Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolunun yenidən qurulması polad magistralın yeni inkişaf mərhələsindən xəbər verir

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi ölkə Prezidenti İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır. Son illərdə Azərbaycanın nəqliyyat infrastrukturu dinamik inkişaf yolu keçərək hazırda respublikamızın regionda bu sahədə şəksiz liderliyini təmin edib.

Məhz buna görə də Azərbaycan indi Qərb ilə Şərq arasında ən mühüm nəqliyyat dəhlizi rolunu oynayır. Bu siyasətin uğurla həyata keçirilməsi üçün “Azərbaycan Dəmir Yolları” Səhmdar Cəmiyyəti qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gəlir, müxtəlif beynəlxalq nəqliyyat layihələrinin fəal iştirakçısı olmaqla, onların həyata keçirilməsində mühüm rol oynayır.

Dövlət başçısının  2010-cu il iyul ayının 6-da təsdiq etdiyi “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi bu sahənin inkişafına, dəmir yolunun beynəlxalq standartlara uyğunlaşdırılmasına müsbət təsir göstərib.

Dövlət proqramına uyğun olaraq dəmir yolunun Bakı - Böyük Kəsik sahəsində 370 kilometr yol əsaslı təmir olunub. Hazırda həmin sahədə elektrik təchizatı sisteminin sabit cərəyandan 25 kv-luq dəyişən cərəyanlı dartı sisteminə keçməsinin təmini istiqamətində işlər görülür, enerji təchizatı üzrə keçirilmiş tenderin qalibi olan podratçı  ATEF Şirkətlər Qrupu tərəfindən yarımstansiyaların quraşdırılması davam etdirilir. Eyni zamanda, işarəvermə və rabitə təsərrüfatlarının yenidən qurulması istiqamətində mühüm tədbirlər reallaşdırılır.

XXI əsrin əsas möhtəşəm tikintilərindən olan və təkcə üç xalqı və üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti bağlantısının reallaşması istiqamətində işlər sürətlə davam edir. Layihəni iqtisadi və siyasi cəhətdən əhəmiyyətli edən Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yolu nəqliyyatı ilə yük və sərnişin daşımalarının asanlaşdırılması, Mərkəzi və Şərqi Asiyadan Avropaya və əks istiqamətdə nəqliyyat dəhlizi rolunu oynamasıdır. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti ilə yük dövriyyəsi ilkin mərhələdə 5 milyon ton nəzərdə tutulsa da, sonradan onun 15 milyon tona çatdırılması planlaşdırılır.

Azərbaycanın önəm verdiyi digər beynəlxalq nəqliyyat layihələrindən biri də Şimal-Cənub beynəlxalq dəhlizidir. Ölkəmiz bu prosesdə fəal iştirak edir. Yeri gəlmişkən, Rusiya, Azərbaycan və İranın dəmir yollarının birləşdirilməsi məsələsi 2014-cü ilin oktyabr ayında Bakıda keçirilən MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 61-ci iclası çərçivəsində müzakirə olunmuşdur.

Azərbaycan dəmir yolunun infrastrukturunun yeniləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bütün qüvvələr səfərbər olunub. Bununla bağlı “Azərbaycan Dəmir Yolları” tərəfindən son vaxtlar görülən işlərin bir qisminə nəzər salaq. Paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin vağzalının yüksək səviyyədə, müasir dövrün tələblərinə cavab verməsi üçün yenidənqurma işləri sürətlə aparılır. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, daxildə tam yenidənqurma işləri görüləcək. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək.

Hazırda adıçəkilən Səhmdar Cəmiyyətdə yeni daşıma siyasətinin tətbiq edilməsinə xüsusi önəm verilir. Bu baxımdan Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolunda    sürətlə həyata keçirilən yenidənqurma işləri diqqət çəkir. Xatırladaq ki, uzunluğu 91 kilometr olan yolun ikixətli hissəsi 85 kilometr, birxətli hissəsi isə 4,4 kilometrdir. Qalan 1,6 kilometrlik birxətli yolun tikintisi də nəzərdə tutulur.

Xatırladaq ki, Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu iki hissəyə bölünməklə yenidən qurulur. Birinci hissəyə daxil olan Bakı-Biləcəri-Sumqayıt xətti 42 kilometr, ikinci - Bakı-Zabrat-Sumqayıt xətti isə 49 kilometrdir. Yolun 55 kilometrdən çox hissəsində yenidənqurma işləri artıq başa çatdırılıb. İndiyədək 95 min kubmetr torpaq işləri görülüb, 30-a yaxın dəst yoldəyişən qurğular yeniləri ilə əvəzlənib. Bu yol üzərində 10 qatarın hərəkəti nəzərdə tutulur.

Bakı-Biləcəri-Sumqayıt xəttində elektrik qatarları əvvəllər mənzil başına 1 saat 22 dəqiqəyə çatırdısa, yenidənqurma işlərindən sonra bu vaxt 40 dəqiqə olacaq. Bakı-Zabrat-Sumqayıt xətti üzrə isə hazırda qatarlar mənzil başına 1 saat 29 dəqiqəyə çatır. Lakin yenidənqurmadan sonra vaxt fərqi 52 dəqiqəyə enəcək.

Dairəvi dəmir yolu üzərində 23 stansiya və dayanacaq olacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra yolun Bakı-Biləcəri-Sumqayıt hissəsində Keşlə, Biləcəri, Xırdalan və Bakı-Zabrat-Sumqayıt hissəsində isə Koroğlu”, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı dayanacaqlarının olması nəzərdə tutulur.

“Azərbaycan Dəmir Yolları” QSC-nin son vaxtlar həyata keçirdiyi tədbirlər sırasında  Bakı şəhəri-Heydər Əliyev Beynəlxalq Aeroportu dəmir yolu xəttinin layihəsinin reallaşdırılması da mühüm önəm daşıyır. Uzunluğu 25 kilometr olacaq bu dəmir yolu xətti şəhərdə sərnişin sıxlığının aradan qaldırılmasına müsbət təsir göstərəcək.

Başqa bir məqama da nəzər salaq. Ölkə rəhbərliyi və Nəqliyyat Nazirliyi tərəfindən bu gün dəmiryolçular qarşısında qoyulan ən mühüm tapşırıq yük daşımalarının, xüsusi ilə tranzit yük daşımalarının həcminin artırılmasıdır. Buna isə daşımaların sürətinin artırılması, daşınan yüklərin təhlükəsizliyinin təmin edilməsi, çevik tarif siyasəti, iri miqyaslı logistika və marketinq işi ilə nail olmaq mümkündür. Tranzit yüklərin ölkə ərazisindən keçirilməsi əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına cəlb olunması üçün çox əhəmiyyətlidir.

Qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsi üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin  rəhbərliyi  Qazaxıstan, Özbəkistan, Türkmənistan, Rusiya, Türkiyə, Gürcüstan dəmir yolu rəhbərləri və regionun nüfuzlu logistika şirkətləri ilə görüşlər keçirib. Azərbaycan dəmir yolu dəhlizinin fəaliyyəti alternativ koridorla müqayisə olunub və daha səmərəli təşkili üçün Nəqliyyat Nazirliyi ilə razılaşdırılaraq bir sıra mühüm qərarlar qəbul edilib. Belə ki, yük daşıma xidmətinin təşkilində səmərəliliyi artırmaq, beynəlxalq standartlara uyğun yeni xidmətlərin təşkili (qapıdan-qapıya) və eləcə də sağlam rəqabətin yaradılması üçün regionda nüfuza sahib olan 2 əlavə ekspeditor şirkəti ilə birbaşa ekspedisiya müqaviləsi imzalanıb. Bundan başqa, bütün növ tranzit və idxal-ixrac konteyner daşımalarını stimullaşdırmaq məqsədi ilə mövcud  tariflər aşağı salınıb. Verilmiş güzəştlər hazırda vaqon daşımalarında 35 faizə qədər, konteyner daşımalarında isə 50 faizə qədərdir.

Azərbaycanda hazırda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, yeni növ texnikaların alınması da Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi inkişaf modelinin bəhrəsidir. Yaxın vaxtlarda  respublikamıza yeni elektrik qatarlarının gətirilməsi bunun bariz ifadəsidir. Xatırladaq ki, iyunun 3-də Azərbaycan Prezidenti İlham Əliyev yeni elektrik qatarında yaradılan şəraitlə tanış olub. “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunan “KISS” markalı elektrik qatarlarının hər birində 4 vaqon var. Qatarlarda sərnişinlər üçün hər cür şərait yaradılıb. Ümumi sərnişin tutumu 919 nəfər olan hər bir qatarda 396 oturacaq var ki, onlardan da 84-ü biznes-klasdır. İkimərtəbəli elektrik qatarları birinci Avropa Oyunları zamanı Bakı sərnişin stansiyası ilə metronun “Koroğlu” stansiyası arasında fəaliyyət göstərəcək, sonralar isə Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində istifadəyə buraxılacaq. Yeni dəmir yolu xəttində dayanacaqlar nəzərə alınmaqla qatarların orta sürəti saatda 63 kilometr təşkil edəcək.

Yuxarıda deyilənlərdən bir daha aydın olur ki, respublika iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan dəmir yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Ümumiyyətlə, regiona sabitlik, əmin-amanlıq və iqtisadi səmərə gətirə biləcək hər hansı layihənin reallaşmasında Azərbaycanın iştirak etməsi istənilən prizmadan yanaşanda çox gərəklidir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında