Bu gün muxtar respublikanın hansı bölgəsinə - kəndinə və ya şəhərinə yolun düşsə, orada sahibkarlıq obyektinin şahidi olarsan. Bu, bir həqiqətdir ki, diyarımızın iqtisadi gücünə, qüdrətinə rəvac verən müxtəlif təyinatlı istehsal müəssisələri, fermer təsərrüfatları həm də insanların iş yeri, qazanc mənbəyi olmaqla, doğulduğu torpağa bağlılıqlarını artırır. Onu da qeyd edək ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan, ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi inkişaf ölkəmizin hər bir bölgəsində olduğu kimi, Babək rayonunda da özünü göstərir.
Babək aqrar rayonudur və əhalisinin 70 faizdən çoxu kəndlərdə yaşayır. Sözsüz ki, kənd adamı, torpaq sahibi əkinçilik və maldarlığa həmişə üstünlük verib. Bəziləri yalnız öz dolanışıqları üçün bu sahəyə maraq göstərirsə, digərləri yaşadıqları bölgənin əhalisinin kənd təsərrüfatı məhsulları ilə təminatına da çalışırlar. Bu da ilk növbədə muxtar respublikamızda iqtisadiyyatın inkişaf etdirilməsi, dövlətin sahibkarlara dəstəyi ilə bağlıdır. Bu günlərdə yolumuzu saldığımız, Nehrəm kəndındə yerləşən “Xalaoğlu” təsərrüfatı da bu amala xidmət edir.
.... Naxçıvan-Culfa magıstralının sağ-sol tərəfləri, həmçinin, Nehrəmə gedən yolun ətrafındakı yaşıllıq, göz işlədikcə uzanan zəmilər üzə gülür. Bütün bunlar bir həqiqətdən söz açır: torpaq həsrəti çəkən kəndli ona qovuşandan sonra hər tərəf beləcə cənnətə dönüb. Meyvə bağları, bostan ləkləri, ən zəruri ərzaq məhsulu olan taxıl sahələri bolluqdan-bərəkətdən xəbər verir. Və bu da bir həqiqətdir ki, torpağı kəndlilərə verməklə iş bitmədi. Əvvəlki illərdə sahələr minbir əziyyətlə əkilir, torpaqların çoxu isə boş qalırdı. Amma dövlətimiz iqtisadi cəhətdən gücləndikcə bu məsələlər də öz həllini tapdı. Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri, Aqrolizinq yolu ilə fermerlərə kənd təsərrüfatı texnikalarının satılması və həm də sifarişlə köməyə göndərilməsi, meliorasiya və irriqasiya işlərinin ardıcıl olaraq davam etdirilməsi indi kəndlinin əməyini yüngülləşdirib, torpağa, əməyə məhəbbət artıb. Bu il ölkədə “Kənd təsərrüfatı ili” elan edilməsi də bu sahəyə göstərilən qayğının parlaq göstəricisidir.
Bü düşüncələrlə sözügüdən müəssisəyə çatdıq. Bəri başdan deyək ki, burada — kompleksin həyətindəki müxtəlif tikililər— ferma, süd emalı sexi və quşçuluq təsərrüfatı, bir tərəfində göz oxşayan meyvə bağı elə daxildəki nizam-intizamın göstəricisi kimi qəlbimizi xoş duyğularla döyündürdü.
Hər kəsin üzündə xoş təbəssüm var idi. Bu, əlbəttə, işdə yaradılan ab-havadan, görülən işə sevgidən qaynaqlanırdı. Niyə də olmasın? Vaxt var idi ki, muxtar respublikanın gəncləri ailələrinə bir tikə çörək qazanıb gətirmək üçün xarici ölkələrə üz tutur, eldən—obadan uzaq düşürdülər. Amma. bu gün torpaq onların iş yerinə çevrilib, eləcə də sənaye, emal müəssisələri yaradılır, sakinlər öz qapısının ağzındaca iş yerləri ilə təmin olunurlar. İndi bu kompleksdə çalışan 14 nəfərin üz-gözündən hiss olunan razılıq ifadələri də məhz dövlətə minnətdarlıq ifadəsinin təcəssümüdür. Təsərrüfatın rəhbəri Ramin Əliyev bizi istehsal prosesi ilə tanış etdi. Süd yenicə gəlmişdi və sexdə emal olunurdu. Müasir standartlara uyğun avadanlıqlar vasitəsilə qatıq çalınırdı, amma. dədə-baba üsulu ilə. Təsərrüfat rəhbəri kompleksdə aparılan yeniliklərdən söz salaraq bildirdi : “Muxtar respublikamızda sahibkarlığa yaradılan şəraiti təkcə elə bu kompleksin timsalında aydın görmək olar. Ali Məclis sədrinin muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaqla təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi ilə 17 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilən ”2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" sahibkarlara böyük bir töhfə oldu. Muxtar respublika əhalisinin gigiyenik cəhətdən təmiz ərzaqla təmininə göstərilən qayğını, diqqəti bir daha təsdiq edən bu tarixi sənədin nəticəsində “Xalaoğlu” kompleksi də yaradılma imkanı qazandı. İki il bundan əvvəl 20 baş inəklə fəaliyyətə başladıq, bu gün isə burda 100 baş yerli qaramal və 100 baş buzov bəslənilir. Fermada inəklərin baş sayını getdikcə artırmağı düşünürük".
Yerli cinsdən olan inəklərin saxlanma baxımından əlverişli olduğunu vurğulayan təsərrüfat rəhbəri dedi ki, iqlimə uyğun olduğundan itki az olur: “ Mal-qara vaxtlı-vaxtında baytar müayinəsindən keçirilir. İyunun ortalarında Göygöl yaylağına aparılan qaramal sentyabrın axırında gətirilir. Hazırda gün ərzində hər inəkdən 10 litr süd sağılır. Yaylaqda dağların güllü-çiçəkli otları ilə bəslənən vaxt daha çox süd sağılır və maşınlarla sexə daşınır”.
Öyrəndik ki, sex dörd ay əvvəl yaradılıb və artıq məhsul, sadəcə, süd kimi satışa çıxarılmır. İndi burda çeşid-çeşid məhsul istehsal olunur. Gün ərzində 600-700 ədəd 1 kiloqramlıq qablarda qatıq çalınır və tərkibinə əlavə maddələr vurulmur. Bu da həm qatığın dadının saxlanılması, həm də əhalinin sağlamlığının qorunması baxımından alıcıları razı salır. Onu da xatırladaq ki, qatıq mədədə öz-özünə həzm olunan yeganə qida maddəsidir, 22 xəstəliyin mikrobunu məhv edə bilir. Eyni zamanda, yoluxucu xəstəliklərin mualicəsində də olduqca əhəmiyyətlidir. Dini kitabımız “Qurani-Kərim”də də yazılıb ki, qatığı süfrəndən əskik etmə.
Emal sexində yeniliklərdən söz açan R.Əliyevdən öyrəndik ki, sexdə yeni saxsı qablarda da qatıq istehsalına başlanılıb və bu bir nəfər üçün (350 qram) nəzərdə tutulub. Həmçinin burada artıq 350 qramlıq və 0,5 kiloqramlıq kərə yağı da istehsal olunur. 250 qramlıq xama, ayran da hazırlanır və gigiyenik normalara uyğun şəkildə qablaşdırılır.
Sahibkarlığa yaradılan dövlət dəstəyinin bariz nümunəsi burada broyler sexinin yaradılmasına da təkan verib. İki il əvvəl 50 metr uzunluğunda, 12 metr enində sex tikilib. Təsərrüfatda müasir avadanlıqlardan, becərmə qaydalarından istifadə edilərək ətlik quş saxlanılır. Hazırda broyler sexində 10 min baş quş bəslənilir. Cücələr 52 günə bəslənib normal çəkiyə gətirilir və muxtar respublikanın ticarət obyektlərinə verilir. Dad-tamı ilə seçilən məhsulun alıcısı da çoxdur. Həmçinin təsərrüfatın 25 hektara qədər taxıl sahəsi var və hər hektardan 30-35 sentner məhsul götürür. Bəli, Dövlət Proqramından irəli gələn vəzifələrə uyğun yaradılmış daha bir müəssisə ilə tanış olduq. Əlbəttə, bu, son deyil. Bu tarixi sənəd hələ çox zəhmətkeş insanın yoluna işıq tutacaq, diyarımızın iqtisadi potensialını artıracaq. Bazarda aparılan rəqabət ucuzlaşma baxımından da əhaliyə xeyir gətirəcək.
Hafizə ƏLİYEVA,
Babək rayonunda çıxan
“Şərqin səhəri” qəzetinin redaktoru,
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.