinamik inkişaf edən, güclü dövlət kimi təqdim edəcəkdir.

Göründüyü kimi, təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik, davamlı və dayanıqlı iqtisadi inkişaf təmin olunmuş, əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan Respublikası sosial-iqtisadi inkişaf tempinə görə dünyada öncül yerlərdədir. Ötən dövrdə ölkə həyatının bütün sahələrində misilsiz yüksəliş baş vermişdir. Bu nailiyyətlərin təməli isə, heç şübhəsiz, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi  ilə  uğurla reallaşdırılmasıdır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında