I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik xarici siyasətinin bariz ifadəsidir. Bu hadisə qlobal məsələlərdə ölkəmizin imicini daha da möhkəmləndirir və respublikamızı beynəlxalq arenada daimi oyunçuya çevirir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov söhbət zamanı bu fikrinə onu da əlavə etdi ki, I Avropa Oyunları kimi iri idman tədbirinə ev sahibliyi edən Azərbaycan yarışların keçirilməsi üçün artıq güclü infrastruktura malikdir: “Ölkənin iqtisadi inkişafının mühərriki sayılan qeyri-neft sektoruna xüsusi diqqət ayıran Prezident İlham Əliyevin sayəsində Azərbaycan belə nüfuzlu idman tədbirini keçirmək iqtidarındadır”.
Vüqar Bayramov daha sonra dedi ki, bu bayramı təkcə möhtəşəm idman yarışları kimi qiymətləndirmək doğru olmazdı. Birinci Avropa Oyunları həm geosiyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyətə malikdir. Bu yarışların iqtisadi əhəmiyyətini qiymətləndirən zaman təəssüf ki, Azərbaycanın inkişafını istəməyən və ölkəmiz barədə qara piar aparmağa cəhd göstərən təşkilatlar və şəxslər bilərəkdən yanlışlığa yol verərək xərcləri sadəcə bir qrup gəlirlər ilə müqayisə edirlər. Halbuki I Avropa Oyunları Azərbaycan üçün iqtisadi baxımdan çox rentabellidir. Bu Oyunların iqtisadi qiymətləndirilməsini aparsaq, sözügedən idman tədbirinin Azərbaycan üçün cari və strateji gəlirləri haqqında aydın təsəvvür yaranar. Əvvəla, adıçəkilən idman yarışlarının iqtisadi əhəmiyyəti heç bir halda Oyunların təşkil edildiyi müddətlə məhdudlaşdırılmamalıdır. Bu təşəbbüs iqtisadi-strateji layihədir və ölkə iqtisadiyyatının həmin layihədən uzun müddət faydalanmasına əlverişli şərait yaradacaq. Apardığımız eknometrik qiymətləndirmə də göstərir ki, cari və strateji gəlirlər nəzərə alınmaqla təşəbbüs tamamilə rentabelli bir proqramdır.
Birinci Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsinin Azərbaycanın makroiqtisadi göstəricilərinin, o cümlədən makroiqtisadi dayanıqlı sabitliyin qorunmasına birbaşa təsiri vardır. Çünki sözügedən Oyunların təşkili nəticəsində müxtəlif makro və mikro göstəricilərin daha da yaxşılaşması makrosabitlik baxımdan olduqca vacibdir. Aydındır ki, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün müxtəlif subsektorların bu təşəbbüslər vasitəsilə dəstəklənməsi çox vacibdir. Digər tərəfdən, Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsi maliyyə sabitliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək. Azərbaycana gələn turistlərin xarici valyutanı milli valyutaya çevirməsi manata tələbin artmasına və xarici valyuta təklifinin çoxalmasına əlverişli şərait yaradacaq. Başqa sözlə, ölkəmizə gələn turistlər öz vəsaitlərini milli valyutaya çevirəcəklər, bu isə o deməkdir ki, dönərli valyuta bolluğu formalaşacaq.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri birinci Avropa Oyunlarının iqtisadi əhəmiyyətinə qarşı qara piar aparanlarla bağlı bir məsələni də diqqətə çatdırdı. Bildirdi ki, bu möhtəşəm idman bayramının təşkili üçün ayrılan vəsaitin 78 faizi infrastruktur xərcləridir. Yəni, xərclənən vəsait Bakı və eləcə də ölkəmizin infrastrkturunun daha da yaxşılaşdırılmasına xidmət edir. İnfrastruktur isə qalır. Ölkəmiz bu infrastrukturdan uzun müddət istifadə etmək imkanı qazanmaqla yanaşı, eyni zamanda, xarici sərmayənin ölkəmizə gəlməsini təşviq edə bilir. Fikrimi bir qədər də konkretləşdirib deyə bilərəm ki, birinci Avropa Oyunları aspektindən infrastrukturun daha genişlənməsi ölkəmizin rəqabət qabiliyyətini artıracaq. Bu isə Azərbaycanın qeyri-neft sektoruna daha çox sərmayə cəlb edilməsinə imkan verəcək. Deməli, birinci Avropa Oyunlarının ölkəmizdə reallaşdırılması xarici sərmayəni stimullaşdırmaqla yanaşı, iqtisadiyyatın diversifikasiyasına pozitiv təsir göstərəcək. Xarici sərmayələr qeyri-neft sektorunun inkişafını təşviq etməklə yerli istehsalın genişlənməsinə və ixracın həcminin artmasına səbəb olacaq. Birinci Avropa Oyunları Azərbaycanın tanıdılması hesabına ölkəyə xarici investisiyanın cəlb edilməsinə də mühüm təsir göstərəcək. Ölkəmizdə iqtisadiyyatın diversifikasiyası vacib hədəflərdən biridir. İqtisadiyyatın şaxələnməsi, eyni zamanda, qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsini nəzərdə tutur. Belə beynəlxalq yarışlar, ölkəmizin infrastrukturunu, iqtisadi potensialını tanıtmaq üçün olduqca vacibdir. Deməli, sözügedən layihə Azərbaycan üçün qısa və uzunmüddətli dövrdə sərmayələrin cəlb edilməsi baxımdan əhəmiyyətlidir.
Birinci Avropa Oyunlarının keçirilməsindən iqtisadi baxımdan, udan tərəflərdən biri də kiçik və orta sahibkarlıq olacaq. Belə ki, turistlərin ölkəmizə gəlməsi ilə müxtəlif xidmətlərə tələb artacaq. Aydındır ki, bu xidmətlərin əksəriyyəti kiçik və orta sahibkarlıq subyektləri tərəfindən təklif edilir. Çoxlu sayda turistlərin ölkəmizə gəlməsi kafe və restoranlar da daxil olmaqla çox fərqli xidmətlərdən istifadə edənlərin sayının artmasına müsbət təsir göstərəcək. Hətta taksi sürücüləri də Oyunların ölkəmizdə keçirilməsinin müsbət iqtisadi təsirlərini hiss edəcəklər.
V. Bayramov onu da vurğuladı ki, indiyədək Oyunların təşkili ilə bağlı ayrılan vəsait çərçivəsində sifariş edilən xidmətlərin böyük bir qismi məhz yerli kiçik və orta sahibkarlar tərəfindən reallaşdırılmışdır. Bu isə o deməkdir ki, sahibkarlarımız, Oyunlar təşkil edilənədək iqtisadi xeyir əldə edə biliblər. Eyni zamanda, birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi bir qismi daimi olmaqla yeni iş yerlərinin yaradılmasına səbəb olmuşdur. Bu isə məşğulluğun müdafiəsi baxımdan mühüm önəm daşıyır.
Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin iqtisadi faydası ilə yanaşı, kifayət qədər də sosial üstünlükləri var. Əvvəla, Oyunların təşkil edilməsi Azərbaycana əlavə vəsaitin daxil olması deməkdir. Bu vəsait isə təbii ki, birbaşa sahibkarların, işçilərin faydalanmasına müsbət təsir göstərəcək. Deməli, gəlirlər artacaq. İkincisi, yeni xərcləmələr dövlət büdcəsinə əlavə vergi ödənişlərinə imkan yaradacaq. Üçüncüsü, ölkəmizə gələcək turistlərin həm də regionlara getməsinin gözlənilməsi və yerlərdə əhalinin müxtəlif xidmətlərindən faydalanması vətəndaşlarımız üçün əlavə gəlir mənbəyi deməkdir. Dördüncüsü, Oyunların ölkəmizdə keçirilməsi yeni təşəbbüslərin reallaşmasına imkan verəcək. Bu isə növbəti illərin dövlət büdcəsinin formalaşmasına müsbət təsir göstərəcək.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri fikrini belə yekunlaşdırdı: - Birinci Avropa Oyunlarının ilk dəfə ölkəmizdə təşkil edilməsi hər birimiz üçün qürurverici faktdır. Bu, eyni zamanda, Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir. Oyunların niyə ölkəmizdə təşkil edilməsi sualının isə yalnız bir cavabı var: Azərbaycan iqtisadiyyatının dinamik inkişaf səviyyəsi və uğurla həyata keçirilən islahatlar ölkəmizin yeni bir tərəqqi mərhələsinə daxil olmasına imkan verdi.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.