“Şimal” Elektrik Stansiyasında ikinci enerji blokunun tikintisi uğurla davam etdirilir

Hazırda ölkəmizin elektroenergetika sisteminin mühüm obyektlərindən sayılan “Şimal” Elektrik Stansiyası Bakı şəhəri və ətraf qəsəbələrin, ümumilikdə isə Abşeron yarımadasının elektrik enerji təchizatında mühüm rol oynayır. Burada elektrik enerjisi verən ilk generator 1954-cü il  yanvar ayının 19-da enerjisistemə qoşulub. Stansiyanın istismara verilməsi tarixi də həmin gündən hesablanır.

Bununla belə, zaman keçdikcə burada quraşdırılan avadanlıqlar köhnəlir və istismar baxımından müasir tələblərə cavab vermirdi. Xüsusilə də 1990-cı ildə Sovet İttifaqı dağıldıqdan sonra, keçmiş müttəfiq respublikaların bir çoxunda olduğu kimi, Azərbaycanda da elektrik enerjisi çatışmazlığı yaranmışdı. 1993-cü il iyun ayının 15-də ulu öndər Heydər Əliyevin  müstəqil Azərbaycan dövlətinin rəhbərliyinə gəlişindən sonra, bütün sahələrdə olduğu kimi, elektrik enerjisi sistemində də kəskin dönüş yarandı. Məhz ümummilli liderin şəxsi təşəbbüsü nəticəsində “Şimal” DRES ikinci həyatına qədəm qoydu. Xatırladaq ki, xalqa xidməti həyat amalına çevirmiş ulu öndər Heydər Əliyevin təşəbbüsü nəticəsində Yaponiya hökuməti “Şimal” DRES-də gücü 400 meqavat olan buxar-qaz qurğusu üçün kredit tranşı açdı. 2000-ci il dekabr ayının 19-da ulu öndər Heydər Əliyev tərəfindən həmin  qurğunun təməl daşı qoyuldu. Bu nəhəng tikinti qısa müddətdə başa çatdırıldı və Azərbaycanda ilk dəfə olaraq 2002-ci il sentyabrın 28-də sinxronlaşdırma aparılaraq istismara verildi.

Yeri gəlmişkən, bu blokun tikilməsi ilə əlaqədar stansiyada bir çox yeniliklər tətbiq olunmuşdur. Belə ki, obyektdə 110 kilovoltluq yeni yarımstansiya inşa olunmuş, burada ən müasir 110 kV-lik eleqaz açarları tətbiq edilmişdir. Dövriyyəyə əlavə edilən suyu hasil etmək üçün yeni tipli R-0 (əks-osmos) sistemli demineralizasiya qurğusu tikilmişdir.

“Azərenerji” ASC-nin mətbuat xidmətinin məlumatına görə, “Şimal” Elektrik Stansiyasında əsas və köməkçi avadanlıqların dayanıqlı və qənaətli işləməsi üçün müvafiq tədbirlər planı hazırlanmış və həyata keçirilmişdir. Nəticədə, ötən illərdə olduğu kimi, cari ilin ötən beş ayı üzrə də texniki iqtisadi göstəricilər yüksək olmuşdur. Hazırda stansiya dispetçer qrafikinə uyğun normal iş rejimində fəaliyyət göstərir. Cari ilin ötən beş ayında sözügedən stansiyada 1 milyard 20 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir. Yeri gəlmişkən, 2002-cı ildən “Şimal” Elektrik Stansiyası kimi fəaliyyət göstərən müəssisədə indiyədək 27,8 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edilmişdir.

Bundan əlavə, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir. Hazırda mövsümə hazırlıq üzrə nəzərdə tutulmuş işlər və digər təşkilatı tədbirlər qrafik üzrə davam etdirilir.

Yeri gəlmişkən, “Şimal” Elektrik Stansiyasının inkişaf proqramı ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu gün də müvəffəqiyyətlə davam etdirilir. Artıq müəssisədə 409 meqavatlıq ikinci enerji blokunun tikintisi aparılır.  Tikinti-quraşdırma işləri qrafikə uyğun davam etdirilir. Heç şübhəsiz, icrasına başlanan layihənin müvəffəqiyyətlə sona çatdırılması  stansiyanın əhəmiyyətini daha da artıracaq, enerjisistemin dayanıqlığına və ölkənin enerji təhlükəsizliyinə töhfəsini verəcəkdir. 

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında