Kənd təsərrüfatının inkişafını daha da sürətləndirmək, modernləşdirmək, bu sahədə mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı reallaşdırmaq, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə Prezident İlham Əliyevin 12 yanvar 2015-ci il tarixdə imzaladığı sərəncamla 2015-ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilib.
Həmin sərəncamda bildirilir ki, Azərbaycanda həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılmışdır. Aqrar sektorda əsaslı dəyişikliklər baş vermiş, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşmış, normativ hüquqi baza təkmilləşdirilmişdir. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir.
Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyənləşdirilməsi sözügedən sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoymuşdur. Hazırda əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkəmizdə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulur, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilir.
Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən etmişdir. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilmişlər. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar verir.
Dövlət Statistika Komitəsinin bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı yaydığı məlumatda bildirilir ki, iyun ayının 24-nə kimi 362,1 min hektar sahədə yazlıq bitkilərin əkini aparılaraq 28,8 min hektar sahədə dənli və dənli paxlalılar, 36,4 min hektar sahədə dən üçün qarğıdalı, 77 min hektar sahədə tərəvəz, 61 min hektar sahədə kartof, 18,8 min hektar sahədə pambıq, 27,9 min hektar sahədə bostan bitkiləri, 4,9 min hektar sahədə şəkər çuğunduru, 10,2 min hektar sahədə dən üçün günəbaxan, 1,4 min hektar sahədə tütün və s. bitkilər əkilmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə yazlıq bitkilərin əkin sahəsi 4,2 min hektar, dənli və dənli paxlalıların əkin sahəsi 0,8 min hektar, tərəvəzin əkin sahəsi 1,1 min hektar, tütünün əkin sahəsi 253 hektar artmışdır.
Kənd əməkçiləri yazlıq bitkilərin əkinini başa vuraraq yetişdirdikləri məhsulu yığmağa başlamışlar. İyul ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla 2,1 milyon ton payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərdən məhsul toplanmış, keçən ilin müvafiq dövrü ilə müqayisədə 320,9 min ton çox məhsul yığılmışdır.
Yığım başlanandan tarlalardan 288,7 min ton kartof, 382,9 min ton tərəvəz, 93,1 min ton meyvə və giləmeyvə, 37,4 min ton bostan məhsulları,76,5 ton tütün, 273,4 ton yaşıl çay yarpağı toplanmışdır.
Hazırda respublikada daxili istehsal hesabına taxıla tələbatın təxminən 70-80 faizi ödənilir. Tələbatın qalan hissəsi isə idxal hesabına təmin edilir. Əhalinin taxıl və çörək məhsullarına olan tələbatının daxili istehsalla ödənilməsi dövlətimizin başçısı tərəfindən vacib məsələ kimi qarşıya qoyulub. Ona görə də, ərzaq təhlükəsizliyinin əsas sahəsi olan taxılçılığı inkişaf etdirmək, əhalinin taxıl və çörək məhsullarına olan tələbatını daxili istehsal hesabına təmin etmək üçün iri özəl taxılçılıq təsərrüfatlarının yaradılmasına başlanılıb. Həmin məqsəd üçün seçilmiş torpaq sahələrinin ümumilikdə bütün infrastruktur, texniki təminat, meliorasiya və s. məsələləri dövlət tərəfindən hərtərəfli dəstəklənir. Özəl taxılçılıq təsərrüfatlarında buğda, qarğıdalı, soya istehsalı sahəsində uğurlu nəticələr əldə edilib, buğda və qarğıdalının məhsuldarlığı respublika üzrə orta göstəricidən 2 dəfədən də artıq olub. Hazırda Taxtakörpü və Şəmkirçay su anbarları və kanalların istifadə verilməsi nəticəsində yeni suvarılacaq və su təminatı yaxşılaşdırılacaq rayonlarda, o cümlədən dövlət fondu torpaqlarında uyğun sahələrin seçilməsi, ölçülərinin müəyyənləşdirilməsi, əkin strukturunun öyrənilməsi və təsərrüfatla bağlı digər işlərin həyata keçirilməsi davam etdirilir. Bu işlər də yaxın zamanlarda məhsul bolluğunun yaradılmasına öz töhfəsini vermiş olacaq.
“Ərzaq təhlükəsizliyi bizim üçün prioritetdir. Çünki biz hələ tam şəkildə ərzaq təhlükəsizliyimizi təmin edə bilməmişik. Ancaq bu istiqamətdə böyük yol keçmişik. Çünki bu gün Azərbaycan özünü əsas ərzaq məhsulları ilə təmin edir. Düzdür, bəzi hallarda bu məhsulların komponentləri idxal edilir. Bu, əlbəttə, birinci mərhələ üçün hesab edirəm ki, məqbul variantdır. Ancaq çalışmalıyıq ki, Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının bütün komponentləri Azərbaycanda istehsal olunsun, toxumdan tutmuş ta hazır məhsullara qədər. Ona görə bütün bu zənciri biz yaradırıq, yaradacağıq”. Prezident İlham Əliyevin dediyi bu sözlər də Azərbaycanın yaxın illərdə özünün ərzaq təhlükəsizliyini tam təmin edəcəyi əminliyi yaradır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.