İqtisadi araşdırmalar göstərir ki, Olimpiya Oyunları və ona bərabər tutulan yarışlar keçirilən ölkələrdə iqtisadiyyatın açıqlıq dərəcəsi yüksəlir. Bundan başqa, belə Oyunlara ev sahibliyi edən dövlətlərin ixracatını 30 faiz artırır. Bu, böyük artımdır, mütəxəssislər belə bir artımı hər hansı bir ölkənin Ümümdünya Ticarət Təşkilatına daxil olması effektinə bərabər olduğunu bildirirlər. Bununla yanaşı, müasir iqtisadi metodlar da təsdiq etməyə imkan verir ki, əsas olan təkcə Olimpiadanın keçirilməsi deyil.
Əslində, ixracatın artması iqtisadiyyatın açıqlıq səviyyəsinin artırılması kursunun nəticəsidir, Olimpiadanın keçirilməsilə bağlı edilən müraciət isə açıqlıq kursuna sadiq qalmanın ciddi olması barədə ötürülən siqnaldır. İlk Avropa Oyunlarını keçirən Azərbaycan dövləti də iqtisadi həyatında yeni imkanlar yaratmaqla yanaşı, beynəlxalq nüfuzunu da artırmaq şansı əldə etdi və beynəlxalq ictimaiyyət də “Odlar yurdu”nun timsalında dünya xəritəsində parlayan yeni ulduzu gördü.
Sual oluna bilər: Olimpiada nəyə lazımdır? Nədən bütün ölkələrdə Olimpiadanın keçirilməsi xalq tərəfindən dəstəklənir? Belə düşünülür ki, böyük idman tədbirlərinin keçirilməsi hər halda iqtisadi cəhətdən sərfəlidir, çünki ölkəyə marağı artırır və xarici ticarət üçün yeni perspektivlər yaradır. Doğrudur, uzun müddət Olimpiadanın səmərəsi barədə deyilənlər ciddi araşdırma mövzusu olmamışdı. Bu boşluğu 2009-cu ilin aprel ayında ABŞ-ın Berkli Universitetinin professoru Endryu Rouz və San-Fransisko Federal Ehtiyat Bankının mütəxəssisi Mark Şpiqel Olimpiadanın keçirilməsi ilə xarici ticarətin həcmi arasında əlaqənin olmasını araşdıran məqalə yazmaqla doldurmuşdular. Adları sadalanan müəlliflər 1948-ci ildən 2004-cü ilədək Olimpiadaya iddia edən və Olimpiada keçirmək hüququnu qazanan ölkələrdə xarici ticarətlə bağlı geniş məlumatlardan istifadə etmişdilər. Maraqlıdır ki, Olimpiadadan əldə edilən müsbət səmərə həqiqətən də böyükdür. Belə ki, Olimpiadanın keçirilməsi ölkənin sonrakı illərdə ixracatını təqribən 30 faiz artırır. Buna görə də, ixracatın iqtisadi inkişafa göstərdiyi müsbət təsiri nəzərə alınarsa, o zaman bunun Olimpiya oyunlarının keçirilməsinə dair irəli sürülən arqumentləri gücləndirdiyini demək olar.
Mütəxəssislər Endryu Rouz və Mark Şpiqel tərəfindən aparılmış araşdırmanın əhəmiyyətini onunla izah edirlər ki, onlar Olimpiada keçirilmiş ölkələrlə Olimpiada keçirmək istəyən ölkələri müqayisə etmişdilər və əldə edilmiş nəticələr göstərmişdi ki, hətta möhtəşəm idman tədbirini bu və ya digər səbəblərə görə keçirmək imkanından məhrum olan dövlətlərdə də ixracat sahəsində artım müşahidə olunmuşdu. Beləliklə, Olimpiada keçirilməsi öz-özlüyündə iqtisadiyyatın açıqlıq səmərəliliyinin artmasına gətirib çıxarır. Olimpiadanın keçirilməsilə bağlı edilən müraciət ölkənin dünyaya açıq olması barədə vermək istədiyi siqnaldır. Məsələn, Çin Xalq Respublikasının Ümumdünya Ticarət Təşkilatına(ÜTT) daxil olmasında 2009-cu ildə Yay Olimpiya Oyunlarının keçirilməsi böyük rol oynamışdı. Əslində, rəsmi Pekinin ÜTT-yə daxil olması prosesi 2001-ci ildə Beynəlxalq Olimpiya Komitəsinə müraciət etməsindən sonra başlamışdı. Eyni sözləri Yaponiya barəsində də demək olar. 1964-cü il Olimpiadasını keçirməklə eyni zamanda rəsmi Tokio Beynəlxalq Valyuta Fonduna daxil olmuşdu. 1988-ci ildə Cənubi Koreyada Olimpiadanın keçirilməsindən sonra ölkə siyasi liberallaşma dövrünə qədəm qoymuşdu.
Göründüyü kimi, böyük idman yarışlarına ev sahibliyi edilməsi həmin ölkənin ictimai-siyasi həyatında böyük dəyişikliklərin baş verməsinə şərait yaradır. Ölkənin xoş niyyətləri təkcə Olimpiada keçirilməsilə yekunlaşmır. Məsələn, futbol üzrə Avropa və ya Dünya çempionatlarının keçirilməsi də iqtisadi və siyasi effekt yaradır. Azərbaycan da ilk Avropa Oyunlarını keçirməklə, ölkənin mütərəqqi beynəlxalq ictimaiyyətin bir hissəsi olduğunu biruzə verdi. Bundan başqa, belə möhtəşəm tədbirə ev sahibliyi etməklə Azərbaycan ölkə iqtisadiyyatının liberallaşdırlması prosesinin dönməz xarakter aldığını və açıqlıq dərəcəsinin yüksək qaldığını təsdiqlədi. İqtisadi araşdırmalar göstərir ki, ilk Avropa Oyunlarının keçirilməsinin Azərbaycanın makroiqtisadi göstəricilərinə birbaşa təsiri var. Daha vacib faktorlardan biri də budur ki, belə böyük idman tədbirinin ölkəmizdə keçirilməsi maliyyə sabitliyinin daha da möhkənlənməsinə müsbət təsir göstərəcək. Belə ki, ölkəyə gəlmiş turistlərin xarici valyutanı manata çevirmələrinin milli valyutaya tələbatın artmasına səbəb olduğu bildirilir. Azərbaycanın əldə edəcəyi mühüm dividendlərdən biri də infrastrukturun inkişafına yatırılan sərmayələrdir və bu, gələcəkdə xarici kapitalın cəlb olunması baxımından əhəmiyyət kəsb edir. Məlumdur ki, Azərbaycan 2016-cı ildə “Formula1 Avropa Qrand Pri” yarışlarını keçirəcək. Belə bir yarışın ölkəmizdə keçirilməsinin Azərbaycanın dünyanın idman ictimaiyyətinə bir daha tanıdılmasında böyük rol oynayacağı şübhəsizdir. Nüfuzlu yarışın Azərbaycanda təşkil edilməsi xarici sərmayədarların ölkəmizə maraqlarının daha da artmasına gətirib çıxaracağı da danılmaz faktdır.
İlk Avropa Oyunlarına hazırlıq prosesi çərçivəsində infrastrukturun inkişaf etdirilməsinin iqtisadi effekti də böyük olacaq. Belə ki, yaradılmış infrastrukturdan uzun müddət istifadə etmək imkanı qazanmaqla xarici kapitalın Azərbaycana yatırılmasına səbəb olacaq. Məlumdur ki, şəhər infrastrukturunun inkişafı ölkənin rəqabət qabiliyyətini artırır.
Şərqlə Qərb arasında mühüm ərazidə yerləşməsi və inkişaf etmiş infrastruktur Azərbaycana milli iqtisadiyyatını daha da gücləndirmək üçün əlavə stimullar verir. Ən əsası, Avropa Oyunları kimi böyük idman tədbirlərinin keçirilməsi xarici sərmayənin təşviqilə yanaşı, iqtisadiyyatın şaxələndirilməsinə də müsbət təsirini göstərəcək. Belə ki, xarici sərmayələrin qeyri-neft sahəsinin inkişafına yeni təkan verməklə yerli istehsalın genişlənməsinə və ixracatın həcminin artmasına gətirib çıxaracaq. Bir sözlə, ilk Avropa Oyunlarının keçirilməsi Azərbaycan üçün qısa və uzunmüddətli dövrdə sərmayələrin cəlb olunması baxımından böyük əhəmiyyət daşıyır. 2017-ci ildə İslam Həmrəylik Oyunlarının və 2020-ci ildə futbol üzrə Avropa çempionatının dörd oyunun Bakıda keçiriləcəyini nəzərə alsaq, o zaman Azərbaycan iqtisadiyyatının əldə edəcəyi mənfəətin böyük olacağını indidən demək olar.
İlk Avropa Oyunlarının keçirilməsi ölkəmizin təbliğatı baxımından da müstəsna rol oynadı. Oyunların bir neçə ölkədə yayımlanması Azərbaycanın dünyada daha da yaxından tanınmasına şərait yaratdı. Məlumdur ki, dünyada hər bir turist uğrunda ciddi mübarizə gedir. Ölkəyə turist cəlb etmək üçün reklam kampaniyaları, tədbirlər keçirilir. Bu mənada ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkilinin və Oyunların xarici televiziya kanalları vasitəsilə yayımlanması Azərbaycana turist marağının artmasına gətirib çıxaracağı şübhə doğurmur. Mütəxəssislərin fikrincə, Oyunlar zamanı Azərbaycanın turizm potensialı ilə tanış olan əcnəbilər qarşıdakı illərdə yenidən ölkəmizə baş çəkməyə can atacaqlar. Belə bir perspektiv də Azərbaycanın turizm potensialına müsbət təsir göstərəcək. Xarici mütəxəssislər də Azərbaycanın Avropa Oyunlarına ev sahibliyi etməklə bir çox istiqamətlərdə faydalar götürəcəyini düşünürlər. Oyunların ilk növbədə siyasi baxımdan əhəmiyyət kəsb etdiyini önə çıxaran mütəxəssislər əlavə edirlər ki, belə mötəbər yarışları keçirməklə Azərbaycan beynəlxalq nüfuzunu artırır və dünyanın diqqət mərkəzinə düşməsi ölkəmizə iqtisadi dividentlər də gətirir. Bir sözlə, ilk Avropa Oyunları kimi böyük idman layihələrinin keçirilməsində iqtisadi-siyasi səmərənin böyük olduğunu çəkinmədən söyləmək olar.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.