Azərbaycanın dost ölkələrlə iqtisadi münasibətləri yeni mərhələyə qədəm qoyur

Son illər Azərbaycanda iqtisadi artım sürəti ilə bağlı əldə olunmuş yüksək göstəricilər, bir sıra qlobal enerji layihələrinin uğurla həyata keçirilməsi ölkəmizi dünyanın inkişaf etmiş ən nüfuzlu dövlətləri üçün etibarlı tərəfdaşa, strateji müttəfiqə çevirmişdir. Məhz bunun nəticəsidir ki, hazırda Cənubi Qafqaz regionunun ən sabit və davamlı inkişaf edən ölkəsi kimi tanınan Azərbaycanla hərtərəfli əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirməyə xüsusi maraq göstərən dövlətlərin sırası getdikcə genişlənir.
Bu da dünya birliyinin layiqli üzvünə çevrilmiş Azərbaycan Respublikasının beynəlxalq aləmə daha fəal inteqrasiya olunmasına, inkişaf etmiş ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin genişlənməsinə səbəb olur. Azərbaycanın beynəlxalq enerji və nəqliyyat layihələrinin mərkəzinə çevrilməsi, həmçinin ölkəmizin əlverişli geosiyasi mövqeyi bu prosesi bir qədər də sürətləndirir. Artıq keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran və müstəqil iqtisadi inkişaf modelinə nail olan Azərbaycanla strateji sahələrdə əməkdaşlığa maraq getdikcə artır.
Son illər dövlət başçılarının qarşılıqlı səfərləri və bu səfərlərin məntiqi nəticəsi kimi imzalanan bir çox tarixi sənədlər əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə təkan verir. Bu baxımdan ötən ayın son ongünlüyündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına və Özbəkistan Respublikasına tarixi səfərləri diqqəti cəlb edir.
Azərbaycanla ABŞ arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri son illər getdikcə möhkəmlənir. Təkcə onu qeyd etmək kifayətdir ki, ABŞ ilk gündən ölkəmizdə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrinin tərəfdarı kimi çıxış edərək bütün bunları həmişə dəstəkləmişdir. Bundan əlavə, dünyanın super nəhəngi həm də Azərbaycanda reallaşdırılan bir sıra neft və qaz işlənməsi və ixracı layihələrinin fəal iştirakçısıdır. Bu da onu deməyə əsas verir ki, son zamanlar Avropanın və dünyanın bir çox başqa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynayan Azərbaycanın Birləşmiş Ştatlarla, bütün sahələrdə olduğu kimi, energetika sahəsində də səmərəli əməkdaşlığı mövcuddur.
Bütün bunlarla yanaşı, ABŞ həm də Azərbaycanın fəal ticarət partnyorlarından biridir. Təkcə belə bir faktı qeyd etmək yetərlidir ki, hazırda Birləşmiş Ştatlar İtaliya və İsraildən sonra Azərbaycanın idxal-ixrac əməliyyatları apardığı ölkələr sırasında üçüncü yerdədəir. 2010-cu ilin yeddi ayında Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsinin həcmi 1 milyard 92 milyon 488,2 min dollar təşkil etmişdir. Hesabat dövründə Azərbaycan ABŞ-dan 115 milyon 985,1 min dollarlıq mal almış, əvəzində isə bu ölkəyə 976 milyon 503,1 min dollarlıq mal göndərərək idxal-ixrac əməliyyatlarında 860 milyon 518 min dollarlıq müsbət saldo əldə etmişdir. Onu deyək ki, ixracın tərkibində xam neft və neft məhsulları xüsusi çəkiyə malik olmuşdur. Bundan əlavə, Azərbaycandan ABŞ-a müxtəlif ərzaq malları, kimya sənayesi məhsulları, toxuculuq malları və materialları, digər qeyri-metal mineral məhsulları, ayrı-ayrı mebel məmulatları və s. mallar göndərilmişdir. Bu ölkədən isə Azərbaycana müxtəlif ərzaq malları, qeyri-metal mineral məhsulları, kimya sənayesi məhsulları, plastik kütlə və rezindən hazırlanan məmumatlar, toxuculuq malları, cap məhsulları, maşın və mexanizmlər, az qiymətli metallar və onlardan hazırlanan məmulatlar, tibbi cihazlar, nəqliyyat vasitələri və s. mallar gətirilmişdir. Göründüyü kimi, Azərbaycanla ABŞ arasında mal mübadiləsinin tərkibi və həcmi olduqca genişdir ki, bu da ölkələrimiz arasında sıx iqtisadi əlaqələrin mövcudluğuna dəlalət edir.
Yeri gəlmişkən, dövlətimizin başçısı İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 65-ci sessiyasında iştirak etmək üçün ABŞ-a işgüzar səfəri ölkələrimiz arasında qarşılıqlı münasibətlərin bir qədər də möhkəmləndirilməsi üçün əlverişli imkan yaradır. Elə sentyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Barak Obama ilə görüşündə də ölkələrimiz arasında siyasi əlaqələr kimi iqtisadi, enerji və təhlükəsizlik sahələrində əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətinin xüsusi qeyd olunması da bunu deməyə əsas verir.
Azərbaycanın postsovet məkanına daxil olan dost ölkələrlə də əlaqələrinin səviyyəsi yüksələn xətlə inkişaf edir. Ötən illərdə həyatın bütün sahələrində sürətli inkişafa nail olan Azərbaycan SSRİ-nin dağılması ilə əlaqədar qırılan iqtisadi tellərin bərpası istiqamətində mühüm irəliləyiş əldə etmişdir. Artıq Azərbaycanın Özbəkistan Respublikası ilə mövcud iqtisadi əlaqələrinin genişlənməsi üçün əlverişli imkan yaranmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ayın 27-də Özbəkistana ikigünlük rəsmi səfəri qarşılıqlı münasibətlərin dərinləşməsinə, bir çox sahələrdə əməkdaşlığın genişlənməsinə təkan verəcəkdir.
Azərbaycanla-Özbəkistan dostluq və qardaşlıq münasibətlərinin qədim köklərə malik olmasına baxmayaraq, ölkələrimiz arasındakı mövcud iqtisadi əlaqələr, ticarət dövriyyəsi potensial imkanları heç də tam əhatə etmir. Təsadüfi deyil ki, sentyabrın 27-də Daqkənddə sənədlərin imzalanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti İslam Kərimovun mətbuat üçün səsləndirdikləri bəyanatda qeyd olunmuşdur ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın geniş potensialına baxmayaraq, əmtəə dövriyyəsinin və qarşılıqlı kooperasiyanın indiki səviyyəsi mövcud imkanlara qətiyyən uyğun deyildir. Elə Azərbaycanla Özbəkistan arasında ticarət əlaqələrinin hazırki səviyyəsi də bunu təsdiq edir. Belə ki, 2010-cu ilin yanvar-iyul ayları ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 6 milyon 670,2 min ABŞ dolları təşkil etmişdir ki, bu da Azərbaycanın idxal-ixrac əməliyyatları apardığı Müstəqil Dövlətlər Birliyi arasında Moldova və Tacikistandan sonra ən aşağı göstəricidir. İki ölkə arasında ticarət dövriyyəsinin strukturuna gəlincə isə, cari ilin yeddi ayında Azərbaycan Özbəkistandan 4 milyon 540,4 min dollarlıq mal olmuş, bu ölkəyə 2 milyon 129,8 min dollarlıq məhsul göndərmişdir. Hesabat dövründə Özbəkistanla xarici ticarət dövriyyəsində 2 milyon 410,6 min dollarlıq mənfi saldo yaranmışdır.
2010-cu ilin yanvar-iyul aylarında Azərbaycan Özbəkistandan ümumi dəyəri 975,6 milyon dollar olan 1 milyon 780,4 min ton müxtəlif adda ərzaq və kənd təsərrüfatı məhsulları almışdır. İdxalın tərkibində müxtəlif nəqliyyat vasitələri isə daha üstün çəkiyə malik olmuşdur. Belə ki, hesabat dövründə Özbəkistandan ölkəmizə 277 ədəd minik və 44 ədəd yük avtomobili, həmçinin 5 sərnişin avtobusu gətirilmişdir. Həmin nəqliyyat vasitələrinin isə ümumi dəyəri 2 milyon 251,6 min dollar təşkil etmişdir. Cari ilin yeddi ayında Azərbaycan Özbəkistandan həmçinin müxtəlif adda toxuculuq materialları və məmulatları, dərman və digər tibbi ləvazimatlar, kimya sənayesi məhsulları və s. mallar almışdır.
Yanvar-iyul aylarında Azərbaycan Özbəkistana 18 adda məhsul ixrac etmişdir. İxracın strukturunda neft məhsulları xüsusi çəkiyə malik olmuşdur. Belə ki, hesabat dövründə Özbəkistana ümumi dəyəri 1 milyon 492,7 min dollar olan 2198,6 ton reaktiv kerosin yanacağı və qazoyl göndərilmişdir. Bundan əlavə, ilin yeddi ayında Azərbaycanın Özbəkistana ixrac etdiyi malların sırasında kimya sənayesi malları da üstün çəkiyə malik olmuşdur.
Göründüyü kimi,hər iki ölkənin mövcud potensialı, yüksək iqtisadi artımın səviyyəsi bu gün reallığı tam əks etdirmir. Bütün bunlara baxmayaraq, Azərbaycanla Özbəkistan arasında iqtisadi əməkdaşlığın yeni müstəviyə qədəm qoyması yaxın illərdə ticarət dövriyyəsinin həcminin xeyli artacağına inam yaradır. Qeyd etdiyimiz kimi, Azərbaycanın yüksək iqtisadi potensialı bütün dünyada, o cümlədən Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrdə də birmənalı olaraq bəyənilir, təqdir olunur. Təsadüfi deyil ki, Ümumdünya İqtisadi Forumu tərəfindən hazırlanmış ən son hesabatda Azərbaycan rəqabətə davamlılıq indeksinə görə MDB ölkələri arasında birinci yerdə göstərilmişdir. Yeri gəlmişkən, sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı Özbəkistanın dövlət başçısı İslam Kərimov ölkəmizdə iqtisadi sahədə, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirərək demişdir: "...Ölkənizin çox zəngin ehtiyatlarından səmərəli istifadə edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, onun ixrac hissəsinin genişləndirilməsi, əhalinin rifahının və həyat səviyyəsinin keyfiyyətinin daim yüksəldilməsi üçün Azərbaycanda inamla reallaşdırılan proqram böyük hörmətə layiqdir. Bütün bunların Cənubi Qafqazda qarşıdurmanın, kənardan təhdid və təhlükələrin, dünya maliyyə-iqtisadi böhranının təsirinin hələ də davam etdiyi şəraitdə baş verdiyini nəzərə alsaq, bunun nəyin bahasına əldə edildiyi aydın olar". Bu da onu göstərir ki, dost və qardaş Özbəkistanda ölkəmizdə baş verən iqtisadi proseslər diqqətlə izlənilir və əldə olunmuş uğurlar yüksək dəyərləndirilir. Belə bir şəraitdə Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsinə xüsusi maraq göstərilir. Azərbaycan da öz növbəsində Özbəkistanla iqtisadi əlaqələrin səviyyəsini yüksəltməyin vacibliyini təsdiq edir. Bunu dost ölkənin Prezidenti İslam Kərimovla təkbətək görüşü zamanı dövlətimizin başçısı İlham Əliyev də bəyan edərək demişdir: "Biz bir çox istiqamətlərdə fəal əməkdaşlıq edirik. Əlbəttə, iqtisadi əlaqələrimizin, fikrimcə, zirvədə olan siyasi münasibətlərimiz səviyyəsinə yaxınlaşmasını istərdik". Elə həmin tədbirdən bir qədər sonra nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibli görüşdə də Prezident İlham Əliyev ölkələrimizin ortaq dəyərlərə, zəngin tarixi və mədəni irsə malik olduğunu diqqətə çatdırmış, bütün bunların ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı imkan yaratdığını bildirərək möhkəm əsaslar üzərində siyasi və iqtisadi əlaqələrin uğurla inkişafına iri potensial iqtisadi layihələrin işlənməsinin də əlavə edilməsinin nadir regional formatın yaranmasına gətirib çıxaracağını vurğulamışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın son günlərində Özbəkistana rəsmi səfəri zamanı dost ölkənin rəhbəri İslam Kərimovla geniş fikir mübadiləsi aparması, nümayəndə heyətlərinin görüşü və həmin tarixi səfərin nəticəsi olaraq imzalanmış birgə bəyannamə və bir sıra mühüm sənədlər onu deməyə əsas verir ki, ölkələrimiz arasında münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. Yeri gəlmişkən, sentyabrın 27-də Azərbaycan-Özbəkistan sənədlərinin imzalanma mərasiminin gedişində müxtəlif sahələri əhatə edən səkkiz sənədə imza atılmışdır. Həmin sənədlərdən biri olan "2011-2015-ci illər üzrə Özbəkistan Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş" ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Belə ki, sözügedən sənəd Azərbaycanla Özbəkistan arasında iri nəqliyyat-kommunikasiya, tranzit potensialından daha səmərəli və qarşılıqlı surətdə faydalı şəkildə istifadə olunması imkanlarını artıracaq. Bu da ölkələrimiz arasında iqtisadi əlaqələrin, xüsusən də illik ticarət dövriyyəsinin artırılmasına geniş imkanlar yaradacaq.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında