Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunları kimi möhtəşəm bir idman bayramı uğurla yekunlaşdı. Cəmi iki il yarım öncə ölkəmiz bu möhtəşəm Oyunların təşkilinə başlayanda Avropada bəzi dairələr gənc dövlətin qısa zamanda bu işin öhdəsindən gələcəyinə inanmırdılar. Amma Azərbaycan bu missiyanın öhdəsindən ləyaqətlə gəldi: qısa müddətdə möhtəşəm yarışlar üçün nəinki qədim qitəni, bütövlükdə bütün dünyanı heyran edəcək infrastruktur və real baza formalaşdırdı.
Cənubi Qafqaz iqtisadiyyatının 75 faizindən çoxuna sahib olan Azərbaycanın Avropada ilk dəfə olaraq bu Oyunlara ev sahibliyi etməsi və bununla qitə tarixində yeni mərhələnin əsasını qoyması məhz iqtisadi və siyasi gücün birləşməsi nəticəsində baş verdi. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və şəxsi təşəbbüsü ilə reallaşan bu möhtəşəm bayramın kifayət qədər uğurlu təşkil edilməsinin əsas səbəbi hazırlıq və eləcə də yarışların təşkili işinə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etməsi idi. Dövlət başçımızın və onun xanımının Oyunlarda milli komandamıza dəstək verməsi bu yarışlarda əldə edilən uğurların təməlini formalaşdırdı. Oyunlardan əvvəl və sonrakı mərhələdə müxtəlif daxili və xarici qüvvələrin qərəzli kampaniya aparmalarına baxmayaraq, Azərbaycan xalqının həmişə olduğu kimi, bu dəfə də cənab Prezidentin təşəbbüsünü dəstəkləməsi belə möhtəşəm tədbirin uğurla yekunlaşmasına öz müsbət təsirini göstərdi. Bir sözlə, siyasi iradə, mükəmməl təşkilatçılıq, xalqın güclü dəstəyi və təbii ki, güclü iqtisadiyyat məhz bu uğur zəncirinin əsas həlqələri idi.
Yarışların iqtisadi əhəmiyyətini qiymətləndirən zaman təəssüf ki, bəzi hallarda sadəcə xərclər cari gəlirlərlə müqayisə edilir. Halbuki bilinməlidir ki, birinci Avropa Oyunları Azərbaycan üçün iqtisadi baxımdan çox rentabelli oldu. Bu yarışların iqtisadi qiymətləndirməsini aparsaq, deyə bilərik ki, birinci Avropa Oyunları, eyni zamanda, Azərbaycan üçün cari və strateji gəlirlər deməkdir. Özü də belə möhtəşəm idman tədbirinin iqtisadi əhəmiyyəti heç bir halda Oyunların təşkil oldunduğu dövr və keçirildiyi müddət ilə məhdudlaşdırılmamalıdır. Çünki bu təşəbbüs iqtisadi-strateji layihə kimi ölkə iqtisadiyyatının uzun müddət faydalanmasına imkan verəcək. Bizim apardığımız eknometrik qiymətləndirmə isə göstərir ki, cari və strateji gəlirlər də nəzərə alınmaqla sözügedən təşəbbüs tamamilə rentabelli bir proqram oldu.
Təbii ki, artıq başa çatan möhtəşəm Oyunlara həm də yalnız geosiyasi deyil, eyni zamanda, iqtisadi bir təşəbbüs kimi baxılmalıdır. Birinci Avropa Oyunlarının iqtisadi faydalılığını hiss etmək üçün heç də uzun müddət gözləmək lazım gəlmədi. Məhz yarışların keçirildiyi müddətdə kiçik və orta sahibkarlıq da daxil olmaqla ölkə iqtisadiyyatının fərqli seqmentləri məhz bu faydalılığı hiss etdilər.
Regional və qlobal yarışları təşkil edən zaman hər bir dövlət çalışır ki, daha çox turist cəlb etməklə iqtisadiyyatına sərmayə axınını gücləndirsin. Hər zaman xarici kapitala əlverişli biznes mühiti formalaşdıran ölkəmiz birinci Avropa Oyunları zamanı da öz imkanlarını xaricilərə bir daha nümayiş etdirdi. Etiraf etməliyik ki, Azərbaycana müstəqillik tarixində heç zaman qısa müddətdə bu qədər turist cəlb olunmamışdı. Əslində, turizm sektoru Avropa Oyunlarının keçirilməsindən öncə də bu möhtəşəm yarışların təşkilindən ən çox qazanacaq sahə kimi qiymətləndirilirdı. Turizm üçün sözügedən Oyunların təşkil edilməsi həm cari, həm də strateji baxımdan əlverişli oldu. Əvvəla, birinci Avropa Oyunları keçirilən müddətdə xeyli sayda turist ölkəmizə səfər etdi. Turistlərin sayının çox olması məhz qərəzli kampaniyalara baxmayaraq, xaricdə də sözügedən Oyunlara marağın yüksək olmasını göstərdi. Beynəlxalq standartlara görə, Azərbaycanda olan hər bir turistin həftəlik orta xərcləməsi 1000 dollardır. Avropa Oyunlarının iki həftə davam etdiyini nəzərə alsaq, bu, o deməkdir ki, yarışlar keçirilən müddətdə hər bir turist ölkə iqtisadiyyatına 2000 dollardan artıq sərmayə yönəltdi. Başqa sözlə, turizm sektoru Oyunların keçirilməsindən birbaşa gəlir əldə edə bildi. Gəlirlər təbii ki, heç də turizm şirkətləri, hotellər ilə tamamlanmadı, daha geniş miqyası əhatə etdi.
Apardığımız monitorinqlər göstərdi ki, ölkəmizə gələn turistlər əvvəla paytaxta deyil, eyni zamanda, bölgələrə də səfər edərək bütövlükdə ölkə iqtisadiyyatına töhfə verdilər. İkincisi, turistlərin Azərbaycanda olmasından xidmət, nəqliyyat, bank sektoru gəlir əldə etmək imkanı qazandı. Ölkəyə gələn hər bir turist müxtəlif xidmətlərdən faydalandı və bu da həmin sahələrə əlavə sərmayənin yönəldilməsi deməkdir. Üçüncüsü, birinci Avropa Oyunlarını təşkil etməklə Azərbaycanı daha yaxından tanıda bildik. Ümumiyyətlə, turizm sektorunun mühüm xüsusiyyətlərindən biri odur ki, ölkəyə gələn hər bir turist digər potensial turistin gəlməsinə əsas yaradır. Bütün bunlar isə turist axınının güclənməsini və sözügedən sektorun iqtisadi cəhətdən strateji inkişafını stimullaşdırır. Turizm sektorunun prioritet olduğunu nəzərə aldıqda bu sahə belə mötəbər yarışların keçirilməsindən ciddi şəkildə taktiki və strateji gəlirlər əldə edə bilir.
Manata tələb yüksəldi
Təbii ki, möhtəşəm Oyunlardan əvvəl ən çox müzakirə edilən məsələlərdən biri də birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin manata olan tələbə necə təsir göstərməsi ilə bağlı idi. Qitədə ilk dəfə təşkil edilən bu Oyunlar milli valyutaya tələbin artmasına səbəb oldu. Azərbaycana gələn xaricilər özləri ilə xarici valyuta gətirdilər. Turistlərin xarici valyutanı milli valyutaya çevirməsi manata tələbin artmasına və xarici valyuta təklifinin çoxalmasına gətirib çıxardı. Bu isə Avropa Oyunlarının ölkəmizdə maliyyə sabitliyinin möhkəmləndirilməsinə töhfə verməsi kimi qiymətləndirilməlidir.
Oyunlar keçirilən müddətdə apardığımız monitorinqlər göstərdi ki, bütün valyutadəyişmə məntəqələrində xarici valyuta bolluğu yaranıb. Bu isə bilavasitə möhtəşəm tədbirin təşkili nəticəsində Azərbaycana daxil olan valyutanın həcminin artması ilə əlaqədar idi. Ölkəyə gələn turistlər öz vəsaitlərini milli valyutaya çevirdilər və beləliklə, dönərli valyuta bolluğu formalaşdı. Qlobal və regional iqtisadiyyatda baş verənlər fonunda xarici valyuta təklifinin artması olduqca vacib idi. Bu, eyni zamanda, Mərkəzi Bankın intervensiya xərcinin azaldılması baxımından da mühüm önəm daşıyırdı. Nəticədə, dövlət rezervlərinin milli valyutanın sabitliyini qorumaq üçün xərclənməsi səviyyəsi azaldı və dövlət ehtiyatlarının artmasına zəmin yarandı.
Kiçik və orta sahibkarlar- əsas benefisiarlar
Oyunların keçirilməsindən iqtisadi baxımdan udan tərəflərdən biri də kiçik və orta sahibkarlıq oldu. Turistlərin ölkəmizə gəlməsi ilə bağlı müxtəlif xidmətlərə tələb formalaşdı. Əcnəbi qonaqlar çox fərqli xidmətlərdən istifadə etdilər. Aydındır ki, bu xidmətlərin əksəriyyəti kiçik və orta sahibkarlıq subyektləri tərəfindən təklif edilirdi.
Kiçik və orta sahibkarlar, fərdi iş adamları arasında apardığımız sorğular göstərir ki, birinci Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsi onların gəlirlərinin artmasına səbəb olub. Xidmətə tələb yüksəlib və bu da ümumi dövriyyənin yüksəlməsinə gətirib çıxarıb. Təbii ki, kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan üçün əsas prioritet istiqamət olduğu üçün Oyunların təşkilinin əsas iqtisadi hədəflərindən biri də məhz sözügedən sektora dəstək idi.
Sadəcə paytaxtda deyil, eyni zamanda, regionlarda yerləşən və fəaliyyət göstərən kiçik sahibkarlıq subyektləri də Oyunların ölkəmizdə təşkilindən gəlir əldə edə bildilər. Turistlərin bir qisminin regionlara səfər etməsi məhz bu imkanın reallaşmasına şərait yaratdı. Praktik olaraq, birinci Avropa Oyunları kiçik və orta sahibkarlar üçün həm cari, həm də strateji faydalılıqla nəticələndi.
Uzun müddətli strateji faydalılıq
Əslində birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin iqtisadi əhəmiyyəti də ondan ibarət idi ki, indi formalaşan infrastruktur sonradan başqa möhtəşəm idman yarışlarının cüzi xərclə təşkil edilməsinə və strateji baxımdan Azərbaycanın ciddi gəlirlər əldə etməsinə imkan yaradacaq. Azərbaycan “Formula 1", İslam Həmrəylik Oyunları, futbol üzrə Avropa çempionatının yarımfinal oyunları kimi ciddi və möhtəşəm yarışları təşkil edəcək. Bu isə o deməkdir ki, artıq inkişaf etmiş infrastruktur bizə imkan verəcək ki, həmin yarışların təşkilindən faydalana bilək.
Birinci Avropa Oyunlarının ölkəmizdə təşkili Azərbaycanın makroiqtisadi göstəricilərinin və o cümlədən, makroiqtisadi dayanıqlı sabitliyin qorunmasına birbaşa təsir etdi. Başqa söslə, sözügedən Oyunların təşkili nəticəsində müxtəlif makro və mikro göstəricilər daha da yaxşılaşdı, makrosabitliyin davamlılığına müsbət təsir göstərdi. Mövcud infrastrukturun dinamik inkişafı xarici investisiyanın cəlbinə əlverişli şərait yaratdı.
Xatırladım ki, bu möhtəşəm idman yarışmasının təşkili üçün ayrılan vəsaitin 78 faizi infrastruktur xərcləridir. Yəni, xərclənən vəsait Bakı və eləcə də ölkəmizin infrastrukturunun daha da yaxşılaşdırılmasına xidmət edir. İnfrastruktur isə qalır. Ölkəmiz bu infrastrukturdan uzun müddət istifadə etmək imkanı qazanmaqla yanaşı, eyni zamanda, xarici sərmayənin ölkəmizə gəlməsini təşviq edir. Bu isə təbii ki, yerli istehsalın genişlənməsinə və ixracın həcminin artmasına səbəb olacaq.
Birinci Avropa Oyunları ilə bağlı bir məqam da diqqət çəkir. Belə ki, Oyunların 100-dən artıq xarici kanal vasitəsilə yayımlanması praktiki olaraq gəlir əldə etməyə şərait yaratdı ki, bununla da yeni strateji faydalılığın əsası qoyuldu.
Beləliklə, birinci Avropa Oyunlarının ilk dəfə ölkəmizdə təşkil edilməsi hər birimiz üçün qürurverici hadisəyə çevrildi. Bu isə Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasətin və artan iqtisadi gücün nəticəsində reallaşdı. Respublika iqtisadiyyatının inkişaf səviyyəsi və həyata keçirilən islahatlar ölkəmizdə yeni bir mərhələnin başlanmasına təkan verdi.
Vüqar BAYRAMOV,
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri,
iqtisad elmləri namizədi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.