Səbail rayonu 2015-ci ilin 6 ayında

Səbail Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclasında Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında səslənən mülahizələr və qarşıya qoyulan vəzifələr ətraflı müzakirə olundu.

Rayonun idarə, müəssisə, təsərrüfat, xidmət, humanitar sahə, bələdiyyə rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə keçirilən yığıncağı giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Nazirlər Kabinetinin bir gün əvvəl keçirilmiş iclası barədə ətraflı məlumat verdi. Natiq qeyd etdi ki, ölkə başçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq, bu ilin  6 ayında ölkəmiz dinamik inkişaf etmiş, iqtisadiyyat 5,7 faiz, qeyri-neft sektoru 9,2 faiz armışdır.

Sənaye istehsalı təxminən 4 faiz, qeyri-neft sənayesi 14 faizdən çox artmışdır. Kənd təsərrüfatında 7,3 faiz artım qeydə alınmışdır. Ölkədə inflyasiya 3,5 faiz, əhalinin pul gəlirlərinin artımı 6,2 faiz həddindədir. Başçı bildirdi ki, ölkənin sosial- iqtisadi  həyatında baş verən bu müsbət prosesləri dərindən şərh edən İlham Əliyev uğurları artırmaq üçün qarşıda duran məsul vəzifələri də açıqladı.

Daha sonra Asif Əsgərov Səbail RİH- in rayonun 6 aylıq sosial- iqtisadi inkişafı barədə hesabatının önəmli fakt və rəqəmlərini iştirakçıların nəzərinə çatdırdı.

Bildirildi ki, ilin əvvəlindən iri sənaye müəssisələrində 7 milyard 797,2 milyon manatlıq və ya əvvəlki illə müqayisədə 2,4 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Nəqliyyat müəssisələri 214,3 milyon manatlıq və ya 5,5 faiz çox, rabitə müəssisələri 65,9 milyon manatlıq və ya 5,3 faiz çox xidmətlər göstərmişdir. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 3 milyard 460,6 milyon manat olmuş, 34,6 faiz artmışdır. Tikinti- quraşdırma işlərinə qoyulan investisiyanın həcmi 2 milyard 288,9 milyon manat və ya 2,1 dəfə çox olmuşdur.

Pərakəndə ticarət şəbəkəsində əhaliyə 109,1 milyon manatlıq və ya 22,7  faiz çox istehlak malları satılmışdır. Əhaliyə 130,5 milyon manatlıq pullu xidmət göstərilmişdir ki, bu da 2,8 faiz çoxdur. Səbail rayonunda çalışan işçilərin sayı 111 min  nəfəri, orta aylıq əmək haqqı isə 1089,6 manatı ötərək, 12,3 faiz  çoxalmışdır. 6 ay ərzində rayon ərazisində 1034 yeni iş yeri açılmışdır. Bunların hamısı daimidir. 693 nəfər iş axtaran vətəndaşın 483 nəfəri daimi işlə təmin olunmuşdur.

Hesabat dövrü ərzində Bakı Su İdmanı Sarayı, “İnturist” oteli, Velopark, YARAT Müasir İncəsənət Mərkəzi, Daş Salnamə Muzeyi, Azərbaycan Evi, Bayıl bulvarı, Avropa Oyunları Parkının qarşısında bağ, Bakı– Qazax avtomobil yolunun 4-6 kilometrlik hissəsində bağlantı xətləri, Bayıl bulvarına piyada keçidi, “Sülh ağacı” abidəsi, Avropa Qonaqpərvərlik Klubu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisi, əsaslı təmirdən sonra Bakı İdman Sarayı istifadəyə verilmişdir.

Hazırda “Alov qüllələri” kompleksinin, Dənizkənarı Milli Parkda “Xəzər Waterfront” istirahət-əyləncə-alış-veriş mərkəzinin, Badamdar qəsəbəsində Bakı Media Mərkəzinin, Müasir Avropa məktəbinin, xəstəxananın, idman kompleksinin, 1 otelin və 3 yeni su anbarının, “İnterkontinental” və “Dinamo” mehmanxanalarının, iş mərkəzinin, rayon prokurorluğunun, Ali Neft Məktəbi üçün idman və yataqxana kompleksinin, jurnalistlər üçün yaşayış evinin, 9 saylı Xəzinədarlıq İdarəsi üçün binanın tikintisi davam etdirilir. Bayıl dairəsində genişmiqyaslı abadlıq işləri, Dənizkənarı Milli Parkın Bibiheybət qəsəbəsinə kimi genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması işləri də sürətlə aparılır.

R.Mustafayev adına İncəsənət Muzeyinin əsas binası və 190 saylı orta məktəb əsaslı təmir edilir. Badamdar şossesində 2,2 kilometr yol 3 metr genişləndirilmişdir. Üzeyir Hacıbəyov küçəsində 2, Xaqani küçəsində 6, Ə.Əlizadə küçəsində 1, Adil İsgəndərov küçəsində 2, Zərifə Əliyeva küçəsində 5, Neftçilər prospektində və Səməd Vurğun küçəsində 1 binanın, Bülbül prospekti- 3 ünvanda yaşayış evlərinin, Bibiheybət yolundakı yaşayış kompleksinin üzlənməsi başa çatdırılmışdır. Hazırda Mətbuat prospekti-2 və İ.Məmmədov küçəsi- 2 “a” ünvanlarında binaların üzlənməsi davam edir. Bir sıra küçələrdə yollar asfaltlaşdırılmış, səkilər təmir edilmişdir.

Bu mövsümdə rayonun müxtəlif yaşayış məntəqələrində bir neçə ağacəkmə aksiyası keçirilmişdir. 7 min ağac, 35 min dekorativ gül kolu, 5 min kvadratmetr sahədə qazon otu əkilmiş, əvvəl əkilmiş ağaclara qulluq göstərilmişdir. Prospektlərdə, park və istirahət bağlarında, yol kənarlarında da çoxlu dekorativ gül kolları əkilərək, gözəl kompozisiyalar yaradılmışdır.

Başçı daha sonra bildirdi ki, ilk Avropa Oyunları ilə bağlı paytaxtın mərkəzi ərazisi olan Səbail rayonunda da böyük hazırlıq və geniş- miqyaslı abadlıq-quruculuq işləri görülmüşdür. Oyunların keçirildiyi məkanların 5-i, “Bakı-2015” Əməliyyat Komitəsinin baş ofisi Səbaildə yerləşdiyindən rayon oyunlara hazırlıq və yarışların keçirilməsi işlərində fəal iştirak etmiş və layiqli kömək göstərmişdir.

Oyunlara hazırlıq dövründə Su İdmanı Sarayının tikintisi ilə bağlı fərdi yaşayış evlərinin, qeyri yaşayış və digər təyinatlı tikililərin sökülməsi, sakinlərin köçürülməsi təmin olunmuş və ərazidə genişmiqyaslı abadlıq işləri aparılmışdır. Həyata keçirilən işlərin nəticəsidir ki, rayondakı bütün idman obyektlərində yarışlar ən yüksək səviyyədə keçmiş, heç bir problem yaşanmamışdır.

Toplantıda qeyd olundu ki,  ötən yarımildə rayonun təsərrüfat xidmətləri bir sıra işlər həyata keçirmiş, məsul olduqları sahələrdə həyatın ahəngdarlığını təmin etmişdir. Bir sıra binaların istilik xətlərində, dam örtüklərində təmir işləri aparılmışdır. Su və kanalizasiya xətləri dəyişdirilmiş, mərkəzdəki bir sıra binaların fasadı təmir olunmuş, rənglənmişdir. Gündəlik olaraq ərazidə abadlıq-təmizlik işləri görülmüşdür. Sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təchizatı daha da yaxşılaşdırılmış, bu istiqamətlərdə narazılığa səbəb olan hallara yol verilməmişdir.

Əlamətdar tarixi günlərdə və bayramlarda  müxtəlif kütləvi tədbirlər keçirilmiş, aztəminatlı ailələrə bayram sovqatları verilmişdir. RİH- in hədiyyələrini,  müxtəlif yardımlarını, ərzaq bağlamalarını alanların sayı 10169 nəfər olmuşdur.

İclasda Səbail Rayon MKTB-nin rəisi Elbrus Əhmədov, Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin müdiri Cavid Abdullayev, Su-kanal Departamentinin rəisi Rauf Osmanov, Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Rəna Əliyeva və başqaları çıxış etdilər, uğurlardan, qarşıda dutan işlərdən söhbət açdılar. Nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı tədbirlər də müzakirə olundu.

Sonda qarşıdakı aylarda görüləsi məsul işlərlə bağlı vəzifələr müəyyən edildi, konkret tapşırıqlar verildi.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında