Biz öz siyasətimizi elə aparmalıyıq ki, iqtisadiyyatın bütün sahələri,
ilk növbədə, qeyri-neft sənayesi inkişaf etsin.
Yalnız bu yolla biz Azərbaycanı hərtərəfli
inkişaf etmiş ölkəyə çevirə bilərik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi sənayeləşmə siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda sənayeləşmənin tempi yüksəlmiş, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Dövlət başçımızın dediyi kimi, Azərbaycan bu gün öz sənaye potensialını inkişaf etdirir və sənayeləşmə siyasəti uğurla həyata keçirilir.
Xatırladaq ki, 2003-cü ildən indiyədək sənayenin regional strukturunun təkmilləşdirilməsi əsas prioritetlərdən olmuş, Azərbaycan təbii qaz və elektrik enerjisi idxalçısından ixracatçıya, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşa çevrilmişdir. Ənənəvi istehsal sahələrinin fəaliyyəti genişləndirilmiş, yeni istehsal sahələri yaradılmışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri istifadəyə verilmiş, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri çərçivəsində infrastruktur layihələri reallaşdırılmışdır. Prezident İlham Əliyevin təşəbbüsü və prinsipial mövqeyi sayəsində tikintisi yaxın vaxtlarda tamamlanacaq Bakı-Tbilisi-Qars dəmir yolu isə Azərbaycanın beynəlxalq əhəmiyyətli tranzit qovşağı kimi rolunu daha da yüksəldəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” da sənayenin inkişafı ilə bağlı qarşıya qoyulmuş məqsədlərə nail olunmasına yönəlmişdir. Adıçəkilən Dövlət Proqramında sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması kimi mühüm məqsədlər irəli sürülmüşdür. Bu məqsədlərin həyata keçirilməsi üçün proqramda sənayenin rəqabət qabiliyyətinin artırılması və potensialının gücləndirilməsi, mövcud istehsal sahələrinin inkişaf etdirilməsi və yeni sahələrin yaradılması, sənayenin regional strukturunun təkmilləşdirilməsi, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması, sənaye zonalarının və klasterlərinin təşkili və s. olmaqla 24 istiqamət müəyyənləşdirilmişdir.
Prezident İlham Əliyev demişdir: “Hazırda əsas məqsədimiz Azərbaycanı güclü sənaye ölkəsinə çevirmək üçün bütün imkanlardan istifadə etməkdir. Artıq sənayenin şaxələndirilməsi və modernləşdirilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Biz mövcud təbii və iqtisadi resursları istehsal dövriyyəsinə cəlb edirik, yeni istehsal sahələri və sənaye parkları yaradırıq, innovasiyaların tətbiqini sürətləndiririk... İnanırıq ki, topladığımız təcrübə və Azərbaycanın iqtisadi potensialı bizə məqsədlərimizə çatmaq imkanı verəcəkdir”.
İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və strukturunun təkmilləşdirilməsi baxımından sənayenin inkişafı ölkədə aparılan iqtisadi siyasətin əsas prioritetlərindən biridir. Sənayeləşmə təkcə iqtisadi baxımdan deyil, həm də əhalinin məşğulluğu, gəlir səviyyəsi, urbanizasiya, ixtisaslı işçi qüvvəsi, araşdırma və tədqiqat kimi bir sıra sosial, elmi və mədəni aspektlər baxımından əhəmiyyətlidir. 2004-cü ildən etibarən Azərbaycanda sənayeləşmə templəri yüksəlmiş, sənayenin regional strukturunun təkmilləşdirilməsi əsas prioritetlərdən biri kimi müəyyən olunmuş, sənaye istehsalı üçün həyati əhəmiyyət kəsb edən enerji təminatı məsələlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, respublika təbii qaz və elektrik enerjisi idxalçısından ixracatçıya çevrilmiş, sənayenin infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Ötən dövrdə infrastruktur layihələri ilə yanaşı, dövlət investisiyaları bir sıra istehsal təyinatlı layihələrə yönəldilmiş, ölkədə əlverişli biznes investisiya mühiti yaradılmış, özəl sektor tərəfindən icra edilən layihələrin güzəştli şərtlərlə dövlət tərəfindən maliyyələşdirilməsi və zərurət yarandığı halda dövlətin bu layihələrdə pay iştirakı təmin edilmişdir. Bu gün Azərbaycanda sənayenin inkişafı üçün bütün zəruri şərtlər mövcuddur. Əlverişli biznes investisiya mühiti, ixtisaslı kadr potensialı, institusional potensial, yenilənmiş enerji və nəqliyyat infrastrukturu, xammal resurslarının mövcudluğu, beynəlxalq bazarlara çıxış və geniş maliyyə imkanları bu şərtlərin əsasını təşkil edir. Dünya təcrübəsindən də göründüyü kimi, sənayenin inkişafı üçün başlıca şərt makroiqtisadi sabitliyin qorunması və əlverişli biznes investisiya mühitinin yaradılmasıdır. Müşahidələr göstərir ki, sənayenin inkişafı daxili bazarın həcmindən asılı olmayaraq idxaləvəzləyici yanaşmadan ixracyönlü istehsal modelinə keçidi tələb edir. Bunun bir səbəbi kiçik iqtisadiyyatlarda daxili bazara hesablanmış istehsal həcminin maya dəyəri xərclərinin azaldılmasına imkan verməməsi, digər səbəbi isə daxili tələbatda uzun müddət yüksək artım tempinin təmin edilməsinin mümkün olmamasından ibarətdir. Ölkənin daxili tələbat və yüksək artım potensialına malik ixrac imkanları növbəti illərdə sənaye istehsalının strukturunun təkmilləşdirilməsində xüsusi rol oynayacaqdır. Sənayenin diversifikasiyası bir sıra ənənəvi istehsal sahələri ilə yanaşı, ənənəvi olmayan, yeni istehsal sahələrinin qurulmasını tələb edir.
Polad istehsalı həcminin artırılması prioritet vəzifədir
Azərbaycanın dinamik və davamlı inkişafı ölkədə sabit və əsaslı iqtisadiyyatın formalaşmasına, neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sənayesinin də inkişafına ciddi zəmin yaratmışdır. Bu istiqamətdə görülmüş işlər respublikada turizm, səhiyyə, tikinti, bank-maliyyə, kənd təsərrüfatı, yüngül və qida sənayesi sahələrinin tərəqqisinə müsbət təsir göstərmişdir.
Zəngin neft və qaz ehtiyatlarından səmərəli istifadə edərək əldə olunan gəlirin ölkənin qeyri-neft sektorunun inkişafına yönəldilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi strategiyanın başlıca istiqamətidir. Təsadüfi deyil ki, ölkə Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının 4.2-ci bəndində qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin, o cümlədən metallurgiya sahəsinin inkişaf etdirilməsi xüsusi vurğulanmışdır. Azərbaycan Prezidentinin 23 aprel 2013-cü il tarixli sərəncamı ilə ölkədə metallurgiya sənayesinin yaradılması, bu sahənin inkişafı və yeni texnologiyaların tətbiqi məqsədi ilə “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) təsis edilmişdir. QSC 2014-cü il iyun ayının 6-da rəsmi dövlət qeydiyyatından keçmiş və fəaliyyətə başlamışdır. Kompleks öz fəaliyyətində ölkə Prezidentinin Azərbaycanda qara metallurgiya sənayesinin formalaşmasına dair söylədiyi bir fikri əsas çağırış kimi müəyyən etmişdir: Güclü metallurgiya sənayesinin yaradılması bizim gündəliyimizdədir və biz bunu edəcəyik.
Dövlət başçısı Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu barədə demişdir: Biz bu il böyük metallurgiya kompleksinin tikintisini gözləyirik. Artıq bir müddətdir ki, bu kompleksin yaradılması ilə bağlı işlər aparılır. Xarici məsləhətçilər cəlb edilmişdir. Demək olar ki, texniki-iqtisadi əsaslandırma artıq hazırdır. Bizim təbii resurslarımız, filiz yataqlarımız var. Biz çalışmalıyıq öz təbii imkanlarımızdan, resurslarımızdan maksimum dərəcədə istifadə edək və özümüz hazır məhsul istehsal edək. Biz hər bir sahədə hazır məhsul istehsal etməliyik. Bu, böyük dövlət vəsaiti tələb edən layihədir. Baxmayaraq ki, indi bizim gəlirlərimiz azalacaq, hesab edirəm, bu layihə sənayemizin inkişafı üçün prioritetdir, minlərlə yeni iş yerinin yaradılmasına gətirib çıxaracaq. Beləliklə, Azərbaycanda yeni ixrac məhsulu yaranacaq və bu, ölkə iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına əlavə təkan verəcəkdir. Ona görə bu layihənin icrası ilə bağlı heç bir yubanma ola bilməz. Bu məsələ Dövlət İnvestisiya Proqramında öz əksini tapıbdır.
“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin fəaliyyət istiqamətləri qarşıya qoyulmuş əsas vəzifəyə uyğun olaraq Gəncə şəhərinin və Daşkəsən rayonunun ərazilərində dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin layihələndirilməsini, tikintisini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini həyata keçirmək, kompleksin maddi-texniki bazasının müasirləşdirilməsini, habelə ondan səmərəli istifadəni, eyni zamanda, bu sahənin inkişafını təmin etməkdir.
Buna görə də QSC Daşkəsən Filizsaflaşdırma Kombinatının fəaliyyətinin səmərəliliyini təmin edərək istehsal olunan dəmir filizinin keyfiyyətinin və həcminin artırılmasını və Gəncə şəhəri ərazisində Polad İstehsalı Kompleksinin yaradılmasını qarşıya mühüm vəzifə kimi qoymuşdur.
Dəmir filizi hasilatının keyfiyyət və kəmiyyət parametrlərinin yüksəldilməsi
Daşkəsən qrupu yataqlarında isbat edilmiş 270 milyon ton filiz ehtiyatı var. Filizin tərkibinin orta hesabla 40 faizi dəmirdir. Bu da 100 milyon ton dəmir ehtiyatımızın olduğu deməkdir. Çıxarılma nisbətini və ehtiyatların təbii artım əmsalını nəzərə almaqla, ölkənin 80-100 illik dəmir ehtiyatı mövcuddur.
QSC qısa vaxt ərzində struktur vahidi olan “Daşkəsən Filizsaflaşdırma” ASC-də təxirəsalınmaz tədbirlər görmüş, yeni texnika və avadanlıqlar alaraq fasiləsiz istehsalatı təmin etmişdir. Belə ki, bağlanmış müqavilələrlə müəssisəyə 12 ədəd ağır yükgötürmə qabiliyyətinə malik “BelAz” karyer maşınları, iri tonnajlı ekskavator və buldozerlər alınmış, istehsalat avadanlıqlarının əsaslı yenilənməsinə başlanmışdır.
Kombinatda aparılmış yenidənqurma işləri nəticəsində həm istehsal həcmi yüksəlmiş, həm də dəmir filizi konsentratının keyfiyyəti tarixdə ilk dəfə olaraq 65 faizə yüksəldilmişdir. Hazırda kombinatın istehsal gücü illik 350 min tondur. İstehsalın həcminin ilin sonuna qədər mərhələli şəkildə 750 min tona çatdırılması nəzərdə tutulur. 2018-ci ildə isə “Azərbaycan Polad İstehsalı Kompleksi” zavodlarının tikintisi başa catdıqda lazım olan 1,7 milyon ton dəmir filizi konsentratı istehsalı hədəflənir.
Hazırda istehsal olunan məhsulun daxili bazarda satışı, habelə xarici ölkələrə ixracı reallaşdırılır. Qeyd etmək lazımdır ki, 2014-cü ildən başlayaraq dəmir filizi məhsulunun dünya bazarındakı qiymətləri 2,5 dəfə aşağı düşmüşdür. Lakin QSC -nin həyata keçirdiyi effektiv marketinq siyasəti nəticəsində satışların həcmi artırılmış, satış qiymətləri əvvəlki illərə nisbətən 6 faiz yüksək olmuşdur. QSC, eyni zamanda, ölkənin strateji layihələrindən biri olan “Şah-Dəniz-2" layihəsinin icrasına da cəlb olunmuşdur.
“Daşkəsən Filizsaflaşdırma” ASC-nin fəaliyyətinin bərpası, istehsal həcminin artırılması müəssisədə çalışan əməkdaşlara 2013-2014-cü illərdən yığılmış əmək haqqı və sosial müavinətlərin tam ödənilməsinə, əmək haqlarının 20 faiz artırılmasına, əmək haqların vaxtlı-vaxtında verilməsi rejiminin təmin edilməsinə şərait yaratmışdır.
Gəncə şəhəri ərazisində Polad İstehsalı
Kompleksinin yaradılması
Dövlət başçısı bu il yanvar ayının 27-də regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edərək Azərbaycanın polad və polad məhsulları ilə özünü təmin etmədiyi bir şəraitdə bu sahəyə dövlət investisiyalarının yatırılmasının vacibliyini bir daha vurğulamışdır. Ölkədə polad istehsalı kompleksinin yaradılması məqsədi ilə Gəncə şəhəri ərazisində 140 hektar QSC -nin sərəncamına verilmişdir. Ötən müddət ərzində Azərbaycanın polad məhsulları bazarı öyrənilmiş, daxili tələb dəqiqləşdirilmiş, istehsal meyarları müəyyən olunmuşdur. Dövlət Statistika Komitəsi və Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ölkəmizə illik orta hesabla 1,2-1,3 milyard dollar həcmində polad və polad məhsulları idxal olunur. İqtisadiyyat və Sənaye Nazirliyinin cəlb etdiyi Yaponiyanın “Marubeni Protechs Corporation” şirkətinin Azərbaycanda bazar araşdırmaları nəticəsində hazırladığı yekun hesabatda ölkəyə hər il 500 min ton uzun polad məhsulları (armatur, şveller və s.) və 300 min ton digər polad məhsulları idxal edildiyi göstərilir.
Gəncə şəhərində yaradılacaq Polad İstehsal Kompleksinin qabaqcıl standartlara uyğun qurulması nəzərdə tutulur. Qeyd edək ki, zavodlarda bütün avadanlıqların Yaponiya və ya Almaniya istehsalı olması planlaşdırılır. İllik 1,5 milyon ton istehsal gücü olan müəssisələrdə hazırlanan polad məhsulları yüksək keyfiyyət standartlarına uyğun olacaq və ilkin mərhələdə daxili bazarın müxtəlif seqmentlərinin (tikinti, gəmiqayırma, neft-qaz, müdafiə sənayesi və s.) tələblərinin tam ödənməsinə istiqamətləndiriləcək. İstehsal olunacaq məhsulların çeşidliliyi və rəqabətə davamlı olması onların daxili bazarla yanaşı, xarici bazarlara da çıxışını təmin edəcək. Beləliklə, Azərbaycanın qısa müddət ərzində polad məhsulları idxal edən ölkədən ixracatçı ölkəyə çevrilməsi nəzərdə tutulur.
Ötən müddət ərzində sözügedən kompleksdə qurulacaq Dənəvər, Birbaşa Reduksiya, Polad və polad məhsulları istehsalı zavodlarının mühəndis layihəsinin, istehsalat prosesi üçün zəruri olan yan istehsalat müəssisələrinin mühəndis layihəsinin hazırlanması, kompleksin qurulmasının hər bir mərhələsinə müəllif və texniki nəzarətin təşkili ilə bağlı texniki tapşırıq sənədlərinin hazırlanması prosesində iştirak edən Baş layihəçi şirkətlə ilkin razılaşma əldə olunmuşdur. Baş layihəçi qismində seçiləcək müəssisə Almaniyanın nüfuzlu şirkətidir. Bununla yanaşı, SMS Group (Almaniya), Primetals (Yaponiya-Avstriya), Kobe Steel (Yaponiya), Nippon Steel (Yaponiya), Midrex (ABŞ) və metallurgiya sahəsində tanınmış digər bir sıra şirkətlərdən texniki təkliflər alınmış, geniş müzakirələr aparılmışdır.
Azərbaycanın dəmir filizi, təbii qaz, elektrik enerjisi ilə zəngin olması ölkədə polad və polad məhsullarının istehsalı üçün münbit şərait yaradır. Qurulacaq kompleksdə Yaponiya, Almaniya, ABŞ kimi dövlətlərin ən qabaqcıl metallurgiya texnologiyalarının istifadə edilməsi regionda və dünyada ən keyfiyyətli poladın istehsal olunacağına əsas verir. Eyni zamanda, məhsulun maya dəyərinin Türkiyə və Gürcüstan ilə müqayisədə daha ucuz olacağı da şübhə doğurmur. Bundan başqa, istehsal olunan məhsulun satış qiymətləri Rusiya və Ukraynadan ölkəmizə idxal edilən polad məhsullarından daha ucuz olacağı da birmənalıdır.
Qeyd edək ki, xarici və yerli mütəxəssislərlə birgə hazırlanmış texniki-iqtisadi əsaslandırma layihəyə cəlb olunacaq cəmi investisiyanın ən konservativ proqnozlarda belə 4 il ərzində tam ödəniləcəyini göstərir. Bu isə yaxın gələcəkdə ölkəyə qeyri-neft sektorundan iri həcmli valyuta gəlirlərinin təmin olunması, habelə idxal-əvəzləyici siyasət nəticəsində ölkənin yüksək keyfiyyətli polad məhsulları ilə özünü tam təmin etməsi deməkdir.
İnnovativ texnologiyaların
tətbiqi və ətraf mühit
Daşkəsən Filizsaflaşdırma Kombinatında dəmir filizinin istehsalı prosesinin səmərəliliyinin artırılması məqsədi ilə istehsalat prosesinin bütün mərhələlərinə elektron nəzarət sisteminin tətbiqinə başlanmışdır. Vahid mərkəzdən elektron nəzarət sistemi istehsal prosesinin əvvəlindən son məhsulun əldə olunmasına qədər keçən hər bir mərhələdə məhsulun mövcud statusu və parametrləri haqda məlumatları toplayaraq distant nəzarəti təmin edəcək. Belə ki, mütəxəssis nəzarət otağından fabrikdə istehsalat prosesində olan məhsulun sıxlığı, nəmliyi, çəkisi, tərkibindəki dəmir cövhərinin payı, habelə hazırda anbardakı ehtiyat həcmi və s. bir çox parametrlər haqda məlumatlara operativ nəzarəti reallaşdıracaq. Bununla yanaşı, polad istehsalı kompleksində də ən innovativ texnologiya tətbiq ediləcək. Tikiləcək zavodlarda 3-cü dərəcəli avtomatlaşma səviyyəsinin tətbiq olunması planlaşdırılır. Bundan başqa istehsalat prosesində birbaşa reduksiya metodunun (DRI - direct reduction of iron) istifadə olunması nəzərdə tutulur. Polad istehsalında birbaşa reduksiya metodu ən müasir texnologiyaların tətbiqini və eyni zamanda, ətraf mühitin ekoloji cəhətdən təmiz və sağlam qalmasını təmin edir.
Kadr bazasının gücləndirilməsi
Azərbaycan Polad İstehsalı Kompleksinin strukturuna daxil olan zavodlarda və filizsaflaşdırma müəssisəsində qabaqcıl texnologiyaların tətbiqi, istehsalat prosesinin beynəlxalq standart səviyyəsində reallaşdırılması sözügedən kompleksdə mütərəqqi idarəetmə sisteminin formalaşdırılmasını zəruri etmişdir. Hazırda formalaşdırılmış insan resurslarının idarəolunması siyasəti yüksək peşəkarlıq, müasir düşüncə, geniş kommunikasiya (o cümlədən, xarici dil bilikləri) prinsiplərinə əsaslanır. Bununla yanaşı, gələcək dövrdə QSC infrastrukturunun geniş şəbəkəsinin qurulması, inkişafı və uğurla idarə edilməsi üçün əməkdaşların bilik səviyyəsinin, peşə səriştəsinin və iş təcrübəsinin artırılması, kadr bazasının peşəkar kadrlarla, təcrübəli mütəxəssislərlə təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Kompleksin fəaliyyətinin istər idarəetmə səviyyəsində, istər istehsalat prosesinin ilkin mərhələsi olan dəmir filizi yatağında kəşfiyyat, hasilat işlərindən başlayaraq son məhsulun buraxılışınadək hər bir mərhələsində peşəkar kadrların olması prioritet məqsəddir.
Polad istehsalı kompleksinin inşası və fəaliyyətə başlaması iqtisadi səmərə ilə yanaşı, regionda sosial şəraitin daha da yaxşılaşmasına səbəb olacaq. Belə ki, ümumilikdə 5 minə yaxın insan işlə təmin olunacaq, bundan 2500-2700 nəfər daimi işlə təmin ediləcək.
Qeyd edək ki, Azərbaycanda dağ-mədən sənayesi, polad istehsalı sahəsində gənc mütəxəssislərin yetişdirilməsi, onların nəzəri və praktiki biliklərə yiyələnməsi, peşəkar və rəqabətqabiliyyətli kadrların hazırlanması üçün QSC ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında xüsusi memorandum imzalanmışdır. Eyni zamanda, adıçəkilən kompleksin fəaliyyəti çərçivəsində elmi-tədqiqat işlərinin həyata keçirilməsi və elmi nailiyyətlərin istehsalatda tətbiq edilməsi məsələlərinin birgə icrası ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası ilə müvafiq Memorandum imzalanmışdır. Bundan başqa, gələcəkdə müasir təlim tələblərinə cavab verən Tədris Mərkəzinin yaradılması da nəzərdə tutulur. Əməkdaşların biliklərinin dərinləşməsi və təcrübə mübadiləsi məqsədilə onların xarici ixtisasartırma kurslarına göndərilməsi, xarici ekspertlərin dəvət olunması da planlaşdırılır.
Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev giriş nitqində cari ilin altı ayı ərzində ölkə iqtisadiyyatının dinamik inkişafına diqqət çəkərək bildirmişdir ki, hesabat dövründə iqtisadiyyat 5,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut edir. Bundan da gözəl göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da biz 9,2 faiz artımı görürük. Yəni, bundan yuxarı nəticə ola bilməz. Sənaye istehsalı, təxminən, 4 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faizdən çox artmışdır. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, tədbirlərin nəticəsidir.
Qeyri-neft sənaye sektorunun lokomotivi rolunu üzərinə götürməyə hazırlaşan “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin bu inkişafda öz payı vardır. Belə ki, dünya bazarında dəmir filizi məhsullarının qiymətinin 2,5 dəfə aşağı düşməsinə baxmayaraq, QSC-nin həyata keçirdiyi düzgün marketinq nəticəsində xarici və daxili bazarda yeni müştərilər müəyyən edilmişdir. Müəssisənin istehsal gücü müasir texnologiyalar tətbiq edilərək artırılmış, məhsulun maya dəyəri aşağı salınmış və keyfiyyəti yüksəldilmişdir.
Görülən kompleks tədbirlər nəticəsində “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin struktur vahidi “Daşkəsən Filizsaflaşdırma” ASC-də keçən ilin ilk 6 ayı ilə müqayisədə 57 faiz artım müşahidə olunmuşdur.
Azərbaycanda qara metallurgiya sənayesinin yaradılması və inkişaf etdirilməsi, bu sahənin qısa müddət ərzində ölkənin qeyri-neft sektorunun aparıcı seqmentlərindən birinə çevrilməsi “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin rəhbərliyi qarşısına qoyulmuş başlıca vəzifədir. Bu vəzifənin kompleks tərəfindən uğurla icrası isə heç bir şübhə doğurmur.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.