Milli Məclisin üç komitəsinin birgə iclasında Azərbaycan Respublikasının 2011-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunmuşdur

Milli Məclisin elm və təhsil, regional məsələlər və mədəniyyət komitələrinin oktyabrın 7-də keçirilmiş birgə iclasında "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə olunmuşdur.
Parlamentin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev demişdir ki, gələn ilin dövlət büdcəsinin layihəsində nəzərdə tutulan xərclər və gəlirlər düşünülmüş və elmi cəhətdən əsaslandırılmış proqnozlara söykənir. 2011-ci ilin dövlət büdcəsinin layihəsini olduqca ehtiyatlı büdcə kimi xarakterizə edən komitə sədrinin sözlərinə görə, bu ondan xəbər verir ki, gələn il büdcənin gəlir və xərclərinin yerinə yetirilməsində heç bir problem olmayacaqdır. Çünki gəlir və xərclər reallığa əsaslanır. Ümumiyyətlə, layihədəki bütün rəqəmlər göstərir ki, ölkəmizin inkişaf dinamizmi 2011-ci ildə də yüksək templə davam edəcəkdir. Respublikamızda 2011-cü il üçün gözlənilən ümumi daxili məhsul istehsalı bütövlükdə Gürcüstan və Ermənistandakından dəfələrlə çoxdur. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin nəticəsidir.
Ş.Hacıyev gələn ilin dövlət büdcəsinin layihəsində sosialyönümlülüyün saxlanmasını, o cümlədən elm və təhsil xərclərinin artırılmasını yüksək qiymətləndirmişdir.
Qeyd olunmuşdur ki, gələn ilin büdcəsində təhsil xərcləri 1 milyard 338 milyon 163 min manat nəzərdə tutulmuşdur. Xüsusən təhsil sahəsində nəzərdə tutulan dövlət proqramlarının həyata keçirilməsi, xaricdə təhsil almaq üçün büdcədən lazımi səviyyədə vəsaitin ayrılması planlaşdırılır. Elm xərclərinin də qənaətbəxş olduğunu vurğulayan Şəmsəddin Hacıyev əlavə etmişdir ki, komitənin elm və təhsillə bağlı bir sıra təklifləri vardır.
Komitə sədri bildirmişdir ki, 2011-ci ilin dövlət büdcəsinin layihəsi dövlət büdcəsi haqqında qanunvericiliyə uyğun hazırlanmış və onun reallaşması növbəti ilə respublikamızın inkişafına böyük təkan verəcəkdir.
İclasda iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, 2006-2010-cu illərdə respublikamızda dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrılan xərclər 2,8 dəfə artmışdır. Bu da dövlətimizin başçısının Azərbaycan mədəniyyətinin inkişafına, dünyada təbliğinə, abidələrin bərpasına göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir. Gələn ilin dövlət büdcəsi layihəsində isə mədəniyyət xərclərinin cari illə müqayisədə 13 faiz artırılması nəzərdə tutulmuşdur. Ümumiyyətlə, layihədə növbəti il respublikamızda planlaşdırılan bütün mədəni tədbirlər üçün lazımi səviyyədə vəsait ayrılmışdır.
Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə gələn ilin dövlət büdcəsi layihəsini yüksək qiymətləndirmiş və sənədin respublikamızın inkişaf göstəricilərini özündə əks etdirdiyini bildirmişdir.
A.Rəhimzadə dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsaitin artırılması təklifini irəli sürmüşdür.
Maliyyə Nazirliyinin idarə rəisi Xəqani Rzayev 2011-ci ilin büdcə layihəsinin gəlir və xərcləri ilə bağlı ətraflı məlumat vermişdir. O bildirmişdir ki, gələn ilin dövlət büdcəsində gəlirlər 12 milyard 61 milyon manat həcmində nəzərdə tutulmuşdur. Bu cari illə müqayisədə 4,8 faiz çoxdur. Büdcənin xərcləri isə 12 milyard 748 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2010-cu illə müqayisədə 3,9 faiz artıqdır. Büdcə layihəsində sosialyönümlülük prioritet istiqamət kimi saxlanılacaqdır. Belə ki, gələn il üçün sosial xərclər ümumi xərclərin 33,3 faizini təşkil edəcəkdir.
Təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Milli Məclisin elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, deputatlar Abel Məhərrəmov, Fəttah Heydərov və başqaları büdcə layihəsi ilə bağlı rəy və təkliflərini bildirmişlər.
Sonda "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisin ümumi iclasının müzakirəsinə tövsiyə olunmuşdur.{nl}


Hərbi hissələrdə hüquqpozmalar və cinayətlərlə bağlı araşdırmaları xüsusi təhqiqat qrupları aparacaqdır
Oktyabrın 7-də Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilmişdir. İclasda "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi"ndə, "Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsi"ndə və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi"ndə dəyişikliklər və əlavələr edilməsi ilə bağlı qanun layihələri müzakirə olunmuşdur.
Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirmişdir ki, hər üç qanun layihəsi parlamentə Azərbaycan Prezidentinin imzası ilə daxil olmuşdur. Qanunlara təklif olunan dəyişikliklər hərbi hissələrdə baş verən qanun pozuntularının, eləcə də cinayətlərin araşdırılması ilə bağlı yeni təhqiqat qruplarının yaradılması ilə əlaqədardır.
Komitə sədri demişdir ki, hazırda hərbi hissələrdə baş verən qanun pozuntuları, cinayət işləri ilə bağlı təhqiqatlar həmin hərbi hissələrin komandirlərinin tapşırığına əsasən təyin olunmuş şəxslər tərəfindən aparılır. Bu şəxslər isə ixtisasca hüquqşünas deyillər. Qanuna edilən dəyişiklik təsdiq olunduqdan sonra hərbi hissədə baş verən cinayətlərin araşdırılması üçün Müdafiə Nazirliyinin Hüquq İdarəsinin nəzdində yeni qurum yaradılacaqdır. Hərbi hissələrdə təhqiqat işlərini həmin qurumların hüquqşünasları aparacaqlar. Bu, həm təhqiqat işlərinin ixtisaslı şəxslər tərəfindən tam hüquqi əsaslarla aparılmasına, həm də digər mənfi halların aradan qalxmasına imkan yaradacaqdır. Hazırkı sistem bəzi cinayətlərin araşdırılmasında böyük ləngimələrə, hətta işin keyfiyyətinə mane olur. Yeni dəyişiklik bunu da aradan qaldıracaqdır.
Z.Əsgərovun sözlərinə görə, yaradılacaq beş regional qurum tam müstəqil olmaqla, hərbi hissələrdə fəaliyyət göstərəcəkdir. Komitə sədri vurğulamışdır ki, qanunlara edilən dəyişikliklərin bir əsas mahiyyəti də onların Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə uyğunlaşdırılmasıdır. Bu dəyişikliklər hələlik yalnız Müdafiə Nazirliyinin qoşun bölmələrinə şamil olunacaqdır. Gələcəkdə zərurət yarandıqda Sərhəd Qoşunları, Daxili Qoşunlar və digər qoşun birləşmələrinin də nizamnamələrində belə dəyişikliklər ediləcəkdir.

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında