Zərdab rayonunda arpa biçini qısa müddət ərzində və itkisiz başa çatdırılmışdır. Hazırda zəmilərdə buğda biçini mütəşəkkilliklə davam edir. Ümumiyyətlə, cari ildə kənd əməkçiləri, fermer və sahibkarlar 16730 hektarda bol məhsul yetişdirmişlər ki, bunun da 6365 hektarı arpa, 10365 hektarı buğdadır. Əldə edilmiş ilkin nəticələr fərəhlidir: bu il zəmilərin məhsuldarlığı ötən ildəkindən çoxdur.
Rayon icra hakimiyyətində taxıl yığımını nəzərdə tutulmuş müddətdə və itkisiz başa çatdırmaq məqsədilə yaradılmış qərargahdan aldığımız məlumata görə, Bəyimli, Çallı, Körpükənd, Şəftəhal, Şıxbağı kəndlərində fəaliyət göstərən fermer və sahibkarlar taxıl biçinində xüsusilə fərqlənirlər. Bu kəndlərdə məhsuldarlıq heç də əkin sahələrini artırmaq hesabına deyil, nümunəvi qulluq və arqotexniki tələblərin vaxtında və kefiyyətlə yerinə yetirilməsi hesabına əldə edilmişdir.
Zərdabda taxılçılıq üzrə 3 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. İşin düzgün təşkili nəticəsində tələb olunan taxıl sortlarının, demək olar ki, hamısı məhz həmin təsərrüfatların hesabına ödənilir. Mütəxəssislərin hesablamalarına görə, burada yetişdirilən taxıl sortları yerli torpaq və iqlim şəraitinə dözümlüdür. Üstəlik, yüksək məhsuldarlığı ilə fərqlənir. Təsadüfi deyildir ki, hazırda həmin toxumçuluq təsərrüfatlarında məhsuldarlıq 40 sentnerdən yuxarıdır.
Ayrı-ayrı fermer və sahibkarların əldə etdikləri göstəricilər daha yüksəkdir. Məsələn, Sadiq Şıxıyev, Mustafa Mustafayev, Rəşad Süleymanov, Maarif Binnətov və başqa fermerlər rayon üzrə ən yüksək nəticələr əldə etmişlər.
Bu günlər “Aqrolizinq” ASC-nin Ucar Regional Nümayəndəliyinin Zərdab rayon bölməsinin rəisi Həmzə İsayevin qayğıları birə- beş qat artıb. Axı biçinin vaxtında və itkisiz başa çatdırılması onların nə dərəcədə operativ fəaliyyət göstərmələrindən çox asılıdır. Ümumiyyətlə, kənd adamlarını belə bir cəhət xüsusilə razı salır ki, taxıl biçinini vaxtında və itkisiz başa çatdırmaq üçün əlaqədar rayon təşkilatları öz köməyini əsirgəmir. Taxılçıların xahiş və müraciətləri dərhal, operativ surətdə öz həllini tapır.
Belə qarşılıqlı əlaqə və köməkdən söz düşəndə, ilk növbədə, rayon suvarma sistemləri idarəsi, “Aqrolizinq”in rayon bölməsi və başqa aqrar təşkilatlar yada düşür. Elə ona görə də “Aqrolizinq”in Zərdab rayon bölməsinin rəisi Həmzə İsayevə ilk sualımız belə oldu:
– Taxıl biçininə cəmi nə qədər texnika cəlb olunub?
– Bu gün Zərdab rayonunun taxıl zəmilərində 30 kombayn işləyir. Onlardan 13 ədədi aqrolizinqin rayon bölməsinin payına düşür. Yerdə qalanlar isə xüsusi mülkiyyətçilərdən və ətraf rayonlardan cəlb olunmuşdur.
Zərdab rayonun coğrafi vəziyyəti elədir ki, burada taxıl bütün ərazidə eyni vaxtda yetişir. Deməli, biçinə eyni vaxtda başlamaq və kampaniyanı itkisiz qurtarmaq tələb olunur. Ona görə də mövsümün əvvəlində dəqiq qrafik tərtib etmişik, bütün fermer və sahibkarlara bu barədə əvvəlcədən məlumat vermişik. Əlbəttə, işin gedişində meydana bu və ya başqa çətinliklər də çıxır. Bu zaman rayon qərargahı işə qarışır, operativ tədbirlər görülür.
Yeri gəlmişkən qeyd edək ki, son illər Zərdabda başqa sahələrdə olduğu kimi, kənd təsərrüfatı məhsulları istehsalında da ciddi irəliləyiş əldə edilmiş, dinamik inkişaf təmin olunmuşdur. Burada, əlbəttə, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamını, eləcə də digər tədbirləri xatırlamaq lazımdır. Aqrar sahəyə, kənd adamlarına göstərilən belə hərtərəfli diqqət və qayğı isə aydın məsələdir ki, onların torpaqla bağlılığını ikiqat artırmışdır. Dövlət dəstəyi sahənin surətli inkişafına səbəb olmuş, adamlarda böyük ruh yüksəkliyi, inam və ümid yaratmışdır.
Biz rayonda olarkən digər sahələrdə də işlərin gedişi ilə maraqlandıq. Məlum oldu ki, heyvandarlıq məhsulları istehsalı da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artmış, məhsuldarlıq yüksəlmişdir.
Zərdab rayonunda bu günlər işlərin gedişi, həqiqətən, böyük fərəh doğurur. Ölkə başçısı İlham Əliyevin kənd adamlarına gündəlik diqqət və qayğısı, bu istiqamətdə qəbul edilmiş dövlət proqramları, imzalanmış fərman və sərəncamlar fermer və sahibkarlara qol-qanad vermiş, bütün imkan və səyləri hərəkətə gətirmişdir. Bir sözlə, belə deməyə tam əsas var ki, bu il Zərdabda taxıl, bağ-bostan, ət, süd və başqa kənd təsərrüfatı məhsulları istehsalı əvvəlki illərdəkindən daha çox olacaqdır.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.