Buxarestdə Azərbaycan, Gürcüstan və Rumıniya arasında "Mayeləşdirilmiş təbii qaz və onun nəqli sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanmışdır

Aprelin 13-də Buxarestdə Azərbaycan, Gürcüstan və Rumıniya arasında "Mayeləşdirilmiş təbii qaz və onun nəqli sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanmışdır. Sənədi Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, Rumıniyanın iqtisadiyyat, ticarət və iqtisadi mühit naziri Adrian Videanu imzalamışlar.
Azərbaycanın Rumıniyadakı səfirliyindən bildirmişlər ki, memoranduma əsasən, tərəflər "Cənub dəhlizi" çərçivəsində Xəzər regionunu Avropa ilə birləşdirən enerji tranziti dəhlizinin inkişaf etdirilməsi niyyətlərini ifadə etmiş, qaz ticarəti və Rumıniyada yeraltı qaz anbarlarından istifadə olunması, enerji sahəsində fəaliyyət göstərən müvafiq qurumlar arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının araşdırılmasını qərara almışlar. Tədbirdə AGRİ (Azerbaijan-Georgia-Romania İnterconnector) layihəsinin texniki, texnoloji, ticarət, maliyyə və hüquqi aspektlərinin müəyyənləşdirilməsi və iqtisadi-texniki əsaslandırılmasının işlənib-hazırlanması məqsədi ilə Buxarestdə şirkətin yaradılması üzrə Rumıniya tərəfinin təklifi qəbul edilmişdir.
İmzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında A.Videanu bu layihənin nəinki üç ölkənin, eyni zamanda, bütün Avropa, xüsusilə də Cənub-Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyi təminatında mühüm rol oynayacağını, Azərbaycanın karbohidrogen resurslarının təchizatçısı və Gürcüstanın tranzit ölkə kimi strateji əhəmiyyətini vurğulamışdır. O, layihənin reallaşdırılması ilə Rumıniyanın Avropanın mühüm enerji şəbəkəsi mərkəzinə çevriləcəyinə inamını ifadə etmişdir.
N.Əliyev bu layihənin Qara dənizdə ilk mayeləşdirilmiş təbii qaz nəqli layihəsi olduğunu, hər üç ölkənin enerji maraqlarına, enerji qaynaqlarının və marşrutlarının şaxələndirilməsi siyasətinə xidmət edəcəyini bildirmişdir. Mayeləşdirilmiş təbii qazın Qara dəniz vasitəsilə nəqli layihəsinin əsas təşəbbüskarlarının və müəlliflərinin Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Beseskunun olduğu və dövlət başçıları tərəfindən dəstəkləndiyi xüsusi vurğulanmışdır. Azərbaycanla Rumıniya arasında imzalanmış strateji tərəfdaşlıq sazişinə dair birgə bəyannamənin tərkib hissələrindən biri kimi, layihənin gerçəkləşdirilməsinin təkcə enerji sahəsində ikitərəfli əlaqələrin inkişafına deyil, eyni zamanda, kompleks şəkildə ticarət-iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinə ciddi təkan verəcəyi qeyd edilmişdir. Nazir AGRİ layihəsinin Avropa İttifaqının enerji təhlükəsizliyinə xidmət edəcək prioritet layihələrdən biri olacağına ümid etdiyini diqqətə çatdırmışdır.
Potensial təchizatçı kimi ölkənin layihəni lazımi qaz həcmi ilə uzunmüddətli təmin etmək iqtidarında olub-olmaması ilə bağlı suala cavabında N.Əliyev Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatlarının 2 trilyon kubmetrdən artıq olduğunu və hazırkı hasilat həcmi əsas götürülərsə, bu ehtiyatların ölkənin 100 illik tələbatını ödəyə biləcəyini vurğulamış, əlavə qaz hasilatı mənbələrinin aşkar olunması imkanlarının da istisna edilmədiyini nəzərə çarpdırmışdır. N.Əliyev, həmçinin Azərbaycanla Rumıniya arasında gələcəkdə neft nəqli sahəsində, o cümlədən Panavropa layihəsi çərçivəsində əməkdaşlıq imkanlarının da nəzərdən keçirildiyini bildirmişdir.
A.Xetaquri Gürcüstanın Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrində mühüm rol oynadığını və AGRİ layihəsinin həyata keçirilməsində də tranzit ölkə kimi etibarlı tərəfdaş olacağına əminliyini vurğulamışdır.
Layihə gələcəkdə Azərbaycanın təbii qazının boru xətləri vasitəsilə Gürcüstanın Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda mayeləşdirilərək, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən təbii qaz şəklində bu ölkədə mövcud qaz infrastrukturu şəbəkəsi vasitəsilə Rumıniyanın və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsini nəzərdə tutur.
Səfər çərçivəsində N.Əliyev Rumıniya Prezidenti Trayan Besesku, iqtisadiyyat, ticarət və iqtisadi mühit naziri, eyni zamanda, Azərbaycan hökuməti və Rumıniya hökuməti arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə müştərək komissiyanın həmsədri A.Videanu ilə görüşmüş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparmışdır.
Azərbaycan nümayəndə heyəti səfəri zamanı Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin inzibati binası və fəaliyyəti ilə yaxından tanış olmuşdur. Daha sonra nümayəndə heyəti Buxarest şəhərində Tey parkındakı Heydər Əliyev xiyabanını ziyarət etmiş, Azərbaycan xalqının ümummilli liderinin buradakı abidəsi, həmçinin Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün büstü önünə tər çiçəklər qoymuş, əziz xatirələrini ehtiramla yad etmişlər.
Azərbaycan nümayəndə heyətinin üzvləri Polşanın Rumıniyadakı səfirliyində olmuş və Rusiyanın Smolensk şəhəri yaxınlığında təyyarə qəzasında Prezident Lex Kaçinskinin faciəvi ölümü ilə bağlı açılmış matəm kitabını imzalamışlar.
Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyətinin tərkibinə, həmçinin xarici işlər nazirinin müavini Xələf Xələfov və ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov daxildir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında