Gələn il respublikamızın müdafiə və təhlükəsizlik xərcləri artırılacaqdır

Oktyabrın 9-da Milli Məclisin təhlükəsizlik və müdafiə, hüquq siyasəti və dövlət quruculuğu, insan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilmişdir.
İclasda "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə olunmuşdur.
Milli Məclis sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov gələn ilin dövlət büdcəsi layihəsinin əsasını təşkil edən göstəricilər və inkişaf istiqamətləri barədə məlumat vermişdir. Bildirilmişdir ki, 2010-cu ilin dövlət büdcəsinin layihəsi olduqca təmkinli hazırlanıb və ehtiyatlı proqnozlara əsaslanmışdır. Layihə tərtib olunarkən əsas diqqət ölkəmizdə neft-qaz gəlirlərinin, qeyri-neft sektorunun, aqrar sahənin inkişafına yönəldilmişdir.
Gələn ilin büdcəsində sosial istiqamətlər üçün ayrılan vəsaitlərin cari illə müqayisədə artırılmasını yüksək qiymətləndirən Ziyafət Əsgərov demişdir ki, bu, dövlətimizin sosial siyasətinin gələn ildə də uğurla həyata keçirilməsini təmin edəcəkdir. Azərbaycan sosial dövlətdir və ona görə büdcədə əsas istiqamətlərdən biri sosial sahədir.
Komitə sədri onu da bildirmişdir ki, gələn ilin dövlət büdcəsinin layihəsində müdafiə və təhlükəsizlik xərcləri də artırılmışdır. Bu da təbiidir. Çünki Azərbaycanın iqtisadi cəhətdən inkişafı, maliyyə imkanlarının çoxalması digər istiqamətlərdə olduğu kimi müdafiə sahəsində də xərclərin artırılmasına imkan verir.
Ümumiyyətlə, gələn ilin dövlət büdcəsi layihəsinin gəlir və xərclərinin strukturu göstərir ki, Azərbaycan dinamik inkişaf yolundadır.
İclasda iştirak edən maliyyə nazirinin birinci müavini İlqar Fətizadə 2011-ci ilin dövlət büdcəsi layihəsi barədə geniş məlumat verərək demişdir ki, gələn ilin dövlət büdcəsinin gəlirlərinin və xərclərinin strukturu daha da təkmilləşdirilmişdir. Gələn ilin dövlət büdcəsində gəlirlər 12 milyard 61 milyon manat həcmində nəzərdə tutulmuşdur. Bu cari illə müqayisədə 4,8 faiz çoxdur. Xərclər isə 12 milyard 748 milyon manat planlaşdırılmışdır ki, bu da 2010-cu illə müqayisədə 3,9 faiz artıqdır. Gələn ilin dövlət büdcəsində neftin bir barreli 60 ABŞ dolları müəyyən edilmişdir. Dövlət büdcəsi layihəsində müdafiə və təhlükəsizlik məqsədilə ayrılan xərclər ümumi xərclərin 18,9 faizini təşkil edir. Bu da cari illə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur.
Çıxış edən deputatlar gələn ilin dövlət büdcəsinin layihəsi ilə bağlı fikirlərini bölüşmüş, rəy və təkliflərini bildirmişlər.
İclasda iştirak edən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova ölkəmizdə xüsusən sosial sahələrdə görülən işləri yüksək qiymətləndirdi. Ombudsman bununla belə bəzi sosial müavinətlərin artırılmasını təklif etmişdir.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirmişdir ki, Azərbaycan hökumətinin büdcə sistemi ilə bağlı müəyyən etdiyi tədbirlər əksər ölkələrdən müsbət mənada fərqlənir. Komitə sədri respublikamızda büdcənin inkişaf dinamikasının göstəriciləri ilə bağlı iclas iştirakçılarına ətraflı məlumat vermişdir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov gələn ilin dövlət büdcəsi layihəsində beynəlxalq məsələlərlə bağlı hər bir bənddə artımın nəzərdə tutulduğunu demişdir. Bu gün Azərbaycanın xarici ölkələrdə 66 nümayəndəliyi, səfirliyi və konsulluğu fəaliyyət göstərir. Büdcə vəsaitləri onların yüksək səviyyədə fəaliyyət göstərməsinə tam imkan verəcəkdir.
Maliyyə Nazirliyinin şöbə müdiri Fazil Fərəcov deputatların qaldırdıqları bəzi məsələlərə aydınlıq gətirmişdir.
Yekunda gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunmuşdur.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında