Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsində son illər sürətli inkişaf davam etməkdədir. Elə 2015-ci ilin birinci rübündə də bu sahədə qarşıya qoyulmuş vəzifələr müvəffəqiyyətlə yerinə yetirilib, bir sıra yeni layihələrin icrasına başlanılıb, innovativ həllərin, eləcə də yeni texnologiyaların şəbəkədə tətbiqi, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində müvafiq tədbirlər görülüb. Əlbəttə ki, bu nailiyyətlər ölkə Prezidenti cənab İlham Əliyevin yaxından dəstəyi və qayğısının nəticəsidir.
Respublika prezidentinin fərman və sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da və dövlət proqramlarında rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması və inkişafı üzrə nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi məqsədilə aidiyyəti rabitə birlik və müəssisələrinə müvafiq tapşırıqlar verilib və icrasına başlanılıb. Milli Strategiyanın həyata keçirilməsi üzrə 2015-2017-ci illəri əhatə edən Dövlət Proqramının layihəsi aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib.
Bunu ilin birinci rübündə əldə olunmuş faktlar da təsdiq edir. Belə ki, 2015-ci ilin birinci rübü ərzində sektorda əldə olunan gəlirlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 397,3 milyon manat təşkil edib. Gəlirlərin 80,1 faizii özəl sektorun hesabına formalaşıb. RYTN-in tabeli müəssisələri üzrə 80 yeni iş yeri açılmış, orta aylıq əməkhaqqı 390,1 manat olub.
Respublikanın regionlarında rayon mərkəzləri, şəhərlər və qəsəbələrlə yanaşı, ucqar kənd yaşayış məntəqələrində də əhalinin yüksək keyfiyyətli genişzolaqlı internet xidmətlərindən istifadəsi məqsədilə “Multimedia xidmətlərinin inkişafı” layihəsi işlənib hazırlanıb və layihənin maliyyələşdirilməsi üçün “Amsterdam Trade Bank”dan 13,7 milyon avro kredit alınıb. Layihə üzrə müasir texnologiyaya əsaslanan stansiya və genişzolaqlı xidmət avadanlıqlarının satınalınması üçün müvafiq şirkətlərlə müqavilələr bağlanılıb, avadanlıqlar sifariş verilib və artıq onların bir hissəsi təchiz edilib. Layihə çərçivəsində Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Zaqatala, Şəmkir, Xaçmaz, Göygöl, Ağdam, Bərdə və Tərtər rayonlarında 64 min nömrə, qeyd olunan rayonlarla yanaşı, digər 47 şəhər və rayonda 98 min port tutumunun quraşdırılaraq istismara verilməsi nəzərdə tutulur.
Ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 75-ə, genişzolaqlı internet istifadəçilərinin sayı 62-yə bərabərdir. Hər iki göstərici üzrə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır.
Ölkə ərazisində universal rabitə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi üzrə işlər əsasən başa çatdırılmış və artıq ölkənin bütün yaşayış məntəqələri üçün rabitə xidmətlərini yüksəltmişdir. Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18.65 ədəd, 100 ailəyə düşən telefon aparatlarının sayı 69.01 ədəd təşkil edir.
Ölkəmizin tranzit qovşağa çevrilməsi məqsədilə Azərbaycan üzərindən tranzit trafikin təşkil olunması üçün tədbirlər davam etdirilib. Azərbaycanın beynəlxalq trafik mübadiləsinin alternativliyinin təmin edilməsi, həmçinin rabitənin keyfiyyətinin artırılması məqsədilə həyata keçirilmiş beynəlxalq tenderin nəticəsi olaraq İP əsaslı beynəlxalq kommutasiya sisteminin quraşdırılması üzrə işlər həyata keçirilib.
Azərbaycan peykinin üzərindən yerli və beynəlxalq səviyyəli 130-dək televiziya və 20-dən çox radio kanalı yayımlanır. Azərbaycanın paytaxtdan kənarda fəaliyyət göstərən daha bir neçə regional TV kanalının (Qütb TV, Alternativ TV, Türkel TV, Region TV) “Azerspace-1" peykindən yayımı təşkil edilib.
“Azərkosmos” ASC və ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında imzalanmış qrant müqaviləsinə uyğun olaraq, seçilmiş şirkət tərəfindən “Azerspace-2" ikinci telekommunikasiya peykinin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırma hazırlanıb. Peyk istehsalçısının seçilməsi ilə bağlı tender elan edilib və iştirak üçün 5 şirkət müraciət edib. Tender təkliflərinin cari ilin aprel ayında açılışı nəzərdə tutulur. ”Azerspace-2" peykinin resurslarının uzunmüddətli icarəsi və orbital mövqedən istifadə ilə bağlı peyk rabitəsi üzrə dünya liderlərindən olan “İntelsat” şirkəti ilə müqavilə bağlanılıb
Tənzimləmə fəaliyyəti sahəsində işlər davam etdirilib. Mobil nömrə daşınması xidməti üzrə cari ilin birinci rübündə 3786 ədəd mobil nömrə daşınıb, mobil cihazların qeydiyyat sistemində isə 201 mindən çox mobil cihaz qeydiyyata alınıb.
Bu ilin birinci rübündə informasiya cəmiyyətinin inkişafı, E-hökumət həllərinin tətbiqinin genişləndirilməsi, İKT-nin cəmiyyətdə tətbiqi və əhalinin İKT biliklərinin artırılması istiqamətində də ardıcıl işlər görülüb. RYTN-in dəstəyi ilə “Startup Azərbaycan 2015" layihəsinə və ”NETTY-2015" Milli İnternet müsabiqəsinə, Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadasına start verilib və həyata keçirilməsi üzrə tədbirlər davam etdirilir. Vətəndaşlara, hüquqi və fiziki şəxslərə, dövlət qulluqçularına rüb ərzində 2125 ədəd yeni e-imza sertifikatı verilib və ümumi verilmiş e-imzaların sayı 30 704-ə çatıb.
“Elektron hökumət” portalına 13 yeni e-xidmət inteqrasiya olunub, portalda olan xidmətlərin sayı 411-ə çatıb və bundan 332-i Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xidmətlərdəndir. “Elektron hökumət” portalına 47 dövlət qurumu qoşulub.
Beləliklə, “Elektron hökumət” portalına daxil olan istifadəçilərin sayı 248 728 nəfər artaraq 1 452 488 nəfərə çatıb və elektron xidmətlərə müraciət sayı 8 608 138 nəfər olub. “Elektron hökumət” portalı vasitəsilə e-arayışların verilməsinə başlanılıb və rüb ərzində 32 461 vətəndaş 58 233 dəfə e-arayış əldə edib. Bu ilin əvvəlində Açıq Hökumət Məlumatları portalının təqdimat mərasimi keçirilmiş və E-Gov 3.0 mərhələsinə start verilib. Hazırda portalda Ədliyyə Nazirliyi, RYTN, Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi və “Azərsu” ASC-yə məxsus 17 açıq hökumət məlumatları yerləşdirilib.
“Koreya Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında imzalanmış Qrant razılaşması”na əsasən, Azərbaycanda elektron hökumət üçün təlim mərkəzi yaradılmış və cari ilin 6 fevral tarixində açılış mərasimi keçirilib.
Elektron Təhlükəsizlik Mərkəzi (ETM) tərəfindən ölkə səviyyəsində elektron təhlükələr barədə müxtəlif vasitələrlə məlumatlandırma və maarifləndirmə işləri aparılıb, informasiya təhlükəsizliyi sahəsində bir sıra qurumlarla əməkdaşlıq əlaqələri qurulub və genişləndirilib. ETM cari ilin yanvar ayında Avropa CERT cəmiyyəti tərəfindən təsis olunmuş “Trusted İntroducer” təşkilatının akkreditə olunmuş üzvlüyünə, həmçinin mart ayında FİRST beynəlxalq təşkilatının tamhüquqlu üzvlüyünə qəbul edilib.
Bu dövr ərzində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC ilə bağlı işlər davam etdirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun daimi istifadəsində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 15 ha torpaq sahəsi, bu sahədə yerləşən “Qamma Şüalanma Kompleksi” yarımçıq tikililər avadanlıqlarla birlikdə QSC-nin balansına verilib. Mərkəzin laboratoriyalarında yüksək temperaturlarda materialların xassələrini öyrənməyə imkan verən yeni cihazların alınması üçün Türkiyənin “Tetra Texnoloji Sistemlər LTD” şirkəti ilə müqavilə bağlanılıb və aprel ayının sonunadək avadanlıqların Mərkəzə təhvil veriləcəyi nəzərdə tutulur. Həmçinin Fransanın AREVA şirkəti ilə birlikdə yaradılması nəzərdə tutulan Tədqiqat Nüvə Reaktorunun strateji planı və texniki xarakteristikası hazırlanıb və razılaşdırılması üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə təqdim olunub.
İKT sahəsi üzrə özəl sahibkarlığın inkişaf etdirilməsi, innovativ biznesin stimullaşdırılması, həmçinin yeni yaranan “Start-up” şirkətlərinin kiçik sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi və inkişaf etdirilməsi üzrə tədbirlər görülüb. Belə ki, RYTN-in tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna 2015-ci ilin dövlət büdcəsindən bu məqsədlə 5 milyon manat vəsait nəzərdə tutulub, fondun elan etdiyi 1-ci qrant müsabiqəsində qalib olub və icrası başa çatdırılmış 8 layihə üzrə yekun ödənişlər edilib, habelə fondun elan etdiyi 2-ci qrant müsabiqəsinin qalibləri və hər layihə üzrə ayrılacaq qrant vəsaitinin məbləği müəyyənləşdirilib. Fondun vəsaitlərinin müvafiq maliyyələşmə istiqamətlərinə uyğun bölgüsü müəyyənləşdirilib.
“Yüksək Texnologiyalar Parkı” üçün ayrılmış ərazidə tikinti işlərinin aparılması məqsədilə sənədləşmə işləri görülüb, inşaat pasportu, dövlət reyestrindən çıxarış və digər zəruri sənədlər alınıb. Hazırda Parkın tikintisi məqsədilə ayrılmış ərazidə abadlıq və tikintiyə hazırlıq işləri, habelə Parkın infrastrukturunun qurulması məqsədilə baş planın hazırlanması işləri memarlıq şirkəti ilə birlikdə görülür. İlkin təsərrüfat binasının layihəsi hazırlanıb təsdiq edilib və layihə əsasında yaxın müddətdə tikinti işlərinin başlanması nəzərdə tutulur.
Rüb ərzində Yüksək Texnologiyalar Parkında yaradılmış “PİCampus” Biznes İnkubasiya Mərkəzindən istifadə qaydaları təkmilləşdirilib, Mərkəzə layihələrin qəbulu üçün yeni “Google” platformalı onlayn ərizə-anket forması hazırlanıb və www.picampus.az ünvanında yerləşdirilib. Hazırda İnkubasiya Mərkəzində 38 layihə üzrə işlər davam etdirilir. Həmçinin “YT Park” MMC Elmi-Texnoloji Parklar və İnnovativ Ərazilər üzrə Beynəlxalq Təşkilata (WTA) üzv qəbul olunmuş və təşkilatın müşahidəçi üzvü seçilib.
Azərbaycan Respublikası Prezidentinin 26 fevral 2015-ci il tarixli 481 saylı fərmanı ilə RYTN-in tabeliyində “YT Park” MMC-nin Mingəçevir şəhərində istifadəsində olan 1,3 hektar torpaq sahəsində Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması qərara alınıb.
Respublika, regional TV və radio proqramlarının yayım əhatəsinin və keyfiyyətinin artırılması, kənar yayımların qarşısının alınması, rəqəmli TV proqramların regionlarda ötürülməsini təmin etmək, normal iş rejiminin yaradılması məqsədilə müvafiq avadanlıqlar quraşdırılıb və zəruri tədbirlər görülüb. Ölkə ərazisini əhatə edən “Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsi”nin qurulması üzrə işlər davam etdirilib.
2015-ci ilin birinci rübü ərzində poçt xidməti şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində bir sıra əməli tədbirlər həyata keçirilib. Əhalinin poçt xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə Lənkəran RPF-nin Separadi PŞ-nin Tukəvilə poçt agentliyi açılıb, 4 ədəd PŞ binası (Naxçıvan MR RYTN üzrə) tikilib, 3 ədəd inzibati və 1 ədəd PŞ binası təmir olunub və hazırda 9 ədəd PŞ binasının tikinti işləri aparılır.
Rüb ərzində bank-maliyyə xidmətlərinin göstərilməsi ilə əlaqədar 17 POS-terminal quraşdırılıb. I Avropa Oyunları ilə əlaqədar Bakı və Mingəçevir şəhərlərində POS- terminalların sayı artırılıb.
“Maliyyə xidmətlərinin inkişafı layihəsi” çərçivəsində tamamilə yenidən qurulan Şirvan PF-nin Müştəri Xidmətləri Mərkəzi istifadəyə verilib. Ümumdünya Poçt İttifaqının (ÜPİ) EMS (Sürətli Poçt Xidmətləri) Korporasiyasının üzvü olan ölkələrin göstərdiyi poçt xidmətlərinin keyfiyyətini ölçmək üçün keçirilən müsabiqəyə görə Azərbaycan poçtu 2014-cü ilin nəticələrinə görə 200 ölkə arasında 4-cü yeri tutmaqla növbəti dəfə qızıl səviyyəli sertifikata layiq görülüb.
“Azərmarka” MMC tərəfindən 3 mövzuda 6 növ poçt markası, 4 növ açıqca, 6 növ zərf hazırlanaraq dövriyyəyə buraxılıb.
“Bakı 2015” I Avropa oyunlarına hazırlıq işləri davam etdirilib. Yarış və təşkilati məkanlara optik kabel çəkilib, Mingəçevir - Bakı istiqamətində rabitənin təşkili məqsədilə Mingəçevir Kür İdman Mərkəzindən Ağdaş və Yevlax istiqamətlərinə optik kabellərin çəkilişi, testi və ölçü işləri başa çatdırılıb və avadanlıqlar test şəraitində quraşdırılıb. Radiotezliklərin monitorinqi məqsədilə alınması nəzərdə tutulan 5 ədəd xüsusi avtomobildən artıq 2-si ölkəyə gətirilib, digər 3-nün isə bu ayın axırlarına qədər ölkəyə gətirilməsi nəzərdə tutulur. Oyunların keçirildiyi məkan və arenalarda mobil rabitə sistemlərinin fəaliyyəti təşkil edilib. Həmçinin, ilk olaraq oyunlara həsr olunmuş 6 marka hazırlanaraq təqdimatı keçirilib. Nəzərdə tutulan qalan markaların hazırlanması üzrə işlər aparılır. Oyunların rabitə ilə təşkili və informasiya təhlükəsizliyinin təmini üzrə işlər davam etdirilir.
Vətəndaşların müraciətlərinin daha da operativ həll olunması, onların qəbulunun təşkili istiqamətində də işlər səmərəli formada həyata keçirilmişdir. Əhaliyə göstərilən rabitə xidmətlərinin səviyyəsi ilə yerindəcə tanış olmaq və vətəndaşların qarşılaşdıqları problemləri öyrənmək məqsədilə Rabitə və Yüksək Texnologiyalar naziri respublikanın 2 bölgəsində ətraf rayonlar da əhatə edilməklə vətəndaşlarla görüş keçirib və bu görüşlərdə 32 vətəndaş qəbul olunub. Keçirilmiş görüşlərdə qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, bəzi müraciətlər qeydə alınaraq araşdırılıb həll edilməsi üçün nazirliyin müvafiq strukturlarına tapşırıqlar verilib.
Görülən işlərlə yanaşı, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, qəbul olunmuş dövlət proqramları və digər hüquqi sənədlərlə qarşıya qoyulmuş tapşırıqların icrasının təmin edilməsi üzrə məqsədyönlü tədbirlər davam etdirilir.
Vidadi ZEYNALOV,
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin
Aparat rəhbəri, iqtisadiyyat
üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.