Milli Məclisin iqtisadi siyasət, sosial siyasət, aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin oktyabrın 11-də keçirilmiş birgə iclasında 2011-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə olunmuşdur.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə demişdir ki, gələn ilin dövlət büdcəsinin layihəsi "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmış və vaxtında Milli Məclisə təqdim olunmuşdur.
Komitə sədri bildirmişdir ki, son illərdə respublikamızın iqtisadiyyatında ciddi dəyişikliklər baş vermişdir. Dərindən düşünülmüş, elmi əsaslara söykənən iqtisadi siyasət nəticəsində iqtisadiyyatımız qlobal böhran şəraitində də inkişaf etmiş, ölkədə makroiqtisadi sabitlik təmin olunmuş, Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyası uğurla həyata keçirilmişdir.
Sonra maliyyə naziri Samir Şərifov çıxış etmişdir. Nazir demişdir ki, 2011-ci il üçün dövlət büdcəsinin layihəsi təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi, xalqımızın maddi rifahının yaxşılaşdırılmasına, iqtisadiyyatımızın dinamik inkişafına yönəlmiş sosial-iqtisadi kursun davam etdirilməsi vəzifəsinin icrası üçün müvafiq maliyyə təminatının yaradılması zəminində hazırlanmışdır. Gələn ilin əsas maliyyə sənədinin layihəsi "Büdcə sistemi haqqında" Qanuna müvafiq olaraq ölkənin əsas makroiqtisadi proqnoz göstəriciləri, mövcud sosial-iqtisadi vəziyyəti və ortamüddətli inkişafına təsir göstərən daxili və xarici amillər, o cümlədən 2010-cu ilin ötən səkkiz ayı ərzində Azərbaycan iqtisadiyyatının inkişafının əsas meyilləri və nəticələri qiymətləndirilməklə tərtib edilmişdir. Layihənin tərtibi prosesində büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatların qarşısında qoyulmuş vəzifələrin icrası üçün sabit maliyyə təminatı nəzərdə tutulmuş, müdafiə olunan və ona bərabər tutulan xərc maddələri üzrə isə mövcud normalar daxilində sifarişləri tam nəzərə alınmışdır. Cari ilin büdcəsinin layihəsi və onun dəqiqləşdirilməsi, həmçinin 2009-cu il dövlət büdcəsinin icrasının Milli Məclisdə müzakirəsi zamanı deputatların, Hesablama Palatasının irəli sürdükləri təklif və tövsiyələr öyrənilmiş, onların bir çoxu 2011-ci il büdcə layihəsində nəzərə alınmışdır.
2011-ci il dövlət büdcəsinin layihəsinin tərtibi zamanı cari ilin ötən səkkiz ayı ərzində, habelə ölkənin makroiqtisadi göstəricilərinin və dövlət büdcəsinin icra vəziyyəti təhlil olunmuşdur.
2011-ci il üçün dövlət və icmal büdcə layihələri hazırlanarkən Prezident İlham Əliyevin Azərbaycan dövlətinin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet vəzifələrə uyğun olaraq iqtisadi və sosial islahatlara dəstək olmaqla, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, ölkəmizin müdafiə potensialının, iqtisadi, enerji, ərzaq, ekoloji təhlükəsizliyinin möhkəmləndirilməsinə, regionların sosial-iqtisadi inkişafına və digər dövlət əhəmiyyətli məsələlərə dair qəbul olunmuş məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə xüsusi diqqət yetirilmiş və müvafiq həcmlərdə vəsait nəzərdə tutulmuşdur.
Gələn ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 30 faizi həcmində, mütləq ifadədə isə 12 milyard 61 milyon manat və yaxud 2010-cu ilin proqnozuna nisbətən 4,8 faiz çox (556 milyon manat) nəzərdə tutulmuşdur.
Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 420 milyon manat daxilolma nəzərdə tutulmuşdur ki, bu da 2010-cu ilin göstəricilərinə nisbətən 1,1 faiz azdır. Bu mənbə üzrə daxilolmaların 38 faizi və ya 1 milyard 680 milyon manatı neft sektorunun, 2 milyard 740 milyon manatı və ya 62 faizi qeyri-neft sektorunun payına düşür.
Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 milyard 120 milyon manat gəlir proqnozu nəzərdə tutulmuşdur ki, bu da cari illə müqayisədə 1,8 faiz çoxdur.
Digər mənbələrdən dövlət büdcəsinə 6 milyard 521 milyon manat vəsait daxil olacaqdır ki, bunun da 6 milyard 420 milyon manatı Dövlət Neft Fondundan transfert, 0,6 faizini və 41 milyon manatını sair daxilolmalar təşkil edəcəkdir.
Növbəti il dövlət büdcəsinin xərcləri ÜDM-in 31,7 faiz həcmində nəzərdə tutulmuşdur. Kəsirin maliyyələşmə mənbələri nəzərə alınmaqla 2011-ci il dövlət büdcəsinin xərcləri 12 milyard 748 milyon manat proqnozlaşdırılmışdır.
Dövlət büdcəsi xərclərinin 55,3 faizi və ya 7 milyard 43 milyon manatı cari xərclərə, 42 faizi və ya 5 milyard 358 milyon manatı əsaslı xərclərə, 2,7 faizi və ya 347 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcəkdir.
Maliyyə naziri onu da bildirmişdir ki, 2011-ci il icmal büdcəsinin gəlirləri 15 milyard 558 milyon manat olmaqla 2010-cu ilə nisbətən 110,2 milyon manat və ya 0,7 faiz, xərcləri 15 milyard 129 milyon olmaqla 2010-cu ilə nisbətən 848,8 milyon manat və ya 5,9 faiz çox nəzərdə tutulmuşdur.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 1 milyard 971 milyon manat proqnozlaşdırılır ki, bu da 2010-cu illə müqayisədə 213,3 milyon manat və ya 12,1 faiz çoxdur.
Dövlət Neft Fondunun büdcəsinin xərcləri 6 milyard 829 milyon manat olmaqla 2010-cu illə müqayisədə 433,7 milyon manat və ya 6,8 faiz çoxdur.
İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olaraq 293,2 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2010-cu ilə nisbətən 21,5 milyon manat və ya 7,9 faiz çoxdur.
2011-ci ilin icmal büdcəsinin profisiti 428,2 milyon manat, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan isə icmal büdcənin kəsiri 8704,7 milyon manat və ya nəzərdə tutulan ümumi daxili məhsulun 21,7 faizi həcmində olacaqdır.
İclasda 2011-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı Hesablama Palatasının da rəyi dinlənilmişdir. Palatanın sədri Heydər Əsədov bildirmişdir ki, gələn dövlət büdcəsi qarşıya qoyulan hədəflərə çatmağa, dövlətin iqtisadi sahədə siyasətinin uğurla həyata keçirilməsinə etibarlı maliyyə təminatlı yaradır. Onun sözlərinə görə, 2011-ci ildə dövlət büdcəsinin kəsiri nəzərdə tutulduğundan az ola bilər.
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirmişdir ki, 2011-ci ilin dövlət büdcəsinin layihəsi əvvəlki illərlə müqayisədə keyfiyyət və şəffaflıq baxımından daha da təkmilləşdirilmişdir. Aqrar sahə ilə bağlı nəzərdə tutulan xərclərdə 2010-cu illə müqayisədə artım dinamikası vardır.
İclasda bir sıra dövlət qurumlarının nümayəndələrinin də çıxışları dinlənilmişdir. Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev son illərdə aqrar sahədə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə iclas iştirakçılarına məlumat vermişdir.
Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirmişdir ki, yarandığı gündən indiyədək fonda 40 milyard ABŞ dolları məbləğində vəsait daxil olmuşdur. Bunun 20 milyard dolları istifadə edilmişdir. İstifadə olunan vəsaitin bir qismi dövlət büdcəsinə transfert olunmuş, bir qismi Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Qars dəmir yolu və digər bu kimi layihələrdə Azərbaycan dövlətinin payının, bir qismi qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən layihə və proqramların maliyyələşməsinə yönəldilmişdir. Şahmar Mövsümov onu da bildirmişdir ki, fondun qarşısında duran əsas vəzifələrdən biri dünya bazarlarında neftin qiymətinin dəyişməsinin Azərbaycanın dövlət büdcəsinə təsirinin qarşısını almaqdır. Ona görə dünya bazarlarında neftin qiymətindən və valyuta məzənnəsindən asılı olmayaraq, DNF-dən dövlət büdcəsinə 2011-ci ilin dövlət büdcəsi layihəsində nəzərdə tutulduğu qədər, yəni 6 milyard 480 milyon manat transfert ediləcəkdir.
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxış edərək bildirmişdir ki, gələn ilin dövlət büdcəsinin layihəsi mükəmməl hazırlanıb və reallıqlara cavab verir. Cari illə müqayisədə gələn il səhiyyə xərclərinin 10,3 faiz, sosial müdafiə və sosial təminat xərclərinin 11 faiz, əməyin ödənişi üçün nəzərdə tutulan xərclərin isə 14,5 faiz çox nəzərdə tutulmasının dövlət büdcəsinin sosial yönümlü olmasının əyani təsdiqidir.
Sonda gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunmuşdur.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.