Neft emalı sənayesində modernləşdirmə işləri davam edir

Dünyanın potensial neft və qaz ölkəsi kimi tanınan Azərbaycanda emal sənayesinin imkanları da ilbəil genişləndirilir, neft məhsullarının istehsalı sürətlə artır. Məhz bunun nəticəsidir ki, hazırda ölkəmiz dünyada həm də neft məhsullarının ixracatçısı kimi tanınır. Son illər Azərbaycanın neft emalı müəssisələrinin modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu baxımdan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda görülən işlər diqqəti cəlb edir. Hazırda burada müasir avtomatik idarəetmə sistemlərinin tətbiqi istiqamətində reallaşdırılan tədbirlər uğurla davam etdirilir.

Bu günlərdə  Heydər Əliyev adına Neft Emalı Zavodunun əsas texnoloji qurğularında eyni vaxtda aparılan irimiqyaslı təmir işləri uğurla başa çatdırılıb. Zavodun 55 nömrəli katalitik krekinq, 21 nömrəli ilkin emal, 43 nömrəli kokslaşdırma, 31 nömrəli katalitik riforminq və dizel yanacağının hidrotəmizlənməsi qurğuları əsaslı təmirdən sonra istismara verilib. Xatırladaq ki, təmir işləri müəssisənin 13 nömrəli sahəsinin və müxtəlif təyinatlı ixtisaslaşdırılmış təmir-tikinti idarələri tərəfindən həyata keçirilib. Təmir dövründə 21 nömrəli ilkin emal qurğusunda K-2 kolonunun sıradan çıxmış boşqabları və transfer xətti təmizlənərək yenidən yığılıb, hava soyuducularının giriş-çıxış boruları dəyişdirilib. Ötən müddətdə sobalar təftiş olunub, qüsurlar aradan qaldırılıb. Bundan əlavə, vakuum qazoylun nəqlinin artırılması məqsədilə vakuum blokuna əlavə olaraq yeni nasos quraşdırılıb. Əsaslı təmir proqramı çərçivəsində, həmçinin vakuum kolonunun sıradan çıxmış tərtibatları yeniləri ilə əvəz edilib,  xammal nasosu və K-8 kolonundan çıxan qaz xətti dəyişdirilib. Müəssisədə üç ədəd yeni 5 min kubmetrlik neft çəninin istifadəyə verilməsi ilə əlaqədar 1976-cı ildən istismar olunan xam neft xətləri tamamilə dəyişdirilib. Hazırda qurğu saatda 650 kubmetr məhsuldarlıqla istismar olunur.

Zavodun 55 nömrəli katalitik krekinq qurğusunda isə İD 105 istidəyişdiricisinin boru dəsti yenisi ilə əvəz olunub. T104 tutumunda və S-3 seperatorunda süzgəclər dəyişdirilib. Genişmiqyaslı təmir işləri çərçivəsində 100-cü bölmənin reaktorundan katalizator qismən yenilənib, bölmənin məhsuldarlığının ildə 3 milyon tona çatdırılması üçün əlavə nasoslar quraşdırılaraq istismara verilib. İki sobada isə yeni, müasir tipli şamlar quraşdırılıb.

Əsaslı təmir proqramı çərçivəsində 31 nömrəli katalitik riforminq qurğusunda hava soyuducuları yeniləri ilə əvəz olunub, iki sobanın dam örtüyü və kollektorların istilik örtüyü dəyişdirilib. Eyni zamanda, DR 111 reaktorunda katalizatorun üst hissəsi təmizlənərək yenidən sistemə qaytarılıb. Qurğuda avtomatik idarəetmə sistemi ilə əlaqədar çox sayda klapan, səviyyəölçən və sərfölçən quraşdırılıb, qaz kompressorlarının gövdəsinin soyutma sistemi çirkabdan təmizlənməklə yanaşı, digər zəruri işlər görülüb.

Müəssisənin 43 nömrəli kokslaşdırma qurğusunda da nəzərdə tutulmuş əsaslı təmir və yenidənqurma işləri vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilib.  Soba, reaktorlar və digər sahələrin əsaslı təmiri qurğunun vahid axınla istismara buraxılmasına imkan yaradıb. Təmir zamanı, həmçinin qurğunun radiasiya kameralarının boruları dəyişdirilib. Bütövlükdə isə təxminən bir ay davam edən təmir işlərindən sonra zavodun texnoloji qurğuları hidravlik sınaqdan keçirilərək uğurla istismara verilib. Bununla da, sözügedən qurğularda neft məhsullarının istehsalı yenidən bərpa olunub.

Xatırladaq ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun mühüm qurğularında əsaslı təmir işlərinə ötən ayın əvvəllərində başlanmışdır. Bu məqsədlə müəssisənin neftin ilkin emalı, katalitik krekinq, tədrici kokslaşdırma və katalitik riforminq qurğularında həyata keçiriləcək təmir işlərinin siyahısı tutulmuş və onların yerinə yetirilməsi üçün texniki-təşkilati, təchizat və nəqliyyat məsələləri müəyyən edilmişdir. Təmir dövründə zavodun texniki nəzarət şöbəsinin işçiləri tərəfindən texnoloji qurğuların texniki vəziyyəti tam surətdə yoxlanılmış, qüsurlar cədvəlinə əsasən qurğularda mexaniki, elektrik və metroloji işlər yerinə yetirilmişdir.

Bundan əlavə, təmir işləri aparılan müddətdə təhlükəsizlik və ekoloji qaydalara nəzarət xeyli gücləndirilmiş, görüləcək işlərdə risklər əvvəlcədən müəyyənləşdirilmişdir. Göründüyü kimi, hazırlıq işlərinin yüksək səviyyədə təşkil olunması nəticəsində zavodun təmir briqadalarının qüvvəsindən istifadə edilməklə qurğularda əsaslı təmir işləri vaxtında və keyfiyyətlə icra edilmişdir.

Yeri gəlmişkən, fəaliyyət göstərdiyi ötən illər ərzində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda 300 milyon tondan artıq neft emal olunmuş, yeni qurğular tikilmiş, müasir texnologiya tətbiq edilmiş, müxtəlif növ neft məhsulları istehsal edilmişdir. Hazırda Azərbaycan neftinin 24 çeşidindən 21-i məhz  bu müəssisədə emal olunur. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzinləri, aviasiya kerosini, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Neft məhsullarının 45 faizi  xarici ölkələrə ixrac edilir. Zavodda neftin ilkin emalı üzrə ED-AV-6 qurğusu, katalitik riforminq qurğusu, tədrici kokslaşma qurğusu, katalitik krekinq qurğusu kimi yüksək texnoloji gücləri fəaliyyət göstərir.

Hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) üzrə il ərzində, təqribən, 16 milyon ton neft emal olunur. Emal kompleksində istehsal olunan neft məhsulları ölkəmizin daxili tələbatını ödəməklə yanaşı, dünya bazarlarına da ixrac olunur. Azərbaycanın neft məhsulları isə hazırda, əsasən, Gürcüstana, Xəzər və Qara dəniz hövzəsi ölkələrinə göndərilsə də, ixracın coğrafiyası ilbəil genişlənir. Bu ilin altı ayı ərzində ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən xaricə 491 min 855 ton dizel yanacağı, 103 min 509 ton təyyarə yanacağı və 178 min ton soba mazutu ixrac etmişdir.

Məlum olduğu kimi, cari ilin fevral ayından etibarən Prezident İlham Əliyevin tapşırığına əsasən, “Avro-5” standartlarının tətbiqi ilə bağlı tədbirlərin sürətləndirilməsi ilə əlaqədar ölkədə fəaliyyət göstərən neftayırma müəssisələrində yenidənqurma işləri həyata keçirilir. Bu baxımdan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun mövcud texnoloji qurğularının modernləşdirilməsi, istehsal gücünün artırılması və ekoloji mühitin yaxşılaşdırılması məqsədilə reallaşdırılan layihələr diqqəti cəlb edir.

Müvafiq proqrama əsasən, zavodun ED-AV-6, katalitik krekinq qurğularında bir sıra modernləşdirmə işləri aparılır. Belə ki, İtaliyanın “Foster Wheller” firması tərəfindən 21 nömrəli ED-AV-6 qurğusunun məhsuldarlığının ildə 7,5 milyon tona çatdırılması və qurğunun daxili istilik potensialından daha səmərəli istifadə edilməsi, eləcə də ABŞ-ın UOP firması tərəfindən 55 nömrəli katalitik krekinq qurğusunun məhsuldarlığının ildə 2,5 milyon tona çatdırılması istiqamətində layihələndirmə işləri davam etdirilir.

Yeri gəlmişkən, ölkənin emal müəssisələri ilə kimya kompleksi arasında əlaqələrin yaradılması da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin diqqət mərkəzindədir. İldə 100 min ton polietilen və 150 min ton polipropilen məhsulunun istehsalı üçün “Azərikimya” İstehsalat Birliyinin xammalla təmin edilməsi xüsusi əhəmiyyət kəsb edən məsələlərdəndir.

Yaxın illərdə isə izomerləşmə, ekoloji mühitin yaxşılaşdırılmasında mühüm rol oynayan, mayeləşdirilmiş qazların və katalitik krekinq qurğusunun benzin faraksiyalarının kükürdlü birləşmələrdən təmizlənməsi üçün UOP və digər firmaların texnologiyaları əsasında qurğuların tikintisi də nəzərdə tutulur. Həmin məsələlərlə bağlı əlaqələndirici “Foster Wheller” firmasının təşkilatçılığı ilə ABŞ-ın UOP firmasının nümayəndələri ilə ARDNŞ arasında müvafiq danışıqlar aparılıb, protokol imzalanıb. Həmin layihələrin isə 2018-2019-cu illərdə həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında