Bakıda “Caspian Oil and Gas 2015” və “Caspian Power 2015” sərgiləri açılıb

İyunun 2-də Bakı Ekspo Mərkəzində Xəzəryanı regionunun energetika sektorunun ən mühüm tədbiri sayılan 22-ci Azərbaycan Beynəlxalq “Xəzər Neft və Qaz 2015” (“Caspian Oil and Gas 2015”) və 5-ci yubiley Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji (“Caspian Power 2015”) sərgiləri açılıb.

AZƏRTAC xəbər verir ki, “Xəzər Neft və Qaz 2015" sərgisində 27 ölkədən 315 şirkət iştirak edir və onların 80 faizi dünyaca məşhur şirkətlərdir. Milli qruplar üçün pavilyonlar əsasən Böyük Britaniya, Almaniya, İtaliya, Çin, Rusiya, Türkiyə və Çexiyaya aiddir. Sərgidə MDB və Şərqi Asiyadan olan şirkətlərin sayı isə bu il xeyli artıb. Sərginin baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir (SOCAR). Tədbirin baş media tərəfdaşı isə ”Caspian Energy International Media Group" şirkətidir.

“Xəzər Neft və Qaz 2015" sərgisinin ekspozisiyası neft hasilatı və enerji daşıyıcılarının nəql edilməsi sahəsində innovativ texnologiyalar, neft və qazın saxlanması sistemlərinin təmin edilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi imkanları və sair tematik bölmələrdən ibarətdir. Sərginin ayrılmaz atributu isə texnoloji innovasiyaların nümayiş etdirilməsidir. Bu il sərginin həm daimi, həm də yeni iştirakçıları neft hasilatı sahəsində öz innovativ texnologiyalarını, neft-qaz sahəsində İT texnologiyalarını, qazmanın tamamlanmasından sonra quyuların təmizlənməsi texnologiyalarını təqdim edirlər.

“Caspian Power 2015" sərgisinin iştirakçılarının coğrafiyası isə Azərbaycan, Belarus, Rumıniya, Türkiyə və digər ölkələri əhatə edir. Sərginin iştirakçıları arasında energetika texnologiyaları üzrə aparıcı təchizat şirkətləri – “Alce Elektrik", “Ardich elektrik”, “Electroalfa”, “Germen Electronic”, “Goknur”, “Nobel Electric”, “Schneider Electric”, “STP”, “Vitta”, Kozlov adına Minsk Elektrotexnika Zavodu və digər müəssisələr yer alır. Sərgidə kommersiya şirkətləri ilə yanaşı, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi də iştirak edir.

Sərginin ekspozisiyası çərçivəsində elektrik enerjisinin texniki və kommersiya uçotu üzrə avtomatlaşdırılmış sistemlər, işıq diodlar, günəş batareyası panelləri, işıq diodlu (“LED”) indikatorlar, işıqlandırma qurğuları, müxtəlif kabel məhsulları, kommutasiya-paylayıcı aparatlar, enerjiyə qənaət edən müasir işıqlandırma sistemləri, transformatorlar, izolyatorlar, elektrik açarları və digər məhsullar təqdim olunur.

“Caspian Power 2015" sərgisi elektroenergetika sənayesinin aparıcı nümayəndələri ilə görüşmək, elektroenergetika üzrə ən son texnoloji nailiyyətlər və inkişaf strategiyası ilə tanış olmaq, eləcə də yeni səmərəli və qarşılıqlı faydalı əməkdaşlıqlar qurmaq və bu əlaqələri genişləndirmək, habelə perspektiv müqavilələr imzalamaq üçün unikal imkan yaradır.

Hər iki sərgi iyunun 6-dək davam edəcək.

Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında