Milli Məclisin oktyabrın 12-də keçirilmiş iclasında 2011-ci il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələrinin, Azərbaycan Respublikasının 2011-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının, eləcə də həmin dövr üçün proqnoz göstəricilərinin müzakirəsi başlanmışdır. Müzakirələrdə Baş nazir Artur Rasizadə və hökumət üzvləri, nazirlər, komitə sədrləri iştirak etmişlər.
Milli Məclisin sədri Oqtay Əsədov demişdir ki, ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanın uzunmüddətli inkişafının təmin edilməsinə yönəldilmiş iqtisadi strategiya Prezident İlham Əliyevin rəhbərliyi altında dünyada baş verən reallıqlar nəzərə alınmaqla uğurla həyata keçirilir. Müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin layihələri də səngiməkdə olan qlobal maliyyə böhran şəraiti və hazırda baş verən iqtisadi canlanma meyilləri nəzərə alınmaqla tərtib edilmişdir. Həyata keçirilən çevik iqtisadi siyasət nəticəsində əminliklə demək olar ki, bu böhran Azərbaycan iqtisadiyyatına cüzi təsir göstərmişdir. Cari ilin sonuna əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun real artımının 6 faizə yaxın olacağı ehtimalı bunu bir daha təsdiqləyir. Bu göstərici iqtisadiyyatımızın əsasını təşkil edən neft sektoruna nisbətən qeyri-neft sektorunda 3 dəfəyə yaxın artımla müşayiət olunur. Bu, ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsi strategiyasının uğurlu nəticəsidir. Digər müsbət cəhət cari ilin sonuna orta illik inflyasiyanın təqribən 5 faiz civarında gözlənilməsidir.
Milli Məclisin sədri qeyd etmişdir ki, əvvəlki illərdə olduğu kimi, cari ildə də daxili sərmayələrin stimullaşdırılması investisiya siyasətinin əsas qayəsi olaraq qalır. 2011-ci il dövlət büdcəsinin gəlirləri 12,1 milyard manat nəzərdə tutulmaqla, cari ilin təsdiq olunmuş göstəricisindən təqribən 5 faiz yüksəkdir. Qeyri-neft sektoru üzrə gəlirlər cari ilin proqnozu ilə müqayisədə 8 faiz çox planlaşdırılır.
Gələn ilin dövlət büdcəsi tərtib olunarkən dünya maliyyə bazarlarında vəziyyətin və neftin qiymətinin mütəmadi dəyişməsi nəzərə alınmış, gəlir və xərcləri növbəti 3 il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası ilə uzlaşdırılmışdır. Neftin 1 barrelinin qiyməti 60 ABŞ dolları məbləğində götürülmüşdür. Ölkənin neft gəlirlərinin artmasının pul tədavülünə və inflyasiya proseslərinə təsirləri nəzərə alınmış, monetar və fiskal siyasətlər əlaqələndirilmiş, büdcə xərclərindən istifadədə şəffaflığının artırılması üzrə tədbirlər müəyyənləşdirilmişdir. Büdcənin gəlir və xərclərində 4-5 faiz civarında artım nəzərdə tutulmuşdur.
Oqtay Əsədov vurğulamışdır ki, ölkədə pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin və digər aztəminatlı əhalinin sosial müdafiəsi tədbirlərinin maliyyələşdirilməsi diqqət mərkəzində olacaqdır. Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 12 faiz artımla, 2 milyard manata yaxın proqnozlaşdırılır. Ölkənin müdafiə qüdrətinin yüksəldilməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə, gələn ilin dövlət büdcəsində də xərclər artırılmaqla, lazımi qədər maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmuşdur.
Parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə demişdir ki, 2011-ci il üçün dövlət büdcəsinin layihəsi "Büdcə sistemi haqqında" Qanuna və Konstitusiyaya uyğun hazırlanaraq müəyyən olunmuş müddətdə Milli Məclisə təqdim olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın yeni əsrdə daha dayanıqlı və dinamik inkişaf edərək dünya dövlətləri arasında özünə layiqli yer tutacağına dair fikirlərini xatırladan Z.Səmədzadə bildirmişdir ki, artıq yeni əsrin ilk on ili başa çatmaq üzrədir. Bu on ildə Azərbaycan dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrilmiş, iqtisadi cəhətdən möhkəmlənmiş, ölkə daxilində, cəmiyyətdə inkişafla bağlı birmənalı şəkildə konsensus əldə olunmuşdur. Əsrin əvvəlində ölkədə ümumi daxili məhsulun həcmi 6,1 milyard manat, adambaşına düşən ümumi daxili məhsul göstəricisi 750 manat təşkil edirdi. 2010-cu ilin sonuna doğru adambaşına düşən ümumi daxili məhsulun həcmi 4300 manata çatmışdır, gələn il isə bu göstərici bir qədər də yüksələcəkdir. Komitə sədri bildirmişdir ki, cari ilin dövlət büdcəsinin xərcləri 2000-2006-cı illərin dövlət büdcələrinin xərclərindən çox olmuşdur. Bu rəqəmlər ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycanın inkişaf strategiyasını əks etdirir. Növbəti il üçün nəzərdə tutulmuş dövlət büdcəsi bu prinsiplər əsasında hazırlanmışdır. Yaşanan davamlı inkişaf nəticəsində iqtisadi cəhətdən qüdrətli bir dövlət olan Azərbaycan artıq borc alan ölkədən borc verən ölkəyə çevrilmişdir.
Sonra maliyyə naziri Samir Şərifov 2011-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanunlar barədə ətraflı məlumat vermişdir.
Nazir demişdir ki, 2011-ci ilin dövlət və icmal büdcələrin layihəsi Konstitusiyaya uyğun olaraq Azərbaycan Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim olunmuşdur.
Gələn il üçün dövlət və icmal büdcə layihələri hazırlanarkən Prezident İlham Əliyevin Azərbaycan dövlətinin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet vəzifələrə uyğun olaraq iqtisadi və sosial islahatlara dəstək olmaqla, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, ölkəmizin müdafiə potensialının, iqtisadi, enerji, ərzaq, ekoloji təhlükəsizliyinin möhkəmləndirilməsinə, regionların sosial-iqtisadi inkişafına və digər dövlət əhəmiyyətli məsələlərə dair qəbul olunmuş məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə xüsusi diqqət yetirilmiş və müvafiq həcmlərdə vəsait nəzərdə tutulmuşdur.
2011-ci ilin əsas maliyyə sənədi layihəsi ölkənin əsas makroiqtisadi göstəriciləri, mövcud sosial-iqtisadi vəziyyəti və ortamüddətli inkişafına təsir göstərən daxili və xarici amillər, o cümlədən 2010-cu ilin 8 ayı ərzində Azərbaycan iqtisadiyyatının inkişafının əsas meyilləri və nəticələri qiymətləndirilməklə tərtib edilmişdir. Növbəti ildə əsas məqsədlər sırasına iqtisadiyyatın neft sektorundan asılılığının azaldılması, regionların iqtisadi və xammal potensiallarından səmərəli istifadə edilməsi, dövlət büdcəsindən maliyyələşən sosial xidmətlərin səmərəliliyinin artırılması, maliyyə yardımlarının ünvanlılığının təmin edilməsi kimi vəzifələr daxil edilmişdir. Büdcə layihəsi hazırlanarkən məhsul istehsalı, müəssisə və təşkilatlar üçün nəzərdə tutulmuş subsidiya və cari transfertlər, eləcə də İqtisadi İnkişaf Nazirliyinin hazırladığı 2011-2014-cü illər üzrə Azərbaycan Respublikasının makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən ümumi daxili məhsulun 3,8 faizlik, qeyri-neft ümumi daxili məhsulun isə 7,2 faizlik artım sürəti kimi amillər də əsas götürülmüşdür.
S.Şərifov bildirmişdir ki, dünyada hələ də mövcud olan təzadlı iqtisadi durum şəraitində 2011-ci ilin dövlət və icmal büdcələrinin gəlir və xərclərinin artım sürətinə ehtiyatla yanaşılmış, dövlət büdcəsi gəlirlərinin hesablanmasında bir barrel xam neftin satış qiyməti 60 dollar səviyyəsində götürülmüşdür. 2011-ci il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 30 faizi həcmində, mütləq ifadədə isə 12 milyard 61 milyon manat və yaxud 2010-cu ilin proqnozuna nisbətən 4,8 faiz (556 milyon manat) çox nəzərdə tutulmuşdur. Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 2011-ci ildə 4 milyard 420 milyon manat daxilolmalar proqnozlaşdırılır. Dövlət Gömrük Komitəsi üzrə isə dövlət büdcəsinə 1 milyard 120 milyon manat gəlir proqnozu nəzərdə tutulmuşdur. Bu, 2010-cu illə müqayisədə 20 milyon manat çoxdur. Digər mənbələrdən dövlət büdcəsinə 6 milyard 521 milyon manat vəsait daxil olacaqdır. Bunun 6 milyard 480 milyon manatı Dövlət Neft Fondunun, 41 milyon manatı sair daxilolmaların payına düşür.
2011-ci ilin dövlət büdcəsinin xərcləri kəsirin maliyyələşmə mənbələri də nəzərə alınmaqla 12 milyard 748 milyon manat nəzərdə tutulur ki, bu da 2010-cu ilə nisbətən 3,9 faiz (473 milyon manat) çoxdur. Dövlət büdcəsi xərclərinin 55,3 faizi və ya 7 milyard 43 milyon manatı cari xərclərə, 42 faizi və ya 5 milyard 358 milyon manatı əsaslı xərclərə, 2,7 faizi və 347 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcəkdir. Müvafiq olaraq 2010-cu illə müqayisədə 2011-ci il dövlət büdcəsi xərclərinin tərkibində cari xərclərin xüsusi çəkisi 1,6 faiz azalmış, əsaslı xərclərin xüsusi çəkisi 1,3 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 0,4 faiz artmışdır.
2011-ci ilin dövlət büdcəsindən məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün xərclərin 42,3 faizi həcmində və yaxud 5 milyard 390 milyon manat vəsait ayrılacaqdır.
Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 33,3 faiz və yaxud 4 milyard 234 milyon manat olmaqla cari ilə nisbətən 8,8 faiz artımla (342 milyon manat) proqnozlaşdırılır. Gələn ilin dövlət büdcəsində sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün 3 milyard 518 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bu da cari illə müqayisədə 7,5 faiz (246,7 milyon manat) çoxdur.
Nazir büdcə xərclərinin digər istiqamətləri üzrə də ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, 2011-ci il dövlət büdcəsinin kəsiri 687 milyon manat və ya ümumi daxili məhsulun 1,7 faizi həcmində nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 0,3 faiz azdır.
2011-ci ilin icmal büdcəsinin göstəriciləri barədə də məlumat verən nazir S.Şərifov gələn il sözügedən büdcənin gəlirlərinin 15 milyard 558 milyon manat olmaqla 2010-cu ilə nisbətən 0,7 faiz (110,2 milyon manat), xərcləri isə 15 milyard 129 milyon manat olmaqla cari ilə nisbətən 5,9 faiz çox (848,8 milyon manat) nəzərdə tutulduğunu qeyd etmişdir.
İqtisadi inkişaf naziri Şahin Mustafayev 2011-2014-cü illərədək proqnozlaşdırılan Azərbaycanın sosial-iqtisadi inkişaf göstəriciləri, iqtisadi, sosial inkişaf konsepsiyası barədə məlumat vermişdir. O demişdir ki, ulu öndər Heydər Əliyevin sosial inkişaf strategiyasına, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən siyasətə uyğun olaraq azad rəqabətli, sosialyönümlü bazar iqtisadiyyatının, qeyri-neft sektorunun və regionların dinamik inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, tam məşğulluq, gəlirlərin ədalətli bölünməsi, ətraf mühitin qorunması, əhalinin layiqli həyat səviyyəsinə nail olunması konsepsiyanın əsas məqsədləri kimi qəbul olunmuşdur. Bu məqsədlərə nail olmaq üçün makroiqtisadi sabitliyin qorunub saxlanması, ölkə iqtisadiyyatının neft sektorundan asılılığının azaldılması, sahibkarlığın inkişafı, ərzaq və ekoloji təhlükəsizliyin möhkəmləndirilməsi, infrastrukturun müasir standartlara uyğunlaşdırılması, ölkənin tranzit potensialının reallaşdırılması, dünya iqtisadiyyatına inteqrasiya və beynəlxalq əmək bölgüsündə iştirakın optimallaşdırılması, insan kapitalının inkişafı prioritet vəzifələr kimi müəyyənləşdirilmişdir.
Ş.Mustafayev bildirmişdir ki, növbəti illərdə Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı davam edəcək və bunun üçün bütün lazımi potensial mövcuddur.
Nazir qeyd etmişdir ki, 2011-ci ildə iqtisadi artım 3,8 faiz təşkil edəcək, ümumi daxili məhsulun nominal dəyəri 40,2 milyard manat, yaxud 50 milyard dollar olacaqdır. 2014-cü ilədək orta illik iqtisadi artım 7 faiz proqnozlaşdırılır. Adambaşına düşən ümumi daxili məhsul 2011-ci ildə 5540 ABŞ dollarından, 2014-cü ildə 7100 dollara çatacaqdır. Bununla Azərbaycanın yuxarı orta gəlirli ölkələr arasında mövqeyi daha da möhkəmlənəcəkdir. Növbəti il üçün inflyasiya tempinin 5 faiz təşkil edəcəyi gözlənir. Ş.Mustafayev növbəti 4 ildə neft hasilatının 223 milyon ton, qaz hasilatının 2011-ci ildə 29 milyard kubmetr, 2014-cü ildə 32 milyard kubmetr təşkil edəcəyini bildirmişdir. Dörd ildə 120 milyard kubmetr qaz hasil ediləcəkdir. Növbəti illərdə qeyri-neft sektorunun inkişaf tempi sürətlənəcək, investisiyaların həcmi, özəl sektorun ümumi daxili məhsulun istehsalında xüsusi çəkisi artacaqdır.
Mərkəzi Bankın sədri Elman Rüstəmov dünya iqtisadiyyatında son iki ildə cərəyan edən proseslər, yaranmış vəziyyət və bunun Azərbaycana təsirindən söz açmışdır. O demişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərindən düşünülmüş, yüksək effektivliyə malik iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı iqtisadi artım yaşanır. Makroiqtisadiyyatın əsas göstəriciləri də bunu təsdiq edir. Ölkəmizdə 15 ildən artıq bir müddətdə davamlı iqtisadi artım yaşanır. Manatın məzənnəsinin sabit qaldığını vurğulayan Elman Rüstəmov qlobal maliyyə böhranı zamanı bu məqsədlə sərf olunan valyutanın artıq geriyə alındığını qeyd etmişdir. Cari il ərzində Mərkəzi Bank tərəfindən daxili bazardan 1 milyard ABŞ dolları alınmış və ilin sonuna kimi bu məbləğ daha da artacaqdır. O, Azərbaycanın ödəniş qabiliyyətinin yüksək olduğunu, strateji valyuta ehtiyatlarının miqdarının artdığını, ölkənin fasiləsiz 3 il təmin edə biləcəyini bildirmiş, bank sisteminin dayanıqlılıq nümayiş etdirdiyini diqqətə çatdırmışdır.
İclasda 2011-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı Azərbaycan Respublikası Hesablama Palatasının rəyi də dinlənilmişdir. Hesablama Palatasının sədri Heydər Əsədov bildirmişdir ki, gələn ilin dövlət büdcəsi qarşıya qoyulan məqsədlərə çatmağa, dövlətin iqtisadi sahədə siyasətinin uğurla həyata keçirilməsinə etibarlı maliyyə təminatı yaradır. 2011-ci ilin dövlət büdcəsi son illərdə tərtib olunan dövlət büdcələrinin məntiqi davamıdır və respublikamızın iqtisadi inkişafına adekvatdır. Eyni zamanda, gələn ilin dövlət büdcəsi layihəsində sosial yönümlülük, investisiya tutumluluqla yanaşı, prioritetlik həm də hərbi xərclərə yönəldilmişdir.
Hesablama Palatasının sədri əlavə etmişdir ki, 2011-ci ildə dövlət büdcəsinin kəsiri proqnozlaşdırıldığından az ola bilər.
Axşam iclasında deputatlar - Əli Əhmədov, Arif Rəhimzadə, Bəxtiyar Əliyev, Mübariz Qurbanlı, Fəzail Ağamalı, Siyavuş Novruzov, Zahid Oruc, Elton Məmmədov, Gülər Əhmədova, Xanhüseyn Kazımlı, Əli Məsimli, Sabir Rüstəmxanlı, İsa Həbibbəyli və başqaları çıxış edərək büdcə paketinə daxil olan sənədlər barədə fikirlərini bölüşmüşlər. Sənədlərin dolğunluğu, peşəkarlıqla hazırlanması, gələcək inkişafı proqnozlaşdırmağa imkan verdiyi xüsusi vurğulanmışdır.
Natiqlər müzakirə olunan sənədlərlə bağlı təkliflər də irəli sürmüşlər. Elm sahəsinə, fəaliyyəti dayandırılmış vacib istehsal müəssisələrinin dirçəldilməsinə, yerli özünüidarə orqanlarının maliyyələşdirilməsinə vəsaitin artırılması təklif olunmuşdur.
Müzakirələr oktyabrın 13-də davam etdiriləcəkdir.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.