Artıq 22 ildir ki, iyun ayının ilk günlərində dünya ictimaiyyətinin diqqəti neft və milyonlar səltənəti Bakıya yönəlir. Məlum olduğu kimi, həmin günlərdə dünyanın neft və qaz sektorunda fəaliyyət göstərən iri, transmilli şirkətləri beynəlxalq “Xəzər neft-qaz” sərgi və konfransında iştirak etmək üçün Azərbaycan paytaxtına toplaşırlar.
İlk dəfə 1994-cü ildə müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizin yeni neft strategiyasının müəllifi, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən bu möhtəşəm beynəlxalq tədbirdə iştirak edən əcnəbi və yerli şirkətlərin nümayəndələri, eləcə də bir sıra xarici ölkələrin dövlət və hökumət üzvləri, diplomatik korpusların nümayəndələri Xəzər regionunda həyata keçirilən neft-qaz layihələrinin icra vəziyyəti, həmçinin enerji təhlükəsizliyi ilə bağlı geniş fikir mübadiləsi aparır, bir-birlərinin potensial imkanları və nailiyyətləri barədə zəngin məlumat əldə edirlər. Bununla da, Azərbaycan paytaxtı bir neçə günlüyə beynəlxalq görüş və iqtisadi əməkdaşlıq məkanına çevrilir.
Dünyanın transmilli neft şirkətlərinin Azərbaycanın neft sənayesinə marağının artmasında Xəzər neft-qaz sərgi və konfransının böyük əhəmiyyəti olmuşdur. Belə ki, 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ölkəmizi üzləşdiyi çətinliklərdən, dərin iqtisadi tənəzzüldən xilas etmək üçün çıxış yolunu, ilk növbədə, neft amilində gördü. Ancaq Azərbaycanın o zamankı məhdud maliyyə imkanları Xəzər dənizinin ölkəmizə aid sektorunda yerləşən zəngin karbohidrogen ehtiyatlarının işlənməyə cəlb edilməsi üçün yetərli deyildi. Bunun üçün Azərbaycanın neft sənayesinə xarici sərmayələrin cəlb edilməsi zəruri idi. Həmin məqəsədə nail olmaq üçün isə xarici sərmayədarlarda ölkəmizə xüsusi maraq yaratmaq tələb olunurdu. Onları Azərbaycanda siyasi sabitliyin və əlverişli biznes mühitinin mövcudluğuna inandırmaq son dərəcə vacib idi. Azərbaycanı etibarlı tərəfdaş, siyasi risk tələb etməyən bir ölkə kimi tanıtmaq üçün isə, ilk növbədə, xarici sərmayədarları ölkəmizə dəvət etmək lazım idi. Məhz bu məqsədlə də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin iyun ayının ilk günlərində Bakıda birinci beynəlxalq Xəzər neft-qaz sərgi və konfransı keçirildi. Həmin möhtəşəm tədbirdə iştirak etmək üçün Azərbaycan paytaxtına gələn neft nəhəngləri ölkəmizin karbohidrogen ehtiyatları ilə zənginliyinə, burada əlverişli biznes mühitinin mövcudluğuna tam əmin oldular. Bununla da, Azərbaycan etibarlı tərəfdaş kimi dünyanın iqtisadi güclərinin maraq dairəsinə daxil oldu. Təsadüfi deyil ki, iyunun 2-də XXII beynəlxalq “Xəzər Neft və Qaz 2015" sərgisinin açılışında iştirak edən Prezident İlham Əliyev demişdir: “Birinci sərginin 1994-cü ildə keçirilməsi çox əlamətdar hadisə idi. Çünki o vaxt Azərbaycan çox gənc müstəqil dövlət idi. Məhz 1994-cü ildən sonra Azərbaycanda inkişafa doğru ciddi addımlar atılmağa başlanmışdır... 1994-cü ildə birinci sərginin keçirilməsindən sonra Azərbaycanın yeni neft strategiyası formalaşdırılmışdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə irəli sürülmüş Azərbaycanın yeni neft strategiyası bu gün ölkəmizin uğurlu inkişafını təmin edir”. Göründüyü kimi, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış və dövrün reallıqlarını tam əks etdirən yeni neft strategiyasının həqiqiliyi dünyanın transmilli şirkətlərini Azərbaycanın neft sənayesinə sərmayə yönəltməyə sövq etdi. Bunun nəticəsi olaraq Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş- “Əsrin müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi”nin imzalanmasının ölkəmizə böyük həcmdə xarici sərmayənin yatırılmasına səbəb olduğunu vurğulayan dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əgər 1994-cü ildə o tarixi addım atılmasaydı, indi ölkəmizin inkişafını təsəvvür etmək çox çətin olardı. Ümummilli liderin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının həqiqiliyi xarici şirkətlərdə ölkəmizə geniş maraq yaratdı. Bununla belə, Azərbaycanın milli maraqlarının qorunması uğurlu əməkdaşlığımızın əsas şərti olaraq irəli sürüldü. “Əsrin müqaviləsi” çərçivəsində nəzərdə tutulmuş tikinti-quraşdırma işlərinin vaxtında və uğurla yerinə yetirilməsi nəticəsində Azərbaycan dünyanın potensial neft ixrac edən dövlətinə çevrildi. Neftin dünya bazarına əlverişli marşrutlarla nəqlini təmin etmək üçün alternativ ixrac boru kəmərləri çəkildi. Azərbaycan neftinin dünya bazarına çatdırılmasını nəzərdə tutan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin istifadəyə verilməsi Azərbaycanın nəql imkanlarının bir neçə dəfə artırılması ilə yanaşı, ölkəmizin siyasi nüfuzunun və iqtisadi müstəqilliyinin güclənməsinə səbəb oldu. Yeri gəlmişkən, “Əsrin müqaviləsi”nin imzalanmasından iki il sonra Azərbaycan özünün qaz potensialını bütün dünyaya nümayiş etdirmək məqsədilə böyük bir uğura imza atmağa müvəffəq oldu. 1996-cı ilin iyun ayının ilk günlərində Bakıda 3-cü beynəlxalq Xəzər neft-qaz, neftayırma və neft kimyası sərgi və konfransının keçirildiyi zaman xarici neft şirkətləri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş imzalandı. Üç il sonra “Şahdəniz” yatağında ilk kəşfiyyat quyusunun tamamlanması buradakı qaz ehtiyatlarının 1 milyard 200 milyon kubmetrdən artıq olduğunu sübuta yetirdi. 2006-cı ilin sonlarında isə “Şahdəniz” yatağından ilk quyunun istismara verilməsi ilə ölkəmizdə böyük qaz hasilatının əsası qoyuldu. Beləliklə də, Azərbaycan dünyanın potensial qaz ixrac edən dövlətinə çevrildi. 22-ci “Xəzər neft və qaz” sərgisinin açılış mərasimində Prezident İlham Əliyev demişdir: “Əsrin müqaviləsi” XX əsrin kontraktı idi. Bu gün biz artıq XXI əsrin kontraktını icra edirik. “Cənub” qaz dəhlizi XXI əsrin kontraktıdır və məhz 1994-cü ildə imzalanmış müqavilə və ondan sonra əldə olunan uğurlar bugünkü reallığı mümkün etmişdir. 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə beynəlxalq konsorsiumla müqavilə bağlanmışdır. O vaxt dünyanın neft-qaz sektorunda qaz amili o qədər də böyük əhəmiyyət daşımırdı. Ölkələrin enerji təhlükəsizliyi o vaxt bilavasitə qaz ehtiyatları ilə bağlı deyildi". Ötən müddətdə Azərbaycan öz qazını müstəqil şəkildə dünya bazarına ixrac etmək üçün geniş imkanlara malik yeni qaz boru xəttinin çəkilişinə də nail oldu. Hazırda “Şahdəniz” qazı Gürcüstan, Türkiyə, Yunanıstan və bir sıra Şərqi Avropa ölkələrinə ixrac olunur. Məlum olduğu kimi, “Cənub” qaz dəhlizinin əsas mənbəyi Azərbaycanın “Şahdəniz” yatağıdır. Təsadüfi deyil ki, bu məsələyə toxunan Prezident İlham Əliyev demişdir: “Şahdəniz” qaz yatağı dünyanın ən böyük yataqlarından biridir və onun işlənilməsi bu gün “Cənub” qaz dəhlizinin əsas resurs bazasını təmin edir. O vaxta qədər isə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft və qaz kəmərləri inşa edilmişdir. Beləliklə, tarixdə ilk dəfə olaraq Xəzər dənizi Qara dənizlə və Aralıq dənizi ilə çoxşaxəli kəmərlər şəbəkəsi ilə bağlandı. Bu da tarixi hadisə idi. Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi əməkdaşlığı formalaşdı. Bu əməkdaşlıq başqa sahələrdə də özünü büruzə verməyə başlamışdır”. Elə hazırda tikintisi başa çatmaqda olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də məhz həmin əməkdaşlığın məntiqi nəticəsidir.
Yeri gəlmişkən, 1990-cı illərin sonlarında görülmüş işlər və 2000-ci illərin əvvəllərində açılmış Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri Azərbaycana böyük həcmdə valyuta ehtiyatları əldə etməyə, ölkəmizin iqtisadi inkişafını sürətləndirməyə və xalqımızın rifah halını yaxşılaşdırmağa imkan yaratmışdır. Bu gün qarşıda duran başlıca iqtisadi hədəflərin neft-qaz sektoru ilə bağlı olmadığını vurğulayan Prezident İlham Əliyev bir daha bəyan etdi ki, hazırda əsas vəzifələr iqtisadiyyatı şaxələndirməkdən, neft amilindən asılılığı daha da azaltmaqdan, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaqdan və böyük infrastruktur layihələrini icra etməklə uzunmüddətli inkişaf üçün daha da güclü zəmin yaratmaqdan ibarətdir. Bununla yanaşı, enerji sektorunda qarşıda duran ciddi vəzifə sayılan “Cənub” qaz dəhlizinin icrası prosesi də artıq başlamışdır. Xatırladaq ki, ötən il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin 20-ci ildönümünün qeyd olunduğu gündə “Cənub” qaz dəhlizinin təməli qoyuldu. Bu ilin fevral ayında Azərbaycan paytaxtında “Cənub” qaz dəhlizində iştirak edən bütün ölkələrin yüksək vəzifəli şəxslərinin, eyni zamanda, Avropa Komissiyasının vitse-prezidenti və digər məsul şəxslərin iştirakı ilə Məşvərət Şurasının iclası keçirildi. Mart ayında isə Türkiyənin Qars şəhərində TANAP layihəsinə start verildi. Göründüyü kimi, “Cənub” qaz dəhlizi artıq reallıqdır. Yeri gəlmişkən, bu layihənin həyata keçirilməsi üçün qarşılıqlı inamın yüksək səviyyədə olmasının vacibliyini önə çəkən dövlət başçısı İlham Əliyev enerji sahəsində yeni bir əməkdaşlıq formatına başlanıldığı qənaətindədir. Bu formatın iştirakçıları isə Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya və bir neçə Balkan ölkəsidir.
Sirr deyil ki, enerjiyə olan tələbatın getdikcə artdığı müasir dövrdə dünyanın neft və qaz ehtiyatlarından mümkün qədər daha çox bəhrələnmək üçün kəskin rəqabət gedir, geniş müzakirələr aparılır. Artıq özünün enerji təhlükəsizliyini tam təmin edən Azərbaycan Respublikası dünyanın istənilən ölkəsi ilə bu sahədə əlverişli şərtlərlə əməkdaşlıq etməyə hazırdır. Bu da ölkəmizin dünyanın siyasi arenasındakı yerini və rolunu əhəmiyyətli dərəcədə artırır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan özünü Avropa üçün etibarlı tərəfdaş kimi göstərir. Gələcəkdə enerji sahəsində görüləcək işlər Avropa İttifaqı ilə Azərbaycan arasında olan əlaqələri daha da yüksək səviyyəyə qaldıracaqdır. Göründüyü kimi, ötən müddətdə Avropanın, həmçinin dünyanın bir sıra ölkələrinin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr vermiş Azərbaycan iqtisadi və siyasi baxımdan böyük uğurlar əldə etmişdir. Ötən illərdə enerji müstəqilliyinin təmin olunması, həm də Azərbaycanın iqtisqdi müstəqilliyinə böyük töhfələr vermişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, on 10 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən yüksək templərlə inkişaf edərək 300 faiz artmış, ölkə qarşısında duran infrastruktur layihələri icra edilmiş, sosial məsələlər öz həllini tapmışdır. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkəmizin neftdən asılılığı xeyli dərəcədə azalmışdır.
Hazırda ölkəmizin razılığı olmadan regionda heç bir enerji və digər qlobal layihələrin reallaşdırılması mümkün deyil. Bu isə o deməkdir ki, hazırda Azərbaycan tam müstəqil siyasət yürütməyə qadir hərtərəfli inkişaf edən bir ölkədir. İndi bunu dünyanın əksər inkişaf etmiş ölkələri də birmənalı olaraq qəbul edir, Azərbaycanın regiondakı nüfuzunu yüksək qiymətləndirirlər. 22-ci beynəlxalq “Xəzər neft və qaz” sərgisinə təbrik məktubu ünvanlayan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron Azərbaycanın enerji ehtiyatlarının dünya iqtisadiyyatının inkişafında, eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatında həyati əhəmiyyətə malik olduğunu vurğulayaraq yazır: “Avropa özünün enerji təhlükəsizliyini təmin etmək üçün həm enerji marşrutlarını, həm də enerji mənbələrini şaxələndirməlidir. Bu baxımdan “Cənub” qaz dəhlizi mühüm rola malikdir. Mən “Cənub” qaz dəhlizi Məşvərət Şurasının fevral ayında keçirilən ilk uğurlu görüşünə görə, eyni zamanda, Trans-Anadolu boru kəmərinin təməlinin qoyulması münasibətilə Azərbaycan Hökumətini təbrik etmək istəyirəm. Artıq əsas məsələ odur ki, biz TANAP layihəsinin vaxtında və səmərəli şəkildə başa çatdırılmasını təmin etməliyik. Əminəm ki, bu perspektivli, ambisiyalı layihə reallığa çevriləcək”. Beynəlxalq “Xəzər neft və qaz” sərgisi və konfransı çərçivəsindəki müzakirələrin dövlət qurumları və şirkətlər arasında bilik və təcrübə mübadiləsi üçün Azərbaycanın regional mərkəz mövqeyinin güclənməsinə xidmət göstərəcəyinə əminliyini ifadə edən Polşa Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski demişdir: “Neft və təbii qazın nəqli dəhlizlərinin gələcək geosiyasi arxitekturasının inkişafı baxımından Azərbaycanın və Cənubi Qafqazın həlledici rolunu vurğulamaq yerinə düşərdi. Azərbaycan bu prosesdə xüsusi rol oynayır. On ildən çoxdur ki, Avropa İttifaqı enerji mənbələrinin, təchizat marşrutlarının şaxələndirilməsi siyasətini həyata keçirməyə çalışır və Azərbaycanla enerji sahəsində əməkdaşlığı genişləndirməkdə çox maraqlıdır”.
“Azərbaycan regional və bəlkə də qlobal oyunçuya çevrilməkdədir. Son 20 il ərzində Azərbaycanın neft və qazı bu transformasiyanın mühüm komponenti olub”. Bu fikirlər isə İraqın neft naziri Adil Əbdülmehdiyə məxsusdur. Göründüyü kimi, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatındakı rolunun getdikcə artması ölkəmizə olan inam və etimadın daha da güclənməsinə səbəb olur. Bu isə Azərbaycana əlavə siyasi dividentlər qazandırır, ölkəmizin siyasi arenadakı nüfuzunu getdikcə artırır.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.