Bilmirəm, Mingəçevirdə sonuncu dəfə nə vaxt olmusunuz. Möcüzədir. Başdan-başa dəyişib. Elə Xaldandan ayrılıb Mingəçevir tərəfə istiqamət götürəndə o dəqiqə hər şey səni valeh edir, ürəyindən bir hiss keçir. Bax, inkişaf buna deyərlər.
Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda bütün bunlar barədə ətraflı danışdı. Bildirdi ki, bütövlükdə ölkədə olduğu kimi, Mingəçevirdə də dinamik inkişaf davam edib. Yeni istehsal sahələri yaradılıb, dayanmış müəssisələr fəaliyyətini bərpa edib, sosial təyinatlı obyektlər əsaslı təmir olunub. Son üç ildə aparılan geniş abadlıq və əsaslı quruculuq işləri bu ilin I rübündə də yüksək sürətlə davam edib.
Şəhər icra hakimiyyətinin başçısı xüsusi olaraq vurğuladı ki, şəhər üçün ən əlamətdar hadisə bu il fevral ayının 24-də ölkə Prezidenti cənab İlham Əliyevin buraya səfəri olub.
Dövlət başçısı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra məcburi köçkünlər üçün inşa edilən və Avropa oyunları zamanı idmançıların yerləşəcəyi şəhərcikdə olub, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən 120 yerlik körpələr evi - uşaq bağçasının açılışında iştirak edib, əsaslı yenidənqurmadan sonra istismara verilən şəhər Mərkəzi Xəstəxanasında aparılmış işlərlə tanış olub. Daha sonra ölkə rəhbəri Heydər Əliyev parkında aparılan yenidənqurma işləri və “Ağsaray” otel kompleksində işlərin gedişatı ilə maraqlanıb.
Ümumiyyətlə, hesabat dövrünün təhlili göstərir ki, 2015-ci ilin yanvar-mart aylarında Mingəçevirin istehsal müəssisələrində 57 milyon manatlıq məhsul istehsal olunub, əsas kapitala 53 milyon manat investisiya yönəldilib, 45 milyon manatlıq tikinti quraşdırma işləri görülüb, nəqliyyat və rabitə sahələrində 1,3 milyon manatlıq xidmət göstərilib, əhaliyə 67 milyon manatlıq istehlak malları satılıb və xidmətlər göstərilib.
Bir sözlə, ötən üç ay ərzində regionların inkişafı ilə bağlı Dövlət Proqramının Mingəçevirə aid bəndləri uğurla icra olunub. Heydər Əliyev parkı əsaslı şəkildə yenidən qurulub, 24 binada üzləmə, rəngləmə, dam örtüyünün təmiri və sair təmir işləri görülüb, 31 min kvadratmetr sahəyə asfalt örtük salınıb, 10 min kvadratmetr sahəyə dekorativ tamet döşənib, 12 binanın damı metal kirəmit örtüklə əsaslı təmir olunub. Şəhidlər xiyabanı əsaslı şəkildə yenidən qurulub, ərazisinə daş döşənib, oturacaqlar qoyulub, işıq dirəkləri quraşdırılıb, məzarlar qara mərmərlə üzlənib. Rüb ərzində 190 daimi iş yeri açılıb. 20 Yanvar, M.Maqomayev və A.Məmmədov küçələrində 3 yaşayış binasına və iki müəssisədə məskunlaşmış məcburi köçkünlər üçün ümumilikdə 1335 metr SİP kabel çəkilib, 1 ədəd zədəli 630 kilovatlıq transformator yenilənib, transformator məntəqəsində 13 ədəd ayırıcı quraşdırılıb, Günəşli yaşayış massivində 10 ədəd ağac elektrik dayaqları beton dayaqlarla əvəzlənib. 100 metr su xətti və 2 ədəd siyirtmə yenilənib, 3054 metr su xətti, 9 ədəd siyirtmə və 1 ədəd elektrik mühərriki təmir olunub. 1322 qəza halı aradan qaldırılıb, 12 ədəd nəzarət baxış quyusu, kanalizasiya xətləri təzələnib.
Rüb ərzində 300 metr yeraltı, 125 metr yerüstü qaz xətti çəkilib, 106 yeni qaz sayğacı quraşdırılıb, 305 sayğac isə yenisi ilə əvəz olunub.
Bu gün Mingəçeviri yaşıllıqlar şəhəri də adlandırmaq olar. Şəhər ərazisinə 1410 ədəd müxtəlif növ ağac tingi, 630 ədəd müxtəlif növ çiçək və gül kolları, “Fərdi Yaşayış Sahələrinə Xidmət İdarəsi” MMC tərəfindən gündəlik xidməti işlərlə yanaşı, 305 ədəd küknar ağacı əkilib.
“Nur şəhəri”ndə “İşıqlanma” İdarəsi tərəfindən 4650 metr kabel dəyişdirilib, 648 ədəd yeni işıqlanma nöqtəsi quraşdırılıb.
Sonra Niyazi Bayramov təhsil sahəsindəki uğurlardan danışdı, səhiyyədəki yenilikləri ön plana çəkdi. Bildirdi ki, təhsilin inkişafı üzrə Dövlət strategiyasında qoyulan tələblərə uyğun olaraq, şəhərin təhsil müəssisələrində informasiya - kommunikasiya texnologiyalarının tətbiqini reallaşdırmaq üçün 14 məktəbə kompüterlər, noutbuklar, elektron lövhələr verilib.
Fənn olimpiadalarının şəhər və zona turu keçirilib, şəhər turunda 64 şagird yüksək bal toplayaraq zona yarımfinal turunda iştirak edib, 18 nəfər şagird fənn olimpiadasının Respublika final turuna vəsiqə qazanıb. Beynəlxalq kimya olimpiadasında 14 şagird zona turuna vəsiqə qazanıb, 8 şagird Respublika turunda iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 18 aprel 2013-cü il tarixli 2839 saylı sərəncama əsasən şəhər Mərkəzi Xəstəxanasında aparılmış əsaslı təmir və yenidənqurma işləri başa çatdırılaraq bu ilin mart ayında istifadəyə verilib. Burada şəhər Mərkəzi Xəstəxanasının bütün şöbələri ilə yanaşı, “Ana və Uşaq” MSM, Şəhər Rayonlararası Onkoloji dispanseri və Doğum evi yerləşdirilib, yeni dializ şöbəsi yaradılıb. Uşaq Nevroloji Sanatoriyası şəhər Mərkəzi Xəstəxanasının həyətində yeni inşa olunan binaya köçürülüb.
Məruzə ətrafında müzakirələrdə çıxış edən digər natiqlər də Mingəçevirin əsl arzular şəhərinə çevrildiyini dönə-dönə vurğuladılar. Bildirdilər ki, Mingəçevir xoşbəxt şəhərdir. Çox keçməyəcək, yaxından - uzaqdan qonaqlar gələcəklər. İlk Avropa Oyunlarının iştirakçıları bu şəhər haqqında unudulmaz xatirələr danışacaqlar.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.