Əvvəlki illərdə olduğu kimi, cari ilin birinci yarısında da ölkəmizin sosial-iqtisadi inkişafı uğurla davam etmiş, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sənaye potensialının gücləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli işlər görülmüş, nəticədə əhalinin rifahının yüksəlməsi davam etmişdir. Bu davamlı inkişaf ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının 12 ilə yaxın bir müddət ərzində ölkə Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilməsi sayəsində mümkün olmuşdur.
Əldə edilmiş nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Belə ki, “Fitch”, “Standard and Poors” və “Moodys” reytinq agentlikləri bir çox inkişaf etmiş ölkələrin reytinqlərini azaltdıqları halda, Azərbaycanın kredit reytinqini yüksəltmiş, onların hər biri iqtisadiyyatımıza investisiya səviyyəli kredit reytinqi vermişdir. Bununla yanaşı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və AYİB kimi təşkilatların Azərbaycan iqtisadiyyatına dair proqnozları optimist olmuşdur.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir: “Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bax, indi gətirəcəyim rəqəmlər bunu göstərəcək və sübut edəcək ki, bu, doğrudan da tarixi nailiyyətdir. Beləliklə, 6 ayda iqtisadiyyat 5,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut edir. Bundan da gözəl göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da biz 9,2 faiz artımı görürük. Yəni, bundan yuxarı nəticə ola bilməz. Sənaye istehsalı təxminən 4 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faizdən çox artmışdır. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, tədbirlərin nəticəsidir.
Azərbaycanda inflyasiya aşağı səviyyədədir - 3,5 faiz. Əhalinin pul gəlirləri ənənəvi olaraq inflyasiyanı üstələyir və 6,2 faiz artmışdır. Kənd təsərrüfatı 7 faizdən çox artmışdır, daha doğrusu, 7,3 faiz. Bu da son illər ərzində ən yüksək artım tempidir. Bu da görülən işlərin nəticəsində mümkün olmuşdur”.
Dövlətimizin başçısı həmin iclasda həmçinin bildirmişdir ki, ölkəmizə 6 ayda 12,7 milyard manat sərmayə qoyulmuşdur. Bu da çox böyük rəqəmdir və 6 ay ərzində xarici investisiyalar üstünlük təşkil edir. Son illərdə biz görürdük ki, daxili investisiyalar üstünlük təşkil edir. Bu ilin 6 ayında isə xarici sərmayə üstünlük təşkil edir. Bu da müsbət haldır, çünki yenə də görünür ki, Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir və xarici sərmayə burada lazımi səviyyədə qorunur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumat da göstərir ki, ilin birinci yarısında bütün makroiqtisadi göstəricilər üzrə artım tempi qorunub saxlanılmışdır. Belə ki, ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-iyun aylarında 26,3 milyard manatlıq və ya ötən ilin müvafiq dövründəkindən 5,7 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Əlavə dəyərin 36 faizi sənayedə, 13,4 faizi ticarət, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahələrində, 12,5 faizi tikinti kompleksində, 5,8 faizi nəqliyyatda, 5,6 faizi kənd təsərrüfatında, 1,9 faizi rabitədə, 16,4 faizi digər sahələrdə yaradılmışdır. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,4 faizini təşkil etmişdir. Hər nəfərə düşən ümumi daxili məhsul istehsalı 2765,1 manat olmuşdur.
Son illərdə qeyri-neft sənayesinin inkişafına dəstək məqsədilə ölkəmizdə müvafiq institusional qurumlar, hüquqi baza və infrastrukturlar yaradılmışdır. İnvestorların hüquq və mənafelərinin qorunması, mülkiyyətinin toxunulmazlığı, yerli və xarici investorlara bərabər şəraitin təşkili üçün “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyaların qorunması haqqında” qanunlar qəbul edilmiş, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına xidmət edən “Azərbaycan İnvestisiya Şirkəti”, Azərbaycanda İnvestisiyaların Təşviqi və İxracat Agentliyi, Sahibkarlığa Kömək Milli Fondu yaradılmışdır. Ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama presedurlarının sadələşdirilməsi üçün Azərbaycan Prezidenti tərəfindən “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” sərəncam imzalanmışdır və hazırda həmin işlər bu yeni qaydalara uyğun olaraq həyata keçirilməkdədir. Təbii ki, bütün bunlar sənayenin inkişafına, bu sektorda müsbət göstəricilər əldə edilməsinə şərait yaratmışdır.
Sənayeyə göstərilən diqqətin nəticəsidir ki, bu ilin ilk yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunda əlavə dəyər 9,2 faiz artmışdır. Sənaye məhsulu üzrə qeyri-neft sahəsində məhsul istehsalında 14,1 faiz artım olmuşdur. Neft-qaz sektorunda isə əlavə dəyər 1,3 faiz artmışdır. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-iyun aylarında 13,3 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Mədənçıxarma bölməsində məhsul istehsalı 2,1 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 10,9 faiz artmış, neft hasilatı isə 1,2 faiz azalmışdır.
Sənaye məhsulunun 63,3 faizi mədənçıxarmada, 28,7 faizi emal bölməsində, 7,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. Emal bölməsində qida məhsullarının istehsalı 3,7 faiz, neft məhsullarının istehsalı 7,4 faiz, kimya sənayesi 2,2 dəfə, rezin və plastmas məmulatların istehsalı 4,5 faiz, tikinti materialları istehsalı 19,4 faiz, metallurgiya sənayesi 21,9 faiz, hazır metal məmulatların istehsalı və elektrik avadanlıqlarının istehsalı sahələrinin hər biri 2 dəfə artmışdır.
Son on iki ildə Azərbaycanda ən çox diqqət çəkən sahələrdən biri də inşaat sektoru olmuşdur. Hazırda respublikamızın paytaxtında , eləcə də bölgələrdə tikinti-quruculuq işləri böyük vüsət almışdır. Bakı şəhəri və ölkənin regionları, sözün əsil mənasında, nəhəng inşaat meydançasına çevrilmişdir. Bir-birinin ardınca gözəl binalar, geniş yollar və nəhəng sənaye obyektləri istifadəyə verilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun aylarında əsas kapitala 7925,6 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çox vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 5096,2 milyon manatı və ya 64,3 faizi məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 4707,8 milyon manatını daxili vəsaitlər təşkil etmişdir. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait 2014-cü ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz artaraq 5833,5 milyon manat təşkil etmişdir. Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına yanvar-iyun aylarında 870,4 min kvadratmetr yaşayış evləri, növbədə 180 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 4908 şagird yerlik ümumtəhsil məktəbləri, 200 yerlik məktəbəqədər təhsil müəssisələri, 280 yerlik klub və mədəniyyət evləri, Bakı şəhərində 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, Velopark, Avropa Oyunları Parkı, Atletlər və Media kəndləri, Bakı Konqres Mərkəzi, “Qafqaz Baku Sport Hotel” mehmanxana kompleksi, “Bulvar Hotel” oteli, “Dalga Beach-Aqua Park” ailəvi istirahət mərkəzi, Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpü və Stend Atıcılığı Kompleksinə gedən yol, Sumqayıt şəhərində beton məmulatı zavodu və “Alyans Tekstil” tikiş fabriki, Astara rayonunda Deqədi-Pəlikəş avtomobil yolu, Bərdə rayonunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolu, Qusar rayonunda “Park Chalet Shahdag” oteli və s. obyektlər istifadəyə verilmişdir.
Regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını və aqrar sektorda islahatları sürətləndirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi vəzifəsini irəli sürən dövlət proqramları ümummilli lider Heydər Əliyevin neft strategiyasının hədəflərini-neft gəlirlərindən səmərəli şəkildə istifadə olunmaqla Azərbaycanın uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını reallaşdırmışdır. Həmin regional proqramlar Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcını qoymuş, regionların inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırmışdır. Böyük uzaqgörənliklə müəyyənləşdirilmiş bu strategiyanın düzgünlüyü son illərdə öz bariz təsdiqini tapmış, respublikamızın şəhər və kəndlərinin siması köklü şəkildə dəyişmiş, əhalinin paytaxta axını səngiyərək əks proses başlanmış, rayonlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı isə artmışdır. Hazırda hər bir ailə, hər bir vətəndaş sözügedən dövlət proqramlarının real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına başlanılan 2004-cü ildən bu günə qədər ölkədə 1424,5 min yeni, o cümlədən 1059,7 min daimi iş yeri yaradılmışdır. 2014-cü ildən başlayaraq üçüncü Dövlət Proqramının icrası ilə əlaqədar 187,2 min yeni, o cümlədən 153,9 min daimi iş yeri açılmışdır. Təkcə 2015-ci ilin birinci yarısında ölkədə yaradılmış yeni iş yerlərinin sayı 59,9 min, o cümlədən daimi iş yerlərinin sayı 48,8 min olmuşdur.
Azərbaycanın xarici ticarət dövriyyəsi, idxal-ixrac əməliyyatları ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında mühüm amillərdəndir. Məhz buna görədir ki, dövlət başçıları, eləcə də nümayəndə heyətləri arasında keçirilən görüşlərin, danışıqların əsas mövzularından birini də məhz xarici ticarət dövriyyəsinin artırılması təşkil edir. Elə bunun nəticəsidir ki, bu ilin yanvar-may aylarında ölkənin hüquqi və fiziki şəxsləri xarici dövlətlərlə 9 milyard 350 milyon dollar məbləğində ticarət əməliyyatları aparmışdır. Əmtəə dövriyyəsinin 56,5 faizini və ya 5282,2 milyon dollarını ölkədən ixrac olunmuş mallar, 43,5 faizini (4067,8 milyon dollarını) isə idxal məhsulları təşkil etmiş, ixracın idxalı üstələməsi nəticəsində 1214,4 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2014-cü ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 5,7 faiz, o cümlədən ixrac 2,3 faiz, idxal isə 14,9 faiz artmışdır. Əmtəə mübadiləsinin 11,3 faizi və ya 1053,8 milyon dollarlığı MDB üzvü ölkələri ilə, 47,6 faizi və ya 4446,1 milyon dollarlığı Avropa İttifaqı ölkələri ilə, 41,1 faizi (3850,1 milyon dolları) digər dövlətlərlə aparılmışdır.
İdxal olunmuş malların 21,7 faizi və ya 882,8 milyon dollarlığı MDB üzvü ölkələrinin, 28,1 faizi və ya 1142,5 milyon dollarlığı Avropa İttifaqı ölkələrinin, 50,2 faizi (2042,5 milyon dolları) digər dövlətlərin payına düşür.
Göründüyü kimi, bu ilin altı ayının sosial-iqtisadi inkişafının yekunları Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etdiyini təsdiqləyir. Bu dövrdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə artması, inflyasiyanın optimal həddə saxlanılması hökumətin həyata keçirdiyi inkişaf kursunun səmərəliliyinin əyani göstəricisidir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.