Heydər Əliyev Azərbaycanın etibarlı elektrik enerjisi sisteminin yaradıcısıdır

Elektrik enerjisi sahəsi Azərbaycanın sosial problemlərinin
həll olunmasında xüsusi rol oynayır.

Heydər ƏLİYEV
Ümummilli lider

Məqsədyönlü enerji siyasəti hər bir dövlətin milli təhlükəsizliyinin təmin edilməsində çox mühüm əhəmiyyətə malikdir. Bu mənada ölkəmizdə iqtisadiyyatın, onun sosial həyatının istər ötən əsrin 70-80-ci illərindəki, istərsə də müstəqillik dövründəki dinamik inkişafı bir çox mühüm amillərlə yanaşı, elektrik enerjisi sistemi ilə də bağlıdır.

Hazırda  Azərbaycan müstəqil elektrik enerji sisteminə malikdir. Bu sistemin əsası ötən əsrin 70-ci illərində qoyulmuşdur. 

Düzdür, sovetlər dönəmində enerji resurslarının həcminə görə zəngin olan Azərbaycan xalqının yalnız cüzi tələbatı ödənmışdir. 1969-cu ildə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonra respublikanın sosial-iqtisadi həyatının mühüm sahələrindən biri olan elektik enerjisi sisteminin sürətli inkişafını təmin etmək məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, irimiqyaslı layihələr reallaşdırılmışdı. Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə hələ ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq respublikanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə başlanmışdı. Heydər Əliyev mövcud generasiya güclərinin və şəbəkə təsərrüfatının sürətli inkişaf mərhələsinə qədəm qoyan ölkə iqtisadiyyatının tələblərinə cavab vermədiyini müəyyənləşdirmiş və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirmişdir.

Həmin dövrdə bir-birinin ardınca yeni elektrik stansiyalarının, yüksək gərginlikli elektrik verilişi xətlərinin və yarımstansiyaların inşa edilib istifadəyə verilməsi respublikanın sənaye potensialının artırılmasında mühüm addım oldu. 1971-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində Araz çayı üzərində “Araz” SES adı altında gücü 22 MVt olan stansiyanın inşası, 1972-ci ildə “2 saylı Sumqayıt İstilik Enerji Mərkəzi”nin gücünün 220 MVt-a çatdırılması, 1976-1977-ci illərdə Sərsəng su anbarı və gücü 50 MVt olan eyniadlı su elektrik stansiyasının istifadəyə verilməsi məhz ümummilli liderimizin Azərbaycana rəhbərliyi dövrünə təsadüf edir. Bu illərdə həmçinin gücü 380 MVt olan Şəmkir Su Elektrik Stansiyası istismara buraxılmışdır. Ötən əsrin 80-ci illərində və elə bu gün də Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılan, gücü 2400 MVt olan 8 enerji blokundan ibarət, kritik parametrdən də yüksək parametrlərdə işləmək imkanına malik “Azərbaycan” İstilik Elektrik stansiyası (İES) istismara verilmişdir.

“Azərbaycan” İES-in birinci enerji bloku 1981-ci il oktyabrın 20-də ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilmiş, bu möhtəşəm hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. 80-ci illərin əvvəllərində inşası hətta SSRİ miqyasında ümumxalq tikintisi səviyyəsinə qalxmış bu əzəmətli tikili hazırda da ümummilli liderin bütün qurub—yaratdıqları kimi, onun nurlu şəxsiyyətinin möhtəşəm yadigarıdır. Heydər Əliyevin səyi nəticəsində bu obyekt o vaxt Ümumittifaq zərbəçi  tikintisi elan edildiyinə görə inşaat işlərinə ən peşəkar mütəxəssislər və müasir texniki vasitələr istifadəyə cəlb olunmuşdu. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 saylı sərəncamına əsasən oktyabrın 20-si ölkəmizdə “Energetiklər Günü” kimi qeyd edilir, energetiklər peşə bayramlarını ruh yüksəkliyi ilə qarşılayırlar.

Ölkə elektrik enerjisi sisteminin sütununu təşkil edən bu stansiya hazırda da müstəqil dövlətimizin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayır. Stansiyanın istismara verilməsi ilə elektrik enerjisi sistemində başlanan inkişaf və tərəqqi prosesi nəticəsində respublikamız sonralar özünün müstəqil, dayanıqlı enerji sistemini formalaşdıra bilmişdir. Ümumilikdə, Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə ölkəmizin elektrik enerjisi ilə təminatı problemi öz həllini tapmışdır. Bu illərdə Azərbaycanın bütün yaşayış məntəqələrinə, o cümlədən hər bir evə elektrik xətti çəkilmişdi. Əgər 1969-cu ildə Azərbaycan elektrik enerjisini idxal edirdisə, 1982-ci ildə respublika elektrik enerjisi ixracatçısına çevrilmişdi. Həmin dövrdə elektrik stansiyalarının inşası ilə yanaşı, elektrik şəbəkələri də sistemli şəkildə inkişaf etdirilmiş və respublikamızın dayanıqlı enerji sistemi yaradılmış, 500 və 330 kV-lik elektrik verilişi xətləri və xeyli sayda qovşaq yarımstansiyaları istismara verilmişdir. Bununla da, elektrik enerjisi sahəsində yeni inkişaf mərhələsinin başlanğıcı qoyulmuşdur. Sonralar həmin günləri xatırlayan ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Biz o illər bütün bu imkanlardan istifadə edərək, eyni zamanda, düşünürdük ki, hər respublikanın özünü təmin edə bilən iqtisadi potensialı olmalıdır. Bu iqtisadi potensialın tərkibində ən mühüm yer tutan elektrik enerjisi istehsal edən müəssisələr yaradılmalıdır. Ona görə də, o illər Moskvanın etirazına, bu işimizə maneçilik törədən qüvvələrin çox güclü olmasına baxmayaraq, biz Azərbaycanın elektrik enerjisi müstəqilliyini, elektrik enerjisi sarıdan asılılıqdan qurtarmasını təmin etmək üçün respublikamızda güclü potensiala malik olan elektrik stansiyaları yaratmağa başladıq, buna da nail olduq”.

Ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində baş vermiş hadisələr, Sovet İttifaqının süqutu elektrik enerjisi sisteminə də təsirsiz ötüşmədi. Yaranmış siyasi və iqtisadi böhran nəticəsində elektrik enerjisi istehsalında böyuk problemlər yarandı. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində vaxtilə tikilib istifadəyə verilmiş “Azərbaycan” İES olmasaydı, respublikanın, o cümlədən paytaxt Bakının enerji təchizatında ciddi problemlər yaşana bilərdi. Beləliklə də, müasir Azərbaycan dövlətini o illərdə qurub-yaradan, ölkəmizi bütün sahələr üzrə kənar asılılıqlardan çıxararaq dövlət müstəqilliyi üçün zəruri əsasları formalaşdıran ulu öndərimizin enerji sektoruna diqqət və qayğısının əsl səbəbləri Azərbaycan müstəqilliyə qovuşduqdan sonra daha aydın, dolğun şəkildə hiss olunurdu.

1993-cü ilin iyununda xalqın istəyi və təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev iqtisadiyyatın bütün sahələrinin, o cümlədən elektrik enerjisi sisteminin böhrandan çıxarılması, onun maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi üçün məqsədyönlü, genişmiqyaslı tədbirlər həyata keçirdi. Dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr qurulmasına yönəldilmiş strateji xətt elektrik enerjisi sisteminə də xarici sərmayələrin cəlb olunmasına imkan yaratdı. Məhz həmin imkanlardan Azərbaycanın enerji sisteminin mövcud potensialının səmərəliliyinin artırılmasında, elektroenergetika təsərrüfatının yenidən qurulmasında və yeni güclərin yaradılmasında hazırda da məqsədyönlü şəkildə istifadə olunur.

Tikintisi hələ 1984-cü ildən yarımçıq qalmış Şəmkir SES-in davamı olan Yenikənd su hövzəsinin və su elektrik stansiyasının inşasının başa çatdırılması ilə enerji sistemində yeni inkişaf mərhələsinin başlanğıcı qoyulmuşdur. Xatırladaq ki, maliyyə çatışmazlığı ilə əlaqədar tikintisi uzun illər mümkün olmayan Yenikənd su hövzəsində işlərin başa çatdırılması üçün lazımi vəsaitin əldə edilməsi problemini ulu öndərimiz 1995-ci ilin dekabrında Böyük Britaniyaya işgüzar səfəri zamanı gündəmə gətirərək, onun həllinə nail olmuşdur. Respublika energetiklərinin və inşaatçıların gərgin işi nəticəsində 2000-ci ilin dekabr ayında stansiya istifadəyə verilmiş, burada elektrik enerjisi istehsalına başlanılmışdır.

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində “Ağdam” yarımstansiyası və 330 kV-luq Azərbaycan İES-Ağdam-İmişli elektrik verilişi xətti işğal altında qaldığından həmin yarımstansiyadan qidalanan əraziləri elektik enerjisi ilə təchiz etmək məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankı və İslam İnkişaf Bankından ayrılmış kredit hesabına 330 kV-luq Ağcabədi, 110 kV-luq Bərdə yarımstansiyalarının və 330 kV-luq Azərbaycan İES-Ağcabədi-İmişli elektrik verilişi xəttinin inşası həyata keçirildi.

“Şimal” Elektrik Stansiyasının yenidən qurulması da ulu öndərimizin adı ilə bağlıdır. 1998-ci ilin fevral ayında Yaponiyaya rəsmi səfəri zamanı ümummilli liderimiz bu stansiyada 400 MVt gücündə buxar-qaz qurğusunun inşası layihəsinin maliyyələşdirilməsi üçün bu ölkənin rəhbərliyinə müraciət etmiş və uzunmüddətli, güzəştli kredit ayrılmasına nail olmuşdur. 2000-ci ilin 19 dekabrında isə ümummilli liderimiz tərəfindən qurğunun təməli qoyulmuş və obyekt 24 aydan sonra istismara verilmişdir.

1999-cu ilin iyun ayında 1 nömrəli Bakı İstilik-Elektrik Mərkəzində yenidənqurma işlərinin başlanması, ölkə Prezidenti Heydər Əliyevin bu mərasimdə iştirakı, qaz-turbin qurğusunun təməl daşını qoyması da Azərbaycan energetika tarixinin ən əlamətdar hadisələrindəndir. Xatırladaq ki, yenidənqurmanın ilk mərhələsi 2000-ci ilin noyabr ayında, ikinci növbəsi isə 2001-ci ilin iyulunda başa çatdırılmış və hər birinin gücü 53,5 MVt olan iki qaz turbini, aqreqat və qaz turbinindən çıxan qazların istiliyindən istifadə hesabına saatda 250 ton buxar istehsalı imkanına malik iki buxar generatoru istifadəyə verilmişdir.

Ulu öndərin müəllifi olduğu “Əsrin müqaviləsi”, Xəzərin zəngin neft və qaz ehtiyatlarından istifadə edilməsi üzrə digər müqavilələrdə nəzərdə tutulan tədbirlərin icrası Abşeron yarımadasının elektrik enerjisi ilə təminatına yenidən baxılması zərurətini yaratdı. Burada yeni generasiya güclərinin işə salınması ilə yanaşı, yüksək gərginlikli elektrik şəbəkələrinin sistemli inkişaf etdirilməsi ön plana çəkildi. Həmin obyektlərdən biri də Bakı şəhəri və onun ətraf rayonlarının elektrik enerjisi təchizatında müstəsna əhəmiyyət kəsb edən “Müşfiq” yarımstansiyasıdır. Ulu öndər bu yarımstansiyanın gücünün artırılması, eyni zamanda, enerji sisteminin dayanıqlılığının və təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə xarici ölkələrə rəsmi və işgüzar səfərləri zamanı bu məqsədlə maliyyə yardımının ayrılmasına nail olmuşdu. “Müşfiq” yarımstansiyasının genişləndirilməsi və 220 kV-luq Abşeron-Müşfiq yüksək gərginlikli elektrik verilişi xəttinin çəkilməsi" layihəsinin həyata keçirilməsi üçün  Avropa Birliyinin Azərbaycana Fövqəladə Yardım Proqramı çərçivəsində maliyyə vəsaiti ayrılmışdır.

Bütövlükdə isə Heydər Əliyevin  həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanda 3500 MVt-a yaxın generasiya gücü işə salınmışdır. Elektrik enerjisi istehsalı isə təxminən 12 milyard kilovat-saatdan 22 milyard kilovat-saatadək, yəni 1,8 dəfədən çox artmışdır. İqtisadiyyatın sürətli inkişafı, əhalinin həyat tərzinin yaxşılaşması nəticəsində istehlak 11,3 milyard kilovat-saatdan 23 milyard kilovat-saata kimi, yəni iki dəfədən çox artmışdır. Bununla yanaşı, Azərbaycan elektrik enerjisi sisteminin qonşu ölkələrin enerji sistemləri ilə sıx əlaqəsi təmin olunmuşdur. Bu, həm də ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da inkişafına, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına şərait yaradan ciddi amillərdən biridir.

Ulu öndərimizin müstəqil Azərbaycana rəhbərliyi dövründə ölkəmizin elektrik enerjisi sistemində qanunvericilik bazasının formalaşdırılması, bu sahəyə dair hüquqi əsasların təkmilləşdirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir.

Bütün həyatını Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr etmiş ümummilli liderimiz Heydər Əliyevin siyasəti bu gün də yaşayır və uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişafı daha da sürətləndirmək strategiyası ulu öndərin yaratdığı möhkəm bünövrə üzərində Azərbaycanın güclənməsinə və qüdrətlənməsinə yönəlmişdir. Dövlətımizin başçısının təşəbbüsü və rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektrik energetikası üzrə mükəmməl proqramların işlənib hazırlanması və uğurla icra edilməsi nəticəsində ölkəmiz öz iqtisadi inkişaf sürətinə görə dünyanın öncülləri sırasına yüksəlmişdir. Bununla yanaşı, ulu öndərimizin bu sahədə özünəməxsus uzaqgörənliklə müəyyənləşdirdiyi mükəmməl strateji xəttin uğurla həyata keçirilməsi və hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcılıqla davam etdirilməsi ölkəmizi regionun aparıcı dövlətinə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevirmişdir. Möhtərəm Prezidentimizin həyata keçirdiyi məqsədyönlü strateji xətt sayəsində son 11 il ərzində Azərbaycanın elektrik enerjisi sistemində 17 yeni elektrik stansiyası istismara verilmiş, 10 min kilometrdən çox elektrik verilişi xətləri və 1500-dən çox yarımstansiya inşa edilmiş və yenidən qurulmuşdur. 2006-cı ildən başlayaraq, hər il iki yeni elektrik stansiyası istifadəyə verilmiş, nəticədə 2300 meqavatdan artıq yeni generasiya gücləri əldə edilmişdir.

Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı enerji sisteminin mövcud vəziyyətindən bəhs edərkən demişdir: “Son illər ərzində yaratdığımız enerji potensialı bütün sovet dövründə yaradılan potensialdan böyükdür, ondan çoxdur. Nə qədər elektrik stansiyaları yaradıldı. Onlar olmasaydı, indi bizim iqtisadi, sənaye inkişafımız mümkün olmazdı. Yəni, biz diqqəti bu sahəyə yönəltdik ki, generasiya güclərini yaradaq. Azərbaycanda həm alternativ su elektrik stansiyaları və əsas qaz elektrik stansiyaları tikilmişdir”. Yeri gəlmişkən, bu gün ölkənin elektrik enerjisinə olan tələbatının təqribən 40 faizi son 11 ildə istifadəyə verilmiş elektrik stansiyaları hesabına ödənilir və bu göstərici artmaqdadır.

Enerji sisteminin müasir standartlara uyğun yenidən qurulması, ölkəmizin müxtəlif regionlarında yeni generasiya güclərinin inşa edilməsinin nəticəsidir ki, Azərbaycan nəinki özünün elektrik enerjisinə olan tələbatını tam ödəməyə nail olmuş, həm də bölgədə elektrik enerjisi ixracatçısı mövqeyinə çıxmaq imkanları əldə etmişdir. Bütün bunlar isə Heydər Əliyev tərəfindən yaradılmış potensiala əsaslanır və elektrik enerjisi sisteminin inkişafı üzrə həyata keçirilən layihələr Azərbaycanın enerji təhlükəsizliyinin daha da möhkəmləndirməklə yanaşı, onun gələcəkdə elektrik enerjisi ixracatçısı kimi regionda mühüm bir ölkəyə çevrilməsinə inkan verəcəkdir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında respublika elektrik enerjisi sisteminin daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi üçün yeni tədbirlər hazırlanır. Nəticədə, həm elektrik enerjisi istehsalının keyfiyyəti artır, həm də “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində yeni elektrik stansiyaları tikilir və istifadəyə verilir. Bununla yanaşı, hazırda digər energetika infrastrukturunun yaradılması istiqamətində də proqramların reallaşdırılması üçün işlər davam etdirilir.

Etibar PİRVERDİYEV,
“Azərenerji” ASC-nin prezidenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında