Zəmilərə 2700-dək kombayn çıxarılıb Taxıl biçini

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev  2015-ci ili ölkədə “Kənd təsərrüfatı ili” elan edib. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”  çərçivəsində reallaşdırılan tədbirlər regionlarda daim diqqət mərkəzində saxlanılır və bu sahədə işlər uğurla həyata keçirilir.

 Strateji məhsul sayılan taxılçılığın inkişafına xüsusi qayğı ilə yanaşılır, məhsul bolluğu yaradılması naminə aqrotexniki tədbirlərə dürüst əməl olunur.  Məlumdur ki, kənd təsərrüfatı təbiətdən asılı olan bir sahədir. Burada əvvəlcədən nə qədər məhsul istehsal ediləcəyi barədə konkret rəqəm demək riskli işdir. Lakin buna baxmayaraq, ölkə rəhbərinin taxılçılığın inkişafına dair imzaladığı fərman və sərəncamlarını, fermerlərə dövlət dəstəyini, havaların əlverişli keçməsini nəzərə alaraq inamla deyə bilərik ki, bu il məhsul  istehsalı ötən ilə nisbətən xeyli artıq olacaqdır. Nəzərə çatdıraq ki,  keçən il respublikamızda, təxminən, 2,4 milyon ton taxıl istehsal edilmişdir.

Ölkə başçısının sərəncamına uyğun olaraq, bu il taxıl biçini ərəfəsində Tərtər rayonunda ümümrespublika müşavirəsi keçirilib və fermerlərə müəyyən tövsiyələr verilib. Mütəxəssislər məhsul istehsalçılarına yerli taxıl sortlarının digərlərindən üstünlüyü barədə məlumat verib və əkində yerli sortlardan istifadənin əhəmiyyətindən danışıblar. Fermerlərə tövsiyə olunub ki, yerli taxıl sortlarından geniş istifadəyə üstünlük versinlər, təkrar əkini genişləndirsinlər, biçin zamanı məhsulu itkisiz yığmaq üçün lazımi hazırlıq işlərini vaxtında görsünlər. Elə həmin  müşavirədə cari ilin taxıl biçininə iyun ayının 10-da başlamaq qərara alınıb. Qeyd edilib ki, kənd  təsərrüfatı ilində zəmilərdə yetişdirilmiş məhsulu tez  və itkisiz yığmaq üçün respublikamızda müasir tələblərə cavab verən yetərincə kombayn və  digər texniki vasitələr var. Biçin zamanı texnika çatışmazlığı problemi yaşanmayacaq. Kənd Təsərrüfatı Nazirliyində dislokasiya planı hazırlanıb. Yəni, bütün texnika bir yerə cəmləşdirilib. Taxıl harada tez yetişirsə  kombaynlar oraya yönəldilir. Biçinin istiqaməti cənubdan başlayaraq şimala doğru yönəldilir.

Xatırladaq ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda da taxıl istehsalının artırılması qarşıya qoyulan vacib məqsədlərdən biridir. Dövlət Proqramına görə, bu il Azərbaycanda taxıl istehsalı 2,8 milyon tona çatdırılmalıdır. Qarşıya qoyulan məqsədə çatmaq üçün iri taxılçılıq təsərrüfatları yaradılıb. Onlardan biri “Qarabağ Taxıl” MMC-dir. Həmin təsərrüfatda hər hektardan 50-55 sentner məhsul əldə edilir.

Taxıl biçini başlanandan bəri kombayn sarıdan korluq çəkən olmayıb. Bunu “Aqrolizinq”də təsdiqləyirlər. Bildirirlər ki, bu il respublikada kombayn çatışmazlığı problemi olmayacaq. Bu il respublika üzrə “Aqrolizinq” ASC-də,  fərdi sahibkarlarda, müxtəlif  şirkətlərdə və digər kənd təsərrüfatı müəssisələrində olan 2700-dək kombayn saz vəziyyətə gətirilərək taxıl biçinə cəlb edilib.

Qeyd etmək lazımdır ki, “Aqrolizinq” ASC 2004-cü ildə möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə yaradılıb. Fəaliyyətdə olduğu müddətdə  cəmiyyət tərəfindən 1815 ədəd müasir tipli taxılyığan kombayn alınaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilib. Təkcə son iki ildə dövlətin dəstəyi, Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü və “Aqrolizinq” ASC-nin  xətti ilə xaricdən 729 kombayn gətirilib. Əksəriyyəti Avropa ölkələrində istehsal edilmiş müasir taxılyığan kombaynlardır. Cəmiyyətin texnikası əsasən lizinq yolu ilə fermerlərə verilir. “Aqrolizinq” ASC-nin kombaynlarından  718 ədədi cəmiyyətin regional nümayəndəliklərinin və rayon bölmələrinin istifadəsindədir.

Artıq 20 gündən çoxdur ki, respublikanın taxıl zəmilərində qızğın iş gedir. Fermerlər, şəxsi təsərrüfat sahibləri çəkdikləri zəhmətin bəhrəsini tez və itkisiz yığıb xırmanlara daşıyırlar. Dövlət Statistika Komitəsinin  hazırladığı  məlumata görə, bu il 907 min 159 hektarda payızlıq  və yazlıq dənli-dənli paxlalıların biçini aparılmalıdır. İyun ayının  29-na olan məlumata görə, bunun 68,1 faizində, yəni 617 min 472 hektarında məhsul yığımı qurtarmışdır. Ölkə xırmanlarına 1 milyon 790 min 822 ton arpa və  buğda daşınmışdır ki, bu da keçən ilin  müvafiq dövründəkindən təxminən 100 min ton çoxdur. Respublika üzrə zəmilərin hər hektarından orta hesabla  29 sentner taxıl götürülür. Bu, keçən ilki göstəricini 6,4 sentner  üstələyir. Taxılçılıqla  məşğul olan 60 şəhər və rayonun 22-sində  hər hektarın məhsuldarlığı 30 sentnerdən yuxarıdır. Bu göstərici Bərdə rayonunda  39,6, Saatlıda 39,4, Ağcabədidə isə 37,6 sentnerə bərabərdir.

Neftçala rayonunun fermerləri və  fərdi torpaq  sahibkarları  əsl fədakarlıq nümunəsi göstərərək, biçini elə iyun ayında başa çatdırmışlar. 43 min 756 hektar  taxıl zəmisindən  111 min 026 ton arpa və  buğda tədarük olunmuşdur ki, bu da keçən ilin müvafiq  dövründəkindən 31 min ton çoxdur. Əvvəlki  ilə nisbətən hər  hektarın məhsuldarlığı 7 sentnerə yaxın artmışdır.

Şirvan zonasının mərkəzi rayonlarından sayılan Ağsuda da biçin  yekunlaşmaq üzrədir. Buradakı 34341 hektar sahənin 33475 hektarında biçin qurtarmışdır.  Keçən ilə  nisbətən bu il hər hektarda məhsuldarlıq 15,7 sentner artaraq, rekord həddə — 34,7 sentnerə çatmışdır.  Zəmilərdən 116 min 28 ton  arpa  və  buğda  tədarük olunub. Bu, keçən  ilin  müvafiq dövründəki göstəricidən  təxminən 45 min ton çoxdur.

Ənənələrinə sadiq qalan Cəlilabad rayonunun fermerləri bu il də 100 min tonluq həddi arxada qoyublar. Hələlik burada biçilən 54780 hektar sahədən 120 min 516  ton arpa və  buğda yığılıb. Təxminən, 11 min hektara  yaxın  zəminin  də məhsulu biçilməlidir. Bu il rayonda hər  hektarın məhsuldarlığı əvvəlki ilə nisbətən 8 sentner artaraq 22 sentnerə çatmışdır. Bu hesabla  mövsümün sonunadək  Cəlilabad fermerləri  və fərdi torpaq sahibkarları indiyədək tədarük etdikləri  taxılın üzərinə  daha 23 min  tondan çox  məhsul  əlavə  edə biləcəklər.

İri taxılçılıq  rayonu olan  Şəkidə də  işlər ürəkaçandır. Bu il rayonda 61 min 666 hektar zəminin məhsulu yığılmalıdır.  Hesabat gününədək bunun 55 faizində biçin yekunlaşıb. Hər hektardan 27,1 sentner  məhsul götürülərək 91 min 880 ton taxıl tədarük edilmişdir. 

Füzuli və Kürdəmir rayonları da tədarük etdikləri taxılla 90 min tonluq həddi keçmişlər. Bütün  bunlar onu  deməyə əsas verir ki, bu il ölkədə  taxılçılıq sahəsində  qarşıya qoyulan  məqsədə artıqlaması ilə əməl ediləcəkdir.

Telman ƏLİYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında