İlin ilk rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, bu dövr rayon üçün də çox əlamətdar olmuşdur.
Qazanılmış uğurların aprelin 11-də Astaraya səfər edən möhtərəm Prezidentimiz
İlham Əliyev tərəfindən yüksək qiymətləndirilməsi olduqca sevindiricidir. Ölkə rəhbərinin Deqədi-Pəlikəş avtomobil yolunun, “Astaraçay” MMC-nin, dənizkənarı park-bulvar kompleksinin açılışında iştirakı, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü və söhbətləri unudulmaz tarixi hadisəyə çevrilmişdir.
Quruculuq işlərinin davam etdirilməsi üçün Prezident “Astara şəhərində 860 şagird yerlik 2 saylı tam orta məktəb binasının əsaslı təmiri və on iki min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanakaran-Miki, Taxtanakaran-Toradi kəndlərarası avtomobil yollarının yenidən qurulması məqsədilə rayonunun sosial-iqtisadi və mədəni inkişafında mühüm rol oynayan yeni sərəncam imzalamışdır. Məruzəçi böyük qayğı və diqqətə görə cənab İlham Əliyevə rayon ictimaiyyətinin dərin minnətdarlığını ifadə edib.
Rayonda aparılan abadlıq-quruculuq işləri şəhər mərkəzi ilə yanaşı, qəsəbə və kəndləri də əhatə edir. Rayonun magistral yol boyu bütün ərazilərdə, qəsəbə və kənd ara yollarında təmir işləri aparılıb, hasarlar rənglənib. Rüb ərzində 298 ev qazlaşdırılıb, qaz xəttində təmir bərpa işləri aparılıb. Əhali abunəçiləri üçün quraşdırılan sayğacların ümumi sayı 14 min 914-ə çatıb. Novruz bayramı günlərində Telman kəndində 250 evə mavi yanacaq verilib. Şəhər, qəsəbə və kəndlərdə müxtəlif gücdə 5 yeni transformator quraşdırılıb, 5 ədəd transformator isə təmir olunub, naqillər və SİP kabellər dəyişdirilib. Ayrı-ayrı ərazilərdə 350 ədəd yeni elektrik dayağı basdırılıb. Suvarmaya hazırlıq məqsədilə zəruri tədbirlər görülüb.
“Kənd Təsərrüfatı ili” ilə əlaqədar çayçılığın inkişaf etdirilməsi məqsədilə yeni çay plantasiyaları salınıb, müasir suvarma şəbəkəsi quraşdırılıb, mini texnika ilə işin təşkili üçün şərait yaradılıb. Burada Koreya şirkətinin layihəsi əsasında çay emalı fabriki inşa edilib. Müəssisənin emal gücü gün ərzində 12 ton təşkil edir. Rüb ərzində rayonda 2339 hektar yaz əkini keçirilib.
Rayonun Sım kənd tam orta məktəbi üçün 180 şagird yerlik, Artupa kənd tam orta məktəbi üçün 360 şagird yerlik məktəb binalarının tikintisinə başlanıb. Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq “Əhalinin dövrü tibbi müayinəsi aparılması” məqsədilə 4 həkim briqadası yaradılıb. Hesabat dövrü ərzində rayonda 53 min 153 nəfərin müayinədən keçirilməsi təmin edilib. İdmançılar respublika səviyyəli və beynəlxalq yarışlarda 34 medal qazanıblar.
Vətəndaşların qaldırdığı məsələlərin vaxtında və obyektiv həlli üzrə həyata keçirilən tədbirlər müsbət nəticə verib. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar ictimaiyyət tərəfindən razılıqla qarşılanır.
Məruzə ətrafında müzakirələrdə Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Şahverən Cavadov, rayon elektrik şəbəkəsinin rəisi Azad Hüseynov, mədəniyyət və turizm şöbəsinin müdiri Şadoğlan Bayramov, 52 saylı yol istismar sahəsinin rəisi Qurban Əliyev iştirak ediblər. Onlar və digər natiqlər möhtərəm Prezidentimizin rayona növbəti səfəri ilə bağlı ən xoş və unudulmaz təəssüratlarını dilə gətirib, bundan sonra da doğma yurdun tərəqqisinə töhfələr verəcəklərini bildiriblər.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev tədbirə yekun vuraraq qeyd edib ki, hazırda qlobal layihələr həyata keçirilir. Şəhər, qəsəbə və kəndlərdə sosial-iqtisadi inkişaf və geniş tikinti-quruculuq işləri əhalinin böyük ruh yüksəkliyinə səbəb olub. Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, sosial məsələlərin həlli məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 12, o cümlədən son üç ildə isə 8 sərəncam imzalamışdır.
İcra başçısı qarşıda duran vəzifələri, görüləcək işləri də diqqətə çatdırıb.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.