Azərbaycan sənayesinin inkişafına, ölkəmizin iqtisadi qüdrətinin artırılmasına mühüm töhfələr verən qəhrəman neftçilər hər cür ehtirama layiqdirlər. Xalqımızın ümummilli lideri Heydər Əliyev ötən əsrin 90-cı illərində yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkəmizin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi işində, Azərbaycanın yeni neft strategiyasının reallaşdırılmasnda xüsusi fədakarlıqları ilə seçilən bu çətin və şərəfli peşə sahiblərinə qayğı və diqqət xeyli artırıldı. Ulu öndər Heydər Əliyevin “Neftçilər Günü” peşə bayramının təsis edilməsi haqqında 2001-ci il avqust ayının 16-da imzaladığı tarixi fərman, ötən illər ərzində neft sənayesindəki fədakar əməklərinə görə fərqlənənlərin orden, medal və fəxri adlarla təltif olunması bu şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısının parlaq təzahürüdür.
Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də ölkə neftçilərinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Təsadüfi deyil ki, neftçilərin əməyini daim yüksək qiymətləndirən dövlətimizin başçısı demişdir: “Həmişə olduğu kimi, Azərbaycan neftçiləri çox böyük hörmətə malikdirlər. Bu hörməti onlar öz zəhməti hesabına, çətin, ağır şəraitdə Azərbaycanın inkişafı üçün çəkilən zəhmət hesabına qazanmışlar. Azərbaycanda neftçilər bütün dövrlərdə böyük hörmətə malik adamlar olmuşlar, bu gün də belədir. Neftçi peşəsi çox şərəfli peşədir və neftçilər həmişə dövlət tərəfindən yüksək qiymətləndirilir və bundan sonra da belə olacaqdır. Çox vacibdir ki, neftçilərin məişət şəraiti, iş şəraiti, sosial vəziyyəti daim diqqət mərkəzində olsun”.
Ölkə Prezidentinin tapşırığından irəli gələn vəzifələrin icrası məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) qurumlarında çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması üçün 2011-2015-ci illəri əhatə edən “Sosial-İnkişaf” proqramı işlənib hazırlanaraq SOCAR və Azərbaycan Neft-Qaz sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə əmr-qərarı ilə təsdiq edilmişdir. Adıçəkilən sənədin xeyli hissəsi “Azneft” İstehsalat Birliyinin (İB) struktur təşkilatlarına həsr edilmişdir. Ötən müddətdə neftçilərin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə mühüm tədbirlər həyata keçirilmişdir.
Bu baxımdan qəhrəman Azərbaycan neftçilərinin hünər və rəşadət simvolu sayılan Neft Daşlarında həyata keçirilmiş böyük quruculuq işləri, çətin dəniz şəraitində çalışan bu şərəfli peşə sahiblərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində görülmüş işlər diqqəti cəlb edir. Məlumat üçün bildiririk ki, Neft Daşlarında mədəniyyət evi, çay evi, örtülü idman zalı, açıq idman meydançası, 5 ədəd beşmərtəbəli və 2 ədəd doqquzmərtəbəli yataqxana korpusları, mərkəzi yeməkxana, tibbi-sanitar hissə, mərkəzi park, Heydər Əliyev muzeyi, helikopter gözləmə zalı, çörəkbişirmə sexi, istilik qazanxanası, dəniz suyunu şirinləşdirən 2 ədəd “Əks-osmos qurğusu, bioloji təmizləmə qurğusu, həyətyanı sahədə müasir standartlara uyğun mini-futbol və voleybol meydançaları, məişət tullantılarını zərərsizləşdirən qurğu, kitabxana, poçt kimi mühüm sosial təyinatlı obyektlər fəaliyyət göstərir. ”Möcüzələr adası"nda uzun illər istismarda olan, ümumi sahəsi 29 min 413 kvadratmetr olan 5 ədəd beşmərtəbəli, 2 ədəd doqquzmərtəbəli yataqxana binası mövcuddur. Həmin binalardakı 1416 otaq əsaslı şəkildə yenidən qurularaq hər cür məişət avadanlıqları ilə təchiz olunmuş, neftçilər üçün beynəlxalq standartlara uyğun rahat şərait yaradılmışdır. Hazırda Neft Daşlarında fəaliyyət göstərən yeməkxanada hər gün 1200-1300 nəfərə xidmət göstərilir. Bundan əlavə, neftçilərin istirahəti də diqqət mərkəzində saxlanılır, onların yay istirahətinin səmərəli və rəngarəng təşkilinə xüsusi önəm verilir. Heç şübhəsiz, bütün bunlar ölkə rəhbərliyinin yürütdüyü müdrik siyasət, iqtisadi-siyasi islahatlar, sabitliyin təmin olunması, insan amilinə xüsusi önəm verilməsi sayəsində mümkün olmuşdur.
Ötən dövr ərzində Neft Daşlarındakı yataqxana korpuslarında, çay evində, helikopter meydançasında, qəsəbə və park ərazisində təmizlik işləri, fasadlarda və dəhlizlərdə cari təmir işləri aparılmış, yollar təmizlənmiş, yaşıllıqlar salınmış, müxtəlif ağaclar və gül kolları əkilmiş, sınmış bardürlər bərpa edilərək rənglənmiş, yol boyu asfalt örtüyü yenilənmişdir. “Sosial-İnkişaf” proqramına uyğun olaraq 24 ədəd vaqon evcik, vaqon-mətbəx, operator evciyi, sanitar-məişət vaqon evciyi, paltarqurudan vaqon və 10 ədəd yeni su çəni alınaraq “Neft Daşları” NQÇİ-nin ayrı-ayrı özüllərinə verilmişdir. Bundan əlavə, qış idman zalının dam örtüyündə təmir işi aparılmış, yataqxana korpuslarında pəncərələrin sınmış şüşələri dəyişdirilmiş, fasadı rənglənmiş, dəhlizlərdə cari təmir işləri aparılmış, bəzi otaqlar əsaslı təmir edilmişdir. Qazanxanadan inzibati binaya plastmas borularla yeni istilik xətti çəkilmişdir. Ayrı-ayrı özüllərdə yaşayış evciklərinin bəziləri yenisi ilə əvəz olunmuş və ya təmir edilərək avadanlıqlarla təchiz olunmuşdur. Yeri gəlmişkən, 2014-cü il noyabr ayının 7-də Azərbaycanda, eləcə də bütün dünyada açıq dənizdə neftçıxarmanın canlı simvoluna çevrilmiş “Neft Daşları” yatağının 65 illik yubileyi təntənəli şəkildə qeyd olunmuşdur.
Hazırda “Azneft” İstehsalat Birliyi üzrə hasil edilən ümumi neftin yarısından çoxunun istehsalını həyata keçirən “28 May” NQÇİ-nin kollektivi də dövlət qayğısı ilə tam əhatə olunmuşlar. İdarənin inzibati binasının və bir sıra zəruri istehsalat obyektlərinin yerləşdiyi Çilov adasında da bu baxımdan mühüm tədbirlər həyata keçirilmiş, yeni inşa edilmiş çay evi avadanlıqlarla təchiz olunmuş, ətrfında park salınmışdır. Bundan əlavə,15 saylı dərin dəniz özülünün isitmə-soyutma sistemi yenidən quraşdırılmış, 112 saylı özüldə çalışan işçilərin sosial şəraitinin yaxşılaşdırılması məqsədilə 15 ədəd yeni vaqon evcik alınaraq zəruri avadanlıqlarla təchiz edilmişdir. Hazırda həmin vaqonların 8-i yaşayış evciyi, 2-si yeməkxana, qalanları isə duşxana, camaşırxana, istirahət otağı, tibb məntəqəsi və iş otağı kimi istifadə olunur.
Ötən il yataqxana korpuslarında, çay evində, helikopter meydançasında, qəsəbə və park ərazisində təmizlik işləri, fasadlarında, dəhlizlərində cari təmir işləri aparılmış, yollar təmizlənmiş, yaşıllıq zolaqlarına xüsusi qulluq göstərilmiş, bardürlər bərpa edilərək rənglənmişdir. İşçilərin sosial şəraitinin yaxşılaşdırılması məqsədilə iki ədəd yeməkxana, dörd ədəd məişət və on bir ədəd anbar evcik alınmışdır. Bundan əlavə, işçilərin sahələrdə və özüllərdə isti yeməklə qidalanmaları tam təmin edilmişdir.
Son illər “Abşeronneft” NQÇİ üzrə də sosial sferada təqdirəlayiq işlər görülmüşdür. Belə ki, yenicə tikilməkdə olan “Qərbi-Abşeron” yatağının 20 saylı stasionar dəniz özülünə 20 ədəd ən son model yeni vaqon evcik alınaraq zəruri avadanlıqlarla və məişət cihazları ilə təchiz edilmişdir. Onların 14-dən yataqxana, digərlərindən isə yeməkxana, mətbəx evciyi, duşxana, camaşırxana, tibb otağı və mühəndis evciyi kimi istifadə olunur.
N.Nərimanov adına NQÇİ-nin neftçiləri də hərtərəfli sosial qayğı ilə əhatə olunmuşlar. Ötən il “Bulla-Dəniz” yatağında yenicə inşa edilmiş 6 saylı stasionar dəniz özülü üçün hər cür zəruri avadanlıq və məişət cihazları ilə təchiz olunmuş 20 ədəd ən müasir yeni vaqon evcik alınmışdır. Həmin evciklərin 12-si yataqxana tiplidir. Digər iki evcikdən yeməkxana, qalanlarından isə mobil soyuducu konteyner, mühəndis, tibb və istirahət otaqları, camaşırxana və duşxana kimi istifadə edilir.
2014-cü ildə və cari ilin ötən dövründə ayrı-ayrı stasionar dəniz özüllərində, eləcə də quruda yerləşən “Bibiheybətneft”, H. Z. Tağıyev və Ə.Əmirov adına neft və qazçıxarma idarələrində də işçilərin əmək və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilmiş, mədənlərdə təmir-bərpa, yenidənqurma və abadlıq işləri görülmüşdür.
Bütün bunlarla yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Azərbaycan Respublikası Dövlət Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 9 avqust 2010-cu il tarixli birgə qərarına əsasən, ötən dövrdə “Azneft” İstehsalat Birliyinin struktur təşkilatlarının işçilərinə, eyni zamanda, birliyin Qarabağ müharibəsi və 20 Yanvar hadisələrində şəhid olmuş işçilərinin 18 yaşına çatmamış uşaqlarına ümumilikdə 1 milyon 294,14 min manat maddi yardım verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ARDNŞ-in himayəsinə verilmiş Ağdam rayonu ərazisində yerləşən “Dördyol-1",”Dördyol-2", Dördyol-Mamırlı və Təzəkənd qəsəbələrində, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndində, Tərtər rayonunda və Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkün ailələrinə bayram sovqatları verilmişdir.
Göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti rəhbərliyinin xüsusi diqqət və qayğısı sayəsində işçilərin sosial məsələləri vaxtlı-vaxtında həll olunur, ərizə və şikayətlərə operativ şəkildə baxılır, onlara yekun rəy verilir. Sosial məsələlərin həlli, neftçilərə dövlət qayğısının ilbəil artması isə, heç şübhəsiz, ölkəmizdə iqtisadi yüksəlişə, hasilat tapşırıqlarının vaxtlı-vaxtında yerinə yetirilməsinə zəmin yaradır.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.