Azərbaycan Hava Yolları aşağı büdcəli sərnişindaşıma xəttinin yaradılmasına və bütün reyslərdə aşağı tariflərin yeni kateqoriyasının tətbiqinə qərar verib

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) özünün aşağı büdcəli sərnişindaşıma xəttinin (lou-kost istiqamətlər), həmçinin aviaşirkətin bütün mövcud reysləri üzrə təyyarələrdə aşağı tarifli yerlərin yeni blokunun tətbiqi barədə qərar qəbul edib.

Bu tədbirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında aviabiletlərin  qiymətlərinin azaldılması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq görülüb. 

İyulun 16-da “Azərbaycan Hava Yolları” QSC-nin Dövlət Mülki Aviasiya Administrasiyası ilə birgə keçirilmiş iclasında İdarə Heyətinin sədri Cahangir Əsgərov hər bir hava xəttinin tariflərinin dərindən təhlil edilməsini, aviabiletlərin qiymətinin aşağı salınması yollarının araşdırılmasını, güzəştlərin tətbiq edilmə şərtlərinin və tariflərin yeni tənzimləmə mexanizminin işlənib hazırlanmasını tapşırıb.

İyulun 21-də “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin kollegiyasının qapalı iclası keçirilib. İclasda aviabiletlərin cari qiymətlərinin azaldılması üçün təkliflər dinlənilib. Məruzələr nəticəsində bu məsələ ilə bağlı konkret tədbirlərin görülməsinə qərar verilib.

Xüsusilə, “Azərbaycan Hava Yolları” aşağıda göstərilən istiqamətlər üzrə özünün aşağı büdcəli sərnişindaşıma xəttini (lou-kost istiqamətlər) yaradacaq:

– Bakı-Antalya-Bakı - bu ilin avqustundan başlayaraq həftədə 3 dəfə;

– Bakı-İstanbul-Bakı - bu ilin sentyabrından başlayaraq hər gün 1 uçuş;

– Bakı-Moskva-Bakı - bu ilin oktyabrından başlayaraq hər gün 2 uçuş;

– Bakı-Dubay-Bakı - bu ilin oktyabrından başlayaraq hər gün bir uçuş.

Yeni reyslərin başlama tarixinin müxtəlif olması xidmət göstərilməsi üçün hava limanları ilə müqavilələrin imzalanması, xarici hava limanlarında icazələrin alınması kimi prosedur məsələlərlə əlaqədardır.

Bu sadalanan istiqamətlərdə lou-kosterlər üçün səciyyəvi sayılan hava daşımalarının biznes-modeli tətbiq olunacaq.

Uçuşlar “Embraer” təyyarələri ilə həyata keçiriləcək. Bu istiqamətlər üzrə aşağı büdcəli sərnişindaşıma xətlərinin yekun satış qiyməti bir tərəfə 99 avrodan çox olmayacaq.

Bundan əlavə, “Azərbaycan Hava Yolları”nın bütün mövcud reyslərində cari qiymətlərin azaldılmasına yönəlmiş yeni tarif siyasətinin tətbiq olunmasına dair qərar qəbul edilib. Bu tarif siyasəti yeni lou-kost istiqamətlərə şamil olunmayacaq.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti bildirir ki, bu il avqustun 1-dən etibarən “Azərbaycan Hava Yolları”nın bütün istiqamətləri üzrə minimal cari ekonom-klass tariflərinə 20 faiz endirim tətbiq olunacaq. Bu tarif üzrə satılan biletlərin sayı təyyarədə yerlərin 30 faizini təşkil edəcək. Bu zaman sərnişinlər üçün bütün növ ekonom-klass xidmətləri saxlanılacaq.

Sərnişinlər daha ətraflı məlumat almaq və aviabiletlərin bronlaşdırılması üçün Çağırış Mərkəzinə: 

+(99412) 598-88-80

*8880

e-mail: [email protected]

və ya “Azərbaycan Hava Yolları” QSC satış ofislərinə müraciət edə bilərlər.

Q.PİRİYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında