Prezident İlham ƏLİYEV: Azərbaycan hətta böhranlı illərdə də sürətlə inkişaf edə bilər

Ölkəmizdə həyata keçirilən düzgün, hərtərəfli iqtisadi strategiyanın uğurları ilbəil artır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş islahatların yeni dövrün tələblərinə uyğun yaradıcılıqla davam etdirilməsi, neft strategiyasının uğurla reallaşdırılması nəticəsində Azərbaycanda davamlı və tarazlı inkişafın təməli qoyulmuş, ölkəmizin beynəlxalq nüfuzu xeyli artmışdır. Bir neçə il əvvəl keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycan Respublikası indi bir sıra nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında ən islahatçı və dinamik inkişaf edən  ölkə kimi tanınır.

Bu tendensiya cari ilin ötən dövründə də davam etmiş, ölkəmizdə gedən sürətli inkişaf və tərəqqi meyilləri beynəlxalq maliyyə və reytinq təşkilatları tərəfindən yüksək qiymətləndirilmişdir. Bu ilin əvvəlindən Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq ölkə iqtisadiyyatına kənardan mənfi təsirlərin minimuma endirilməsi istiqamətində atılmış qətiyyətli addımlar Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən birmənalı olaraq bəyənilmişdir. Bundan əlavə, dünyanın Fitch Ratings və Standard and Poor’s kimi aparıcı reytinq agentlikləri də cari ilin birinci yarısında keçirdikləri reytinq dəyərləndirmələri əsasında Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini “BBB-” investisiya səviyyəsində bir daha təsdiq etmişlər.

Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu və digər məsələlər geniş təhlil olundu, ölkəmizin qarşıdakı dövr üçün sosial-iqtisadi inkişafının prioritet istiqamətləri nəzərdən keçirildi.

Müşavirədə giriş nitqi ilə çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, son zamanlar getdikcə artmaqda olan beynəlxalq təzyiqlərə, Azərbaycanın inkişafına qısqanclıqla yanaşan daxili və xarici qüvvələrin cidd-cəhdlərinə baxmayaraq, bizim uğurlarımız, doğrudan da, tarixi xarakter daşıyır. Dünyanı bürüyən növbəti maliyyə böhranı, neftin qiymətinin aşağı səviyyədə olduğu bir şəraitdə iqtisadiyyatımızın inkişafı davam etmişdir. Cari ilin 6 ayında ölkəmizin dinamik sosial-iqtisadi inkişafını xarakterizə edən rəqəmlərə toxunan dövlətimizin başçısı demişdir: “Baxmayaraq ki, qonşuluqda vəziyyət hələ ki, o qədər müsbətə dəyişməyib, Azərbaycanda iqtisadiyyat inkişaf edir. Altı ayda   iqtisadiyyat 5,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut edir. Bundan da gözəl göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da biz 9,2 faiz artımı görürük. Yəni, bundan yuxarı nəticə ola bilməz. Sənaye istehsalı təxminən 4 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faizdən çox artmışdır. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, tədbirlərin nəticəsidir”.

Cari ilin ötən dövrü ərzində Azərbaycanda 26,3 milyard manat ümumi daxili məhsul istehsal olunmuşdur. Bundan əlavə, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsi olaraq qeyri-neft sektoru üzrə 9,2 faiz artım əldə edilmişdir. 2015-ci ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirləri üzrə proqnoz göstəricilərinin icrası da uğurlu olmuş, büdcənin mədaxili 101,2 faiz yerinə yetirilməklə 7 milyard 807 milyon manat vəsait təmin edilmişdir. Bununla yanaşı, Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılan transfert nəzərə alınmadan digər mənbələr üzrə dövlət büdcəsinin gəlirləri 4 milyard 246 milyon manat və yaxud proqnoza nisbətən 29 milyon manat (0,7 faiz) çox icra olunmuşdur.

Yeri gəlmişkən, dövlət büdcəsindən ayrılmış əsaslı xərclərlə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına 264 milyon manat, Dövlət Neft Fondunun vəsaiti hesabına 467 milyon manat investisiya qoyulmuşdur.

Hesabat dövründə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həlli vacib hesab edilən bir sıra sosial və infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər, rayon və qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, kənd təsərrüfatının dəstəklənməsi, kəndlərarası yolların tikintisi üçün Prezident İlham Əliyev tərəfindən 74 milyon manat vəsaitin ayrılmasına dair sərəncamlar imzalanmışdır.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi işi davam etdirilməklə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası üçün hesabat dövründə 25 milyon manat vəsait yönəldilmişdir.

Ölkəmizdə sahibkarlığın inkişafına dövlət dəstəyinin əyani təcəssümü olaraq  Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə  altı ayda iqtisadiyyatın müxtəlif sahələri üzrə 2972 sahibkara 96 milyon manat həcmində güzəştli kreditlər verilmişdir.

Cari ilin fevral ayında manatın devalvasiyasına baxmayaraq, Azərbaycanda inflyasiya cəmi 3,5 faiz faiz təşkil etmişdir ki, bu da aşağı səviyyə hesab olunur. Bununla yanaşı, əhalinin pul gəlirləri ənənəvi olaraq inflyasiyanı üstələyərək 6,2 faiz artmışdır. Kənd təsərrüfatında 7,3 faizlik artım qeydə alınmışdır. Bu isə son illər ərzində ən yüksək artım tempidir. Yeri gəlmişkən, aqrar sahədə qeydə alınmış bu artım, həm də ölkəmizdə elan olunmuş “Kənd təsərrüfatı” ili çərçivəsində həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsi kimi dəyərləndirilə bilər. Azərbaycanın uğurlu inkişafının düşünülmüş siyasətə əsaslandığını bir daha bəyan edən Prezident İlham Əliyev dedi: “Hər bir məsələ, hər bir sahə ilə bağlı çox konkret fəaliyyət planı var—regionların inkişafı, işsizliyin aradan qaldırılması, sənayeləşmə, kənd təsərrüfatının inkişafı. Deyə bilərəm ki, kənd təsərrüfatının inkişafı üçün bu il çox önəmli addımlar atılmışdır. Bir neçə fərman imzalanmışdır ki, bu da kənd təsərrüfatının inkişafına xidmət göstərir. Məsələn, taxılçılıqda məhsuldarlıq böyük dərəcədə—təxminən 20 faiz artmışdır. Əvvəllər hektardan 22 sentner götürürdüksə, mənə verilən məlumata görə indi 30 sentner götürmüşük. Dövlətin dəstəyi ilə iri fermer təsərrüfatları yaradılır, meliorasiya tədbirləri, bütün aqrotexniki tədbirlər görülür, strukturlaşma prosesi gedir və şəffaflıq təmin edilir. Əlbəttə, gələcəkdə daha da ciddi işlər aparılacaq ki, həm məhsuldarlıq artsın, həm də biz torpaq fondumuzdan maksimum dərəcədə istifadə edək”.

Azərbaycanın iqtisadi inkişafının davamlı olduğunu təsdiq edən amillərdən biri də uğurlu investisiya siyasəti ilə bağlıdır. Bu ilin 6 ayında ölkə üzrə 12,7 milyard manat sərmayə qoyulmuşdur ki, bunun da əksər hissəsini xarici investisiyalar təşkil etmişdir. Xarici sərmayələrin üstünlük təşkil etməsi isə  Azərbaycanın investisiyalar üçün çox cəlbedici ölkə olmasını bir daha təsdiqləyir.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi strategiyanın başlıca hədəfi iqtisadiyyatı şaxələndirməklə, qeyri-neft sektorunu inkişaf etdirmək hesabına ölkədə yeni iş yerlərinin yaradılması ilə bağlıdır. Bu ilin birinci yarısında ölkəmizdə 60 minə yaxın yeni iş yeri açılmışdır ki, onlardan 48 mini daimidir. Bütövlükdə isə son 12 il ərzində Azərbaycanda 1 milyon 400 min iş yeri açılmışdır. Bunun da 1 milyonu daimi iş yeridir.  Azərbaycanda işsizliyin keçən ilin yekunlarına görə, 5 faiz səviyyəsində olduğunu vurğulayan Prezident bütün mötəbər beynəlxalq maliyyə qurumlarının ölkəmizdə işsizliklə, yoxsulluqla bağlı mübarizənin çox yüksək qiymətləndirdiklərini diqqətə çatdırmaqla yanaşı, əhali artımı ilə əlaqədar olaraq yeni iş yerlərinin açılmasının daimi prosesə çevrilməsini tövsiyə etdi.  Bununla belə, müşavirədə bağlanan iş yerlərinin diqqətdən kənarda saxlanılmamasının vacibliyini önə çəkən dövlət başçısı bunun səbəblərinin araşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verdi.

Ölkəmizdə sosial sahədə bütün proqramların uğurla icra olunduğunu bildirən Prezident İlham Əliyev cari ilin ötən dövründə neftin qiymətinin düşməsi ilə əlaqədar Azərbaycanın gəlirlərinin azalmasına baxmayaraq, heç bir sosial proqramın ixtisar olunmayacağını və bununla yanaşı, yeni təşəbbüslər haqqında düşünüldüyünü diqqətə çatdırdı. Qeyd olundu ki, əhalinin sosial müdafiəsinin gücləndirilməi məqsədilə ünvanlı sosial yardım proqramında çox müsbət dəyişikliklər baş verir, bu sahədə şəffaflıq təmin olunur və   xoşagəlməz hallara son qoyulur.

Müşavirədə sosial infrastrukturun yaradılması ilə bağlı məsələlərə toxunan dövlət başçısı bildirdi ki, ölkəmizdə məktəblərin, xəstəxanaların inşası davam edir və hazırda təxminən 20-dən çox məktəb, 30-dan çox tibb müəssisəsi təmir olunur, tikilir. Növbəti illərdə Azərbaycanda bir dənə də təmirsiz məktəbin qalmayacağını, hər bir yerdə, hər bir kənddə insanların normal tibbi xidmətlə təmin olunacağını bildirən Prezident İlham Əliyev demişdir: “Bu, bir daha onu göstərir ki, hətta böhranlı illərdə Azərbaycan sürətlə inkişaf edə bilər. Çünki bizim düşünülmüş siyasətimiz var. Bizim proqramlarımız reallıq üzərində qurulubdur”.

Prezident İlham Əliyevin müşavirədəki yekun nitqində səsləndirdiyi fikirlər də   vətəndaşların nikbinliyini bir qədər də artırdı. Belə ki, Azərbaycanda makroiqtisadi sabitliyin qarşıdakı aylarda da təmin olunacağını əminliklə söyləyən dövlət başçısı, ilk növbədə, inflyasiyanın arzu olunan həddə saxlanılmasının vacibliyini diqqətə çatdırdı. Eyni zamanda, ilin sonuna qədər bütün lazımi infrastruktur layihələrinin icrasının davam etdiriləcəyini bildirən dövlət başçısı qarşıdakı aylarda kənd yollarının tikintisinin sürətləndirilməsi üçün bütün tədbirlərin görüləcəyini diqqətə çatdırdı, ölkə ərazisinin qazlaşdırılması ilə bağlı işlərin daha da sürətlə aparılmasını, eləcə də bölgələrdə elektrik enerjisi ilə təchizatın Bakıdakı kimi yüksək səviyyədə təmin olunmasını müvafiq qurumların qarşısında konkret vəzifə kimi qoydu.

Bununla yanaşı, içməli su və kanalizasiya layihələrinin bir çox rayonlarda artıq başa çatdığını bildirən Prezident bu sahədə görüləsi işlərin çoxluğu ilə əlaqədar cari ilin İnvestisiya Proqramında kifayət qədər böyük vəsaitin nəzərdə tutulduğunu qeyd etdi. Paytaxt Bakıda əhalinin içməli su ilə təminatının 100 faizə çatdırılması ilə yanaşı, bu işin bölgələrdə də yüksək səviyyədə təşkili üçün “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” açıq səhmdar cəmiyyətlərinə konkret tapşırıqlar verdi.

Prezident suvarma ilə bağlı layihələrin böyük hissəsinin başa çatmasını,  Şəmkirçay, Taxtakörpü su anbarlarının tikilib istifadəyə verilməsini ölkəmizin böyük tarixi nailiyyəti kimi dəyərləndirməklə yanaşı, hazırda çəkilişi davam edən yeni kanallarda işlərin tamamlanması üçün ilin sonuna qədər büdcədən əlavə vəsaitin ayrılacağını bildirdi.

Müşavirədə ölkənin mövcud potensialından maksimum dərəcədə istifadə olunmaqla əhalini 100 faiz səviyyəsində ərzaq məhsulları ilə təmin etməyi mühüm vəzifə kimi qarşıya qoyan dövlətimizin başçısı ixrac bazarlarına çıxışın səviyyəsinin də artırılmasının vacibliyini önə çəkdi. Prezident İlham Əliyev bununla bağlı dedi: “Bir daha demək istəyirəm ki, əgər bizdə ixrac bazarlarına böyük çıxışlar olmasa, gələcəkdə bu, kənd təsərrüfatının inkişafını məhdudlaşdıra bilər. Çünki biz öz daxili tələbatımızı ödəyəndən sonra əgər ixrac bazarlarına çıxmasaq artıq məhsul istehsal edə bilməyəcəyik. İxrac bazarlarına çıxmaq üçün, ilk növbədə, məhsul rəqabətqabiliyyətli olmalıdır”.

Nazirlər Kabinetinin iclasında ölkəmizdə sənayeləşmə prosesinin də uğurla getdiyini diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycanın hər bir rayonunda sənaye zonalarının və sənaye parklarının yaradılacağını bildirdi. Qeyri-neft sektorunun inkişafının daha da sürətləndirilməsinə nail olmaq üçün ölkədə sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsinin vacibliyi önə çəkən Prezident fermerlərə subsidiyalar, güzəştli şərtlərlə yanacaq və gübrə verilməsinin davam etdirilməsi ilə yanaşı, faiz dərəcələrinin bir qədər də aşağı salınması ilə bağlı təklifləri müsbət qarşıladı. Bununla yanaşı, sahibkarları da məsuliyyətli olmağa dəvət edən dövlət başçısı vergilərin də vaxtlı-vaxtında ödəməyin vacibliyini onların diqqətinə çatdırdı. Prezident İlham Əliyev bir çox hallarda sahibkarlardan əsassız ödənişlərin tələb olunması kimi neqativ halların dərhal aradan qaldırılması ilə bağlı sərt mövqeyini ortaya qoymaqla yanaşı, iş adamlarını da bununla bağlı mübariz olmağa səslədi.

Yekun nitqini digər sosial məsələlərin müzakirəsi ilə davam etdirən Prezident İlham Əliyev ölkə əhalisinin sağlamlığının qorunması, xüsusən də dərman satışı sahəsində müşahidə olunan neqativ halların aradan qaldırılması ilə bağlı müvafiq qurumların rəhbərliklərinə konkret tapşırıqlarını verdi.  Ekoloji məsələlərdən bəhs edən dövlət başçısı son illər Bakının ekoloji vəziyyətinin xeyli yaxşılaşmasını müsbət addım kimi dəyərləndirdi, müvafiq qurumlara Böyükşor gölünün ikinci hissəsinin təmizlənməsinin davam etdirilməsini, həmçinin Zığ gölünün təmizlənməsi prosesinə başlanılmasını tapşırdı. 

Azərbaycanda turizmin daha da inkişaf etdirilməsi ilə bağlı konkret tapşırıq və tövsiyələrini verən Prezident aviabiletlərin qiymətinin bəzi hallarda süni şəkildə qaldırılmasından, eləcə də bölgələrdə otellərin qiymətlərinin həddindən artıq yüksək olmasından narahat olduğunu bildirdi, bununla bağlı hökumətə, Maliyyə, İqtisadiyyat və Sənaye nazirliklərinə konkret tapşırıqlarını verdi.

Çıxışının sonunda Avropa Oyunlarının keçirilməsini ölkəmiz üçün, Avropa üçün tarixi hadisə olduğunu söyləyən Prezident İlham Əliyev bu mötəbər idman yarışmasını ölkəmizin gücü, potensialı kimi dəyərləndirdi. Qeyd olundu ki, idmançılarımız komanda hesabında ikinci yerə çıxaraq 21-i qızıl olmaqla 56 medal qazanmaqla Azərbaycanın idman dövləti, Azərbaycanın güclü dövlət olmasını bir daha sübut etdilər.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında