Azərbaycan – İndoneziya: Energetika sahəsində əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyur

Bakıda keçirilən “Xəzər Neft və Qaz 2015” 22-ci beynəlxalq sərgi və konfransının ardınca ölkəmizin energetika sektorunda baş verən digər mühüm yeniliklərdən biri də İndoneziyanın energetika və mineral ehtiyatlar naziri Sudirman Saidin rəhbərlik etdiyi nümayəndə heyətinin 2015-ci il iyunun 5-də ilk dəfə Azərbaycana səfərindən ibarət oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev nümayəndə heyətini qəbul etdi: Dövlət başçımız Azərbaycanla İndoneziya arasındakı ikitərəfli münasibətlərin siyasi sahədə qənaətbəxş olduğunu vurğulayaraq, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləmələrinin önəmindən danışmışdır. Görüşdə iqtisadi, enerji, neft-qaz və digər sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi məsələlərinə diqqət yönəldilmişdir. 

Energetika Nazirliyində davam etdirilən müzakirələrdə isə İndoneziyanın Azərbaycanın enerji resurslarından istifadə, neft emalı, kəşfiyyat işləri və s. bu kimi sahələrdə ölkəmizin təcrübəsindən faydalanma niyyətləri, enerji təhlükəsizliyinin təminatı məqsədilə neft—qaz istehsalçısı olan dövlətlərlə birbaşa əlaqələrin yaradılması ilə bağlı maraqları diqqətə çatdırılmışdır. Öz növbəsində, Azərbaycan tərəfi də İndoneziyanın enerji infrastrukturunun inkişafına yardımını, bu ölkənin neft sektorunda investor kimi iştirak imkanlarını təklif etmişdir.

Aparılan ilkin müzakirələrin yekunu kimi, iki ölkə arasında enerji əməkdaşlığı üzrə baza rolunu oynayacaq birgə bəyannamə imzalanmışdır. Həmin sənəddə ölkələrimiz arasında ticarət dövriyyəsinin və investisiyaların artırılması məqsədilə mövcud imkanlardan istifadənin zəruriliyi göstərilmiş, enerji resursları kimi texnologiyalar sahəsində də əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilmişdir. Bundan başqa, bəyannamədə hər iki ölkə üçün bir sıra faydalı layihələrin reallaşdırılması məqsədilə enerji sektorunda çalışan şirkətlər arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan konkret məsələlərin razılaşdırıldığına dair məqamlar öz əksini tapmışdır.

Həmçinin, enerji sektorunda, xüsusilə neft və qaz sahəsində iki nazirlik və Azərbaycanın “SOCAR-Trading” və İndoneziyanin “Pertamina” şirkətləri arasında əməkdaşlığın dərinləşdirməsi baxımından baza rolunu oynayacaq “Enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun razılaşdırılması prosesinin başa çatdırılması istəyi ifadə olunmuş, eləcə də iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın və neft-qaz məsələləri üzrə işçi qrupun yaradılması tövsiyə edilmişdir. Eyni zamanda, ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq və dostluq münasibətlərinin genişləndirilməsi baxımından Azərbaycan və İndoneziya prezidentlərinin yaxın gələcəkdə planlaşdırılan qarşılıqlı səfərlərinin əhəmiyyəti xüsusi vurğulanmışdır.

İndoneziya nümayəndə heyətinin Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) Vyana toplantısından dərhal sonra Bakıya reallaşdırılmış bu səfəri hazırda Avropanın enerji təhlükəsizliyinin yeni təminatçısına çevrilən, infrastrukturların diversifikasiyasını həyata keçirən və həm də Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın Avropa regionu ilə yanaşı, Yaxın Şərq və Asiya dövlətləri üçün də nə qədər böyük maraq kəsb etdiyini bir daha göstərir.

Təsadüfi deyildir ki, bu gün İran, İraq, İsrail və Kipr kimi dövlətlərin enerji resurslarının Avropaya nəqli üçün Azərbaycan ölkəmizin malik olduğu geniş infrastrukturdan istifadə imkanlarını təklif etməkdədir. Enerji məsələsinin dünya siyasətinin əsas istiqamətlərini və ölkələrarası münasibətləri müəyyənləşdirən başlıca amilə çevrildiyi indiki məqamda İndoneziyanın energetika və mineral ehtiyatlar nazirinin Bakıda keçirdiyi görüşlər, aparılan müzakirələr də əsla təsadüfi olmayıb, gələcək perspektivlər baxımından mühüm əhəmiyyət daşıyır.

Son iyirmi ildə Çin və Yaponiya ilə yanaşı, Şərqi və Cənub-Şərqi Asiya ölkələrinin də dünya istehsal və ticarət məkanında öz mövqelərini getdikcə möhkəmləndirərək söz sahibinə çevrilmələri müşahidə olunur. Həmin ölkələrdən biri olan İndoneziya dövlətinin nümayəndə heyəti ilə keçirilmiş bu müzakirələr isə Azərbaycan qarşısında İndoneziyanın timsalında ümumən Cənub-Şərqi Asiya regionuna çıxış üçün yeni qapılar açır.

Dünyada ən böyük arxipelaq – adalar dövləti olan İndoneziya 230 milyon nəfərlik əhali sayına görə Çin, Hindistan və ABŞ-dan sonra dördüncü yeri tutur. İndoneziya dünya iqtisadiyyatı və siyasətinə birbaşa təsir gücünə malik nəhəng 20-lik (G-20) ölkələr qrupuna daxildir və iqtidsadiyyatının sürətli artım tempinə görə bu qrupda Çindən sonra 2-ci yerdədir. Ölkənin ümumi daxili məhsulunun həcmi 1 trilyon ABŞ dollarından çoxdur. Dünya iqtisadi ədəbiyyatında iqtisadiyyatlarının sürətli inkişafına görə “pələng dövlətlər” adlandırılan ölkələrdən biri də məhz İndoneziyadır. Mütəxəssislərin proqnozlarına görə, yaxın gələcəkdə İndoneziyanın dünya iqtisadiyyatındakı rolu daha da artacaq, beləliklə, bu ölkə iqtisadi artımın tempinə və həcminə görə ilk 10-luqda qərarlaşacaq.

İndoneziya iqtisadiyyatında neft-qaz aparıcı yer tutur. 1970-80-ci illərdə ölkədə neft bumu yaşanmış, o dövrdə neft hasilatı ildə 95,5 milyon tona qədər yüksəlmişdir. 1981-ci ildən isə hasilatda azalma müşahidə olunmağa başlamış, hasilat 1981-ci ildə 79, 1985-ci ildə 60, 1999-cu ildə 68,6, 2000-ci ildə 71,5, 2001-ci ildə 68, 2002-ci ildə 37,5 milyon ton təşkil etmişdir. 2003-cü ildə bu göstərici müvəqqəti olaraq 74 milyon tona çatdırılsa da, sonrakı dövrlərdə azalma tendensiyasının qarşısını almaq yenə mümkün olmamışdır.

Hazırda İndoneziyada neft hasilatı ildə 42,7 milyon ton həcmindədir ki, bu da dünya üzrə hasilatın təxminən 1 faizinə bərabərdir. Ölkənin neftə olan tələbatı ildə 73,8 milyon ton, yəni, dünya üzrə illik tələbatın 1,8 faizini təşkil edir. İndoneziyanın emal gücü ildə 51,8 milyon ton, ümumi neft ehtiyatları isə 0,5 milyard ton həcmində hesablanır. Bu sonuncu rəqəm dünyadakı neft ehtiyatlarının 0,2 faizini təşkil edir. Aparılan təhlillərə əsaslanaraq, təxminən 11,6 il müddətinə İndoneziyanın neft ehtiyatlarının tükənəcəyi proqnozlaşdırılır.

Bu ölkənin OPEK-ə üzvlüyü 2008-ci ilin sentyabrında dayandırılsa da, hazırda rəsmi Cakarta quruma üzvlüyün bərpası üçün müvafiq şəraitin yetişdiyini düşünür.

Ölkədə qaz istehsalına isə 1976-ci ildə başlanmış, neftdən fərqli olaraq, qaz hasilatının dinamikası o vaxtdan bəri yüksələn xətt üzrə davam etmişdir. Hazırda İndoneziyada il ərzində 70,4 milyard kubmetr qaz hasil edilir və bu da dünya üzrə hasilata nisbətdə 2,1 faizdir. Ölkənin mavi yanacağa olan tələbatı ildə 38,4 milyard kubmetr, yəni, dünya tələbatına nisbətən 1,1 faiz həcmində hesablanır.

Göründüyü kimi, İndoneziya qaza olan tələbatını tam ödəsə də, neft hasilatı ölkənin ehtiyaclarını ödəmək gücündə deyildir. Üstəlik, ölkədə neft emalı sahəsində çatışmazlıqlar mövcuddur. Hazırda İndoneziya neft, qaz və neft məhsullarının həm ixracı, həm də neft emalı müəssisələrinin tam gücü ilə işləməsi və elektrik enerjisi istehsalı üçün lazım olan məhsulların idxalı ilə məşğuldur. Bütün bunlar isə neft ölkəsi və neft emalı sahəsində zəngin təcrübə toplamış Azərbaycan üçün İndoneziya ilə enerji sahəsində əməkdaşlıq baxımından geniş perspektivlər vəd edir. Bu perspektivlərin reallaşdırılması imkanları ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişafına əsaslanır.

İndoneziya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 28 dekabr 1991-ci ildə tanımış, iki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il sentyabrın 24-də Moskvada birgə Bəyanamənin imzalanması ilə qurulmuşdur. 16 aprel 2004-cü ildə İndoneziyada Azərbaycan Respublikasının səfirliyi təsis edilmiş, 2005-ci ilin sentyabrında bu ölkəyə səfir təyin olunmuşdur. 2010-cu ildə isə Azərbaycanda İndoneziyanın səfirliyi açılmış, 2012-ci il fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Raden Prayono Atiyantonun etimadnaməsini qəbul etmişdir.

Ötən illərdə iki ölkə arasında bir sıra mühüm sənədlərə də imza atılmış, 24 sentyabr 2004-cü ildə BMT Baş Assambleyasının 59-cu sessiyası zamanı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və İndoneziya Respublikası Xarici İşlər Departamenti arasında Əməkdaşlıq və Məsləhətləşmələr Haqqında Anlaşma Memorandumu imzalanmışdır. 2008-ci ildə iki ölkə arasında iqtisadi və texniki əməkdaşlıq barədə saziş bağlanmışdır.

Xarici siyasətində Asiyanın İslam ölkələri ilə münasibətlərin inkişafını da prioritet sayan və Cənub-Şərqi Asiya regionunun mühüm ölkələrindən biri kimi İndoneziya ilə əlaqələrin inkişafına önəm verən Azərbaycanın dostluq münasibətləri qarşılığında İndoneziya hər zaman beynəlxalq aləmdə ölkəmizin milli maraqlarına dəstək vermiş, Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə müdafiə etmişdir. Hər il İndoneziyada Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimlərinin keçirilməsi buna sübutdur.

İkitərəfli münasibətlərin inkişafı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişlənməsində də öz ifadəsini tapmışdır. 2014-cü ildə Azərbaycanın İndoneziya ilə ticarət dövriyyəsinin həcmi 2.045,07 milyon, o cümlədən idxalın həcmi 32,75 milyon, ixracın həcmi 2.012,32 milyon ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu müsbət 1979,57 milyon dollar olmuşdur.

2015-ci ilin yanvar-mart aylarında isə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 171,34 milyon, idxalın həcmi 10,21 milyon, ixracın həcmi 161,13 milyon ABŞ dolları təşkil etmişdir. Xarici ticarət saldosu müsbət 150,92 milyon. ABŞ dolları olmuşdur. 2015-ci ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsində İndoneziyanın payı 2,95 faiz, o cümlədən idxalda 0,42 faiz, ixracda 4,76 faiz təşkil etmişdir.

Azərbaycanla İndoneziya arasında energetika sahəsində əməkdaşlığın tarixi uzun olmasa da, hər iki tərəfdən əhəmiyyətli addımlarla səciyyələnmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 2007-ci ildən etibarən İndoneziya istiqamətində xam neftin ixracını həyata keçirməyə başlaması bu istiqamətdə ən mühüm addımlardan olmuşdur. SOCAR bu istiqamətdə xam neft təchizatını, əsasən, Tailandın “ PTT Public Company Limited” şirkəti ilə bağladığı müqavilə əsasında reallaşdırır. Nəql olunan xam neftin əsas həcmlərinin son istehlakçısı isə İndoneziyanın “Pertamina” Dövlət Neft Şirkətidir.

“Pertamina” şirkəti 1968-ci ildə “Pertamin” və “Permina”nın birləşməsi nəticəsində yaradılmışdır. “Pertamina” 70 milyard dollar illik gəlirlə “Chevron İndonesia”dan sonra İndoneziyanın neft-qaz istehsal edən ikinci ən böyük şirkətidir. Şirkət gündə 1 milyon barel neft istehsal etmək gücünə malik 6 neft emalı zavoduna sahibdir. Zavodların istehsal gücünün gündə 1,5 milyon barelə çatdırılması planlaşdırılır. 19 neft və qaz yatağının işlənməsi nəticəsində günə 150 min barel, bütün ölkə üzrə isə günə 800 min barrel neft istehsal edilir.

Hazırda Azərbaycan Səudiyyə Ərəbistanından sonra xam neft satışına görə İndoneziyanın ikinci ən böyük tərəfdaşıdır. 2013-2014-cü illərdə və 2015-ci ilin yanvar-aprel ayları ərzində İndoneziyaya SOCAR tərəfindən 8,9 milyon ton xam neftlə təchiz edilmişdir. Təchizatın dinamikası hər il artan xətt üzrə inkişaf etmiş, 2013-cü ildə 3,7 milyon ton ( o cümlədən 3,5 milyon ton “Azəri Layt” markalı xam neft və 0,2 milyon ton digər mənşəli neft), 2014-cü ildə 4,2 milyon ton (o cümlədən, 3,9 milyon ton “Azəri Layt” markalı xam neft və 0,3 milyon ton digər mənşəli neft), 2015-ci ildə (yanvar-aprel) 1 milyon ton (“Azəri Layt” markalı xam neft) olmuşdur.

Bundan başqa, SOCAR İndoneziyanın “Pertamina” şirkətinə də uzunmüddətli müqavilə əsasında “Azəri Layt” markalı xam neftin təchizatını həyata keçirir. 2013-2014-cü illərdə və 2015-ci ilin yanvar-aprel aylarında “Pertamina” şirkətinə ümumilikdə 6,3 milyon ton Azəri Layt markalı xam neft nəql edilmiş, bunun 1,5 milyon tonu 2013-cü, 3,8 milyon tonu 2014-cü ilə, 1 milyon tonu isə 2015-ci ilin ilk dörd ayına aid olmuşdur.

İndoneziyaya ixrac olunan müxtəlif mənşəli xam neftlə “Pertamina” şirkətinin təchizatı “spot” müqavilələr çərçivəsində reallaşdırılmış, 2013-cü ildə bu göstərici 0,2 milyon ton, 2014-cü ildə 0,3 milyon ton təşkil etmişdir.

Bütün bunlardan əlavə, SOCAR “Pertamina” şirkətindən tenderlər əsasında 2014-cü ildə 0,2 milyon ton, 2015-ci ilin yanvar-aprel ayları ərzində isə 0,2 milyon ton Bruney mənşəli xam neft əldə edərək dünya bazarına təchiz etmişdir.

SOCAR “Pertamina” şirkəti ilə “spot” müqavilələr çərçivəsində sonuncu tərəfindən keçirilən tenderler əsasında avtomobil benzininin də İndoneziya istiqamətində təchizatını həyata keçirməkdədir. 2013-2014-cü illərdə və 2015-ci ilin yanvar-aprel ayları ərzində SOCAR tərəfindən İndoneziyaya 565 min ton müxtəlif mənşəli avtomobil benzini təchiz edilmişdir ki, bu göstəricinin 274 min tonu 2013-cü ilə, 226 min tonu 2014-cü ilə, 65 min tonu isə 2015-ci ilin yanvar-aprel aylarına aiddir.

 Birgə bəyannamədə də qeyd edildiyi kimi, “Pertamina” və “SOCAR Trading” arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması bütün bu istiqamətlərdə əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaq.

Azərbaycan və İndoneziya arasında energetika sahəsi üzrə əməkdaşlıq dövrü bu əlaqələrin inkişafına xidmət edən qarşılıqlı səfərlərlə də zəngin olmuşdur. Belə ki, 29 oktyabr 2009-cu il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti İndoneziyaya səfər etmiş, “Pertamina” neft və qaz şirkətinin rəhbərliyi ilə qarşılıqlı əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılmışdır.

17-18 sentyabr 2012-ci ildə isə İndoneziyanın iqtisadi məsələlər üzrə koordinasiya naziri Hatta Racasanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Bu səfər çərçivəsində Bakıda Azərbaycan-İndoneziya biznes-forumu keçirilmiş, aparılan müzakirələrdə, Azərbaycanın hökumət rəsmiləri ilə görüşlərdə neft-qaz və energetika sektorunda əməkdaşlıq məsələləri diqqət mərkəzində olmuşdur. İndoneziya ilə alternativ enerji sahəsində əməkdaşlığın perspektivləri, İndoneziyada mövcud olan 17 mindən çox adadan alternativ enerji istehsalı üçün geniş istifadə imkanları əsas müzakirə mövzularından olmuşdur. Öz növbəsində, İndoneziya tərəfi Xəzər dənizindəki neft hasilatı layihələrində iştirak istəyini, həmçinin Azərbaycanın İndoneziyada neft emalı zavodunun tikintisində iştirakında maraqlı olduğunu bəyan etmişdir.

18-22 aprel 2015-ci il tarixlərində isə Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev 24-cü Dünya İqtisadi Forumunda iştirak etmək məqsədilə Cakarta şəhərində səfərdə olmuşdur. Şərqi Asiya ölkələrinin iqtisadi inkişaf perspektivlərinin dəyərləndirilməsi, bu sahədə mövcud imkanların nəzərdən keçirilməsi məqsədi daşıyan, dünyanın 39 ölkəsindən dövlət və hökumət rəhbərləri də daxil olmaqla, 700-ə qədər iştirakçının qatıldığı bu forumda enerji resurslarının hasilatı, dünya bazarında neftin qiymətlərinin azalması, regional əməkdaşlıq və s. məsələlər ətrafında müzakirələr aparılmışdır.

Forumda çıxış edən Azərbaycan Respublikasının energetika naziri bu gün enerji məsələsinin hər bir ölkənin sabitliyi və inkişafı üçün əsas amil olduğunu diqqətə çatdırmış, neft qiymətlərinin geosiyasi amillərlə bağlı olduğunu Suriya, Yəmən və Liviyada baş verən hadisələrin nümunəsində əsaslandırmışdır. İstehsalçı və istehlakçı ölkələr üçün əvvəllcədən müəyyən edilmiş qiymətlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirərək, bu istiqamətdə hər bir ölkə tərəfindən mühüm addımların atılmasının zəruriliyini irəli sürmüşdür.

Azərbaycanın energetika naziri forum çərçivəsində İndoneziyanın televiziya kanalına da geniş müsahibə verərək, ölkə ictimaiyyətini enerji və ixrac mənbəyi kimi ölkəmiz haqqında ətraflı məlumatlandırmışdır.

İndoneziyanın energetika və mineral ehtiyatlar naziri Sudirman Saidin Azərbaycana səfəri və keçirilən görüşlər zamanı da qarşılıqlı səfərlərin davam etdirilməsi haqqında razılıq əldə edilmiş, müzakirə mərhələsində olan saziş və müqavilə layihələrinin, habelə, iki ölkə arasındakı münasibətlərin daha da inkişafına təkan verəcək digər sənədlərin yaxın gələcəkdə imzalanması nəzərdə tutulmuşdur.

Qeyd edilənlər Azərbaycan və İndoneziya arasındakı münasibətlərin yaxın perspektivləridir və hər iki ölkənin prezidentlərinin yaxın gələcəkdə gözlənilən qarşılıqlı rəsmi səfərləri bu perspektivlərin reallaşması baxımından mühüm hadisə olacaqdır.

Bütün bunlar bir daha göstərir ki, Azərbaycan yeni mərhələdə enerji məsələsi ilə bağlı üzərinə daha bir tarixi missiya götürmüşdür. Neft-qaz hasilatçısı, ixracatçısı və s. bu kimi ənənəvi çərçivələrdən kənara çıxan bu missiya ölkəmizi bütün dünyaya artıq energetika sahəsində həm də zəngin təcrübəyə, peşəkar imkanlara malik etibarlı tərəfdaş kimi təqdim edir.

Bu, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əzmlə həyata keçirdiyi milli inkişaf strategiyasının daha bir təntənəsidir.

Natiq ƏLİYEV,
Azərbaycan Respublikasının energetika naziri,

Zəminə ƏLİYEVA,
Energetika Nazirlyinin mətbuat katibi

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında