Milli Məclisin oktyabrın 13-də keçirilmiş iclasında "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi davam etdirilmişdir. Milli Məclisin sədri Oqtay Əsədov iclası açıq elan etdikdən sonra parlament rəhbərinin müavini Valeh Ələsgərov, deputatlardan Musa Quliyev, Aydın Mirzəzadə, Səməd Seyidov, Yevda Abramov, Şəmsəddin Hacıyev, Yaqub Mahmudov, Eldar İbrahimov, Mirkazım Kazımov, Fuad Muradov, Qənirə Paşayeva, Gülər Əhmədova, Jalə Əliyeva və başqaları çıxış etmiş, 2011-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanunlar barədə fikirlərini bölüşmüş, rəy və təkliflərini bildirmişlər. Qeyd olunmuşdur ki, 2011-ci ilin dövlət büdcəsi ölkəmizdə neçə illərdir yaşanan dinamik inkişafın bundan sonra da davam edəcəyinə və lazımi əsasın yaranmasına imkan verir. Gələn il Azərbaycan iqtisadiyyatının inkişafının daha da güclənəcəyi vurğulanmışdır.
Bildirilmişdir ki, 2011-ci ilin dövlət büdcəsi qanunvericiliyin tələblərinə uyğun hazırlanmış, balanslaşdırılmış xarakter daşıyır.
Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının ayrılmaz bir hissəsidir, iki ildir ki, dünyada qlobal maliyyə böhranı davam edir. Böhranın nə vaxt sona çatacağı hələ dəqiq məlum deyil. Bununla belə, böhran Azərbaycan iqtisadiyyatına, vətəndaşına az təsir göstərmişdir. Aparılan düzgün pul-kredit siyasəti Azərbaycan vətəndaşının öz həyatında böhranın təsirlərini hiss etməməsinə gətirib çıxarmışdır.
Deputatlar Azərbaycanın müharibə şəraitində olması və ərazilərimizin 20 faizinin hələ də işğal altında saxlanılması fonunda gələn il üçün müdafiə xərclərinə böyük miqdarda vəsait ayrılmasını müsbət dəyərləndirmişlər. Qeyd olunmuşdur ki, ildən-ilə Azərbaycan büdcəsinin formalaşmasında qeyri-neft sektorunun xüsusi çəkisi artan xətt üzrə inkişaf edir. Çıxışlarda o da vurğulanmışdır ki, Azərbaycanın xaricdə fəaliyyətinin təşkilinin daha effektli qurulması üçün büdcədə xeyli vəsait nəzərdə tutulmuşdur. Azərbaycan səfirlikləri, konsulluqları və daimi nümayəndəliklərinin saxlanılması üçün 51 milyon manat, xaricdə Azərbaycanla bağlı tədbirlərin keçirilməsinə 34 milyon manat ayrılması nəzərdə tutulmuşdur. Ölkəmizdə də beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı ayrılacaq vəsaitin miqdarı artırılmışdır. Ümumilikdə, Azərbaycanın xarici siyasətinə təxminən 100 milyon manat vəsait ayrılır və bu, çox böyük miqdardır.
Büdcənin gəlir və xərclərini Azərbaycanın iqtisadi qüdrətinin göstəricisi kimi xarakterizə edən deputatlar vurğulamışlar ki, layihə Azərbaycanın bugünkü iqtisadi və sosial inkişafının reallıqları, xüsusilə dünya bazarlarında böhrandan sonrakı dövrdə qərarlaşmış vəziyyətinin inkişaf meyilləri, gözlənilən dəyişiklik və perspektivlər nəzərə alınmaqla tərtib olunmuşdur.
Büdcə elmi proqnozlara əsaslanır, onun həm sosial, həm də investisiya yönümlülüyünün saxlanılması təqdirəlayiqdir.
Bir fikir xüsusi vurğulanmışdır ki, hökumətin son illərdə təqdim etdiyi büdcə layihələrinin ən önəmli cəhətlərindən biri də hər bir rəqəmin arxasında makroiqtisadi sabitliyin qorunub saxlanılması və onlara nəzarət məsələsidir. Gələn ilin büdcə layihəsi də sözügedən prinsip əsasında hazırlandığı üçün onun qəbul edilməsində heç bir problem yoxdur. Büdcənin formalaşması zamanı neft gəlirlərindən istifadə edilməsi də müsbət nəticələr verir və iri infrastruktur layihələri həyata keçirilir. Eyni zamanda, qeyri-neft sektorunun inkişafı üçün lazımi zəmin hazırlanır, müvafiq işlər görülür.
Deputatların qaldırdığı məsələyə münasibət bildirən maliyyə naziri Samir Şərifov qeyd etmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafı artıq müəyyən büdcə tarazlığına gətirib çıxarmışdır. Dövlət başçısının qeyd etdiyi kimi, artıq Azərbaycanda oturuşmuş bir büdcə mövcuddur. 2011-ci ilin büdcəsi də artıq bu reallıqları özündə əks etdirir. Büdcənin həm gəlirlər, həm də xərclər hissəsinin artım templəri iqtisadi reallıqları ehtiva edir. Büdcədə əsas hədəf ondan ibarətdir ki, makroiqtisadi sabitlik qorunub saxlanılsın, ölkə qarşısında duran əsas vəzifələrin icrası təmin edilsin. Bununla yanaşı, ən vacib məsələlərdən biri əhalinin maddi rifahının yüksəldilməsidir. Bu istiqamətdə də işlər aparılır. Bir sıra xarici dövlətlərdə büdcələr ixtisar olunur, pensiyalar və əməkhaqları azaldılır, bu da qlobal maliyyə-iqtisadi böhranın nəticələridir. Azərbaycanda isə 2010-cu ilin sentyabrında Prezident İlham Əliyev tərəfindən əməkhaqları və pensiyaların artırılması üçün müvafiq sərəncamlar imzalanmışdır. Bu da həyata keçirilən iqtisadi siyasətin məqsədyönlülüyünün göstəricilərindən biridir.
Samir Şərifov deputatların büdcə təsnifatı ilə bağlı toxunduğu digər məsələlərə də aydınlıq gətirmişdir.
İqtisadi inkişaf naziri Şahin Mustafayev də deputatlar tərəfindən qaldırılan məsələlərə toxunmuşdur. O demişdir ki, Sahibkarlığa Kömək Milli Fondu Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq hazırlanmış xüsusi proqramlar əsasında fəaliyyət göstərir.
Onun məqsədi Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına təkan verməkdən ibarətdir. Ayrılan vəsaitlərin 99,8 faizi məhz regionların payına düşmüşdür. Regionların hər birinin iqtisadi inkişaf potensialı, ehtiyacı İqtisadi İnkişaf Nazirliyi tərəfindən dərindən öyrənilir.
Ş.Mustafayev sahibkarlığın dinamik inkişafının davamı üçün müvafiq tədbirlərin bundan sonra da davam etdiriləcəyini demişdir.
Daha sonra gündəliyin digər məsələsi olan "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılmışdır. Məsələ ilə əlaqədar çıxış edən parlamentin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qeyd etmişdir ki, hələ də fəsadları davam edən qlobal maliyyə böhranına və bu böhranın özünü sosial-iqtisadi tənəzzüldə də göstərməsinə baxmayaraq, Azərbaycanın sosial həyatında xalqla bağlı bütün məsələlərdə bu problem hiss olunmur. Azərbaycanda makroiqtisadi sabitliyin qorunması istiqamətində Prezident İlham Əliyevin apardığı ardıcıl siyasət böhranın təsirlərinin ölkəmizdə minimal xarakter daşımasına səbəb olmuşdur. Əhalinin sosial müdafiəsi və sosial təminatı sistemində köklü islahatlar həyata keçirilir.
H.Rəcəbli bildirmişdir ki, sığortanın həmrəylik prinsipindən fərdi uçot qaydalarına keçməsi, sığorta sisteminin müavinətlər sistemindən tamamilə ayrılması, əhaliyə ödənişlərin bankomatlar vasitəsilə həyata keçirilməsi, sistemin mərkəzi kompyuter qovşağı ilə idarə olunması və digər yeniliklər Azərbaycanın dünyaya inteqrasiyasının göstəricisidir.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirmişdir ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən makroiqtisadi sabitliyə yönəlmiş və iqtisadiyyatın dinamik inkişaf siyasəti ölkə vətəndaşlarının maddi rifahını nəzərəçarpacaq dərəcədə yüksəltməklə yanaşı, sosialyönümlü bazar iqtisadiyyatının formalaşması ilə bağlı əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün mümkün zəruri tədbirləri gerçəkləşdirməkdədir. Qlobal maliyyə böhranının davam etdiyi, əksər ölkələrdə sosial-iqtisadi göstəricilərin aşağı düşdüyü bir şəraitdə cari ilin yanvar-avqust aylarında ölkəmizdə əhalinin pul gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz, adambaşına düşən gəlirlər 9,8 faiz, pensiyaya hesablanmış orta aylıq əməkhaqqı 5,7 faiz, əmək pensiyasının tarif məbləği isə 11,1 faiz artmışdır.
Səlim Müslümov bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün büdcəsinin gəlir və xərclərinin 1 milyard 970 milyon 540 min manat təşkil edəcəyi planlaşdırılır.
{nl}
Bu isə cari ilin büdcəsi ilə müqayisədə 12,1 faiz çoxdur. Gələn il ərzində əhaliyə ödənişlərin miqdarı bütün xərclərin 97,3 faizini təşkil edəcəkdir. Bu da 2010-cu ilin büdcəsinə nisbətən 229,4 milyon manat və ya 13,6 faiz artıqdır. Dövlət Sosial Müdafiə Fondunun sədri onu da qeyd etmişdir ki, maliyyə ödənişlərinin 1 milyard 853 milyon manatını və ya 96,6 faizini pensiya xərcləri, 64,6 milyon manatını və ya 3,4 faizini sosial müavinət xərcləri təşkil edəcəkdir.
Fasilədən sonra "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi davam etdirilmişdir. Deputatlar DSMF-nin 2011-ci il büdcəsinin qanunvericiliyin tələblərinə uyğun hazırlandığını bildirmişlər. Eyni zamanda sığorta olunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclərin 13 milyon manatdan 15 milyon manata çatdırılması təklif olunmuşdur. Vətəndaşlara pensiyaların verilməsi məsələsinə toxunulmuş, bankomatların sayının artırılmasının zəruriliyi vurğulanmışdır.
Deputatların qaldırdıqları məsələlərə münasibət bildirən Səlim Müslümov demişdir ki, DSMF dəfələrlə ölkə üzrə monitorinqlər keçirmişdir. Bu monitorinqlərin nəticəsi olaraq Azərbaycan Beynəlxalq Bankına və Kapital Banka yeni bankomatların qoyulması üçün müraciətlər göndərilmişdir. Bu məsələ ilə bağlı növbəti ildə müəyyən tədbirlər həyata keçiriləcəkdir.
DSMF sədri onu da bildirmişdir ki, bu gün Azərbaycan pensiyaların həcminə görə MDB-də lider dövlətlərdən biridir. Orta aylıq əməkhaqqı isə gələn il ölkəmizdə təqribən 360 manat təşkil edəcəkdir.
İclasda "Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında" və digər qanun layihələrinə də baxılmışdır.
Bildirilmişdir ki, respublikamızda 2011-ci il üçün yaşayış minimumu ölkə üzrə 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində müəyyən edilmişdir. Ünvanlı dövlət sosial yardımlarının təyin edilməsi məqsədilə isə 2011-ci il üçün ehtiyac meyarının həddi 75 manat məbləğində nəzərdə tutulmuşdur.
Daha sonra "Azərbaycan Respublikası Milli Məclisinin 2011-ci il üçün xərclər smetası haqqında" və "Azərbaycan Respublikası Hesablama Palatasının 2011-ci il üçün xərclər smetası haqqında" Azərbaycan Respublikası Milli Məclisinin qərar layihələri də müzakirə olunmuşdur.
Milli Məclisin İşlər müdiri Firudin Hacıyev bildirmişdir ki, Azərbaycan Respublikasının 2011-ci il üçün dövlət büdcəsindən Milli Məclisin və onun Aparatının saxlanılması üçün 17 milyon 566 min 801 manat vəsait nəzərdə tutulmuşdur. Milli Məclisin və onun Aparatının 2011-ci il üçün xərclər smetasının layihəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq ştat cədvəlləri, inzibati binaların mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanmış müqavilələr və proqnozlar əsasında tərtib edilmişdir. Xərclər smetasının ümumi dəyərinin 70,7 faizini əməkhaqqı fondu və əməkhaqqı ilə əlaqədar ayırmalar təşkil edir.
Bundan başqa, Milli Məclisin 2011-ci il üçün xərclər smetasında ezamiyyə xərclərinə 1 milyon 18 min manat, rabitə xidmətlərinin haqqının ödənilməsinə 191 min 920 manat planlaşdırılır.
Firudin Hacıyev xərclər smetasının digər istiqamətləri barədə də ətraflı məlumat vermişdir.
Hesablama Palatasının sədri Heydər Əsədov demişdir ki, növbəti ildə Hesablama Palatasının xərcləri üçün dövlət büdcəsindən 3 milyon 720 min manatın ayrılması nəzərdə tutulur. Bu vəsait Hesablama Palatasının fəaliyyətinə tam imkan verir.
Bununla da 2011-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi başa çatmışdır.
Milli Məclisin sədri Oqtay Əsədov demişdir ki, 2011-ci ilin dövlət büdcəsi zərfinə daxil olan məsələlər Milli Məclisin oktyabrın 22-də keçiriləcək sonuncu iclasında səsverməyə çıxarılacaqdır.
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.